Həyata keçirilən siyasət
xalqmızın rifahının yüksəlməsinə xidmət
edir
YAP Sədrinin müavini-İcra katibi, partiyanın 19
saylı Nərimanov birinci seçki dairəsindən
deputatlığa namizədi Əli Əhmədov Nərimanov
rayonu, Çaykovski-4 ünvanında seçicilərlə
görüş keçirib
Dünən Yeni Azərbaycan
Partiyasının Sədr müavini-İcra katibi, partiyanın
19 saylı Nərimanov birinci seçki dairəsindən
deputatlığa namizədi Əli Əhmədov Nərimanov
rayonu, Çaykovski-4 ünvanında seçicilərlə
görüş keçirib.
Seçicilərlə növbəti dəfə görüşməkdən məmnun olduğunu deyən Əli Əhmədov bundan əvvəl də bir sıra görüşlər keçirdiklərini xatırladaraq bu göbrüşlərin əhəmiyyətli olduğunu vurğulayıb. YAP Sədrinin müavini bu dəfəki görüşün isə qarşıdan gələn növbəti parlament seçkiləri ilə bağlı olduğunu qeyd edib: "Noyabrın 7-də səsvermə günü siz yenə də istədiyiniz namizədi seçə bilərsiniz. Bu sizin hüququnuzdur. Kimə öz səsinizi versəniz o sizi Milli Məclisdə təmsil edəcək. Bizim isə çalışdığımız ondan ibarətdir ki, sizin düzgün seçiminiz olsun. Və bu seçim həm sizə, həm dövlətimizə, həm də namizədlərini irəli sürmüş YAP-a uğurlu, xeyirli və faydalı olsun. Bilirsiniz ki, seçkilərdə müxtəlif partiyalar və fərdi namizədlər iştirak edirlər. YAP da parlament seçkiləri ilə bağlı öz namizədlərini irəli sürüb. YAP seçkidə iştirak edərkən o namizədləri irəli sürməyə çalışıb ki, həmin seçki dairələrində insanlar onu dəstəkləsinlər və onu özlərinə yaxın saysınlar, onun vasitəsilə Milli Məclisdə təmsil olunsunlar. Mən 5 il əvvəl sizin dəstəyinizlə Milli Məclisin üzvü seçilmişəm. 5 il ərzində 19 saylı Nərimanov seçki dairəsinin sakinlərini, o cümlədən sizləri təmsil etmişəm. Sizi Azərbaycan parlamentində təmsil etməyimdən qürur duyuram. Hesab edirəm ki, sizin verdiyiniz səslər 5 il ərzində mənim fəaliyyətimin əsas ideyalarını və istiqamətlərini müəyyən edib. Ötən 5 il ərzində mənə göstərdiyiniz dəstəyi və etimadı doğrultmağa çalışmışam. İmkan daxilində 19-cu dairə ərazisində yaşayan sakinlərin qaldırdıqları problemlərin həll olunmasına çalışmışam. Bu problemlərin əksəriyyətini həll edə bilmişik. Bununla demək istəmirəm ki, bütün problemlər həllini tapıb. Amma səmimi şəkildə bildirmək istəyirəm ki, o məsələlər ki, bu ərazidə qaldırılıb və məndən kömək istənilib, imkanım daxilində bu məsələlərin hamısına kömək etməyə çalışmışam. Bu mənə göstərdiyiniz etimad qarşısında üzərimə götürdüyüm vəzifədir. Mən bunu kifayət qədər məsuliyyət hissi ilə dərk etmişəm. Əgər bu müddət ərzində məsələlərin həllinə kömək edə bilmişəmsə, bu mənim öz üzərimə götürdüyüm öhdəliyin yerinə yetirilməsi istiqamətində atdığım addım hesab oluna bilər. Milli Məclis qanunvericiliklə məşğul olsa da, millət vəkilləri kimi seçicilərə də diqqətlə yanaşmalıyıq. Qarşıdan gələn seçkilərdə də mənə etimad göstərsəniz, sizinlə bağlı olan problemlərin həll olunmasına bundan sonra da köməkliyimi göstərməyə çalışacam".
Azərbaycanın
sürətlə inkişaf etdiyini deyən Əli Əhmədov ötən
5 il ərzində Prezident
İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlarından ətraflı
bəhs edib. Onun
sözlərinə görə, 2005-ci ildən indiyə qədər
Azərbaycan böyük inkişaf
yolu keçib və bu yol hər birimizin gözü
qarşısında baş verib.
“Bu müddət ərzində ölkəmiz əhəmiyyətli dərəcədə dəyişib. Azərbaycanın dəyişməsi hər şeydən əvvəl, hər bir vətəndaşın yaşayışının, həyat tərzinin və keyfiyyətinin dəyişməsini, yaxşılaşmasını nəzərdə tutur. 5 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, yüksəlib. İqtisadiyyatın yüksəlməsi sayəsində həyat dəyişib, insanların əməkhaqları, pensiyalar artıb, şəhərlərimiz və kəndlərimiz gözəlləşib. O yerdə ki, 5 il əvvəl problem hiss edirdinizsə, onların əksəriyyəti aradan qaldırılıb. Bu dəyişiklikləri kimsə danırsa, düzgün hərəkət etmir. Bununla demək istəmirəm ki, sizin heç bir probleminiz yoxdur. İnsanların 5 il əvvəlki yaşayışı ilə indiki yaşayış səviyyəsi xeyli yaxşılaşıb. Problemləri qaldırmasanız, o problemlər həll olunmaz. Biz görülən işlərlə yanaşı qarşıda duran vəzilərin həllini də nəzərdə tuturuq. Görülən işlərin hamısı insanların rifahının yüksəlməsinə xidmət edir. Hökumət qarşıda duran məsələləri də tədricən həll etməkdədir. Bütün işləri dərhal həll etmək mümkün deyil. Yaxın tariximizə nəzər salsaq deyə bilərik ki, 10 il əvvəl sosial məsələlər ciddi idi, indi bu problemlərin çoxu həll olunub. Demək istəyirəm ki, hökumət ötən 5 il ərzində hər bir vətəndaşın həyataının yaxşılaşdırılmasından ötrü çox iş görüb. Amma bu o demək deyil ki, hər şey həll olunub. Yeni problemləri qaldırmaqla insanlar düzgün edir, çünki belə olanda müvafiq strukturlar həmin prorblemlərdən xəbər tutaraq onları həll edirlər" deyə o, vurğulayıb. Əli Əhmədovun sözlərinə görə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin məqsədi insanlara xidmət etməkdir. Bu səbəbədən də ölkə vətəndaşları dövlət başçısının fəaliyyətini tamamilə dəstəkləyirlər.
Azərbaycanın əsas probleminin Dağlıq Qarabağ münaqişəsi olduğunu deyən YAP Sədrinin müavini bu münaqişə nəticəsində yüz minlərlə insanın məcburi köçkün vəziyyətinə düşdüyünü bildirib. Onun sözlərinə görə, dövlət həmin insanların həyat səviyyəsini yaxşılaşdırmaq üçün də xeyli işlər görüb: "5 il ərzində bütün çadır şəhərcikləri ləğv olunub. Bütün bunları deməkdə məqsədim odur ki, dövlətin insanlarımız üçün gördüyü gərgin işləri xatirlayaq. Bütün vətəndaşlar dövlət üçün vacibdir. Güman edirəm ki, bu dairə ərazisində yaşayan insanlar dövlətimizə bağlı olan insanlardır. Ölkəmiz nə qədər güclənərsə, hər bir vətəndaş daha yaxşı, daha rahat, firavan, əmin-amanlıqla yaşayacaq". Başqa ölkələrdə baş verən problemləri, qanlı hadisələri xatırlayan deputatlığa namizəd Azərbaycanda sabitliyin təmin olduğunu vuruğlayıb. Təbii ki, Azərbaycan vətəndaşları bu sabitliyin tərəfdarıdır.
Çıxışının sonunda Əli Əhmədov bir daha seçiciləri parlament seçkilərində fəal olmağa və düzgün seçim etməyə çağırıb.
Görüşdə iştirak edən YAP İdarə Heytinin üzvü Kərim Kərimov seçiciləri partiyanın namizədi Əli Əhmədova səs verməyə çağırıb. O bildirib ki, YAP bütün fəaliyyətini dövlətimizin inkişafına həsr edib: "Nərimanov rayon sakinləri də öz dövlətini sevən, ona sadiq olan insanlardır. Ötən 5 ildə Əli Əhmədov sizi parlamentdə layiqincə təmsil edib. Hesab edirəm ki, siz də onun layiqli seçicilərisiniz".
Seçici Böyükağa Qulamov ötən 5 il ərzində deputat Əli Əhmədovun fəaliyyətindən razılıq edib. Onun sözlərinə görə, bu müddətdə millət vəkili insanların qayğısına qalıb:
- Biz yenə də hörmətli Əli Əhmədovu öz deputatımız görmək istəyirik. Çünki bizi Milli Məclisdə layiqincə təmsil edir. Mən özüm və ailə üzvlərim də YAP-ın üzvüyük və bununla da fəxr edirik. Çünki ümummilli lider Heydər Əliyevin qurucusu olduğu partiyanın üzvü olmaq böyük şərəfdir. Qarşıdan gələn parlament seçkilərinə gəlincə, yenə də deyirəm ki, hörmətli Əli Əhmədova səs verəcəm. Mən yaşadığım bu ərazidə də yaxınlarımı, tanışlarımı Əli Əhmədova səs verməyə çağırmışam. Burada yaşayanlar deputatımızın nə qədər zəhmətlər çəkdiyini bilirlər. Əli Əhmədov xüsusilə bizim sosial məsələlərlə bağlı müraciətimizə həssas yanaşaraq həmin problemlərin həlli ilə bağlı müvafiq qurumların qarşısında məsələ qaldırıb. Onun səyi nəticəsində həmin məsələlər həll edilib. Biz bunları heç vaxt unutmuruq. Ona görə də, noyabrın 7-də yenə də öz millət vəkilimizə səs verəcəyik.
Seçici Abdul Rüstəmov da noyabrın 7-də YAP-ın namizədinə səs verəcəyini deyib:
- YAP xalqın çətin vaxtında yaranan bir partiyadır və fəaliyyətini xalqımızın, dövlətimizin tərəqqisinə həsr edib. Biz ildən-ilə ölkəmizin inkişaf etdiyinin, insanların güzəranının yaxşılaşdığının şahidiyik. Təbii ki, bütün bunlar hörmətli Prezidentimizin həyata keçirdiyi siyasət nəticəsində baş verib. Ona görə də, başqa bir namizədə səs vermək fikrimiz yoxdur. Çox sevinərəm ki, bizim deputatımız Əli Əhmədovdur. Şəxsən mən onun 5 il ərzindəki fəaliyyətindən çox razıyam. Çünki həmişə bizə qayğı ilə yanaşıb.
Digər bir seçici Nadir Seyfullayev qeyd edib ki, Azərbaycanın firəvan gələcəyi ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətlə bağlıdır:
- Bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab İlham Əliyevin Sədr olduğu Yeni Azərbaycan Partiyası da ölkəmizin inkişafı istiqamətində ciddi şəkildə fəaliyyət göstərir. Ona görə də, partiyamızın namizədi olan Əli Əhmədova səs verəcəm.
Seçici Çiçək Cəfərova isə bütün seçkilərdə YAP-a səs verdiyini deyib:
- YAP-ın siyasi xətti müstəqil dövlətimizin güclənməsinə və insanların rifanın yüksəlməsinə xidmət etməkdən ibarətdir. Bu siyasi xətt hər bir vətəndaşın istəklərini ifadə edir. Ona görə də, noyabrın 7-də mən YAP-ın namizədinə səs verəcəm.
Digər bir seçici Nailə Əzizova 1993-cü ildən YAP-ın üzvü olduğunu bildirib:
- AXC hakimiyyəti dövründə YAP-ın yerli strukturlarının yaradılmasına imkan vermək istəmirdilər. O cümlədən, Nərimanov rayonunda da ciddi maneçiliklər, təzyiqlər var idi. Bakı şəhəri üzrə YAP-ın ilk yerli strukturu məhz Nərimanov rayonunda yaradıldı. Mən qürur duyuram ki, elə bir çətin vaxtda bu partiyanın sıralarına qoşuldum. Yəni YAP-ın yaranarkən məramını daha aydın şəkildə bildiyim üçün həmişə partiyamızı dəstəkləmişəm və seçkilərdə onun namizədlərinə səs vermişəm. Qarşıdan gələn parlament seçkilərində də belə olacaq.
Atamalı Hüseynov da qarşıdan gələn parlament seçkilərində YAP-ın Sədr müavini Əli Əhmədova səs verəcəyini bildirib:
- Ötən 5 il ərzində millət vəkilli kimi Əli Əhmədov seçicilərin etimadını layiqincə doğruldub. Ona görə də, növbəti idəfə də onu deputatımız görmək istəyirik. Mən 19 saylı seçki dairəsinin bütün seçicilərinə müraciət ediəm ki, hörmətli Əli Əhmədova səs versinlər. İnanırıq ki, qarşıdakı 5 il ərzində də o, insanların müraciətlərinə diqqətlə yanaşaraq əlindən gələn köməkliyi göstərəcək.
Rəfiqə
Səs.- 2010.- 16 oktyabr.- S. 7-8.