Dünyaya örnək olan
inkişaf
İlham Əliyev: “Məqsəd ondan ibarətdir ki,
bir neçə ildən sonra iqtisadi imkanlarımızın
neft amilindən asılılığını tamamilə
aradan qaldıraq”
Son illər ölkəmizdə qeyri-neft sektorunun
dirçəlməsində, regionlarda iqtisadi fəallığın
və təşəbbüskarlığın artmasında,
yeni iş yerlərinin açılmasında, əhalinin
məşğulluğunun artırılmasında,
yoxsulluğun səviyyəsinin azaldılmasında
böyük uğurlar əldə edilmişdir.
Hazırkı mərhələdə başlıca
vəzifə iqtisadiyyatın həm sahəvi, həm də
regional baxımdan tarazlı inkişafının təmin
edilməsindən, əhalinin həyat səviyyəsinin daha da
yaxşılaşdırılmasından ibarətdir. Prezident
İlham Əliyevin imzaladığı fərman və
sərəncamlara uyğun olaraq həyata keçirilən
sosial-iqtisadi tədbirlər məhz bu vəzifələrin yerinə
yetirilməsinə istiqamətlənmişdir.
Əhalinin həyat səviyyəsinin
yaxşılaşdırılmasına, sosial
məsələlərin həllinə mühüm
əhəmiyyət verilir. Ölkə Prezidenti İlham
Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin
birinci yarısının sosial-iqtisadi inkişafının
yekunlarına həsr olunan müşavirəsində
bildirmişdir: "Biz həmişə olduğu kimi,
sosial məsələlərə xüsusi diqqət veririk
və bu sahədə də nəzərdə tutulmuş
bütün proqramlar vaxtlı-vaxtında icra olunur. Heç
bir proqramda yubanma yoxdur və biz bu işləri proqram
üzrə, cədvəl üzrə görürük.
Deyə bilərəm ki, bugünkü məlumata görə,
Azərbaycanda orta əməkhaqqı təxminən 400 dollar
təşkil edir, ildən-ilə artır və ilin birinci
yarısında da artım müşahidə olunubdur. Orta
pensiyaların həcmi təxminən 130 dollardır. Burada da
artım var. Amma əlbəttə ki, biz
çalışmalıyıq ki, pensiyaların
məbləğini bundan sonra da artıraq...".
Bu faktı
da qeyd etmək lazımdır ki, ölkəmizin əldə
etdiyi uğurlarda və davamlı iqtisadi inkişafa nail
olunmasında qəbul edilmiş Dövlət Proqramlarının
rolu xüsusi qeyd edilməlidir. "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı",
"2008-2015-ci illərdə Azərbaycan Respublikasında
əhalinin ərzaq məhsulları ilə etibarlı
təminatına dair Dövlət Proqramı" və
digər proqramlara əsasən, ölkə
iqtisadiyyatının gücləndirilməsi, tarazlı
inkişaf etdirilməsi və dünya iqtisadiyyatına səmərəli inteqrasiyası, sürətli
regional inkişafın təmin olunması, regionlarda
infrastruktur təminatının və kommunal xidmətlərin
səviyyəsinin yaxşılaşdırılması,
xalqın rifah halının daha da yüksəldilməsi,
əhalinin etibarlı ərzaq təminatının
ödənilməsi üçün makroiqtisadi sabitliyin
qorunması, investisiya mühitinin daha da
yaxşılaşdırılması, qeyri-neft sektorunun
inkişafının sürətləndirilməsi,
sahibkarlığa, xüsusilə, regional sahibkarlığa
dövlət dəstəyinin gücləndirilməsi,
ixracyönümlü məhsul istehsalının
artırılması və s. istiqamətində ciddi
uğurlar əldə edilmişdir. Bütün bunlar
dövlət proqramlarının real nəticələrinin
çox az bir hissəsidir. Eyni zamanda,
uğurların çeşidinin və miqyasının daha da
artırılması məqsədilə
sahibkarlığın inkişafı və biznes mühitinin
daha da yxşılaşdırılması,
dövlət-sahibkar münasibətlərinin
tənzimlənməsi, ölkədə sağlam
rəqabətin təmin edilməsi, biznesə başlama prosedurlarının
sadələşdirilməsi, sahibkarlığa dövlət
dəstəyi mexanizmlərinin
təkmilləşdirilməsi, vergi yükünün
davamlı azaldılması, maarifləndirmə və digər
istiqamətlərdə tədbirlər davam
etdirilməkdədir. İlin 9 ayı ərzində regionlarda
sənaye, kənd təsərrüfatı və xidmət
sahələrinə aid 70-dən çox yeni
müəssisənin tikintisinin başa çatdırılması
və 173 müəssisənin tikintisinin isə davam
etdirilməsi gələcəkdə regional inkişaf
istiqamətində daha ciddi uğurların əldə
ediləcəyinə zəmin yaradır. Həmçinin,
bu gün qeyri-neft sahələrinin inkişafı, neft
sektorundan əldə edilən gəlirlərin
səmərəli istifadəsi diqqət mərkəzində
saxlanılan ən mühüm məsələlərdən
biridir. Ölkə Prezidentinin Fərmanı ilə təsdiq
olunmuş ikinci "Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramı"nın icrası
məqsədilə idarəetmə orqanlarının, yerli
və xarici investorların diqqəti regionların
inkişafına yönəldilmiş, regional problemlərin
həlli ön plana çəkilmişdir. Məhz elə buna
görə də hazırda yerlərdə infrastruktur
təminatının yaxşılaşdırılması,
sosial obyektlərin inşasının
sürətləndirilməsi ilə əlaqədar
nəzərdə tutulan layihələr uğurla reallaşdırılır.
Xatırladaq ki, ölkə Prezidentinin rəhbərliyi və
daimi diqqəti altında özünün sosial-iqtisadi
inkişafında keyfiyyətcə yeni mərhələyə
qədəm qoymuş Azərbaycanın büdcə
siyasətində də mühüm uğurlar əldə
edilmişdir. Belə ki, büdcədə
tətbiq edilən makroiqtisadi göstəricilər mövcud
maliyyə-kredit siyasətinin daha sürətlə davam
etdirilməsini, iqtisadiyyatın idarə olunmasında büdcənin
iştirakını, istehsalın həcminin və
səmərəliliyinin artırılmasını,
inflyasiyanın sabit saxlanılmasını, maliyyə
intizamının gücləndirilməsini və
xərclərin şəffaflığının təmin
edilməsini özündə əks etdirir. Ölkənin
sosial-iqtisadi inkişafında dövlət büdcəsinin nə
dərəcədə ciddi rol oynadığının
əlavə şərhinə ehtiyac yoxdur. Son illər
büdcə sisteminin formalaşması və inkişafı
istiqamətində xeyli müsbət dəyişikliklər
baş vermişdir. Maliyyə Nazirliyi tərəfindən
büdcə siyasətinin təkmilləşməsi, zəruri
ehtiyaclar üçün maliyyə mənbələrinin
səfərbər edilməsi istiqamətində bir sıra
tədbirlər həyata keçirilmişdir. Bununla
bərabər yeni vəzifələr maliyyə sistemi qarşısında
da müvafiq tələblər qoyur.
Onu da qeyd
edək ki, bu gün ölkədə effektiv maliyyə sektoru
mövcuddur. Təbii ki, bu da maliyyə bazarının
genişlənməsi, uğurlu büdcə siyasəti ilə
bağlıdır. Belə halda vətəndaşlar maddi
resurslardan səmərəli istifadə edə bilirlər. Bu
zaman maddi resurslar siyasi məqsədlərdən çox,
iş adamlarının əlində cəmləşdirilir, ya
da sərmayə layihələrinə istiqamətləndirilir.
Qeyd edək ki, respublikamızın regional inkişaf
siyasətinə uyğun olaraq maliyyələşdirilmiş
layihələrin 99 faizi regionların payına
düşür. Eyni zamanda, kreditlər
hesabına 7 mindən çox yeni iş yeri
açılması, qeyri-neft sektorunun inkişafına
önəmli təsiri olan 73 yeni istehsal, emal və xidmət
müəssisəsinin yaradılması nəzərdə
tutulur ki, bütün bunlar da regional inkişaf baxımından
ciddi uğurlar vəd edir.
Göründüyü
kimi, iqtisadi inkişafımızın dinamikası son illər
Azərbaycanda həyata keçirilən siyasətin
alternativsizliyindən xəbər verir. Bu barədə Prezident
İlham Əliyev demişdir: "Bu gün Azərbaycanda
Heydər Əliyev siyasəti yaşayır. Bu siyasət davam
etdirilir və ona alternativ siyasət yoxdur. Alternativ siyasət
aparmaq istəyənlər iflasa uğradılar. Həm
özlərini, həm də ölkəmizi uçurum
kənarına gətirib çıxardılar. Biz buna yol
verə bilmərik. Azərbaycanın qarşısında
gözəl perspektivlər var. Çox aydın
üfüqlər var..."
Azərbaycanda
maliyyə bazarının təkmilləşdirilməsi də
uğurla davam etdirilir. Burada əsas diqqət maddi
resursların iş adamlarının əlində
cəmləşməsinə yönəldilir. Bu isə
özünü daha çox özəl bölmənin, qeyri-neft
sektorunun sürətli inkişafını təmin etmək
üçün bir sıra mühüm tədbirlərin
həyata keçirilməsində göstərir. Prezident İlham
Əliyev bununla əlaqədar demişdir: "...Məqsəd
ondan ibarətdir ki, bir neçə ildən sonra iqtisadi
imkanlarımızın neft amilindən
asılılığını tamamilə aradan qaldıraq.
Belə imkanlar var və əminəm ki, qeyri-neft sektorunun
inkişafı həm dövlət tərəfindən verilən
dəstək hesabına, həm də özəl sektorun
fəaliyyəti nəticəsində daha da
genişlənəcəkdir... Biz bir neçə il
ərzində sahibkarlara kreditlər veririk, bu kreditlər
də yaxşı işləyir. Bu kreditlərin hesabına
yeni müəssisələr - fabriklər, emal
müəssisələri yaradılır, özəl biznes
inkişaf edir. İqtisadiyyatımızın ümumi
çəkisində özəl biznesin kifayət qədər
böyük yeri var. Azərbaycan iqtisadiyyatı 80 faizdən
yuxarı özəl sektorun əsasında qurulubdur".
Bütövlükdə, ölkə
iqtisadiyyatına altı ayda 3,8 milyard dollar sərmayə
qoyulmuşdur və bunun müəyyən hissəsi xarici
sərmayələrdir. Biz əvvəlki illərdə daha
çox xarici investisiyalardan asılı idik. Azərbaycanda
yaradılmış gözəl investisiya iqlimi
ölkəmizə investisiyaların gətirilməsinə
kömək göstərmişdir. Azərbaycan adambaşına
düşən birbaşa xarici sərmayənin həcminə
görə bütün dövrlərdə bu
bölgədə ən qabaqcıl yerlərdə idi. Bu gün maliyyə imkanlarımız məhz xarici
sərmayənin nəticəsində yaradılmış milli
gəlir və valyuta ehtiyatlarımız, güclənmiş
iqtisadiyyat imkan verir ki, biz daxili investisiyaların həcmini
ildən-ilə artıraq. 3,8 milyard dollardan 3 milyard dolları
daxil sərmayələrdir, həm də dövlət
proqramları çərçivəsində, eyni zamanda,
Azərbaycan şirkətlərinin fəaliyyəti
nəticəsində qoyulmuş vəsaitdir. Bu da çox
sevindirici haldır".
Beləliklə, ölkəmizin son illərə
və aylara aid iqtisadi vəziyyətinin qısaca
təhlilindən bu nəticəyə gəlmək
mümkündür ki, ölkəmizdə bünövrəsi
ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulmuş iqtisadi uğurlar ulu öndərin layiqli
davamçısı olan ölkə Prezidenti İlham
Əliyev tərəfindən daha genişmiqyaslı və
fundamental şəkildə davam etdirilir.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2010.- 20 oktyabr.- S. 3.