Bu gün Azərbaycan möhkəm
əsaslar üzərində uğurla inkişaf edir
İlham Əliyev: "Azərbaycanın gələcəyi
Azərbaycanın indiki vəziyyətindən daha da parlaq
olacaqdır"
Xəbər verdiyimiz
kimi, sentyabrın 1-də Bakıda Dövlət Bayrağı
Meydanının təntənəli açılış mərasimi
olub. Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və
xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Meydanda dövlətimizin
başçısının şərəfinə fəxri
qarovul dəstəsi düzülmüşdü. Fəxri qarovul dəstəsinin rəisi
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyevə raport verdi.
Dövlətimizin
başçısı təntənəli mərasimdə nitq
söylədi.
Prezident İlham Əliyevin nitqi
- Hörmətli
xanımlar və cənablar, əziz dostlar!
Mən sizin
hamınızı ürəkdən salamlayıram. Bu gün
ölkəmizdə çox əlamətdar və tarixi bir
gündür. Bu gün Bakıda Dövlət Bayrağı
Meydanı açılır. Bu münasibətlə sizi və
bütün Azərbaycan xalqını ürəkdən təbrik
edirəm.
Dövlət
Bayrağı Meydanının açılışı həqiqətən
tarixi və unudulmaz bir hadisədir. Bu meydan özlüyündə
gözəl bir memarlıq abidəsidir. Meydanın üst hissəsinin
sahəsi 3 hektara bərabərdir. Bütövlükdə ərazi
isə 60 hektardır. Burada Azərbaycanın dövlət rəmzləri
- gerbi, himninin mətni, xəritəsi təsvir edilibdir.
Dövlət Bayrağı Muzeyi də fəaliyyət göstərəcəkdir.
Meydanın ortasında isə Azərbaycanın dövlət
bayrağı ucalacaqdır. Bu bayraq dünyada ən
böyük və ən uca bayraqdır. Bayrağın
hündürlüyü 162 metrdir və bu bayraq şəhərimizin
hər bir yerindən görsənəcəkdir. Məhz bu məqsədlə
bu yer seçilmişdir. Bu yer, bu ərazi abadlaşdı. Gələcəkdə
burada böyük parklar, dənizkənarı bulvar
salınacaq, istirahət üçün gözəl şərait
yaradılacaqdır. Artıq bu işlər
başlanmışdır. Gələcəkdə burada
salınacaq bulvar Bakı bulvarı ilə birləşəcəkdir.
Bayraq meydanının yaradılması üçün çox böyük tikinti, quraşdırma, quruculuq işləri görülmüşdür. Çox sevindirici haldır ki, bütün bu işlərin əksər hissəsini Azərbaycan mütəxəssisləri, fəhlələri görmüşlər. Bu onu göstərir ki, bizdə olan güclü potensial hər bir sahədə özünü büruzə verir. Bu gün imkanlarımız o qədər böyüyüb ki, biz istənilən məsələni həll edə, istənilən memarlıq əsərini yarada bilərik. Meydanın yaradılması haqqında sərəncam mənim tərəfimdən 2007-ci il noyabrın 17-də imzalanmışdır. Ondan dərhal sonra bütün işlər başlanmışdır. O gündən iki il sonra, 2009-cu il noyabrın 17-də Azərbaycan Dövlət Bayrağı Günü təsis edilmişdir.
Bildiyiniz kimi, Azərbaycan bayrağı, bizim üçrəngli bayrağımız 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə təsdiq edilmişdir. Məhz noyabrın 9-u Azərbaycanda bundan sonra hər il Azərbaycan Dövlət Bayrağı Günü kimi qeyd olunacaqdır. Hər iki sərəncamın məhz noyabrın 17-də imzalanmasının səbəbi də çox məntiqli və aydındır. Məhz 1990-cı il noyabrın 17-də ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Azərbaycanda dövlət bayrağı kimi qaldırıldı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvanda dövlət bayrağı kimi təsdiq edildi. Eyni zamanda, o vaxtkı Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı və tələb edildi ki, bu bayraq Azərbaycanın dövlət bayrağı kimi qəbul edilsin.
O vaxt hələ Sovet İttifaqının dağılmasına bir ildən çox vaxt var idi. Bizim müstəqilliyə gedən yolumuz o gündən başlamışdır. Məhz Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırmış və ölkəmizdə gedən proseslərə güclü təkan vermişdir. O illər hamımızın yadındadır. O illər Azərbaycanın inkişafı, gələcəyi üçün həlledici illər idi. Azərbaycan dövlət müstəqilliyinə qovuşanda ölkədə proseslər çox mənfi istiqamətdə gedirdi. Ölkədə anarxiya, hərc-mərclik hökm sürürdü. Ölkənin inkişaf perspektivləri qeyri-müəyyən idi və Azərbaycan əslində, dövlət müstəqilliyini itirə bilərdi. Azərbaycan xalqının tələbi və müdrikliyi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə dəvət olunması nəticəsində Azərbaycanda bütün xoşagəlməz hallara son qoyuldu, sabitlik yarandı və inkişaf dövrü başlandı. Bu inkişaf dövrünün nəticələrini bu gün Azərbaycan vətəndaşları görürlər.
1993-2003-cü illər Azərbaycan üçün həlledici illər olmuşdur. Məhz o illərdə Azərbaycanda iqtisadi, siyasi sabitlik yaranmış, ölkə dünya birliyinə özünü təqdim edə bilmişdir. Biz beynəlxalq təşkilatlara üzv olduq. Azərbaycan bayrağı bütün beynəlxalq təşkilatlarda dalğalanmağa başlamışdır. Azərbaycan xarici tərəfdaşlarla çox uğurlu və qarşılıqlı hörmət əsasında münasibətlər qura bilmişdir. Ölkəmizə böyük həcmdə investisiyanın cəlb olunmasına nail ola bilmişdik. O proseslər bu gün də Azərbaycanın inkişafını təmin edir və onilliklər bundan sonra da Azərbaycanın uğurlu inkişafını müəyyən edəcəkdir. O on il ərzində Azərbaycan çox böyük bir yol keçmişdir və demək olar ki, dövlətçiliyin əsasları tam şəkildə qurulmuşdur. Bu gün Azərbaycan möhkəm əsaslar üzərində uğurla inkişaf edir. Ölkə daxilində gedən bütün proseslər müsbət istiqamətdə inkişaf edir.
Azərbaycanda daxili sabitlik, əmin-amanlıq, ictimai-siyasi asayiş uğurlarımızın əsas şərtidir. Biz iqtisadi, siyasi islahatları bu möhkəm əsas üzərində aparırıq. Ölkədə demokratikləşmə prosesləri çox uğurla gedir. Ölkə qarşısında duran bütün vəzifələr icra edilir. Keçən il və bu il dünyada hökm sürən iqtisadi və maliyyə böhranı böyük iz qoymuşdur. Buna baxmayaraq, Azərbaycan bu sınaqdan da şərəflə çıxa bilmişdir. Ölkə qarşısında duran bütün vəzifələr, müəyyən edilmiş bütün proqramlar icra olunur. Ölkəmizin hər bir yerində quruculuq-abadlıq işləri aparılır, iqtisadi islahatlar davam etdirilir. Bu gün Azərbaycan inkişaf edən ölkədir.
Azərbaycanda iqtisadi sahədə keçid dövrü artıq başa çatmışdır. Biz inkişaf etmiş ölkələrin sırasına daxil olmalıyıq və qarşımıza bu məqsəd qoyulubdur. Biz bu məqsədə çatacağıq. Azərbaycan beynəlxalq arenada özünəlayiq yerini tuta bilmişdir. Xarici tərəfdaşlarımızın, dostlarımızın sayı gündən-günə artır. Azərbaycan çox gözəl beynəlxalq imicə malikdir. Bizim bütün xarici siyasətimiz bir məqsədi güdür ki, Azərbaycanın milli maraqları maksimum dərəcədə təmin olunsun, Azərbaycan dövləti güclənsin və Azərbaycan xalqı daha da yaxşı yaşasın.
Bir daha demək istəyirəm ki, ölkə daxilində bütün proseslər müsbət istiqamətdə inkişaf edir. Biz iqtisadi və sosial islahatları aparmaqla həm ölkəmizin uğurlu iqtisadi inkişafını təmin edirik, eyni zamanda, sosial məsələlərin həllində də böyük uğurlara nail ola bilmişik.
Bu gün Azərbaycan böyük bir tikinti meydançasıdır. Hər yerdə, hər bölgədə, hər şəhərdə tikinti-quruculuq işləri aparılır, sosial obyektlər, infrastruktur obyektləri tikilir. Yəni Azərbaycanda görülən işlər nəinki ölkəmizin yaxın gələcəyini müəyyən edəcək, bax bu gün yaradılan infrastruktur və həyata keçirdiyimiz layihələr on il, iyirmi il, otuz il bundan sonra özünü göstərəcək və Azərbaycan xalqına xidmət edəcəkdir. Bizim uğurlu enerji siyasətimiz Azərbaycanı dünya birliyi qarşısında etibarlı tərəfdaş kimi təqdim etməyə əsas yaratdı. Bu gün bu siyasət ölkə daxilində gedən proseslərə çox müsbət təsir göstərir. Biz demək olar ki, bu sahədə qarşımızda duran bütün vəzifələri icra etmişik və sadəcə olaraq, əldə edilmiş nailiyyətlər əsasında gələcəkdə yeni layihələrin həllinə çalışırıq. Əminəm ki, bütün məqsədlərə çatacağıq.
Biz iqtisadi cəhətdən özümüzü təmin edən ölkəyik. Biz heç bir xarici yardımdan asılı olmayan ölkəyik. Biz enerji təhlükəsizliyimizi təmin etmişik. Ərzaq təhlükəsizliyimizi təmin edirik və belə olan halda Azərbaycanın gələcəyi haqqında yalnız bir fikir deyilə bilər: Azərbaycanın gələcəyi Azərbaycanın indiki vəziyyətindən daha da parlaq olacaqdır. Baxmayaraq ki, bu gün nəinki postsovet məkanında, bölgədə və ümumiyyətlə, ölkələr sırasında biz yüksək yerləri tuturuq, Azərbaycanda insanlar ildən-ilə daha da yaxşı yaşamalıdır. Bu məqsədlə bütün sosial proqramlar icra olunur, maaşlar və pensiyalar vaxtaşırı artırılır, ölkə iqtisadiyyatının inkişafını təmin etmək üçün bütün tədbirlər görülür.
Bizim gözəl ölkəmiz, gözəl təbiətimiz vardır. Ölkəmizin hər bir tərəfi gözəldir. Hər bir tərəf abadlaşır, gözəlləşir. Bizim təbii ehtiyatlarımız vardır. Bu ehtiyatlar gücümüzü daha da artırır. Artıq böyük maddi imkanlarımız vardır. Biz nəinki xarici yardımdan asılı deyilik, eyni zamanda, lazım gələndə özümüz də yardım göstəririk. Bu da siyasətimizin yeni istiqamətidir. Bir neçə ildən sonra Azərbaycan beynəlxalq donor ölkəsinə çevriləcəkdir və bu məqsədə çatmaq üçün artıq konkret tədbirlər planı hazırlanır. İqtisadi və sosial sahədə elə məsələ yoxdur ki, bu məsələ Azərbaycanda həll olunmasın. Düzdür, bu gün hələ həllini gözləyən məsələlər çoxdur. Ancaq əsas odur ki, biz bu məsələləri bilirik. Onların həlli yollarını bilirik. Bu məsələlərin həlli üçün icra mexanizmləri, maliyyə resursları və siyasi iradə vardır. Yəni bütün bu amillərin birləşməsi şəraitində istənilən məsələ öz həllini tapa bilər.
Biz hamımız Azərbaycanın gələcəyi haqqında düşünürük və düşünməliyik. Biz ölkəmizin təhlükəsizliyini təmin etməliyik, ölkədə dinamik və sürətli inkişaf tempini saxlamalıyıq, beynəlxalq aləmdə Azərbaycanın mövqeləri daha da möhkəmlənməlidir. Artıq regionda gedən proseslərdə Azərbaycan çox fəal rol oynayır. Bəzi hallarda həlledici rol oynayır. Bizim tərəfimizdən irəli sürülmüş siyasi və iqtisadi təşəbbüslər reallaşır. Bu, nəinki bizə, eyni zamanda, bizimlə dostluq münasibətlərində olanlara da xeyir gətirir. Yəni, biz bu istiqamətdə daha da fəal addımlar atacağıq və beləliklə, ölkəmizin inamlı və uğurlu gələcəyini təmin edəcəyik.
Bütün
bu vacib məsələlərlə bərabər, bu gün bu
gözəl meydanda Azərbaycanın müstəqil siyasətini
xüsusi qeyd etmək istərdim. Müstəqillik ən
böyük sərvətimizdir, ən böyük xoşbəxtliyimizdir.
Əsrlər boyu Azərbaycan xalqı müstəqillik həsrəti,
müstəqillik arzusu ilə yaşamışdır. Uzun illər,
onilliklər ərzində biz başqa ölkələrin tərkibində
yaşamışdıq, azadlıqdan məhrum olmuşduq,
müstəqil ölkə deyildik. Bu tarixi imkan, tarixi şans
bir daha Azərbaycan xalqına 1991-ci ildə verilmişdir. Bayaq
qeyd etdiyim kimi, biz o şansı, bu imkanı itirə bilərdik
və əgər 1993-cü ildə Azərbaycan xalqı
düzgün seçim etməsəydi, çox güman ki,
itirəcəydik. Bu gün isə müstəqilliyimiz
artıq dönməzdir, əbədidir. Biz 20 ilə
yaxındır ki, müstəqil ölkə kimi
yaşayırıq. Bütün çətin sınaqlardan
üzüağ, şərəflə
çıxmışıq, gözəl, möhkəm ölkə
yaratmışıq. O ölkə ki, burada bütün
azadlıqlar vardır. Təhlükəsizlik, sosial rifah,
iqtisadi inkişaf templəri təmin edilir. O ölkə ki,
burada bütün xalqlar, bütün millətlərin,
bütün dinlərin nümayəndələri bir ailə
kimi yaşayırlar. Mehribanlıq, dostluq şəraitində
yaşayırlar. O ölkə ki, burada milli-dini
dözümlülük yüksək səviyyədədir və
bu gün Azərbaycan bu məsələlərdə nümunə
kimi göstərilir. Bu ölkəni biz yaratmışıq. Bu gün Azərbaycan öz gücünə
arxayın olan, öz gücünə arxalanan, bütün tərəfdaşlar
ilə münasibətləri qarşılıqlı hörmət
və ehtiram prinsipləri əsasında qurmağa
çalışan, dinamik inkişaf edən gənc və eyni
zamanda, təcrübəli ölkədir. Azərbaycan artıq böyük
bir regional amildir. Sabitlik, təhlükəsizlik və
inkişaf amilidir. Bizim bütün təşəbbüslərimiz,
irəli sürdüyümüz bütün layihələr səmərə
verir, həm bizə, həm bizim tərəfdaşlara xeyir gətirir.
O layihələri həyata keçirmək üçün nəinki
böyük maliyyə imkanları, həm də güclü
iradə, cəsarət və öz siyasətinə sədaqət
lazımdır. Hər halda bu günə qədər
ölkəmiz tərəfindən atılan bütün
addımlar düzgün istiqamətdə atılmış
addımlar olmuşdur.
Biz bu gün
müstəqil ölkə kimi yaşayırıq və
böyük qürur hissi ilə yaşayırıq. Biz fəxr
edirik ki, Azərbaycan vətəndaşlarıyıq. Biz müstəqil siyasət aparırıq. Azərbaycan xalqı öz taleyinin sahibidir. Bu, böyük xoşbəxtlikdir, böyük sərvətdir.
Bizdən əvvəl nəsillər müstəqillik
arzusu ilə yaşayırdı. Ancaq bu
müstəqilliyi görmək bizə nəsib olubdur. Bu xoşbəxtlik bizə nəsib olubdur. Biz nəinki bu müstəqilliyi görürük.
Biz bu müstəqilliyin möhkəmləndirilməsi
üçün işlər görürük, fəaliyyət
göstəririk, çalışırıq. Hər bir vətəndaş tutduğu yerindən
asılı olmayaraq öz əməyi ilə hər gün
ölkəmizi gücləndirməlidir. Öz
əməli işlərimizlə, Vətənə sədaqətlə,
görülən işlərlə, atılan addımlarla.
Bu gün Azərbaycan cəmiyyətində bu həmrəylik,
milli həmrəylik, milli səfərbərlik, vətənpərvərlik
ruhu vardır. Biz gənc nəsli bu ruhda tərbiyə
etməliyik ki, Azərbaycanda gənc nəsil peşəkar, vətənpərvər,
Vətənə sadiq olsun. Çünki
bütün dövrlərdə Azərbaycanın uğurlu gələcəyini
biz təmin etməliyik.
Bir daha demək
istəyirəm ki, bu gün atılan addımlar və irəli
sürülən təşəbbüslər onilliklərdən
sonra özünü göstərəcəkdir. Biz gələcəyə
baxmalıyıq, gələcəyi düşünməliyik:
20 il, 50 ildən sonra Azərbaycan hansı
yollarla inkişaf edəcəkdir?! Biz ölkəmizin
uğurlu inkişafını hansı resurslar əsasında təmin
edəcəyik?! Biz bu barədə
düşünürük və görülən
bütün işlər həm bugünkü problemlərin həllinə,
eyni zamanda, gələcəyə yönəldilibdir. Biz
müstəqil, azad xalqıq, öz siyasətimizi
özümüz aparırıq və bundan böyük
xoşbəxtlik ola bilməz.
Bu gün
ölkəmizin həyatında bir daha demək istəyirəm
ki, tarixi, unudulmaz bir hadisə baş verir. Bu meydan nadir
memarlıq abidəsidir. Bu bayraq bizim milli dəyərimizdir.
Söhbət ondan getmir ki, bu gün bu bayraq
dünyanın ən hündür bayrağıdır. Bəlkə nə vaxtsa, bir neçə ildən
sonra başqa yerdə bundan da hündür bayraq qaldıra bilərlər.
Məsələ onda deyil, məsələ ondadır
ki, bu Bayraq Meydanının yaradılması Azərbaycanın
gücünü, Azərbaycan xalqının öz dövlətinə
sevgisini, dövlət rəmzlərimizə
ehtiramımızı göstərir. Əminəm
ki, bir neçə aydan sonra burada, bütün bu ətrafda
tikinti-quraşdırma işləri tamamlanandan sonra bu möhtəşəm
meydan insanlarla dolu olacaqdır. Necə ki,
bu gün bizim parklarda, dənizkənarı bulvarda minlərlə,
on minlərlə insan hər gün gəzintiyə
çıxır. Bax, bu meydanda, bu bayraq
altında, milli rəmzlər ətrafında insanlar
yığışacaqlar. Buradan gözəl
Bakıya möhtəşəm bir mənzərə
açılır. Burada,
aşağıda gəzinti üçün gözəl yerlər
vardır. Yəni, bu Bayraq Meydanı
Bakının bir mədəniyyət mərkəzinə, Azərbaycanın
bir siyasi mərkəzinə çevriləcəkdir. Ölkəmizin mərkəzi olan Bakı şəhərində
belə möhtəşəm meydanın yaradılması
doğrudan da böyük hadisədir. Bizim
bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir.
Bu gün Azərbaycanın hər bir yerində
dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa
edəndən sonra milli dövlət bayrağımız bu
gün hələ də işğal altında olan torpaqlarda
qaldırılacaqdır. Bizim
bayrağımız Dağlıq Qarabağda, Xankəndidə,
Şuşada dalğalanacaqdır. O günü biz hər
an öz işimizlə yaxınlaşdırmalıyıq və
yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan
bayrağına! Yaşasın, Azərbaycan!
X X X
Sonra Prezident, Ali Baş
Komandan İlham Əliyevin əmri ilə dövlət
bayrağı Azərbaycan əsgərlərinin çiyinlərində
meydana gətirildi.
Prezident
İlham Əliyev bayrağın ilgəyini qarmağa bərkitdi. Xüsusi
qurğu dövlət bayrağını aramla səmaya - dirəyin
zirvəsinə qaldırmağa başladı.
Azərbaycan
Respublikasının dövlət bayrağının
xalqımızın milli həmrəyliyinin yaradılması və
möhkəmləndirilməsindəki rolundan, Dövlət
Bayrağı Meydanının tikintisindən bəhs edən
film nümayiş olundu.
Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncamlar imzalamışdır. İndən belə hər il noyabrın 9-u respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunacaqdır. 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında Dövlət Bayrağı Meydanının təməli qoyulmuşdur. Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır. Amerika Birləşmiş Ştatlarının "Trident Support" şirkəti tərəfindən hazırlanmış layihənin icrasını Azərbaycanın "Azenko" şirkəti yerinə yetirmişdir. Ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 3 hektar olan meydanda bütün infrastruktur yaradılacaqdır. Xüsusi layihə əsasında reallaşdırılan tikinti işlərini xarici və yerli mütəxəssislər həyata keçirmişlər.
İnşa olunmuş dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq etmişdir.
Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanmışdır. Bu dövlət rəmzləri Bayraq Meydanının görkəminin möhtəşəmliyini daha da artırmış, onun görünüşünə əlavə çalarlar qatmışdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə meydanda Dövlət Bayrağı Muzeyi də yaradılmışdır.
Dövlətimizin başçısı İlham Əliyev bayrağı açdı.
Azərbaycan Respublikasının dövlət himni səsləndi.
Toplardan yaylım atəşi açıldı.
Fəxri
qarovul dəstəsi hərbi marşın sədaları
altında Dövlət Bayrağı Meydanından keçdi.
Daha sonra dövlət bayrağının ucaldılması
şərəfinə Bakı səmasında möhtəşəm
lazer-şou nümayiş olundu. Təntənəli mərasim
atəşfəşanlıqla başa çatdı.
Səs.- 2010.- 3 sentyabr.- S. 4-5.