Siyasi partiyaların cəmiyyətdə yeri və rolu: Yeni Azərbaycan Partiyası bütün opponentləri arasında liderdir

 

Noyabrda keçiriləcək parlament seçkiləri ərəfəsində ölkənin ictimai - siyasi həyatında siyasi partiyaların yeri və rolunun nə qədər əhəmiyyətli olduğu özünü büruzə verməyə başlayır. Azərbaycanda siyasi partiyalar sayca çoxluq təşkil etsə də, hər zaman olduğu kimi, bu gün də Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Azərbaycan Prezidenti İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyası  Azərbaycan cəmiyyətində öz yerinə, roluna, xalqdan aldığı dəstəyinə və aparıcı missiyasına görə öndədir.

Qeyd edək ki,  Yeni Azərbaycan Partiyası Azərbaycandakı digər siyasi partiyalardan təkcə öz üzvülərinin sayına görə, əhali arasında qazandığı etimada görə fərqlənmir. Bu partiyanın cəmiyyətdə aparıcı rol oynamasını şərtləndirən bir sıra amillər var ki, istənilən cəmiyyətdə  istənilən siyasi partiyanın önə çıxması üçün həmin şərtlərin reallıqda öz əksini tapması mütləqdir.

Yeni Azərbaycan Partiyasının Azərbaycan cəmiyyəti tərəfindən birmənalı şəkildə dəstəklənməsinin başlacı səbəblərindən biri bu partiyanın monolitliyini qoruyub saxlaması və partiya üzvülərinin bütün qərarlarla bağlı vahid mövqe nümayiş etdirməsidir. Partiyanın sıralarının ilbəil böyüməsinə və üzvlərin sayının artmasına,  partiya daxilində üzvülərin müxtəlif məsələlərə baxışları ilə bağlı demokratik prinsiplərin və fikir müxtəlifliyinin qorunub saxlanmasına baxmayaraq, Yeni Azərbaycan Partiyası yarandığı gündən bu vaxta qədər bir struktur kimi öz vahidliyini qoruyub saxlayır.

Xatırlatmaq üçün onu qeyd etmək lazımdır ki, partiyadaxili demokratiyanın mövcud olmasına rəğmən onun vahid mövqeli qərarlardan çıxış etməsi və vahidliyini qoruması yalnız o siyasi partiyaların təcrübəsində özünü doğruldur ki, həmin partiyaların fəaliyyəti düzgün istiqamətdə qurulur, bütün qərarların qəbulunda ən müdrik yanaşmalara istinad edilir və ən nəhayət ki, həmin partiyanın siyasəti xalq tərəfindən dəstəklənərək, ona etimad göstərilir. Yeni Azərbaycan Partiyasının yaranmasından bu günə qədər keçdiyi yol hər zaman dəstəklənməsi bu partiyanın qeyd etdiyimiz kriteriyalara uyğun fəaliyyət göstərdiyini bir daha təsdiqləyir. Odur ki, bu sahədə YAP-la Azərbaycandakı heç bir siyasi partiya rəqabətə girə bilməz. Çünki bu vaxta qədər müxalifət düşərgəsindəki  partiyalarda yaşayan problemlərin sonradan eyniadlı, müxtəlif işarəli, hər birində 5-10 nəfərin olduğu partiyaların yaranmasının hər kəs şahidi olub. Məsələn, AXCP (i), "KXCP" və s. təbii ki, bu sıranı uzatmaq da olar. Elə bu il keçiriləcək parlament seçkiləri ərəfəsində müxalifət düşərgəsində təmsil olunan partiyaların daxilində yaranmış fikir ayrılıqlarından doğan problemlərin yaratdığı mənzərə müxalifətin bu seçkilərə də pərakəndə və dağınıq şəkildə - bir neçə blok və ya partiyaların birliyi şəklində qatılmaq məcburiyyətində qoydu.  

Siyasi partiyaların cəmiyyətdə özünə dəstək və nüfuz qazanmasının digər əsas vacib şərti isə liderlik məsələsi ilə bağlıdır. Baxmayaraq ki, Azərbaycanda 5-6 nəfər üzvü olan bəzi siyasi partiyaların rəhbərləri də özlərini "lider" kimi təqdim etməyə çalışırlar, əslində, siyasi lider üçün vacib olan xarizmatik keyfiyyətlər hər kəsə nəsib olmur. YAP - ın uğurlarının əsasını  təşkil edən əsas səbəblərdən biri də bu partiyanın güclü və xarizmatik liderlərinin olmasıdır.  YAP-ın yaradıcısı və Ümummilli Lider Heydər Əliyev kimi şəxsiyyətin rəhbərliyi ilə yaradılması, təbii ki, qısa zaman kəsiyində bu partiyanın gələcək inkişaf perspektivləri ilə bağlı öz sözünün deməli idi və dedi də. Bu gün YAP-ın Azərbaycan Prezidenti İlham Əliyev kimi Sədri var. Azərbaycan Prezidentinin dövlət başçısı kimi bu günə qədər Azərbaycan xalqı qarşısında verdiyi vədlərin həyata keçirilməsi, əhalinin sosial-iqtisadi rifahının yüksəldilməsi ilə bağlı davamlı siyasət aparması, təbii ki, sonda onun rəhbərlik etdiyi siyasi partiyanın nüfuzunun artması və xalq tərəfindən daha çox dəstək qazanmasında da öz sözünü deyir.

YAP-ın xalq tərəfindən etimad və dəstəyinin davamlı olaraq artmasını şərtləndirən başqa bir amil isə partiyanın bu vaxta qədər iştirak etdiyi seçkilərdən üzüağ və qələbə ilə çıxmasıdır. İstər prezident, istərsə də parlament seçkiləri, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da mühüm əhəmiyyət daşıyan ictimai - siyasi hadisələrdir. Seçkilərdə qalibiyyətin əldə edilməsi və xalqın dəstəyini qazanmaq üçün isə buna iddialı olan hər bir siyasi partiya öz model və siyasi texnologiyalarını ortaya qoymağı bacarmalıdır. Nəzərə almaq lazımdır ki, seçkilərdə xalqdan dəstək qazanmağın yolu həm də seçicilərə verilən vədlərin hayatda öz əksini tapmasından keçir. Azərbaycandakı bəzi partiyaların "liderlər"i,  hər seçkidən-seçkiyə ortaya çıxaraq, xalqa bəzən özlərinin də inanmadıqları bolluca "vədlər" versələr də, növbəti beş ilə qədər nə verilən vədlər dəyişir, nə də yenilik üçün hansısa addımlar atılır. Odur ki, bu cür partiyaların fəaliyyəti və gələcəyi ilə bağlı da düşüncələr də dəyişmir. 

YAP isə istər xalqa verilən vədlərin hayatda öz əksini tapması, istərsə də ölkədə keçirilən seçkilərlə bağlı yeni texnologiyaların tətbiqinə görə liderdir. Bu vaxta qədər, keçirilən əvvəlki seçkilərdə olduğu kimi, builki seçki parlament seçkilərində də YAP yeni seçki texnologiyalarından istifadə edəcəyi şəksizdir. Qeyd edək ki, seçkidən-seçkiyə ölkədə "demoratik dəyərlərin inkişafındakı  problemləri" yada salan müxalifət yenə də ənənəvi taktikasından - küçə yürüşləri və "mitinq şouları"ndan əl çəkmir. Baxmayaraq ki, ötən əsrin 90-cı illərindəki siyasi proseslərin praktikası olan bu variantlar artıq müasir dünyanın tələbləri ilə ayaqlaşmır. Azərbaycan müxalifəti "mitinq şouları"ndan əl çəkməsə də bu cür metodlar artıq çoxdan tarixin arxivinə qovuşub. Amma müxalifətin yenə də "köhnə hamam, köhnə tas" məsəli ilə hərəkət etmək istəyi başa düşüləndir. Çünki cəmiyyətə hər hansı yeniliyi, yeni seçki texnologiyalarını təqdim etmək üçün onun üzərində oturub-düşünməyi bacaran və müasir dünyada gedən prosesləri cəmiyyətdəki proseslərlə əlaqələndirməyi bacarmaq lazımdır. Amma Azərbaycan müxalifətinin son dəfə cəmiyyətə hansısa yenilik təqdim etdiyini, çətin ki, onların özləri belə xatırlaya bilsinlər. Uzun illərdən bəridir ki, "şəhərin mərkəzində mitinq" deyə istəklərini "çevir tatı, vur tatı" məsəlinə bənzədən müxalifət təmsililərinin, əslində, "mitinq şousu"ndan niyə yapışıb durmaları səbəbsiz deyil. Bu, heç də ona dəlalət etmir ki, müxalifət düşərgəsində təmsil olunan partiyalar bir araya gələrək, doğurdan da, 3-5 min nəfərlik mitinq keçirmək qabiliyyətinə malikdirlər. Müxalifətin belə bir dəstəyinin olmasına o zaman inanmaq olardı ki, Bakı şəhər icra hakimiyyətinin müxalifət partiyalarına mitinq keçirmək üçün ayırdığı stadion və meydanlara müxalifət çox yox, heç olmasa, 1000-1500 nəfər adam apara biləydi. Amma hər kəsə, hətta şəhər mərkəzində mitinq keçirmək iddiasında olan müxalifət təmsilçilərinin özlərinə də yaxşı bəllidir ki, şəhərdən kənarda mitinq keçirmək onlarlıq deyil. Çünki belə şəhərin mərkəzində hansısa küçə yürüşləri və "mitinq şousu" yaratmaq cəhdləri birbaşa müxalifətin xarici donorlardan aldığı maliyyə vəsaitinin həcminin artırılması maraqlarından başqa bir şey deyil. Şəhərdən kənarda hansısa mitinqin keçirilməsi isə müxalifətin tamamilə fiaskosu və xarici pulların kəsilməsi demək olardı. Adi bir nümunə gətirmək istəyirik. Parlament seçkilərində namizədliyini irəli sürən müxalifət təmsilçilərinin çoxu namizədliyini qeydə aldırmaq üçün tələb olunan 450 imzanı toplaya bilmədilər. Hansı ki, bu məsələ, YAP-ın parlament seçkiləri ilə bağlı irəli sürdüyü namizədləri üçün elementar bir prosedur idi və bu sahədə, nəinki YAP təmsililəri, hətta namizədliklərini müstəqil şəkildə irəli sürənlər də ciddi problemlərlə rastlaşmadılar. Amma müxalifət bunu özü üçün böyük problemə çevirdi.  Çünki müxalifət düşərgəsinin əksər təmsilçiləri  paytaxtdakı seçki dairələrindən namizəd olmaq üçün öz partiyadaşları ilə qılınc qırğına çıxsalar da, namizədliklərini qeydə aldırmaq üçün tələb olunan 450 imzanı belə toplaya bilmədilər.

Sual yarana bilər ki, əgər müxalifətin, doğurdan da, onların iddia etdiyi kimi, xalq arasında böyük dəstəyi və sosial bazası varsa, onda 40 min seçicisi olan bir dairədə 450 imzanın toplanması niyə problemə çevrilməli idi ki? Təbii ki, fakt göz qabağındadır.

Amma müxalifətin uğursuzluğu təkcə sosial bazanın olmamasında deyil. Məsələ burasındadır ki, bu düşərgənin təmsililəri uzun illərdir ki, cəmiyyətə sivil yollarla mübarizə aparmaq niyyətində olduqlarını nümayiş etdirə bilmədiklərinə görə, özləri barəsində  "qış yuxsuna getmiş ayı" obrazı yaradıblar. Görünən odur ki, müxalifət parlament seçkilərinə bu dəfə də köhnə "mitinq" taktikası ilə getmək niyyətindədir. 

Azərbaycanda bu vaxta qədər keçirilən bütün seçkilər zamanı cəmiyyətə yeniliklər təqdim edən YAP isə budəfəki təbliğatını bir qədər fərqli şəkildə aparacaq. 500 min üzvünün olmasına baxmayaraq, kütləvi tədbirlərə o qədər də ehtiyac duymayan  partiyanın təbliğat-təşviqat mexanizmi bu dəfə insanlarla fərdi ünsiyyətin qurulması şəklində aparılacaq. Bu da, təbii ki, sonda əhalini partiya təmsililəri ilə ünsiyyətini bir az da yaxınlaşdıracaq. İnsanlarla fərdi ünsiyyətin, görüşlərin keçirilməsi bir tərəfdən onların öz arzu və istəklərini namizədlərinə daha aydın şəkildə çatdırmasına imkan yaradacaq, digər tərəfdən isə, qaldırılan hər hansı problemlərin qısa müddətdə həllini tapmasını sürətləndirəcək. Odur ki, bəri başdan YAP-ın bu seçkilərdə də bütün opponentlərini üstələyəcəyini və liderliyini qoruyub saxlayacağı demək olar.

 

 

Vüsalə RAFİQQIZI

 

Səs.- 2010.- 13 oktyabr.- S. 7.