Mədəniyyətə və incəsənətə
dövlət dəstəyi gücləndirilir
Azərbaycan Dövlət Akademik Milli Dram
Teatrının binasının əsaslı yenidənqurma və
bərpadan sonra açılışı olub
Prezident İlham Əliyev dünən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasının əsaslı yenidənqurma və təmir-bərpa işlərindən sonra açılışında iştirak edib. Dövlətimizin başçısı, xanımı Mehriban Əliyeva və qızı Arzu Əliyeva əvvəlcə teatrın qarşısında yaradılan şəraitlə tanış oldular. Burada əsas diqqət kompleks yenidənqurma işlərinə yönəldilib. Füzuli meydanında və ətraf binalarda əsaslı yenidənqurma işləri aparılıb, ərazidə yaşıllıq zolağı salınıb. Bildirildi ki, binanın fasadında da əsaslı bərpa işləri görülüb.
Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva teatr binasının əvvəlki görkəmini, yenidənqurma işlərinin gedişini və onun hazırkı vəziyyətini əks etdirən şəkillərə baxdılar. Prezident İlham Əliyevin "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" 2007-ci il 19 fevral tarixli Sərəncamına əsasən binada əsaslı yenidənqurma işlərinə 2008-ci ilin noyabrında başlanılıb. Dövlətimizin başçısının bu sahəyə olan diqqət və qayğısı Azərbaycan teatrında yaradıcılıq əhval-ruhiyyəsini daha da artırıb. Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi layihələri də xüsusi qeyd etmək lazımdır. Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə Heydər Əliyev Fondunun gördüyü işlər Azərbaycanın mədəni irsinin daha da zənginləşdirilməsinə və dünyada geniş təbliğinə, mədəniyyət və incəsənət xadimlərinə yüksək qayğı və diqqət göstərilməsinə, gənc istedadların yetişməsinə böyük töhfələr verməkdədir.
Bildirildi ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında heç vaxt indiki səviyyədə əsaslı bərpa və yenidənqurma işləri aparılmayıb. Təmir və yenidənqurma işləri zamanı əvvəlki memarlıq üslubunun qorunub saxlanılmasına və milli ornamentlərlə daha da zənginləşdirilməsinə xüsusi diqqət yetirilib. Beşmərtəbəli, ümumi sahəsi 2576 kvadratmetr olan sənət ocağında 581 yerlik tamaşaçı zalı ən müasir avadanlıqla təchiz olunub, səhnə yenidən qurulub, burada ən müasir səs və işıq sistemləri quraşdırılıb, orijinal ekran yerləşdirilib. Teatrda 130 yerlik kiçik məşq zalı, 27 qrim otağı, o cümlədən qrim sexləri və digər yardımçı bölmələr vardır. Burada üçmərtəbəli yardımçı təsərrüfat binası da fəaliyyət göstərir.
Binada aparılmış yenidənqurma işləri
ilə tanışlıqdan sonra dövlətimizin
başçısı inşaatçılarla görüşdü. Prezident
İlham Əliyev teatrın yenidən
istifadəyə verilməsi münasibətilə təbriklərini
çatdırdı.
Səs.- 2010.- 8 oktyabr.- S. 2.