Müəllimlər Günü qeyd olundu

 

Dünən Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunaraq, bu il sentyabrın 7-də istifadəyə verilən Badamdar qəsəbəsindəki 236 saylı orta məktəbdə Səbail rayon icra hakimiyyətinin təşkilatçılığı ilə 5 oktyabr Müəllimlər Gününə həsr olunan tədbirdə rayonun təhsil işçilərilə görüş keçirildi.

Tədbirdə çıxış edən Səbail rayon icra hakimiyyətinin başçısı   Asif Əsgərov son illər müəllimlərin peşə bayramının  Azərbaycanda milli  bayram  səviyyəsində qeyd olunduğunu  bildirdi. Xalqımızın bu bayrama münasibətinin ildən-ilə yaxşılaşdığını söyləyən A.Əsgərov ulu öndər Heydər Əliyevin  müəllim adına yüksək qiymət   verdiyini   söylədi:

"Ümummilli liderimiz müəllim haqqında demişdir: "Müəllim adı ən yüksək addır. Mən yer üzündə müəllimdən yüksək ad tanımıram". O da təsadüfi deyil ki, Heydər Əliyev Azərbaycanda ona təklif olunan müxtəlif fəxri adlardan yalnız "Xalq müəllimi" fəxri adını məmnuniyyətlə qəbul etmişdir".

A.Əsgərov ulu öndərimiz Heydər Əliyevin Azərbaycan təhsilinə olan diqqət və qayğısından danışdı, Səbail rayon icra hakimiyyətinin başçısı, həmçinin, ölkə Prezidenti İlham Əliyevin səyləri nəticəsində son illər ərzində respublikamızda tikilən və əsaslı təmir olunan təhsil müəssisələri, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar, Azərbaycan təhsilinin inkişafında böyük rolu olan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın gördüyü işlər və keçən təhsil ilində rayonun təhsil müəssisələrinin uğurları barədə də məlumat verdi. A.Əsgərov onu da söylədi ki, ölkə başçısının Sərəncamı ilə Beynəlxalq Müəllimlər Günü ərəfəsində rayonun müəllimlərindən 2 nəfər "Tərəqqi" medalına layiq görülmüş, 3 nəfər müəllimə isə "Əməkdar müəllim" adı verilmişdir.

Tədbirdə çıxış edənlər dövlətin təhsil işçilərinə göstərilən diqqət və qayğısından danışaraq, ölkə Prezidentinə minnətdarlıqlarını bildirdilər.

Görüşdə bir qrup qabaqcıl təhsil işçisinə rayon icra hakimiyyətinin qiymətli hədiyyələri təqdim olundu.

Tədbirdə Səbail rayonunun sakini, respublikanın xalq artisti, 50 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən, "Şöhrət" ordeni ilə təltif olunan Mənsum İbrahimova da RİH-in hədiyyə və təbrik albomu təqdim olundu.

 

 

RƏFİQƏ HÜSEYNOVA

 

Səs.- 2010.- 7 oktyabr.- S. 7.