Dünya sənin, dünya mənim...

 

14 oktyabr Məmməd Arazın doğum günüdür

 

Azərbaycan poeziyasında sənəti şaxələndirən, ona yeni ideyalarla nəfəs gətirən və sözün ölçüsündən məharətlə istifadə edən Məmməd Araz milli ədəbiyyatımızda söz mülkünün seçilən və sevgi ilə misraları oxunan qələm sahibləri sırasında ismini əbədiləşdirən şair kimi qəbul olundu, zamanın məsafəsində xatırlanaraq, yad olunacaq ziyalı səviyyəsinə yüksəldi.

Belə bir imicə sahib olan sənətkar söz aləmində fəlsəfi görüşlər ilə yadda qaldı. Dünyanı öz ölçüsü ilə qəbul edib, bəşəri meyarlar baxımından fəlsəfi düşüncələrinə yol açdı.

Bu gün Azərbaycan şeirinə klassik nümunələri ilə imza atmış sənətkarın doğum günüdür. Sənətə isti misraları ilə bir rəng gətirən Məmməd Araz 14 oktyabr 1933-cü ildə dünyaya göz açmış, özünəməxsusluğu ilə seçilərək sənət dünyasında da fərdi bir iz qoya bilmişdir. Şahbuz rayonunun Nurs kəndində anadan olan Məmməd Araz doğulduğu məkanda orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alır. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayır, sonra Bakıya köçərək Azərbaycan Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyir. 1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki ali ədəbiyyat kurslarının müdavimi olur. Sonra "Ulduz" jurnalının məsul katibi, "Ədəbiyyat və incəsənət" qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini vəzifəsində çalışır.

Şair, tərcüməçi, publisist kimi tanıdığımız şairin keçdiyi yol onu bir ziyalı olaraq tanıtdı. 1957-ci ildən Azərbaycan Yazıçılar Birliyinin  üzvü olan Məmməd Araz Əməkdar mədəniyyət işçisi, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət mükafatı laureatı, Azərbaycanın Xalq şairi adına layiq görülür və Azərbaycan Respublikasının "İstiqlal" ordeni, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanları ilə təltif edilir. Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatı  olur. Onun adına "Məmməd Araz" mükafatı təsis olunur. 1974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan təbiəti" jurnalının baş redaktoru vəzifəsində çalışdı. Uzun müddət Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik etdi.

Yaradıcılıq yolunda kitablarının işıq üzü görməsi onun bu aləmdə daha da tanınmasına səbəb oldu. "Sevgi nəğməsi", "Üç oğul atası", "Araz axır", "Mən səni taparam", "Anamdan yadigar nəğmələr", "Ömür karvanı", "İllərdən bəri, "Həyatın və sözün rəngləri", "Oxucuya məktub", "Aylarım, illərim", "Dünya sənin, dünya mənim", "Dünya düzəlmir", "Daş harayı", "Yol ayrıcında söhbət", "Sənətdə son mənzil olmur" və s. kitabları onu daha da sevdirdi və oxucularla ünsiyyətin artırdı.

Tərcüməçilik fəaliyyəti də onun yaradıcılığını şaxələndirən bir faktordur. Belə ki, o, rus poeziyasının görkəmli nümayədələrinin əsərlərini dilimizə çevirdi. S.V.Mixalkovun "Foma", M.Svetlovun "Şeirlər", N.A.Nekrasovun "Rus qadınları" və dünya şairlərinin şeirlərindən ibarət olan "Ocaq başında" kitabları ilə Azərbaycan oxucusunu dünya ədəbiyyatına yaxınlaşdırdı. Məmməd Arazın bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya ədəbiyyatının bir sıra nümunələri ilə tanış olmaq imkanı qazandı. Eyni zamanda, şairin əsərləri ayrı-ayrı xalqların dillərinə tərcümə edilərək nəşr olundu.

Məmməd Arazın yarım əsr davam edən ədəbi yaradıcılığı XX əsr Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil etdi. Şairin xalqımızın əsrlərlə formalaşmış yüksək mənəvi dəyərlərini tərənnüm edən əsərləri insanlarımıza vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasında böyük xidmətlər göstərdi. Onun xalqa bağlılıq, milli kolorit, rəvan dil və ahəngdarlıqla səciyyələnən poeziyasında yüksək vətəndaşlıq ruhu hökm sürür. Şairin qələmindən çıxan hər bir poeziya nümunəsi özünəməxsusluğu, orijinallığı və bədii məziyyətləri ilə seçilir.

Azərbaycanda istiqlal təfəkkürünün formalaşmasında və təkamülündə Məmməd Araz yaradıcılığının xüsusi rolu olub. O, xalq, cəmiyyət, milli dövlətçiliyimiz qarşısında öz məsuliyyətini dərk edən əsil xalq şairi, Azərbaycan ziyalısı oldu. Onun vətənpərvərlik hissləri təcəssümü olan şeirlərində böyük sevgisini görürük:

 

Nə yatmısan qoca vulkan, səninləyəm !

Ayağa dur. Azərbaycan, səninləyəm !

Səndən qeyri,

biz hər şeyi bölə billik.

Səndən qeyri,

Biz hamımız ölə billik.

 

Zamanın diqtəsi ilə yazıb-yaradan şairin misralarında həyat, torpaq sevgisi ali bir hiss olaraq təqdim edilir. Çox yüksək bir emosiya ilə Azərbaycan ərənlərinə müraciətində bir cəsarət, tələb var. Bu vətən oğluna bir çağırış, ruhdur. Əli silah, külüng, yaba tutan nişanlı ərləri oyadan misralarında şair üsyanı sezilməkdədir.  Qız atası olan kəslərə hanı nərən, hanı səsin, hanı andın sualını ünvanlaması onları xırdalanmaqdan, kiçilməkdən uzaqlaşdırır:

 

Yoxsa sən də yatmışlara, batmışlara,

Qeyrətini satmışlara xırdalandın?

 

- deməsi ilə vətən oğlunu ayağa durmağa səsləyir. Sərhədinə yaxşı baxmaq üçün içindəki qorxunu boğmağı, ölümlə qalımını ayırd etməsini məsləhət görür. "Dur özünü Boz Qurd elə!" qətiyyəti yetişən nəsil üçün bir qeyrət nümunəsi olacaq misradır.

Məmməd Arazın məşhur olan "Dünya sənin, dünya mənim" şeirində şair fəlsəfəsi ilə baş-başa qalırıq:

 

 

 

Bir taleyin oyununda cütlənmiş zərik,

Yüz il qoşa atılsaq da,qoşa düşmərik.

Bir zərrənin işığına milyonlar şərik,

Dünya sənin,

dünya mənim,

dünya heç kimin...

 

İnsan etibarı, fərdlərin bir-biri ilə xoş ünsiyyəti şairin fikir dünyasını şərtləndirən amillərdir. Onun saf, ali düşüncəsindən süzülən misralarında Məmməd Araz siması açıq-aydın görünür:

 

Hər çətin anımda kəsin yanımı,

Axın ürəyimə gülüşlə, sözlə,

Mən öz varlığımı, öz ünvanımı

Tapıram hər yeni gəlişinizlə.

 

 

Dünyadan köç edən şairin fəlsəfi görüşləri onu oxucular arasında əbədiləşdirdi. Böyük sevgi ilə yaradan şair dünyası elə böyük sevgi ilə əhatə olunaraq əbədiyaşarlıq hüququ qazandı. Məmməd Araz dünyası poeziyasevərlərin dünyasına köçdü. Bir ömür fəlsəfəsi milyonların həyat yolunda meyara çevrildi.

 

 

Zümrüd

 

Səs.- 2010.- 14 oktyabr.- S. 12.