YAP Xaçmaz rayon təşkilatının şura iclası keçirildi

 

Nazim Ağayev: "Əminik ki, xalq parlament seçkilərində YAP-ın namizədlərinə səs verəcək"

 

“Yeni Azərbaycan Partiyasının rayon təşkilatlarında, əvvəlki seçkilərdə olduğu kimi, bu seçkilərə də ciddi hazırdıq işləri gedir. Hazırlıq işlərinin uğurla həyata keçirilməsi, bir daha onu təsdiqləyir ki, ölkənin iqtidarda olan siyasi partiyası - Yeni Azərbaycan Partiyası seçkiləri qələbə ilə başa vuracaq. Bunu YAP Xaçmaz rayon təşkilatlarında görülən işlər də sübut edir". Bu fikirləri dünən YAP Xaçmaz rayon təşkilatının parlament seçkilərinə hazırlıqla bağlı keçirilən şura iclasında rayon təşkilatının sədri Nazim Ağayev bildirdi. N.Ağayev may ayının 14-15-də partiyanın rayon və şəhər təşkilatları sədrlərinin Gəncə şəhərində keçirilən ümumrespublika müşavirəsində YAP-ın Sədr müavini və İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədovun çıxışı barədə tədbir iştirakçılarına geniş məlumat verdi. YAP Xasmaz rayon təşkilatı sədrinin sözlərinə görə, YAP-ın Sədr müavini və İcra katibi Əli Əhmədov 500 min nəfərdən artıq üzvü olan bu siyasi qurumun ölkənin inkişafındakı rolu və mövqeyi barədə müşavirədə ətraflı məlumat verib: "YAP-ın Sədr müavini və İcra katibi Əli Əhmədov söylədi ki, Azərbaycan vətəndaşlarının Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti daha qətiyyətlə dəstəkləməsi YAP-ın gücünü, qüvvəsini, qüdrətini həm artıran, həm də onun çox etibarlı təməl üzərində dayanmasını təmin edən başlıca amildir... Bu istiqamətdə YAP-ın hər bir rayon-şəhər təşkilatının topladığı seçki təcrübəsi parlament seçkilərində müəyyənləşdirdiyimiz vəzifələrin uğurla yerinə yetirilməsinə ciddi əsaslar yaradır. Düşünürəm ki, bütün bunlar qarşıdan gələn parlament seçkilərinə hazırlıq dövründə bir daha bütün yerli strukturlar tərəfindən diqqətlə dəyərləndiriləcək, malik olduğumuz resursların səfərbər edilməsi istiqamətində əhəmiyyətli işlər görüləcək. Bu hazırlığın parlament seçkilərində böyük uğurlar əldə etməyimizlə, YAP-ı parlamentdə təmsil edən deputatların sayının artması ilə müşayiət olunacağına inanırıq. Hər birimiz bu vəzifənin yerinə yetirilməsi istiqamətində səylərimizi artırmalıyıq." N.Ağayev cari il noyabrın 7-də keçiriləcək parlament seçkilərinə hazırlıqla bağlı rayonda görülən işlərə toxunaraq, cəmiyyətin formalaşmasında və inkişafında seçki prosesinin çox böyük önəm daşıdığını söylədi: "Ölkənin ictimai-siyasi həyatında hadisəyə çevrilən seçkilərin demokratik, şəffaf keçirilməsi üçün yaradılmış şərait seçicilərin müstəqil dövlətin ənənələrindən lazımi şəkildə bəhrələnməsi və seçimlərini düzgün şəkildə etmələri üçün bütün imkanlardan istifadəyə əsas verir. YAP rayon təşkilatında da seçkilərə ciddi hazırlıq işləri görülür. 19 nəfərdən ibarət seçki qərargahı yaradılıb. Rayonumuzun 7 min 200-dən çox olan partiya üzvü, 85 min seçicisi 55 saylı Xaçmaz şəhər, 56 saylı Xaçmaz kənd seçki dairəsinin 81 məntəqəsində parlament seçkilərində iştirak edəcək. Artıq YAP Xaçmaz rayon təşkilatı, ümumiyyətlə, rayonumuzun seçiciləri seçkilərə tam hazırdır. Bütün bu görülən işlər, onu deməyə əsas verir ki, yüksək seçki təcrübəsinə malik olan Yeni Azərbaycan Partiyasının bu seçkidə də qələbə qazanacağı tam realdır". Tədbirdə partiya fəallarından Akif Mərdanov, Abdulla Dilarov, Məhərrəm Abbasov, Böyükağa Qurbanov və başqaları, əvvəlki seçkilər kimi, bu seçkilərin də tam demokratik və şəffaf keçiriləcəyini, Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədləri dəstəkləyəcəklərini bildirdilər.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2010.- 1 sentyabr.- S. 4.