Davamlı inkişaf strategiyası
Bu, hər bir Azərbaycan
vətəndaşının sosial rifahının təmin
edilməsinə yönəlib
Ölkəmizdə
davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi
Azərbaycan hökumətinin qarşıya qoyduğu və
çox böyük müvəffəqiyyətlə həyata
keçirdiyi mühüm prioritetlərdən biridir. Bəlli
olduğu kimi, bu, ölkə iqtisadiyyatının
hərtərəfli, şaxələndirilmiş
şəkildə inkişafını nəzərdə tutur. Burada neft sektorundan əldə edilən
gəlirlər hesabına qeyri-neft sektoruna böyük
sərmayələrin yatırılması, beləliklə
də, ölkə iqtisadiyyatının müxtəlif
sahələrinin davamlı şəkildə inkişaf
etdirilməsi başlıca hədəf kimi
götürülür.
Bu baxımdan, bilavasitə, Prezident İlham
Əliyevin təşəbbüsü və rəhbərliyi
ilə regionların davamlı sosial-iqtisadi
inkişafının təmin edilməsi ilə bağlı
hazırlanan və müvəffəqiyyətlə həyata
keçirilən dövlət proqramları olduqca
təqdirəlayiqdir. Bütün
incəliklərinə görə, yüksək
dəqiqliklə işlənib hazırlanan, məntiqi
ardıcıllıqla biri digərini tamamlayan bu proqramlar əhalinin
yüksək iqtisadi fəallığını
stimullaşdırır, bölgələrdə
yaşayış səviyyəsinin əhəmiyyətli
dərəcədə yaxşılaşmasına,
Azərbaycanın regionlarının hərtərəfli
tərəqqisinə yol açır.
Prinsip
etibarı ilə, ölkə regionlarının davamlı,
sürətli inkişafının reallaşması
təkcə iqtisadi deyil, həm də mənəvi
məsələdir. Başqa sözlə, burada insan amili
öz həlledici təsirini göstərir, insanların
sosial-iqtisadi fəallığı və
təşəbbüskarlığı mühüm rol
oynayır. Müvafiq məqamlar regionların sosial-iqtisadi
inkişafı ilə bağlı qəbul edilən hər iki
Dövlət Proqramında ciddi nəzərə alınıb.
Burada bölgələrdə işgüzar
sahibkarlıq təşəbbüslərinin yüksək
səviyyədə dəstəklənməsi, regionlarda ən
yeni texnologiyalara söykənən aqrar-sənaye
komplekslərinin yaradılması, yüngül sənayenin,
qida sənayesinin inkişaf etdirilməsi, yoxsulluğun,
işsizliyin tam aradan qaldırılması, əhalinin
yüksək məşğulluğun təmin edilməsi
nəzərdə tutulub.
Bu baxımdan, Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramının (2004-2008-ci illər)" icrasında hər
bir bölgənin özünəməxsusluğuna,
regionların sosial-iqtisadi inkişaf potensialını
şərtləndirən mühüm meyar kimi insan amilinə
xüsusi diqqət yetirilib.
Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı"nın gerçəkləşməsində
də, insan amili xüsusi olaraq, önə çəkilir.
Burada insanların iqtisadi təşəbbüslərinin -
insan kapitalı amilinin adekvat şəkildə
qiymətləndirilməsinə böyük diqqət yetirilir.
Belə ki, regionların sosial-iqtisadi inkişafını şərtləndirən
mühüm meyarlardan biri insan kapitalının
əhəmiyyətinin lazımi şəkildə
dəyərləndirilməsidir.
Ümumilikdə, regionların sosial-iqtisadi
inkişafı ilə bağlı birinci Dövlət
Proqramının uğurla həyata keçirilməsi
nəticəsində ölkədə makroiqtisadi göstəricilər
əhəmiyyətli dərəcədə yüksəlib.
2004-2008-ci illəri əhatə edən beş il
ərzində ümumi daxili Məhsulun (ÜDM) real həcmi
2,6 dəfə artaraq 38 milyard manata çatıb, ÜDM-in
adambaşına düşən nominal həcmi 5 dəfə
artaraq 4440 manat təşkil edib. Bölgələrdə
yüz minlərlə yeni iş yerlərinin
açılması, yüzlərlə müasir, abad
təhsil müəssisələrinin, məktəblərin
inşa edilməsi, elm, təhsil sahəsində həyata
keçirilən islahatlar hər bir vətəndaşın
sosial rifahının təmininə yönəlib.
Regionların sosial-iqtisadi inkişafı ilə
bağlı qəbul edilmiş və həyata
keçirilən ikinci Dövlət Proqramı
ölkədə qeyri-neft sektorunun inkişafının
sürətləndirilməsinə, iqtisadiyyatın
diversifikasiyasına, tarazlı regional və davamlı
sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin
daha da yaxşılaşdırılmasına nail olmaq
məqsədi daşıyır.
Bu proqram ölkə regionlarının inkişafı
sahəsində əldə olunmuş nailiyyətlərin daha
da möhkəmləndirilməsini, başlanmış
mütərəqqi inkişaf tədbirlərinin 2009-2013-cü
illərdə də davam etdirilməsini nəzərdə
tutur. Yeni Dövlət Proqramı mühüm prioritet kimi,
Bakı şəhəri və onun ətraf
qəsəbələrinin sosial-iqtisadi inkişafına
yönəldilmiş tədbirləri özündə əks
etdirir.
Mühüm iqtisadi göstəricilərinə
görə, dünyanın inkişaf etmiş
dövlətləri ilə müqayisə edilən
Azərbaycanda cəmiyyətin inkişafının
mühüm aspektlərindən
biri də yoxsulluğun azaldılması, tarazlı
inkişafın təmin edilməsidir. XXI əsrin ilk
illərinə olan məlumata görə, yoxsulluq dünya
dövlətlərinin 2/3 hissəsini əhatə edən
problemdir. Dünyada 1,2 milyarda yaxın insan yoxsulluqdan
əziyyət çəkir, təqribən 2 milyard insanın
gündəlik gəliri isə bir dollardan
aşağıdır. Təbii ki, bütün bunlar dünya
ölkələri üzrə gəlirlərin ədalətsiz
bölgüsü ilə bağlıdır. Hazırda
əksər dünya dövlətlərinin başlıca
məqsədi olan davamlı inkişafa keçidin də
əsas tələbi, məhz gəlirlərin ədalətli
bölgüsünə nail olmaqdır. Dünya üzrə
cəmi gəlirlərin 65 faizi Şimali Amerika, Qərbi Avropa
ölkələri və Yaponiyanın payına
düşür.
1994-cü ildən başlayaraq, ümummilli lider
Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda
əsas məqsədi ölkədə yoxsulluğun
azaldılması və davamlı inkişafın təmin
edilməsi olan çoxşaxəli islahatlar həyata
keçirilməyə başladı. Bu dövr ərzində
həyata keçirilən iqtisadi islahatların rəsmiləşdirilməsi
baxımdan digər bir istiqamət kimi 1993-cü ildə
təsdiq edilmiş ''Azərbaycanda Sahibkarlığın
İnkişafı (1993-1995)'' Dövlət Proqramını
qeyd etmək olar. Belə bir proqramın qəbul
edilməsi və onun həyata keçirilməsi bu
sahədə uğurların əldə edilməsinə imkan
yaratdı (ölkədə fəaliyyət göstərən
kiçik və orta sahibakarların sayı çoxaldı,
onların xarici iqtisadi fəaliyyəti genişləndi və
s.).
Təqdirəlayiq haldır ki, iqtisadi inkişafın
ikinci mərhələsində Azərbaycan Respublikasında
qeyd edilən modelin gerçəkləşməsinin rəsmi
bazası kimi bir çox irimiqyaslı siyasət
sənədləri (konsepsiya, strategiya və proqramlar) qəbul
olunmuş (''Azərbaycanda Kiçik və Orta
Sahibkarlığa Dövlət Yardımı Proqramı (1997-2000-ci illər)'', "Azərbaycan
Respublikasında kiçik və orta sahibkarlığın
inkişafının Dövlət Proqramı (2002-2005-ci
illər)", "Azərbaycan Respublikasında
maşınqayırma sənayesinin inkişafının
Dövlət Proqramı (2002-2005-ci illər)",
"Azərbaycan Respublikasında aqrar bölmənin
inkişafının Dövlət Proqramı
(2002-2006-cı illər)", "Azərbaycan
Respublikasının demoqrafik inkişaf konsepsiyası",
"Azərbaycan Respublikasında 2002-2005-ci illərdə
turizmin inkişafına dair Dövlət Proqramı",
"Azərbaycan Respublikasında yoxsulluğun azaldılması
və iqtisadi inkişaf üzrə Dövlət Proqramı
(2003-2005-ci illər)", "Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafı Dövlət Proqramı
(2004-2008-ci illər)") və digərləri uğurla
həyata keçirilmişdir. Eyni zamanda,
hal-hazırda "Azərbaycan Respublikasının
məşğulluq strategiyası" (2006-2015-ci illər),
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü
illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı", "2008-2015-ci illərdə Azərbaycan
Respublikasında yoxsulluğun azaldılması və
davamlı inkişaf Dövlət Proqramı",
"2008-2015-ci illərdə Azərbaycan Respublikasında
əhalinin ərzaq məhsulları ilə etibarlı
təminatına dair Dövlət Proqramı" və
digər vacib sənədlər uğurla icra olunur. Müvafiq
dövlət proqramları və konsepsiyalar bir-biri ilə
sıx bağlıdır. Başqa sözlə, davamlı
inkişaf tərəqqinin, inkişafın bütün
parametrlərinin və prioritetlərinin harmonik şəkildə
əlaqələndirilməsini tələb edir.
Hazırda
ölkəmizin davamlı inkişaf sahəsində
əldə etdiyi böyük uğurlar inkişafın
Azərbaycan modelindən danışmağa imkan verir.
Davamlı, dinamik inkişaf məntiqinə əsaslanan bu
modelin strateji istiqamətləri aşağıdakı kimi
səciyyələndirilə bilər:
1)
sərbəst bazar münasibətlərinə əsaslanan,
sosialyönümlü bütöv iqtisadi sistemin -
müstəqil milli iqtisadiyyatın
formalaşdırılması;
2)
ölkədə mövcud olan təbii-iqtisadi, texniki-istehsal
və elmi-texniki potensialın fəal surətdə
təsərrüfat dövriyyəsinə cəlb olunması;
3) milli
iqtisadiyyatın dünya təsərrüfat sisteminə
səmərəli şəkildə inteqrasiyası.
Bu model
hazırda Azərbaycan iqtisadiyyatının davamlı,
sürəkli və sürətli inkişafının
əsasını təşkil edir. Burada
prioritet sahələr üzrə iqtisadi siyasətin həyata
keçirilmə taktikasının fərqləndirici
xüsusiyyətlərini - göstərilən
istiqamətlərin hər biri üzrə fəaliyyətin
paralel şəkildə həyata keçirilən
əlaqələndirilmiş proqramlar üzrə
aparılması olduqca önəmlidir. Belə olan halda
qeyri-standart, lakin iqtisadi inkişafın obyektiv
qanunauyğunluqlarını nəzərə alan,
gələcəyə hesablanan və cəsarətli
qərarların qəbul olunması olduqca vacibdir. Müvafiq
qərarların qəbulu prosesində sosialyönümlülüyün
gözlənilməsi, milli mentalitetin nəzərə
alınması, mütərəqqi dünya
təcrübəsinə arxalanma mütərəqqi meyarlar
kimi bir-birini tamamlayır.
Ölkəmizdə
sosial-iqtisadi inkişaf sahəsində əldə olunmuş
nailiyyətlər Azərbaycanda iqtisadi islahatlar və
inkişaf modelinin həyatqabiliyyətli, səmərəli
olmasının ən yaxşı sübutu, isbatı
sayıla bilər. Bu model üzrə həyata
keçirilən siyasət çox qısa zaman ərzində
ölkə iqtisadiyyatında əsaslı keyfiyyət
dəyişikliklərinin baş verməsinə səbəb
olub. İnflyasiya cilovlanıb, Milli Bank tərəfindən
büdcə kəsirinin maliyyələşdirilməsi
praktikasına son qoyulub, büdcə kəsiri ÜDM-in 1-2%-i
səviyyəsinə endirilib. Bu
dəyişikliklər nəticəsində artıq 1996-cı
ildə dərin iqtisadi böhran keçirən
ölkədə makroiqtisadi sabitliyə nail olunmuş,
növbəti-1997-ci ildən başlayaraq isə dinamik iqtisadi
inkişafı təmin etmək mümkün olub. 1996-cı
ildə ÜDM-in artım sürəti 1,3%, 1997-ci ildə 5,8%,
1998-2004-cü illərdə isə orta
hesabla 10% təşkil edib. 2005-2009-cu illərdə isə real
iqtisadi artım tempi müvafiq olaraq 26,4%, 34,5%, 25%, 10,8% və
9,3% olub ki, bu da əhalinin sosial-iqtisadi rifahının daha da
yaxşılaması baxımından çox böyük
əhəmiyyət kəsb edir.
"Büdcə
sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq hər il Azərbaycan Respublikasının
növbəti və gələn üç il üzrə
iqtisadi-davamlı sosial inkişaf konsepsiyası hazırlanır.
Bu baxımdan, "Azərbaycan Respublikasının 2010-cu
və gələn üç il üzrə iqtisadi-davamlı
sosial inkişaf konsepsiyası" yuxarıda qeyd olunmuş
dövlət proqramları ilə əlaqəli
şəkildə hazırlanıb. Bu
sənəd Azərbaycan Respublikasının 2010-2013-cü
illərdə iqtisadi və davamlı sosial
inkişafının əsas istiqamətlərini və proqnoz
göstəricilərini müəyyən etməklə 2010-cu
və sonrakı üç il üçün Azərbaycan
Respublikasının dövlət və icmal
büdcələrinin tərtibini əsaslandırır.
Bütün
bunlar onu göstərir ki, ölkəmizin iqtisadi inkişafı
artıq yeni keyfiyyət mərhələsinə daxil olub. Yeni mərhələnin əsas hədəfi, milli
iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin
yüksəldilməsinə və dünya
təsərrüfat sisteminə səmərəli inteqrasiyasına
nail olmaqla, uzunmüddətli perspektivə ölkədə
dinamik sosial-iqtisadi inkişafın
davamlılığını təmin etməkdən
ibarətdir. Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin imzaladığı fərmanlarda,
təsdiq etdiyi iqtisadi siyasət sənədlərində bu
hədəfin reallaşması üçün yerinə
yetirilməsi zəruri olan əsas vəzifələr
müəyyənləşdirilib. Bu sıraya
ölkənin malik olduğu iqtisadi potensialın
gücləndirilməsi və bu potensialın kompleks
şəkildə səmərəli
reallaşdırılması, qeyri-neft sektorunun inkişaf
etdirilməsi, hər bir regionun malik olduğu potensialdan tam
və səmərəli istifadə olunması, regionların
inkişafının tarazlaşdırılması,
çoxlu sayda yeni iş yerlərinin açılmasına
şərait yaradılması, sahibkarlığın
inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin,
keyfiyyətinin və ünvanlılığının
əhəmiyyətli dərəcədə artırılması,
yoxsulluğun azaldılmasını və s. bu kimi
vəzifələri aid etmək mümkündür.
Naib NİFTƏLİYEV
Səs.- 2010.- 14 oktyabr.- S. 6.