Böyük uğurlarla parlaq qələbəyə doğru

 

Yeni Azərbaycan Partiyası alternativsiz siyasi qüvvədir

 

Azərbaycanda 7 noyabr 2010-cu il tarixində keçiriləcək parlament seçkiləri ərəfəsində ictimai-siyasi fəallığın əhəmiyyətli dərəcədə artması, yüksəlməsi nəzərə çarpır. Bu, mahiyyət etibarı ilə, təbii gözləniləndir. Bütün sivil, demokratik, dünyəvi ölkələrdə olduğu kimi,  Azərbaycanda da seçki prosesinə böyük ictimai maraq göstərilir.  Növbəti parlament seçkiləri ərəfəsində Milli Məclisin qanunvericilik fəaliyyətinə aktiv münasibət bildirilməsi, millət vəkili seçilməyə iddialı namizədlərin ictimai-siyasi fəaliyyətinin ciddi təhlil olunması, qiymətləndirilməsi, prinsipcə, arzuolunan, təqdirəlayiq haldır. Bununla yanaşı, ölkəmizin tərəqqisi, inkişafı, Azərbaycanda parlamentarizm ənənəsinin, qanunvericilik sistemi bazanın daha da təkmilləşməsi baxımından, bu seçkilər olduqca böyük əhəmiyyət kəsb edir.

 

Ən kütləvi, mütəşəkkil partiya

 

Ümumilikdə, istənilən seçki prosesində ictimai-siyasi qüvvələrin, siyasi partiyaların fəallaşması, seçkilərdə buya digər dərəcədə uğur qazanmağa can atması tam təbiidir və bu qurumlar öz iddialarını Seçki Məcəlləsinin, digər müvafiq qanunvericilik aktlarının tələblərinə uyğun reallaşdırmağa səy göstərdikdə həm ictimaiyyətin, həm də müvafiq dövlət strukturlarının lazımi dəstəyinə güvənə bilirlər. Burada sağlam siyasi rəqabətin aparılması, seçki qanunvericiliyinin tələblərinə riay ət edilməsi olduqca vacibdir. Lakin təəssüf ki, radikal müxalifətin təmsilçiləri,  ötən seçkilərdə olduğu kimi, bu parlament seçkilərində də seçki kampaniyasına kölgə salmağa, ciddi təşviqat aparmaq əvəzinə, təxribat xarakterli fikirlər səsləndirməklə məşğul olurlar. Belə vəziyyət siyasi qütblər arasında mübarizənin daha da kəskinləşməsinə səbəb olur. Radikallar bu mübarizədə bütün əxlaqi meyarları, ədəb-ərkan qaydalarını pozaraq, rəqiblərinə qarşı qərəzli mövqe tutur, məqsədli şəkildə "qara piar" kampaniyası aparırlar. Bu isə son nəticədə əks-bumeranq effekti ilə onların özünə qarşı yönəlir.

Aydındır ki, müxalifət partiyalarını nə ayrılıqda, nə də birlikdə hər hansı formada Yeni Azərbaycan Partiyası ilə müqayisə etmək mümkün deyil. Yeni Azərbaycan Partiyası hazırda Azərbaycanda və Cənubi Qafqaz regionunda ən mütəşəkkil, nüfuzlu, kütləvi, mütərəqqi siyasi təşkilatdır. Populyarlığına, reytinqinə, cəmiyyətdə aparıcı mövqe tutmasına, üzvlərinin sayına, ideya-siyasi xəttinə görə, hər zaman öndə gedən bu partiyanın siyasi qüvvə kimi ölkədə real, ciddi alternativi yoxdur. Belə ki, ümummilli lider Heydər Əliyevin qurucusu olduğu bu partiya indiyədək iştirak etdiyi bütün seçkilərdə - prezident, parlament, bələdiyyə seçkilərində birmənalı şəkildə, böyük səs çoxluğu ilə qələbə qazanıb. Bu ardıcıl qələbələr xalqın böyük dəstəyi, seçicilərin mütləq əksəriyyətinin məhz Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməsi sayəsində əldə edilib. Bu partiyanın üzvlərinin sayı 518 min nəfərdən çoxdur. Seçicilər arasında isə partiyanın milyonlarla tərəfdarı var.

 

Radikal düşərgə bədbinliyə qapılıb

 

Bu mənada, indi radikal düşərgə Azərbaycanın siyasi səhnəsində 518 mindən çox üzvü olan, yüksək səviyyədə təşkilatlanmış, xalqın ciddi dəstəyini qazanmış, çox mobil, güclü bir partiya ilə üz-üzədir. Belə vəziyyətdə müxalifətin seçkidə uğur əldə etmək şansı, ən yaxşı halda 1-2 faizdən çox deyil. Belə vəziyyətdə siyasi məğlubiyyətinin qaçılmaz olduğunu anlayan radikal düşərgə ruh düşgünlüyünə və siyasi isterikaya qapılıb. Onların bədbin əhval-ruhiyyəsi, sarsıntı içində seçki marafonuna başlamaları radikalların destruktiv davranışından da açıq-aşkar hiss olunur.

Yeni Azərbaycan Partiyasının ardıcıl uğurları, parlaq qələbələri heç də təsadüf nəticəsində əldə edilməyib. Bu nailiyyətlər partiyanın ictimai-siyasi fəaliyyətdə pozitiv meyarlara söykənməsinin, bütün sosial təbəqələrinin maraqlarını ifadə edən ciddi təşəbbüslərlə çıxış etməsinin nəticəsidir. Müxalifət daxilində çəkişmə, deqradasiya, aşınma gedəndə, radikal düşərgə siyasi manipulyasiyalarla, spekulyasiyalarla, populist çıxışlarla siyasi səhnədə aranı qarışdırmaq istəyəndə YAP cəmiyyətdə sosial dayaqlarını bir qədər də möhkəmləndirməklə, nüfuzunu, reytiniqini, populyarlığını əməli fəaliyyəti ilə daha da artırmaqla məşğul idi. Məhz bütün bunların nəticəsidir ki, bu gün partiya seçki kampaniyasında ilk andan xalqın ciddi dəstəyini qazanıb. Yeri gəlmişkən, seçki kampaniyasında radikal müxalifət düşərgəsinin mənsublarını siyasi şoka salan məqamlardan biriYeni Azərbaycan Partiyası namizədlərinin imzatoplama kampaniyasını qısa zaman ərzində çox böyük müvəffəqiyyətlə başa çatdırmasıdır. Əgər YAP-ın 115 namizədinin qeydə alınması üçün cəmi 51750 imzanın tələb olunduğunu nəzərə alsaq, bu, 518 min nəfərdən çox üzvü olan partiyanın üzvlərinin sayının 10 faizindən belə azdır. Başqa sözlə, imzatoplama kampaniyasında partiya üzvlərinin 10-12 faizini səfərbər etmək kifayət idi ki, partiyanın namizədləri müvafiq mərhələni böyük sürətlə və müvəffəqiyyətlə keçsinlər. Digər tərəfdən, YAP-ın hər bir seçki dairəsində öz namizədlərinə imza toplamaq üçün 10 nəfər partiya fəalını ayırdığını nəzərə aldıqda, partiyanın imzatoplama kampaniyasını yüksək səviyyədə, böyük sürətlə həyata keçirməsi zərurət, qanunauyğunluq kimi görünür.

 Qeyd edək ki, partiyanın bütün rayon və şəhər təşkilatlarında seçki qərargahları yaradılıb. Seçki qərargahlarında minimum 15, maksimum 40 nəfərə yaxın üzvlər fəaliyyət göstərirlər. Bir namizədin qeydə alınması üçün qanunla 450 imza toplamaq tələb olunur. YAP-ın bir dairə üzrə imza toplayan hər bir nümayəndəsi sadəcə, 50 imza toplamaqla qısa vaxt ərzində namizəd üçün 500 imzanı təmin edib. Yəni, imza toplayan şəxslərin hər biri bir imza vərəqəsini doldurub qərargaha təqdim ediblər. Bütün bunlar partiyanın seçkiyə ciddi hazırlığının göstəricisidir.

 

Qələbəyə hesablanan uğurlu seçki strategiyası

 

Digər tərəfdən, hakim partiya ötən seçki başa çatan kimi parlament seçkilərinə hazırlıq işlərinə fəal şəkildə start vermişdi. Malik olduğu böyük potensiala, böyük siyasi gücünə baxmayaraq, YAP seçkilərə xüsusi diqqətlə, hər bir rəqibini, onun potensialını, siyasi hazırlığını, intellektual potensialını, mübarizə taktikasını və strategiyasını qiymətləndirərək və nəzərə alaraq hazırlaşıb, seçki strategiyasını da bu prinsip üzrə hazırlayıb. Başqa sözlə, partiyanın seçki strategiyasında bütün zəruri məqamlar ciddi şəkildə nəzərə alınıb, parlament seçkilərində mümkün fəaliyyət taktikası bütün vacib parametrlər, siyasi reallıqlar nəzərə alınmaqla müəyyənləşdirilib.

Bütün parametrlərə görə, Azərbaycanda alternativsiz siyasi qüvvəyə çevrilən Yeni Azərbaycan Partiyası seçki təbliğatına hər zaman çox ciddi yanaşır, seçicilərlə fəal  aparır, geniş ictimaiyyətin maraqlarının müdafiəsinə yönəlmiş çoxsaylı mütərəqqi sosial-siyasi təşəbbüslərlə çıxış edir. 2010-cu il parlament seçkilərində nisbi uğur qazanmaq şansları belə, çox aşağı dəyərləndirilən müxalifət bloklarından fərqli olaraq, Yeni Azərbaycan Partiyası dövlətin, cəmiyyətin, geniş ictimaiyyətin, eləcə də, əhalinin bütün təbəqələrinin maraqlarını tam nəzərə alır. Hazırda Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi səhnəsində kifayət qədər yekcins, monolit, alternativsiz, qələbəyə ən layiqli siyasi qüvvə sayılır. Bunu müxalifət düşərgəsinin az-çox konstruktiv mövqe tutan bütün funksionerləri açıq şəkildə qəbul və etiraf edirlər. Açıq-aşkar görünür ki, YAP-ın namizədlər siyahısı radikal düşərgənin təmsilçilərini ciddi təşvişə salıb. Radikallar bu siyahıya qərəzli yanaşsalar da, YAP-la ciddi rəqabət aparmaq iqtidarında olmadıqlarını çox gözəl anlayırlar.

Bunun müqabilində nizamsız, nə istədiyini bilməyən, məqsədyönlü fəaliyyəti, həmçinin, siyasi strategiyası və taktikası olmayan müxalifət qrupları siyasi cəhətdən yetkin, ideoloji baxımdan təkmil, intellektual baxımından hazırlıqlı, mütəşəkkillik baxımından təkmil, monolitlik baxımından möhkəm və vahid lider ətrafında birləşmiş güclü siyasi təşkilat - Yeni Azərbaycan Partiyası ilə üz-üzə gəliblər. Belə vəziyyətdə radikalların qara piara əl atması ümidsizliyin və zəifliyin göstəricisi kimi meydana çıxır.

Bu seçkiləri fərqləndirən cəhətlərdən biridaha çox siyasi qüvvələrin seçki marafonuna qoşulmasıdır. Siyasi həyatda təmsil olunan bütün qüvvələr ya partiya, ya da blok halında seçki mübarizəsinə qatılıblar. Radikal müxalifət seçki kampaniyasına start verildikdən sonra Yeni Azərbaycan Partiyasının bir çox yeni texnologiyaları və seçki taktikasına müraciət etdiyini görür. Bu mənada, siyahının bir qədər gec açıqlanması, bu siyahıda müəyyən insanların yerlərinin dəyişdirilməsi və ya müəyyən namizədlərin geri çəkilərək onların əvəzinə başqa, daha şanslı namizədlərin irəli sürülməsi, əslində, müxalifət üçün olduqca gözlənilməz idi. Odur ki, müasir seçki texnologiyalarına istinad etmək baxımından, Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi mükəmməl seçki strategiyası müxalifəti yeni-yeni sürprizlərlə üz-üzə qoyur.

 

 

Naib NİFTƏLİYEV

 

Səs.- 2010.- 12 oktyabr.- S. 3.