Azərbaycanın xilaskarına zərurətdən doğan müraciət

 

Ziyalıların ümummilli lider Heydər Əliyevə tarixi müraciətindən 18 il ötür

 

Ümummilli lider, Azərbaycan dövlətinin banisi Heydər Əliyev çağdaş dünyanın siyasi tarixində iz qoyub getmiş, bu tarixə öz adını əbədi həkk etmiş böyük  insandır. Bu mənada, ulu öndər  Heydər Əliyevin Azərbaycan və dünya  tarixindəki rolu özünəməxsus, təkraredilməz və əvəzolunmazdır. Heydər Əliyev müasir, mütərəqqi düşüncəli, demokratik dəyərlərə sadiq, nüfuzu və siyasi harizması, yüksək idarəçilik qabiliyyəti ilə seçilən böyük siyasətçi kimi ədaləti hər şeydən üstün tuturdu.

 Çətin, mürəkkəb məqamlarda Heydər Əliyev gücün siyasətinə qarşı siyasətin gücünü qoyaraq, “haqlı adam güclüdürdüsturunu işə salırdı. Ədalətin zəfər çalması uğrunda bütün ömrü boyu çalışan Heydər Əliyev üçün “ədalət” və “dövlət” məfhumları arasında möhkəm bağlılıq var idi. İnsanlar qədim dövrlərdən bəri ədalətli dövlət axtarışındadır. Heydər Əliyev fenomeni, məhz bu axtarışın fonunda daha da əzəmətli, möhtəşəm görünür.

Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda sosial-iqtisadisiyasi cəhətdən həddən artıq mürəkkəb, böhranlı vəziyyət yaranmışdı. O zaman ölkəni idarə edən AXC-Müsavat iqtidarının səriştəsizliyi, siyasi naşılığı səbəbindən baş verən böhran gündən-günə dərinləşir, xalqın vəziyyəti getdikcə ağırlaşırdı. 1991-ci ilin oktyabrında müstəqilliyini yenidən bərpa edən Azərbaycanın üzləşdiyi taleyüklü problemlər qarşısında aciz, həddən artıq zəif görünən bu qüvvələr ölkədə böyük hərc-mərclik yaratmışdılar. Dövləti layiqincə idarə etmək əvəzinə, ölkəni talamaqla məşğul olan bu şəxslər xalqda böyük narazılıq, ruh düşgünlüyü oyatmışdılar. Başqa sözlə, bu dövrdə hakimiyyətdə olan qüvvələr öz səriştəsiz əməlləri ilə Azərbaycanın müstəqilliyi üçün böyük təhlükə yaradırdılar. İnsanların sözdə demokratiyadan dəm vuraraq, əməldə onları silahla təhdid edən AXC-Müsavat hakimiyyətinə qarşı qətiyyən inamı, etibarı qalmamışdı. Bu dövrdə xalqın, ölkənin mütərəqqi düşüncəli ziyalılarının gözü Naxçıvana - o zaman Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri kimi fəaliyyət göstərən ulu öndər Heydər Əliyevə dikilmişdi. Ölkəni yaxınlaşan böyük təhlükədən, yaxınlaşan fəlakət, xaos, tənəzzül dalğasından yalnız Heydər Əliyev dühası, ulu öndərin liderliyi, ideya-siyasi xətti ətrafında formalaşan mütəşəkkil, yenilməz siyasi qüvvə xilas edə bilərdi.

Xalqın mütərəqqi ziyalıları o dövrdə bunu tam aydın dərk edir, Azərbaycanın mövcud böhrandan, dağılmaq təhlükəsindən xilas etmək üçün ümummilli lider Heydər Əliyevin rəhbərlik edəcəyi nüfuzlu, kütləvi siyasi partiyanın sıralarına daxil olmağa hazır olduqlarını bildirirdilər. Ümummilli lider Heydər Əliyevin böyük siyasətçi, görkəmli ictimai-siyasi xadim kimi çox yüksək reytinqə, geniş siyasi nüfuza malik olduğunu bilən AXC-Müsavat iqtidarının təmsilçiləri həmin dövrdə müxtəlif vasitələrlə bu prosesin qarşısını almağa çalışır, Yeni Azərbaycan Partiyasının yaradılması təşəbbüsünü dəstəkləyənlərə mənəvi, fiziki təzyiq göstərir, onları odlu silahla təhdid edir, xalqın, dövlətin taleyini düşünən bu insanların toplaşdığı, o zaman “Əlincə” Xeyriyyə Cəmiyyətinin və “Səs” qəzetinin yerləşdiyi binanı avtomatla atəşə tutmaqdan belə çəkinmirdilər.

Lakin bütün bunlar xalqın vətənpərvər ziyalılarını, qeyrətli övladlarını ən layiqli, şərəfli yoldan, haqq-ədalətin zəfər çalması uğrunda qətiyyətli mübarizədən döndərə bilmədi. Onlar haqlı olaraq, Azərbaycanın xilasını, böhrandan, tənəzzüldən qurtulmasını, yaranmış vəziyyətdən çıxış yolunu uzun illər Azərbaycana rəhbərlik etmiş, sabiq SSRİ-nin rəhbərlərindən biri olmuş ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdülər. Bu qayıdış isə yalnız Heydər Əliyevin ideya-siyasi xətti əsasında formalaşan, bu xətti müvəffəqiyyətlə həyata keçirə biləcək, ulu öndərin şəxsən rəhbərlik edəcəyi və xalqın böyük rəğbətini qazanacaq nüfuzlu, mütəşəkkil, kütləvi Yeni Azərbaycan Partiyasının yaradılması ilə reallaşa bilərdi.

Bunu yaxşı dərk edən Azərbaycanın tanınmış ictimaiyyətçiləri, görkəmli alimlər, ziyalılar, elm, incəsənət, mədəniyyət nümayəndələri ulu öndər Heydər Əliyevə yazılı müraciət etdilər. 91 nəfər Azərbaycan ziyalısının imzaladığı, bu səbəbdən sonradan “91-lər”in müraciəti adını alan müvafiq müraciət “Səs” qəzetinin 16 oktyabr 1992-ci il tarixli, 43 (72) saylı nömrəsində dərc olundu. Müvafiq müraciətdə göstərildiyi kimi, o dövrdə AXC-Müsavat iqtidarının yarıtmaz fəaliyyəti nəticəsində ölkənin siyasi səhnəsində böyük boşluq, vakuum yaranmışdı. Bu boşluğu xalqı vahid milli dövlətçilik ideyası - yeni, müstəqil, dünyəvi, demokratik, çiçəklənən Azərbaycan qurulması yolunda yenilməz, yekdil qüvvə kimi birləşdirəcək ümummilli lider Heydər Əliyev doldura qaldıra bilərdi.

Ümummilli lider Heydər Əliyev o dövrdə baş verənləri belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi“.

Bütün bunları nəzərə aldıqda, müstəqilliyin ilk iki ilini itirilmiş, Azərbaycan tarixində qara səhifəyə  çevrilmiş  illər hesab etmək olar. Ona görə ki, elan edilmiş dəyərlərin əksinə olaraq bu illərdə müstəqil dövlət quruculuğu istiqamətində heç bir görülmədi. Daxili vəziyyət gərginləşdi, torpaqlarımız uğrunda mübarizə, azadlıq idealları heçə endirildi, düşmən hakimiyyətsizlik şəraitindən istifadə edərək, ölkənin içərilərinə doğru irəlilədi, dünya ictimaiyyətinə Azərbaycan haqqında mənfi informasiyalar çatdırıldı, respublikamız təcrid olunmuş vəziyyətə düşərək, müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdi. Həmin dövrü ulu öndərimiz Heydər Əliyev “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin onuncu ildönümü haqqında” 2001-ci il 20 mart tarixli Fərmanında belə qiymətləndirirdi: “XX əsrdə xalqımızın gərgin əməyi ilə yaradılmış qüdrətli iqtisadi potensial amansızcasına dağıdıldı, milli sərvətlər talan edildi, ictimai-siyasi həyatda, iqtisadiyyatda hərc-mərclik, qarışıqlıq, “dövlət reketihökm sürdü. Belə düşünülməmiş və səriştəsiz siyasət milli və vətəndaş qarşıdurmasının kəskinləşməsinə, hakimiyyətin ölkə daxilində öz nüfuzunu itirməsinə gətirib çıxardı. Nəticədə, 1993-cü ilin yayında Azərbaycan dövlətçiliyi böhran və məhvolma təhlükəsi qarşısında qaldı, ölkə vətəndaş müharibəsi və parçalanma həddinə çatdı. 1991-ci ildə əlverişli tarixi şəraitin və taleyin xalqımıza bəxş etdiyi imkanlardan yaranmış müstəqil dövlətimiz səriştəsiz siyasət nəticəsində süquta uğramaq təhlükəsi ilə üz-üzə qaldı”. Daha  pisi o idi ki, Azərbaycanı bu vəziyyətə çatdıranların heç biri məsuliyyətini başa düşmür, xalqı saldıqları odla,  daxilixarici düşmənlərlə baş-başa qoyub ya vəzifələrini “dondurur”, ya da, sadəcə, qaçaraq canlarının hayına qalırdılar. 1993-cü ilədək Azərbaycana rəhbərlik edənlər dövlət adamı deyildilər, ona görə də, izlərinin bu günaradan qaldırılması mümkün olmayan çox ağır fəsadlar törətdilər.

Bu mənada, O zaman “Azərbaycan Sizin sözünüzü gözləyir” deyərək, ulu öndər Heydər Əliyevə müraciət edən ziyalılar Azərbaycanda yaranmış mürəkkəb ictimai siyasi-vəziyyəti böyük uzaqgörənliklə, çox dəyərləndirmiş, Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının dərin zəkalı, təmiz əxlaqlı, müstəqil düşüncəli, milli qürürlu insanların partiyasına çevriləcəyini vurğulamışdılar. Bu gün Yeni Azərbaycan Partiyasının formalaşması baxımından, tarixi əhəmiyyət kəsb edən həmin müraciətin, ilk olaraq, “Səs” qəzetində nəşr olunmasından düz 18 il ötür. Bu gün Azərbaycan məhz ulu öndər Heydər Əliyevin ardıcıl, məqsədyönlü siyasətinin, hərtərəfli inkişaf xəttinin uğurla gerçəkləşdirilməsi, davam etdirilməsi sayəsində regiondadünyada sayılıb-seçilən, inkişaf etmiş dövlətlərdən birinə çevrilib.

 

 

Naib NİFTƏLİYEV

 

Səs.- 2010.- 16 oktyabr.- S. 5.