Azərbaycan mədəniyyət və
incəsənəti yeni dövrünü
yaşayır
Prezident İlham Əliyevin
"Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" Sərəncamına
əsasən, Azərbaycan teatrında yaradıcılıq əhval-ruhiyyəsi
yüksəlir
Azərbaycan milli mədəniyyətinin inkişafı dövlət mədəniyyət siyasətinin əsasında dayanan prioritet məsələlərdəndir. Belə ki, mədəni və tarixi irsin mühafizə olunması, yaradıcılığın dəstəklənməsi, kadr hazırlığı və gənc istedadların dəstəklənməsi, milli sənətin inkişafı və s. diqqətdə dayanır. Eyni zamanda, cəmiyyətin məlumatlandırılmasına yönəldilən və bununla da, onun demokratikləşməsinə, dünya birliyinə inteqrasiya edilməsinə rəvac verən mədəniyyət ocaqlarının köklü şəkildə modernləşdirilməsi və yenidən qurulması nəzərdə tutulur.
Mədəniyyət və incəsənətin inkişafını stimullaşdırmaq dövlət siyasətində xüsusi əhəmiyyət kəsb edir.
Beynəlxalq əməkdaşlığın dinamik inkişaf etdirilməsi, onun yeni forma və modellərinin axtarılması artıq öz nəticəsin verməkdədir. Bu kontekstdə YUNESKO və Avropa Şurası kimi beynəlxalq təşkilatlarla çoxcəhətli əməkdaşlığı qeyd etməliyik. Dünyadakı mədəni quruculuq proseslərində Azərbaycanın rolu aydın təsəvvür yaradır. Son illərdə Azərbaycanın xarici mədəniyyət siyasətində nəzərə çarpan əsas tendensiyanı beynəlxalq əlaqələrdən beynəlxalq əməkdaşlığa doğru hərəkət kimi müəyyənləşdirmək olar. Cənubi Qafqaz ölkələrində yeni mədəniyyət siyasətini dəstəkləmək məqsədilə Avropa Şurasının təşəbbüsü ilə həyata keçirilən regional STAGE layihəsi bu cür beynəlxalq əməkdaşlığa misal ola bilər. Yuxarıda deyilənlərə yekun vuraraq, belə bir faktı təsdiq etmək olar ki, Azərbaycanın müasir məqsədləri keçmişi qoruyub saxlamaq, indini dəstəkləmək və inkişaf etdirmək, gələcəyə inamla baxmaqdır. Cəmiyyətin ardıcıl surətdə demokratikləşməsi, ölkənin dünya birliyinə inteqrasiyası, mədəniyyətin bəşər inkişafının ayrılmaz faktoru kimi dərk olunması və qəbul edilməsinin getdikcə güclənməsi nikbin proqnozlar üçün əsas verir. Azərbaycan milli mədəniyyətinin inkişafı və onun dünya səviyyəsində təbliği dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olaraq diqqətdə saxlanılır. Müasir həyatımızda mədəniyyət və incəsənətin müxtəlif sahələrini əhatə edən növləri ayrı-ayrılıqda da İlham Əliyev cənabları tərəfindən diqqətdə saxlanılır və onun inkişafına yüksək səviyyədə şərait yaradılır. Təbii ki, bu yaradıcı şəxslərin fəaliyyətinin üzə çıxarılması üçün yaradılan şəraitlə sıx bağlıdır. Dövlət tərəfindən bu sahənin mütəxəssislərinin maddi-sosial rifahlarının yaxşılaşdırılması istiqamətində görülən hər bir iş daxildə olan potensialın üzə çıxmasına təkan verən amillərdir. Bildiyimiz kimi, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və müasir həyatımızda ölkə Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən ənənənin nəticəsi olaraq yaradıcı simalar, mədəniyyət və incəsənətimizin görkəmli nümayəndələri olan şəxslər fəxri ad və mükafatlara layiq görülməklə yanaşı, mənzillərlə də təmin olunurlar. Onlara ayrılan prezident təqaüdü və mükafatlar dövlət rəhbərinin məlum sərəncamları əsasında həyata keçir. Qeyd etməliyik ki, bu və digər maddi və mənəvi dayaqlarla yanaşı, mədəniyyət ocaqlarının yüksək səviyyədə, dünya standartlarına uyğun bir şəkildə təmir və bərpa etdirilməsi, eyni zamanda, yeni mədəniyyət müəssisələrinin inşa etdirilməsi, bu fikirlərimizi əsaslandıran faktordur. Beynəlxalq Muğam Mərkəzini inşası, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, Heydər Əliyev adına Sarayın, Muğam Teatrının və digər onlarla belə sənət ocaqlarının yüksək səviyyədə təmir və bərpa etdirilməsi Azərbaycan mədəniyyət və incəsənətinin yükünü üzərində daşıyan insanların müasir avadanlıqlarla təmin olunmuş müəssislərdə çalışmasına imkan verir. Onu da qeyd etməliyik ki, Azərbaycan milli mədəniyyəti müasir həyatımızda bu diqqət və qayğının nəticəsi olaraq özünün yeni bir dövrünü yaşayır. Yeni əsrin ilk illəri və müstəqilliyimiz mədəniyyətimiz üçün tarixə uğur illəri tək yazıldı.
Bildiyimiz kimi, dövlətimizin başçısının bu sahəyə olan diqqət və qayğısı Azərbaycan teatrında yaradıcılıq əhval-ruhiyyəsini daha da artırmışdır. Milli mədəniyyətimizin əsas göstəricilərindən olan Azərbaycan Dövlət Milli Akademik Dram Teatrında Prezident İlham Əliyevin "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" 2007-ci il 19 fevral tarixli Sərəncamına əsasən binada əsaslı yenidənqurma işlərinə 2008-ci ilin noyabrında başlanılmışdır. Bir əsrdən artıq tarixə malik olan teatr milli mədəniyyətimizi bir yaddaş nümunəsidir. Görkəmli maarifçi Həsən bəy Zərdabinin rəhbərliyi ilə Bakıda Realnı məktəbin şagirdləri tərəfindən 1873-cü ildə M.F.Axundovun "Lənkəran xanının vəziri" komediyasının "Nəciblər klubu"nda tamaşaya qoyulması ilə professional milli teatrımızın, başqa sözlə, Akademik Milli Dram Teatrının bünövrəsi qoyulur.
Əvvəllər müxtəlif truppalar şəklində "Nicat", "Səfa", "Həmiyyət" mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr dəstələrində, həmçinin, "Müsəlman Dram Artistləri İttifaqı", "Hacıbəyov qardaşları müdiriyyəti" şəklində tamaşalar verən teatr, 1919-cu ildən bu günədək Dövlət Teatrı statusu ilə fəaliyyət göstərir. Teatrın adı müxtəlif illərdə Hökumət Teatrosu, Birləşmiş Dövlət Teatrosu, Azərbaycan Türk Dram Teatrosu və s. adlandırılmış, Dadaş Bünyadzadənin və Məşədi Əzizbəyovun adlarını daşımışdır. Müstəqillik dövründən isə Akademik Milli Dram Teatrı adlanır. Yüksək nailiyyətlərinə görə teatra akademik adı verilmişdir. Bu teatrda Əbülfət Vəli, Məhəmməd bəy Əlvəndi, Hüseyn Ərəblinski, Cahangir Zeynalov, Əbülhəsən Anaplı kimi aktyor məktəbi yaradanlardan sonra, böyük aktyor və rejissor nəsli yetişmişdir. Belə ki, SSRİ xalq artistləri Mirzağa Əliyev, Sidqi Ruhulla, Mərziyə Davudova, Ələsgər Ələkbərov, Adil İsgəndərov, Hökumə Qurbanova, İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Möhsüm Sənani, Rza Təhmasib Əjdər Sultanov, Sona Hacıyeva, Fatma Qədri, Barat Şəkinskaya, Leyla Bədirbəyli, Kazım Ziya, Məmmədəli Vəlixanlı, Əliağa Ağayev, Məlik Dadaşov, Əli Zeynalov, Tofiq Kazımov, Ələsgər Şərifov, Nəcibə Məlikova, Həsənağa Salayev, Məmmədrza Şeyxzamanov, Rza Əfqanlı kimi yaradıcı heyət çalışmışdır. Onların qoyduğu ənənə sonralar gənc nəslin sənət məktəbinə çevrilmişdir.
M.F.Axundovun, N.B.Vəzirovun, Ə.B.Haqverdiyevin, N.Nərimanovun, C.Cabbarlının, H.Cavidin, S.Rəhmanın, İ.Əfəndiyevin pyesləri ilə pərvəriş tapan milli teatr müxtəlif illərdə dünya klassiklərindən Şekspirin, Şillerin, Molyerin, Lope de Veqanın, Karlo Haldoninin, A.Dümanın, V.Hüqonun, H.Hauptmanın, Moris Meterlinkin, Balzakın, Yucin O Nilin, B.Nuşiçin, M.Sebastianın, H.Heynenin, Volterin, A.Ostrovskinin, A.Puşkinin, M.Lermontovun, L.Tolstoyun, N.Qoqolun, A.Çexovun və onlarca bu kimi dramaturqların əsərlərini repertuarına daxil edib. Əsrimizin əvvəllərində dəstələr halında Türkiyədə, İranda, Volqaboyu şəhərlərdə, Orta Asiyada qastrol səfərlərində olmuş teatr, dövlət statusu aldıqdan sonra, Moskvada, Sankt-Peterburqda, Kazanda, İrəvanda, Tiflisdə, Daşkənddə, Aşqabadda, Türkiyədə, Kiprdə, Almaniyada qastrollarda olub. "Şərqin səhəri" tamaşası SSRİ Dövlət mükafatına, "Antoni və Kleopatra", "Mahnı dağlarda qaldı", "Şəhərin yay günləri" və "İblis" tamaşaları Respublika Dövlət mükafatlarına layiq görülüb.
Belə bir ənənəyə malik olan teatr, hər zaman olduğu kimi, bu gündə dövlət tərəfindən diqqətdə saxlanılır və onun inkişafına dəstək olunur. Bir müddət əvvəl, təmir məqsədi ilə fəaliyyəti dayandırılan teatrın ötən gün açılışı olmuşdur. Hər zaman olduğu kimi, İlham Əliyev cənabları xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva ilə teatrın binasının əsaslı yenidənqurma və təmir-bərpa işlərindən sonra açılışında iştirak etmiş və buradakı görülən işlərlə yaxından tanış olmuşdur. Burada əsas diqqət kompleks yenidənqurma işlərinə yönəldilmiş, hətta teatrın ətrafında belə abadlıq işləri aparılmışdır.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binası müasir tələblər çərçivəsində təmir və bərpa olunmuşdur. Uzun illər fəaliyyətdə olmasına baxmayaraq, heç vaxt indiki səviyyədə əsaslı bərpa və yenidənqurma işləri aparılmamışdır. Bütün təmir və bərpa olunan mədəniyyət müəssisələri kimi, görülən işlər zamanı əvvəlki memarlıq üslubunun qorunub saxlanılmasına və milli ornamentlərlə daha da zənginləşdirilməsinə xüsusi diqqət yetirilmişdir. Beşmərtəbəli, ümumi sahəsi 2576 kvadratmetr olan sənət ocağında 581 yerlik tamaşaçı zalının ən müasir avadanlıqla təchiz olunması, səhnənin yenidən qurulması, burada ən müasir səs və işıq sistemlərinin quraşdırılması, orijinal ekranın yerləşdirilməsi Milli Akademik Dram Teatrının dünya standartlarına uyğun olaraq qurulmasını göstərən əsas dəlillərdir. Teatrda 130 yerlik kiçik məşq zalı, 27 qrim otağı, o cümlədən, qrim sexləri və digər yardımçı bölmələrin yerləşdirilməsi, sözsüz ki, bu teatr ocağının əməkdaşları üçün əsl yaradıcılıq meydanının yaradılması deməkdir. Bütün bunlarla yanaşı, hətta teatrı nəzdində üçmərtəbəli yardımçı təsərrüfat binasının fəaliyyət göstərməsi yeni bir mərhələdə olan peşəkar teatr sənətinin daha da inkişaf etdirilməsinə yollar açır.
Teatrın məhz belə bir təchizatla istifadəyə verilməsi Azərbaycan tamaşaçılarının da mədəniyyət müəssisələrinə yol açmasına gətirib çıxarır. Deyə bilərik ki, Azərbaycan teatrı bu gün tam şəkildə təmin olunmuş, yaradıcılıq potensialını ortaya qoymaq üçün hər cür şərait yaradılmışdır.
Akademik Milli Dram Teatrı 137-ci mövsümünə yeni bərpa və təmir olunmuş bir sənət məkanında başlayacaq. Hər zaman zəngin və orijinal repertuarla teatrsevərlərin görüşünə gələn yaradıcı kollektiv yenə də ənənəsinə sadiq qalıb, məzmunlu tamaşaları ilə bizləri sevindirəcək.
Zümrüd
Səs.- 2010.- 9 oktyabr.- S. 12.