Azərbaycan Ordusu
Cənubi Qafqazda ən güclü
ordudur
“Gələn il bizim
bütün hərbi xərclərimiz 2 milyard 500 milyon manat səviyyəsində
olacaq ki, bu da 3 milyard dollardan çoxdur. Nəzərə alsaq
ki, torpaqlarımızı işğal altında saxlamaqda davam
edən Ermənistanın bütün dövlət büdcəsi
2 milyard dollardan bir az çoxdur. Görürük ki, Azərbaycanın
hərbi xərclərinin Ermənistanın bütün xərclərindən
üstün olması ilə bağlı vaxtilə
qarşımıza qoyduğumuz vəzifə artıq həll
olunub və bu gün bu, reallıqdır". Bunu Prezident
İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin doqquz
ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr
olunmuş iclasında bildirib.
Azərbaycanın
dövlət büdcəsində hərbi xərclər
xüsusi yer tutur. Hər il Azərbaycan ordu quruculuğunu və
təhlükəsizliyinin təminatı üçün
dövlət büdcəsindən böyük vəsaitlər
ayırır. Son illərdə hərbi xərclər büdcədə
daha çox pay təşkil edir. Bu, birinci il deyil ki, Azərbaycanın
hərbi xərcləri xərclər arasında birinci yerdədir.
Bu, təbiidir. Çünki biz müharibə şəraitində
yaşayırıq və ordu quruculuğu prosesinin sürətləndirilməsi,
gücləndirilməsi üçün Azərbaycan dövləti
əlindən gələni edir. Bu gün orduya ayrılan xərclər
Silahlı Qüvvələrimizi gücləndirir. Bu gün Azərbaycan
Ordusu bölgədə- Cənubi Qafqazda ən güclü, ən
peşəkar, ən mübariz ordudur.
Azərbaycan Prezidenti,
Ali Baş Komandan İlham Əliyev hökumətin
müşavirəsində bəyan edib ki, Azərbaycan öz hərbi
xərclərini artıracaq. "Zaman keçdikcə, əlbəttə
ki, biz bütün xərclərimizi, o cümlədən,
müdafiə xərclərimizi daha da artıracağıq.
Ermənistandan fərqli olaraq, biz bunu öz pulumuzla edirik,
heç bir başqa ölkədən asılı deyilik,
heç bir başqa ölkə qarşısında
gözükölgəli deyilik, heç kimə
yalvarmırıq.
Ermənistandan fərqli
olaraq, iqtisadiyyatımızı, ordumuzu Azərbaycan
xalqının iradəsi və zəhməti hesabına
qururuq. Xalqımızın zəhməti hesabına
qazanılmış gəlirlər Azərbaycan
üçün ən vacib olan ordu quruculuğu sahəsinə
yönəldilir. Biz gələcəkdə də bu işləri
davam etdirəcəyik".
İlham Əliyev
bildirib ki, Ermənistan danışıqlar prosesinə problem
yaratmaqda davam edir, lakin Azərbaycan münaqişənin həllində
israrlıdır: "Torpaqlarımız işğal
altındadır. Biz çalışırıq və
çalışacağıq ki, tezliklə bu işğala
son qoyaq. Bilirsiniz ki,
işğal edilmiş ərazilərə bu yaxınlarda ATƏT-in
qiymətləndirmə missiyası göndərilmişdir.
Hesab edirəm ki, bu, çox müsbət bir haldır. Beş
il bundan əvvəl, 2005-ci ildə ATƏT-in
faktaraşdırıcı missiyası, ilk dəfə olaraq,
işğal edilmiş torpaqlara göndərilmişdi. O missiya
tərəfindən hazırlanmış hesabat
açıq-aydın göstərir ki, erməni qəsbkarları,
erməni vandalları hansı cinayətlər törətmişlər.
Bu günlərdə həyata keçirilən missiya, əlbəttə ki, həm müqayisə aparmalı, eyni zamanda, orada baş verən dağıntıları, cinayətləri öz hesabatında bir daha əks etdirməlidir. Mən ümid edirəm ki, missiyanın hesabatı ədalətli, obyektiv olacaq, balanslaşdırılmış olmayacaqdır. Çünki danışıqlar prosesində bir çox hallarda vasitəçilər fəaliyyətini balanslaşdırılmış yanaşma ilə qururlar. Ancaq bu sahədə heç bir balanslaşdırmadan söhbət gedə bilməz. Çünki bu, bizim torpağımızdır, orada bütün binalar ermənilər tərəfindən dağıdılıb, bir dənə daş üstə daş qalmayıb, bütün tarixi abidələrimiz, məscidlərimiz, evlər dağıdılıb və talan edilib. Bütün bunlar erməni vandalları tərəfindən törədilib. Orada bütün maddi dəyərlər erməni talançıları tərəfindən oğurlanıb və dağıdılıb".
Dövlət başçısının sözlərinə görə, işğal edilmiş ərazilərdə törədilən cinayətlər erməni faşizminin vəhşi sifətini göstərir: "Biz bunu bilirik və çox müsbət haldır ki, dünya birliyi bu barədə bir daha məlumat alacaqdır. Mən çox ümid edirəm və bir daha demək istəyirəm ki, bu hesabat obyektiv olsun və reallıqları əks etdirsin. Budəfəki missiyanın xüsusiyyəti bir də ondan ibarətdir ki, onun tərkibinə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndələri də daxil edilibdir. Bu, çox vacib haldır, həm siyasi, həm də praktiki cəhətdən. Ümid edirəm ki, biz yaxın zamanlarda bu hesabatla tanış olacağıq".
O ki qaldı, münaqişənin həlli ilə bağlı məsələyə, Azərbaycan Prezidenti qeyd edib ki, Azərbaycanın bu məsələ ilə bağlı prinsipial mövqeyi var və rəsmi Bakı bu mövqedən bir addım geri atmayacaqdır: "Dağlıq Qarabağ Azərbaycan torpağıdır və bu məsələ həllini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tapmalıdır. Bu prinsipdən kənarda heç bir məsələ həll oluna bilməz. Biz imkan verə bilmərik ki, Azərbaycanın tarixi torpaqlarında ikinci erməni dövləti yaradılsın. Birinci erməni dövləti 1918-ci ildə Azərbaycan torpaqlarında- İrəvan xanlığı, Zəngəzur mahalı ərazilərində yaradılmışdır.
İkinci erməni dövləti Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağda yaradıla bilməz. Biz bu prinsipial mövqeyi bütün beynəlxalq təşkilatlarda müdafiə edəcəyik. Biz praktiki işlərimizlə, atılan addımlarla, ölkəmizi gücləndirməklə bu günü yaxınlaşdırırıq ki, torpaqlarımız işğalçılardan azad olunsun".
Azərbaycan rəhbəri beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı mövqeyinə də toxunub: "Son zamanlar bütün aparıcı beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı mövqelərini bildirmişlər. Əlbəttə ki, bunların arasında BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi əsas rol oynayır. Ondan başqa, ATƏT-in qərarları, Avropa Şurasının, İslam Konfransı Təşkilatının və son zamanlarda Avropa Parlamentinin qətnamələri və qərarları birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, işğala son qoyulmasını tələb edir.
Bu, məsələnin siyasi və hüquqi tərəfidir. Məsələnin praktiki tərəfi də mövqeyimizi gücləndirir, çünki bu gün Ermənistanı Azərbaycan ilə müqayisə etmək mümkün deyildir. Azərbaycan çiçəklənən, qüdrətlənən, güclənən, müasir, dinamik inkişaf edən, öz resurslarına arxalanan ölkədir. Ermənistan kommunikasiyalardan kənarda qalan, asılı vəziyyətdə olan, başqa ölkələrin və dairələrin ianəsi ilə güclə dolanan ölkədir. Yəni, bu iki ölkəni müqayisə etmək mümkün deyildir. Bu gün gətirdiyim rəqəmlər, gələcək planlar haqqında dediyim sözlər bunu göstərir. Heç şübhə etmirəm ki, illər keçdikcə fərq daha da böyüyəcək və beləliklə, biz hərbi potensialımızı daha da gücləndirməklə məsələnin həllinə nail olacağıq".
Göründüyü kimi, Azərbaycan istər iqtisadi, istər siyasi, istər hərbi sahədə Ermənistandan xeyli qüdrətlidir. Üstəlik, beynəlxalq imic məsələsində də Azərbaycan üstünlüyü ələ alıb. Ermənistanda bir məsələni də unutmamalıdırlar. Bu, demoqrafiya məsələsidir. Bu gün Azərbaycan əhalisinin sayı 9 milyondan artıqdır. Ermənistanda isə ölkədən kütləvi şəkildə köç baş verir. Çünki insanlar orada dözülməz şəraitdən beziblər. Orada yaradılmış polis rejimi insanlara imkan vermir ki, azad şəkildə yaşasınlar.
Erməni qəsbkarları təkcə Azərbaycan xalqının qanını axıtmayıblar. Hərbi cinayətlər təkcə Xocalıda və başqa yerlərdə törədilməyib. Onlar 2008-ci ildə öz xalqına qarşı qəddarlıq, cinayətlər törədiblər. Ordu tərəfindən 10-dan yuxarı vətəndaş öldürülüb. Yəni Azərbaycan həm siyasi, həm iqtisadi, həm demoqrafiya cəhətdən Əlbəttə ki, böyük dərəcədə fərqlənir.
Yaxın zamanda danışıqların nəticə verməyəcəyi təqdirdə, Azərbaycan hərbi gücdən istifadə etmək məcburiyyətində qalacağını ən yüksək səviyyədə bəyan edib. "Azərbaycan Ordusu bu regionda ən güclü ordudur, ən böyük hərbi potensiala malikdir. Biz bundan sonra da bu potensialı daha da artırmalıyıq. Çünki dediyim kimi, biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib və Ermənistan-Azərbaycan danışıqları, əfsuslar olsun, hələ ki, heç bir nəticə vermir. Bunun da yeganə səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir. Lakin Azərbaycan öz ərazi bütövlüyünü istənilən yolla bərpa edəcək"- bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən çıxışlarının birində söyləmişdi.
Hər hansı bir müharibəni apara bilmək üçün, ilk növbədə, güclü maliyyə imkanları, güclü iqtisadi potensial lazım gəlir. Ermənistanın cari dövlət büdcəsi 3 mlrd dollara belə çatmır, hərbi büdcəsi isə yarım milyarda yaxındır. 2010-cu ildə Azərbaycanın dövlət büdcəsi 13 milyard, büdcədən hərbi sahəyə yönəltdiyi vəsaitin həcmi 2,3 mlrd. ABŞ dollarına yaxın olub. Göründüyü kimi, hər iki sahədə 4-5 qatlıq fərq var. Gələn il isə, Azərbaycanın hərbi büdcəsi artaraq 2,5 milyard dollara çatacaq.
Elçin Bayramlı
Səs.- 2010.- 26 oktyabr.- S. 3.