Gələcəyə inam daha da
güclənir
"Parlament seçkiləri
Yeni Azərbaycan Partiyasının strategiyasının
əsasında dayanan ən mühüm reallıqdır"
Dünən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının
qərargahında Bakının
11 rayonunun gənc YAP üzvləri və bu il ilk dəfə səs verəcək gənclərlə
görüş keçirib.
Gənclərlə görüşdə Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi, Milli Məclisin üzvü Əli Əhmədov, YAP-ın İcra katibinin müavinləri, millət vəkilləri Mübariz Qurbanlı, Siyavuş Novruzov, YAP İdarə Heyətinin üzvü Kərim Kərimov, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və digərləri iştirak edib. Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi, millət vəkili Əli Əhmədov gəncləri salamlayaraq, onlara YAP-la əlaqələrini genişləndirməyi, YAP-ın yerli rayon təşkilat qəragahlarında olaraq bir-biriləri ilə sıx ünsiyyətdə olmağı, gənclər arasında fikir mübadilələri, diskussiyalar aparmağı tövsiyə etdi. Ə.Əhmədov qeyd etdi ki, məhz belə bir tədbirin keçirildiyi YAP Nizami rayon təşkilatının timsalında partiyanın yerli təşkilatlarının fəaliyyəti üçün bütün imkanlar mövcuddur. Bildirdi ki, partiyanın bütün resursları, o cümlədən, yerli təşkilatların müasir standartlara cavab verən inzibati binasının olması YAP-ın səmərəli fəaliyyət göstərməsinə əsas yaradan səbəblərdəndir.
Ə.Əhmədov qeyd etdi ki, YAP nəinki ölkənin, eləcə də, bölgənin aparıcı, güclü siyasi təşkilatıdır: "Bu gün YAP sıralarında 520 minə qədər üzv birləşibdir. Ona görə də, YAP böyük qüvvəyə malikdir. Qeyd edək ki, Azərbaycan tarixində bu günə qədər heç bir siyasi təşkilat YAP-ın cəmiyyətə təqdim etdiyi insani resurs gücünə malik olmayıb. Çünki bu günə qədər heç bir siyasi partiyanın sıralarında YAP üzvləri qədər yarım milyon insan birləşməyib. Amma bütün bunları müqabilində də, YAP-ın sıraları davamlı olaraq artmaqdadır. Eyni zamanda, bu gün YAP üzvlərinin 40 faizini gənclər təşkil edir. Bundan əlavə, hər il partiyanın sıralarına 25-30 min üzv daxil olur ki, onların da arasında gənclər çoxluq təşkil edir. Bu mənada YAP-ı, eyni zamanda, gənclər partiyası da adlandırmaq olar. Çünki Azərbaycan vətəndaşları ulu öndər Heydər Əliyev ideyalarına sədaqət nümayiş etdirir, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin gələcəyinə inanır. Digər tərəfdən siyasi taleyini YAP ilə bağlayanlar atdıqları bu addımın doğru olduğu qənaətindədirlər. Ətrafdakı insanları da, YAP-ın ölkənin tərəqqisi, insanların rifah halının yaxşılaşması istiqamətində fəaliyyət göstərdiyini yüksək dəyərləndirərək, bu təşkilata üzv qəbul olunmaq haqqında qərara gəlirlər. Biz gənclərimizə partiya daxilində, eyni zamanda, partiyanın dəstəyi ilə ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməsi üçün imkanlar yaratmağa çalışırıq". Ə.Əhmədov ötən ilin dekabrında ölkədə bələdiyyə seçkilərinin keçirildiyini xatırladaraq, həmin seçkilərdə YAP-ın gənclərə bu prosesdə yaxından iştirak etməsi təşəbbüsünü irəli sürdüyünü bildirib. Qeyd edib ki, YAP tərəfindən atılan bu addım bir çağırış idi. "Bunun da nəticəsi olaraq gənclər bələdiyyə seçkilərində böyük fəallıq nümayiş etdirdilər" deyən Ə.Əhmədov 2004-cü ilin bələdiyyə seçkilərində gənclər bələdiyyələrin tərkibində 2-2,5 faiz təmsil olunurdusa, 2009-cu il seçkilərdə isə onların təmsilçilik faizləri 27 faizə çatdırıldığını bildirib. "Gənclərin bələdiyyələrdə iştirak səviyyəsi bələdiyyə təcrübəsi əsasında təxminən 10 dəfə artıb. Bu da, gənclərimizin ictimai fəallığının artmasından irəli gəlir. Həmin gənclərin böyük əksəriyyəti YAP-ın üzvləridir. Partiyanın üzvü olaraq onun məramının, məqsədinin, istəyinin nədən ibarət olduğunu gənclərin çox yaxşı bildiyini" deyən Ə.Əhmədov onu da qeyd edib ki, bu gün YAP üzvü olan hər bir gənc bu partiyanın hansı zərurətdən yarandığı barədə ətraflı məlumata malikdir: "Azərbaycanın ötən dövr ərzində keçdiyi inkişaf yoluna, əldə etdiyi uğurlara diqqət yetirsək, hər bir sahədə böyük tərəqqinin, yüksəlişin şahidi olarıq. Bu gün Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biridir. Azərbaycan iqtisadi artımın sürətinə görə dünyada ən yüksək göstəricilər nümayiş etdirməsi Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin böyük uğurlarından xəbər verir. Son illərdə dünyanı bürüyən maliyyə və iqtisadi böhranın ölkəmizdə hiss olunmaması da aparılan düzgün siyasətin nəticəsidir. İqtisadiyyatın inkişafı həyatımızın digər sahələrində də, yüksəlişə geniş imkanlar yaradıb. İqtisadi inkişaf insanların həyat şəraitinin yaxşılaşmasına stimul verir. Təbii ki, 2010-cu ildəki Azərbaycanın iqtisadiyyatını 5-10 il bundan öncənin iqtisadiyyatı ilə müqayisə etmək mümkün deyil. Eyni zamanda, fərq insanların sosial həyatında özünü qabarıq şəkildə büruzə verir. Qüdrətli iqtisadiyyat güclü sosial siyasətin həyata keçirilməsinə geniş imkanlar açır ki, bu gün Azərbaycan vətəndaşları uğurlu iqtisadi göstəriciləri özlərinin gündəlik həyatında hiss edir. İnsanların yaşayış səviyyəsi ilə yanaşı yaşadığı mühit dəyişir, müasirləşir. Ölkə vətəndaşlarında belə fikir yaranıb ki, qarşıdakı il yola salınan ildən daha uğurlu, yaddaqalan olur. Beləliklə, ölkə əhalisində gələcəyə inam dah da güclənir".
"Hər bir siyasi kampaniya cəmiyyətin bütün təbəqələrini, xüsusilə, gəncləri maraqlandırır və diqqətində olur. Düşünürəm ki, qarşıdan gələn parlament seçkilərində də gənclər fəallıqlarını ortaya qoyacaqlar. YAP qüdrətli, güclü siyasi təşkilat olaraq ölkəmizdə baş verən bütün ictimai-siyasi proseslərin önündə gedir, həmin hadisələrin əsas hərkətverici qüvvəsi kimi çıxış edir, eyni zamanda, ölkədə keçirilən bütün seçki kampaniyalarında fəal iştirak edərək, qalib olur. YAP olaraq bizim də məqsədimiz bütün seçki proseslərində fəal olmaq, uğurlara imza atmaqdır" deyən Ə.Əhmədov qeyd etdi ki, noyabrın 7-də ölkəmizdə növbəti parlament seçkiləri keçiriləcək. "Seçkilərdə ilk dəfə iştirak etməyiniz həyatınızda əhəmiyyətli bir gün olacaq. Seçki hüququnuzdan istifadə etməklə Azərbaycanın qanunverici hakimiyyətinin formalaşmasında iştirak edəcəksiniz. Bu gün Azərbaycan demokratik dəyərlərə sadiq olan və bu yolla irəliləyən ölkədir. Seçkilər ölkənin həm hakimiyyət qurumlarının formalaşmasında, həm xalqın iradəsinin ifadə olunmasında, həm də xalq hakimiyyətinin bərqərar olub, möhkəm təməllər üzərində qərar tutmasında həlledici rol oynayır.
Seçkilərdə ilk dəfə səs verməyiniz, vətəndaş hüquqlarının bu elementindən də istifadə etməyiniz bütövlükdə ölkənin ictimai həyatında əhəmiyyətli rolunuzdan xəbər verir. YAP olaraq seçkilərdə iştirak etmək və qalib olmaq niyyətindədir. Bu niyyətimizi həyata keçirmək üçün YAP bütün resursları, imkanları səfərbər edir."
İcra katibi qeyd etdi ki, YAP-ın yaradıcısı olan ulu öndər Heydər Əliyevin siyasətinin xalqa xidmət etdiyi qiymətləndirilir, onun fərqindədirlər. Buna görə də, xalqın böyük əksəriyyəti seçkilərdə YAP-ın irəli sürdüyü namizədləri dəstəkləyir, partiyanı qalib edir.
"Biz seçkilərə gedərkən və uğur qazanmağı qarşıya mühüm vəzifə qoyarkən, sözsüz ki, mövcud reallıqlara və bu gerçəkliklərin yaratdığı ictimai əhval-ruhiyyəyə, seçki ab-havasına istinad edirik" deyən Ə.Əhmədov bildirdi ki, iqtidar partiyası olaraq, qarşıdan gələn parlament seçkilərinə bu əhval-ruhiyyə ilə gedirik. Digər seçkilərdə olduğu kimi parlament seçkilərində də YAP-ın qələbə qazanacağı heç kimdə şübhə yaratmır. Bu, seçki strategiyamızın əsasında dayanan ən mühüm reallıqdır. Digər tərəfdən YAP olaraq bütün seçkilərə ciddi hazırlaşırıq. Partiyanın malik olduğu böyük nüfuz, gücü, qüdrəti, siyasi təşkilatlanma parametrləri, birlik, monolitlik, vahid güc halında birləşmək imkanlarına malik olması öz növbəsində qarşıdan gələn parlament seçkilərində iştirakının və qələbəsinin əsasında dayanır.
Ə.Əhmədov bildirdi ki, bütün sahələrdə Azərbaycan gəncləri ictimai siyasi proseslərdə fəal iştirak edir. "Qazanılan uğurlarda onların əhəmiyyətli rolu ölkə rəhbərliyi və YAP tərəfindən yüksək qiymətləndirilir. Partiya olaraq gənclərimizin ölkənin ictimai-siyasi həyatında artan rolundan razılığımızı ifadə edir, onları daha da fəal olmağa çağırırıq. Bu fəallığı artırmağı arzulamaqla yanaşı, onun gerçəkləşdirilməsi üçün lazım olan şəraiti yaradırıq. Gənclər fəallıqlarını artırmaqla böyük uğurlara imza atan Azərbaycanın daha inamla irəliləməsinə, bütün sahələrdə daha yüksək nailiyyətlər əldə etməsinə öz töhfəsini verə bilər" - deyən Ə.Əhmədov bu əminliyi də ifadə etdi ki, gənclər seçkilərdə fəallıq nümayiş etdirməklə partiyanın irəli sürdüyü namizədlərə dəstək olacaq, onların qələbəsinə öz töhfələrini verəcəklər. O, həmçinin, qeyd etdi ki, hər bir seçki gənclərin ictimai-siyasi həyatda fəallığını artırması üçün bir imkandır.
Tədbirdə gənclər adından çıxış edən Ukraynada Heydər Əliyev adına Akademiyanın tələbəsi Gülmirə Əbdürrəhmanova Azərbaycan gəncliyinin rolundan və üzərində düşən vəzifədən bəhs etdi. Bildirdi ki, dövlətimizin gənclərə diqqət və qayğısının bariz nümunəsi olaraq bu gün gənclərimiz dünyanın aparıcı universitetlərində, ali təhsil ocaqlarında, beynəlxalq əhəmiyyətli müsabiqə və yarışlarda yüksək nəticələr göstərirlər. "Ona görə də, hər bir gənc ona verilən bu yüksək qiymətdən nəticə çıxararaq,ölkəmizin inkişafı və tərəqqisi naminə öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir" deyən G.Əbdülrəhmanova Azərbaycan gəncliyini işıqlı bir gələcəyin gözlədiyini bildirdi. Eyni zamanda, Yeni Azərbaycan Partiyasının bir gənc üzvü kimi ölkəmiz üçün böyük önəm kəsb edən məsələlərdə həmişə fəal olacaqlarına və dövlətimizin çiçəklənməsində yaxın iştirak edəcəklərini söyləməklə G.Əbdülrəhmanova payızda keçiriləcək parlament seçkilərində fəal iştirak edəcəklərinə inamını ifadə edib.
YAP üzvü, Dövlət Neft Akademiyasının tələbəsi Aydın Quliyev də, çıxışında ölkəmizdəki son inkişaf tendensiyasından və bu yüksəlişdə gənclərin rolundan bəhs etdi. Bildirdi ki, hər bir YAP üzvü olan gənc kimi payızda keçiriləcək parlament seçkilərində üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəklər.
YAP üzvü, Dövlət Tibb Universitetinin tələbəsi Şəbnəm Əhmədova da ölkəmizdə gəncələrə göstərilən diqqət və qayğıdan bəhs edərək, gənclər siyasəti nəticəsində əldə edilən uğurlardan bəhs etdi.
YAP üzvü, Kooperasiya Universitetinin tələbəsi Həmidağa Əliyev ölkə başçısı cənab Prezident İlham Əliyevin gənclərə göstərdiyi yüksək qayğı nəticəsində bu gün Azərbaycan idmançılarının dünyanın ən mötəbər yarışlarında layiqincə çıxış etdiyini bildirdi. Qeyd etdi ki, gənc YAP-çı kimi o da payızda keçiriləcək parlament seçkilərində fəal iştirak edib, ən layiqli namizədə dəstək olacaq.
Dünya çempionu, Yeni Azərbaycan Partiyasının gənc üzvü, İqtisad Universitetinin tələbəsi Ceyhun Xalıqlı da çıxışında Azərbaycan gəncliyinin son illər əldə etdyi uğurlardan və beynəlxalq əhəmiyyətli yarışlarda əldə edilən nailiyyətlərdən danışdı. Çempion qeyd etdi ki, cənab Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə və idmana göstərdiyi diqqət və qayğının nəticəsi olaraq bu gün gənclərimiz ən mötəbər yarışlarda bayrağımızı yüksəklərə qaldırıblar. C.Xalıqlı onu da əlavə edib ki, bu gün YAP üzvü olan hər bir gənc onun üçün açılmış geniş imkanlardan istifadə edərək, gələcəyimizin daha da, işıqlı olması üçün üzərinə düşən vəzifəni şərəflə yerinə yetirməlidir. Payızda keçiriləcək parlament seçkilərində hər bir vətəndaş kimi, o da öz hüququndan istifadə edərək, Yeni Azərbaycan Partiyasının irəli sürdüyü ən layiqli namizədə dəstək olacaq.
TAPDIQ QURBANLI
Səs.- 2010.- 2
sentyabr.- S. 5-6.