Azərbaycanda növbəti parlament seçkilərinin keçirilməsi üçün lazımi hüquqi baza mövcuddur

 

Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında YAP-ın Sədr müavini, İcra katibi Əli Əhmədov mətbuat konfransı keçirdi

 

Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında noyabrın 7-də keçiriləcək parlament seçkilərinə hazırlıqla bağlı Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi Əli Əhmədov mətbuat konfransı keçirdi. Mətbuat konfransında çıxış edən Ə.Əhmədov bu il noyabrın 7-də keçiriləcək parlament seçkilərinə bir aydan da az bir vaxtın qaldığını qeyd etdi. "Bu vaxta qədər seçkilərdə iştirak edəcək partiyalar və fərdi namizədlər seçki kampaniyasının əhəmiyyətli bir hissəsini artıq geridə qoyublar" deyən Əli Əhmədov Azərbaycanda növbəti parlament seçkilərinin keçirilməsi üçün lazımi hüquqi bazanın olduğunu da diqqətə çatdırdı. Vurğuladı ki, ölkəmizdə mövcud olan Seçki Məcəlləsi demokratik, ədalətli, bərabər yarışa əsaslanan seçkilərin keçirilməsinin hüquqi bazasını təmin edəcək. "Dövlətimiz özünün seçdiyi demokratik inkişaf yoluna uyğun olaraq, ölkəmizdə bütün seçki kampaniyalarının, o cümlədən də, parlament seçkiləri kampaniyasının tam olaraq şəffaflığını təmin etmək üçün zəruri bir mühit formalaşdırıb. Ona görə də, bu gün Azərbaycanda ədalətli və demokratik seçkilərin keçirilməsi üçün bütün zəruri imkanlar, şərtlər və şərait mövcuddur. Bunun çox vacib göstəricilərindən biri də məhz Azərbaycanda mövcud olan çoxsaylı partiyaların  parlament seçkilərində iştirak etmək istəyi və bu istəyə uyğun olaraq,  seçki kampaniyalarına qatılmalarıdır. Eyni zamanda, müşahidlər aparsaq, görərik ki, ölkədə fəaliyyət göstərən bütün siyasi təşkilatlar və partiyalar bu seçki kampaniyasına qoşulublar" deyən Ə.Əhmədov dediklərinə onu da əlavə etdi ki, seçki kampaniyasının  birinci mərhələsi hər bir siyasi təşkilatda özünəməxsus qaydada yekunlaşmaq üzrədir.

 

YENİ AZƏRBAYCAN PARTİYASI SEÇKİ KAMPANİYASININ BİRİNCİ MƏRHƏLƏSİNİ UĞURLA BAŞA ÇATDIRIB

 

Ə.Əhmədov Yeni Azərbaycan Partiyasının, həmişə olduğu kimi, öz ənənəsinə  sadiq qalaraq, parlament seçkilərində də böyük qüvvə ilə iştirak edəcəyini diqqətə çatdırdı. Bildirdi ki, YAP artıq seçki kampaniyasının birinci mərhələsini uğurla başa çatdırıb. "YAP tərəfindən irəli sürülən namizədlərin hamısı müvafiq prosedurlardan keçərək, dairə-seçki komissiyaları tərəfindən deputatlığa namizəd qismində qeydə alınıblar. YAP-ın İdarə Heyəti sentyabrın 18-də keçirilən iclasında noyabrın 7-də keçiriləcək parlament seçkilərinə 114 seçki dairəsində öz namizədlərini irəli sürmüşdür. Yerdə qalan dairələrdən YAP-ın namizədlərinin irəli sürülməmələrinin səbəblərini bu günə qədər müvafiq bəyanatlarımızla izah etmişik. Ayrı-ayrı dairələrdən YAP-la müttəfiqlik etmiş partiyaların namizədlərinin irəli sürüldüyü hallarda və Azərbaycan cəmiyyətinin hörmətli ziyalı insanlarının seçkilərə qoşulduğu dairələrdə də biz partiyamızın namizədlərini irəli sürməmişik. Beləliklə də, YAP qeyd olunan dairələrdə həmin namizədləri dəstəkləmək xəttini tutmalı olub. Bu baxımdan, YAP ölkə üzrə 114 dairədən öz namizədlərini irəli sürüb" deyən Ə.Əhmədov bunun ardınca isə, YAP tərəfindən namizədlərin siyahısına edilən kiçik dəyişikliklərdən sonra nəticə etibarı ilə 112 nəfər namizədin bütün prosedur qaydalarını qanunauyğun şəkildə keçərək, deputatlığa namizəd kimi qeydə alındığını söylədi.

 

YENİ AZƏRBAYCAN PARTİYASI  PARLAMENT SEÇKİLƏRİNDƏ PARTİYA QİSMİNDƏ İŞTİRAK  ETMƏK HÜQUQU QAZANMIŞ YEGANƏ TƏŞKİLATDIR

 

YAP İcra katibi qeyd etdi ki, artıq 112 nəfər namizədi qeydə alınan Yeni Azərbaycan Partiyası parlament seçkilərində iştirak etmək hüququ əldə edib. Ə.Əhmədov onu da əlavə etdi ki, Seçki Məcəlləsinin müəyyənləşdirdiyi tələblərə uyğun olaraq, 61 seçki dairəsindən çox dairədə namizədini qeydə aldırdığına görə, YAP parlament seçkilərində partiya qismində iştirak  etmək hüququ qazanan yeganə təşkilatdır. Bütün bunları YAP-ın parlament seçkilərinə hazırlığının və onun nəticələrinin bariz ifadəsi kimi qiymətləndirildiyini bildirən Ə.Əhmədov partiyanın fəaliyyətinin əsas istiqamətini və hədəfini də ölkəmizdə keçirilən seçki kampaniyalarında fəal surətdə iştirak etməkdə gördüyünü bildirdi. "Biz ölkəmizdə keçirilən bütün seçki kampaniyalarında  mütəmadi  iştirak etmişik və bununla əlaqədar olaraq YAP-ın  seçki kampaniyasının keçirmək sahəsində çox böyük təcrübəsi mövcuddur. YAP bir qayda olaraq, seçki kampaniyasına start verilməzdən xeyli əvvəl, seçkilərə hazırlaşmağa başlayır. Eyni zamanda, bütövlükdə, seçki kampaniyasının gedişində əldə edilən bütün uğurlar və nailiyyətlər, o cümlədən, səsvermənin YAP-ın qələbəsinin təmin edilməsində özünü göstərən nəticələri də seçki kampaniyasına kifayət qədər ciddi şəkildə hazırlanması ilə əlaqədardır. Bu seçki kampaniyasına da YAP-ın hazırlaşma taktikası istisnalara malik deyildir. Çünki biz seçkinin başlanmasına start verilməzdən xeyli əvvəl bu kampaniyaya hazırlaşmağa başlamışıq. Təxminən bu ilin mart ayından başlayaraq, YAP özünün bütün yerli strukturlarını və malik olduğu resursları seçki kampaniyasının uğurla həyata keçirilməsinə səfərbər edərək, müvafiq hazırlıq işlərini aparıb. YAP-ın həm seçki proqramının, həm seçki strategiyasının müəyyələşdirilməsindən tutmuş, bu proqram və strategiyanın, həmin strategiyadan  irəli gələn taktikaların ardıcıl olaraq yerinə yetirilməsi üçün partiyanın bütün strukturlarının, bütün resurslarının səfərbər edilməsi istiqamətində genişmiqyaslı işlər həyata keçirilir" deyən İcra katibi YAP-ın hər bir inzibati  ərazi bölgüsündə fəaliyyət göstərən yerli strukturlarının bu proqrama uyğun olaraq, işlərini yüksək səviyyədə qura bildiyini vurğuladı.

 

YENİ AZƏRBAYCAN PARTİYASININ SEÇKİ KAMPANİYASINI KEÇİRMƏK SAHƏSİNDƏ ÇOX BÖYÜK TƏCRÜBƏSİ VARDIR

 

Yeni Azərbaycan Partiyasının Sədr müavini mətbuat nümayəndələrinin diqqətinə onu da çatdırdı ki, YAP-ın bütün rayon və şəhər təşkilatlarının əhəmiyyətli dərəcədə görmüş olduqları işlərin, fəaliyyətin nəticələrinin bəhrəsi isə artıq özünü göstərməkdədir. "YAP-ın qarşıdan gələn parlament seçkilərində ümid etdiyi nailiyyətlər  və uğurlar müəyyən səbəblərlə əlaqədadardır" deyən Ə.Əhmədov bunlardan ən başlıcasının ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin Azərbaycan vətəndaşları  tərəfindən yüksək qiymətləndirilməsinin olduğunu qeyd etdi. "Ölkə Prezidentinin malik olduğu yüksək nüfuz, hörmət insanların Ona olan etimadıdır. Onu da qeyd edək ki, Yeni Azərbaycan Partiyasının Sədri cənab Prezident İlham Əliyevə Azərbaycan vətəndaşlarının bəslədiyi böyük etimad seçki kampaniyasının gedişi dövründə Onun rəhbərlik etdiyi partiyanın seçicilərimiz tərəfindən dəstəklənməsində də öz ifadəsini tapır.

Bu hörmət və etimad YAP-a seçici etimadını transformasiya edir. Digər çox əhəmiyyətli bir seçici resursu da cənab Prezidentin həyata keçirdiyi siyasətin uğurları, nəticələri, Azərbaycan iqtisadiyyatının yüksəldilməsi, Azərbaycanın regionda və beynəlxalq aləmdə mövqelərinin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişafı nəticəsində ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən genişmiqyaslı sosial proqramlar Azərbaycanın hər bir guşəsinin, başda paytaxt Bakı şəhəri olmaqla, simasının əhəmiyyətli dərəcədə dəyişməsidir.

Bizim istinad etdiyimiz daha bir əhəmiyyətli resurs YAP-ın malik olduğu böyük  ictimai dəstəkdir. Bunun bariz nümunəsi bu gün YAP sıralarında 520 mindən çox ölkə vətəndaşının cəmləşməsidir. Onu da qeyd edim ki, YAP üzvü olan 520 mindən artıq insan həm də real seçicilərdir. Bir məsələni də qeyd edim ki, ölkəmizdə keçirilən parlament seçkilərində  iştirak edən seçicilərin sayı və iştirak səviyyəsi təxminən 40-45 faiz civarında müəyyənləşir. Ölkəmizdə 5 milyon seçici mövcuddur ki, bunun da 40 faizi təxminən 2 milyona qədər seçici deməkdir. Bir namizədin səs qazanaraq qalib gəlməsi üçün YAP üzvlərinin öz dost-tanışları ilə seçki məntəqələrinə gəlmələri  kifayət edir. Bu baxımdan da 1,5 milyon səsin təmin edilməsi isə YAP tərəfindən irəliyə sürülmüş namizədlərin uğur qazanması üçün çox əhəmiyyətli bir arqument rolunu oynamış olur. "Nəhayətdə isə, YAP-ın ən vacib resurslarından biri də partiyanın təşkilatçılığı ilə yerlərdə səmərəli şəkildə fəaliyyət göstərən strukturlarının olması, qazanılmış seçki təcrübəsi və seçki kampaniyasına ciddi şəkildə yanaşılması, eyni zamanda, uğurlu seçki taktikası  əsasında məqsədyönlü kampaniyanın aparılmasıdır" deyən YAP İcra katibi seçkilərin taleyinin həll edilməsində layiqli namizədlərin irəli sürülməsinin də xüsusi önəm daşıdığını mətbuat nümayəndələrinin diqqətinə çatdırdı. Çünki seçicilərin konkret dairələrdə irəli sürülmüş namizədlərin fərdi keyfiyyətlərini də mütləq şəkildə nəzərə aldığını bildirən Ə.Əhmədov məhz bunu əsas tutaraq, dedi ki,YAP tərəfindən hər bir dairədən elə şəxslərin namizədliyi irəli sürülüb ki, onların malik olduğu şəxsi keyfiyyətləri və insanlar arasında olan nüfuzları uğur qazanmalarını təmin edəcəkdir.

 

AZƏRBAYCAN CƏMİYYƏTİNİN BÖYÜK HÖRMƏT BƏSLƏDİYİ ÇOX DƏYƏRLİ ZİYALILAR VƏ İCTİMAİ XADİMLƏR YENİ AZƏRBAYCAN PARTİYASININ NAMİZƏDLƏRİDİR

 

Ə.Əhmədov YAP-ın parlament seçkilərində iştirak edəcək namizədlərinin hir birinin Azərbaycan cəmiyyətinin böyük hörmət bəslədiyi çox dəyərli ziyalılar və ictimai xadimlər olduğunu da mətbuat nümayəndələrinin diqqətinə çatdırdı. "YAP-ın noyabrın 7-də keçiriləcək parlament seçkilərində irəliyə sürdüyü namizədlərin 48 nəfəri hal-hazırda partiyanın Milli Məclisdə təmsil edir. Eyni zamanda, YAP-ın irəli sürdüyü namizədlərdən 5 nəfəri Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, 3 nəfər isə müxbir üzvləridir. 10 nəfər namizədimiz isə bu və ya digər ali məktəblərin rektorlarıdır. Digər tərəfdən, təxminən 20-yə yaxın namizədimiz isə elmlər doktoru və professorlardır. YAP-ın namizədləri sırasında qadınların da geniş şəkildə təmsilçiliyi istiqamətində ciddi addımlar atılıb. Ona görə də, hazırda YAP tərəfindən parlament üzvlüyünə namizəd kimi təqdim olunan şəxslərdən 24 nəfəri qadınlardır" deyən YAP-ın Sədr müavini Ə.Əhmədov, bütövlükdə, partiyanın irəli sürmüş olduğu namizədlərin ictimaiyyət tərəfindən tanınan və qəbul edilən şəxslərin olduğunu bildirdi.

Hər bir seçkinin rəqabət mübarizəsinə əsaslandığını bildirən Ə.Əhmədov bu seçkidə də YAP tərəfindən irəli sürələn namizədlərin həm siyasi partiyalar tərəfindən, həm də fərdi qaydada namizədliyi  irəli sürülmüş rəqiblərinin olduğunu vurğuladı. Onun dediyinə görə, çox təəssüf doğuran hallardan biri də ondan ibarətdir ki, bu  prosesə müxalifət partiyalarının nümayəndələri tolerantlıqla yanaşmırlar. Ə.Əhmədov bildirdi ki, YAP-ın rəqibləri olan bir sıra partiyalar bizim irəli sürdüyümüz namizədlərin şanslarının guya yüksək olmaması barəsində həqiqəti əks etdirməyən müxtəlif fikirlər səsləndirirlər. “Bir məsələni qeyd edim ki, özünü YAP-a qarşı rəqib kimi görmək istəyən "AXCP (i)-Müsavat" seçki blokunun irəli sürdüyü namizədlərin xarakteristikasını, yəqin ki, burada olan mətbuat nümayəndələri  çox gözəl bilirlər. YAP-ın irəli sürmüş olduğu namizədlər sırasında akademiklərin, böyük ictimai nüfuza malik olan şəxslərin olmasına baxmayaraq, "AXCP (i)-Müsavat" seçki bloku tərəfindən heç bir nüfuza malik olmayan insanların namizədliyi təklif edilir. Məhz bu siyasi partiyalar tərəfindən irəli sürülən namizədlər 10-15 il ərzində heç bir ictimai və sosial fəaliyyətlə məşğul olmayan şəxslərdir. Eyni zamanda, nə Müsavat partiyası tərəfindən, nə də AXCP (i) tərəfindən irəli sürülmüş namizədlər ictimaiyyətimiz tərəfindən tanınmır və qəbul edilmirlər. Məhz bu cür insanların namizədliklərini irəli sürməklə YAP-a rəqib olmaq heç bir siyasi mübarizə prinsiplərinə uyğun gəlmir. Eyni zamanda, müxalifət partiyaları tərəfindən irəli sürülmüş namizədlər sırasında çoxlu sayda mətbuat nümayəndələrini də görmək mümkündür. Bu cür hallar ortalıqda ola-ola müxalifətçilər yenə də YAP-a qarşı iftira və böhtanlarla çıxış edərək, ictimai rəydə çaşqınlıqlar yaratmağa səy göstərirlər" deyən Ə.Əhmədov cəmiyyətimizin belə insanlara heç vaxt dəstək olmadığını və bütün bunların nəticə etibarı ilə yekunda onların açıq şəkildə seçici dəstəyi qazanmamasına gətirib çıxaracağına şərait yaratdığını söylədi.

 

YENİ AZƏRBAYCAN PARTİYASI ÜZVLƏRİNİN SAYI, ÜMUMİLİKDƏ, MÜXALİFƏT PARTİYASI ÜZVLƏRİNİN SAYINDAN ƏN AZI 10 DƏFƏ ÇOXDUR

 

Ə.Əhmədov mətbuat konfransında bir məsələni də qeyd etdi ki,  bu gün müxalifət partiyaları bütün fəaliyyətlərini bir kənara qoyub, YAP-a qarşı mübarizə aparmağa başlayıblar. Müxalifətçilərin hədəf olaraq, YAP-ı deyil, seçicilərin nüfuzunu qazanmaq uğrunda mübarizə aparmalarının daha məqsədəuyğun olduğunu bildirən Ə.Əhmədov onların YAP-la  mübarizə aparmaq imkanlarının belə olmadığını söylədi. “Bu gün YAP üzvlərinin sayı, ümumilikdə, müxalifət üzvlərinin sayından ən azı 10 dəfə çoxdur. Bir faktı da əlavə edim ki, müxalifət partiyaları tərəfindən namizədliyi irəli sürülmüş şəxslərin hamısı imza vərəqələrini məhz prosesin sonuncu günü, yəni oktyabrın 8-də dairə seçki komissiyalarına təhvil veriblər. Amma Yeni Azərbaycan Partiyası uzun illər ərzində toplamış olduğu seçki təcrübəsinə əsaslanaraq, bu seçki prosesində də insanlarla birbaşa təmasların qurulması prinsipini həyata keçirir. Buna Qərb öləkələrində qapıdan-qapıya getmək prinsipi kimi yanaşılır. "Yəni, hər bir mənzildə, hər bir ailədə olmaq seçki zamanı özünü açıq şəkildə göstərmiş olur" deyən Ə.Əhmədov parlament seçkilərində YAP-ın seçki kampaniyası zamanı çox müxtəlif formaları əhatə edəcəyini də vurğuladı.

 

YENİ AZƏRBAYCAN PARTİYASININ SEÇKİ KAMPANİYASI ÖZLÜYÜNDƏ MÜXTƏLİF FORMA VƏ PRİNSİPLƏRİ ƏHATƏ EDƏCƏK

 

Ə.Əhmədov bildirdi ki, YAP qarşıdan gələn parlament seçkilərində mövcud resurslara söykənərək, irəli sürdüyü namizədlərin Milli Məclisdə təmsil  olunmalarını təmin etmiş olacaq. İcra katibi bir məsələni də nəzərə çatdırdı ki, YAP tərəfindən təşviqat və təbliğat prosesi başladıqdan sonra namizədlərin fərdi qaydada cəmiyyətə təqdim olunması ilə əlaqədar olaraq, jurnal da buraxılacaq. YAP-ın bu seçki kampaniyasında həyata keçirəcəyi təbliğat və təşviqat kampaniyası vətəndaşlarla münasibətlərin daha sıx təmaslar üzərində qurulmasına əsaslanacağını söyləyən Ə.Əhmədov böyük gücə, potensiala və sosial bazaya malik olan partiyanın qələbəsinin labüd olduğunu bildirib.

 

MÜXALİFƏTDƏ HƏR PARLAMENT SEÇKİSİ ÖNCƏSİ ERMƏNİLƏRLƏ GÖRÜŞMƏK ƏNƏNƏSİ FORMALAŞIB

 

Ə.Əhmədov müxalifət partiyalarının seçkiöncəsi bir sıra xarici donor təşkilatlarla və düşmən qüvvələrlə əlaqələri məsələsinə də toxundu. Bildirdi ki, müxalifət düşərgəsində hər parlament seçkisi ərəfəsində ermənilərlə görüşmək ənənəsi yaranıbdır. "Müsavat başqanı İsa Qəmbərovun Almaniyada Erməni Milli Hərəkatı ilə qarşılıqlı əməkdaşlıq haqqında müqaviləni imzalaması da, dövlət maraqlarına xəyanət, eyni zamanda, işğal olunmuş torpaqlardan didərgin düşən vətəndaşlarımıza qarşı hörmətsizlikdir. Bir faktı da qeyd edim ki, 2005-ci il parlament seçkiləri öncəsi AXCP (i)-nin üzvü Ruslan Bəşirli ermənilərlə görüşdü. İndi də İsa Qəmbərovun Almaniyada erməni təşkilat sədri ilə görüşü, hesab edirəm ki, bir ənənə halını alıb. Azərbaycan torpaqlarının işğal edilməsi üçün ideologiya hazırlayan 4-5 mərkəz olubsa, onlardan biri də Erməni Milli Hərəkatı olub. Belə çıxır ki, Müsavatın Azərbaycan xalqına gümanı gəlmir, Azərbaycan xalqından dəstək gözləmir. Erməni Milli Hərəkatı Azərbaycan torpaqlarının işğalı zamanı Ermənistan rəhbərliyində təmsil olunub. Ortada bir əməkdaşlıq müqaviləsi varsa, bu əməkdaşlığın kiminsə əleyhinə yönəldiyi şübhəsizdir. Bu əməkdaşlıq ermənilərə qarşı yönəlməyib. Belə olsaydı, ermənilər buna imza atmazdılar. Çox güman ki, bu əməkdaşlıq Azərbaycanın maraqlarına qarşı yönəlib. Bu cür addım atmaq Müsavat partiyasının məramına da ziddir. Bəzən insanlar şeytanla da anlaşma imzalaya bilirlər. Hansı məqsədlə İsa Qəmbərov belə bir anlaşmaya imza atıb? Bu sualı onun özünə ünvanlamaq lazımdır".

 

 

Tapdıq Qurbanlı

 

Səs.- 2010.- 14 oktyabr.- S. 4-5.