Azərbaycanla Rusiya bütün
sahələrdə əməkdaşlığı uğurla
davam etdirirlər
İlham Əliyev: "Münasibətlərimiz
çox möhkəmdir, onlar xalqlarımızın çoxəsrlik
dostluğuna əsaslanır"
Xəbər verdiyimiz
kimi, sentyabrın 2-də "Gülüstan" sarayında
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və
xanımı Mehriban Əliyevanın adından ölkəmizə
rəsmi səfərə gələn Rusiya
Federasiyasının Prezidenti Dmitri Medvedevin və xanımı
Svetlana Medvedevanın şərəfinə rəsmi ziyafət
təşkil edilib.
Dövlət başçıları ziyafətdə
nitq söyləyiblər.
Azərbaycan Prezidenti İlham Əliyevin nitqi
-Hörmətli Dmitri
Anatolyeviç!
Hörmətli Svetlana Vladimirovna!
Əziz qonaqlar! Xanımlar və cənablar! Dmitri Anatolyeviç, Sizi və nümayəndə heyətinizi Azərbaycanda səmimi qəlbdən salamlayıram. Sizin səfərinizə çox şadıq. Biz çox şadıq ki, son vaxtlar bu, Rusiya Prezidentinin Azərbaycana artıq üçüncü səfəridir. Mən də Rusiyada çox tez-tez oluram. Münasibətlərimizin bu cür dinamik inkişafı ölkələrimizin necə sıx qarşılıqlı fəaliyyət göstərməsinin əyani sübutudur. İkitərəfli məsələləri, regional problemləri müzakirə etmək, yetərincə geniş, bir çox sahələri əhatə edən münasibətlərimizin gündəliyinə nəzər salmaq üçün həmişə yaxşı səbəb vardır. Ən sevindirici hal isə budur ki, hər yeni görüşümüz, praktiki olaraq hər səfər münasibətlərimizdə yeni səhifə açır.
Münasibətlərimiz çox möhkəmdir, onlar xalqlarımızın çoxəsrlik dostluğuna əsaslanır. Bu, bizim üzərində dostluq, bərabərhüquqlu qonşuluq münasibətlərimizi qurduğumuz möhkəm təməldir. Biz çox fəal siyasi dialoq aparırıq. Biz regional məsələlərdə fəal qarşılıqlı fəaliyyət göstəririk. Demək olar ki, regional xarakterli bütün məsələlərə dair baxışlarımız üst-üstə düşür, biz vahid mövqedən çıxış edirik. Çox ümid edirik ki, münasibətlərimizdə mövcud olan müsbət meyillər möhkəmlənəcək və inkişaf edəcəkdir.
Sizin səfəriniz çərçivəsində, hörmətli Dmitri Anatolyeviç, siyasi və iqtisadi xarakterli mühüm sənədlər imzalanacaqdır. Onlar gələcəkdə münasibətlərimizin möhkəmlənməsinə və bütün istiqamətlərdə inkişafına xidmət edəcəkdir. Biz çox şadıq ki, bu il iqtisadiyyatda böhranlı 2009-cu ilin mənfi meyillərini düzəldə bildik. Biz əmtəə dövriyyəsinin artmasını müşahidə edirik. Əminəm ki, artım davamlı olacaq və ona gətirib çıxaracaqdır ki, iqtisadi münasibətlərimiz çox keyfiyyətli və çoxplanlı olacaqdır. Əmtəə dövriyyəsinin strukturu yaxşılaşır və bu gün biz qarşılıqlı ticarətin birmənalı şəkildə böyük artımına səbəb olacaq layihələr üzərində işləyirik.
Biz təhlükəsizlik, regional əməkdaşlıq məsələlərində birgə fəaliyyət göstəririk. Biz qonşuyuq. Biz dənizdə də, quruda da qonşuyuq. Rusiya və Azərbaycan iki Xəzəryanı ölkədir, iki Qafqaz ölkəsidir. Əlbəttə, regionumuzda baş verənlər bizi narahat edir və həyəcanlandırır. Biz regionumuzda potensial və mövcud riskləri azaltmaq üçün çox fəal, səmərəli və səmimi işləyirik.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması da gündəliyimizin ayrılmaz hissəsidir. Mən, Dmitri Anatolyeviç, bu prosesdə fəal iştirakınıza görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Sizin iştirakınızla Azərbaycan və Ermənistan rəhbərlərinin artıq altı görüşü keçirilmişdir. Moskvada münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, qətnamələr və beynəlxalq təşkilatların qərarları əsasında həllini müəyyən edən mühüm bəyannamə imzalanmışdır. Ümidvaram ki, Sizin fəal vasitəçilik missiyanız davam etdiriləcəkdir və biz müsbət nəticələrə nail olacağıq.
Bu gün humanitar sahədə də fəal qarşılıqlı münasibəti qeyd etmək istərdim. Zənnimcə, bu istiqamətdə ölkələrimiz arasında münasibətlər qonşular və əsrlər boyu yanaşı yaşayan xalqlar arasında münasibətlərə nümunə ola bilər. Bu il biz Bakıda çox mühüm və mötəbər Rusiya-Azərbaycan ictimai forumunu keçirdik və onu illik Bakı beynəlxalq humanitar forumuna çevirmək barədə qərar qəbul edilmişdir. Bildiyiniz kimi, Azərbaycanda rus dilinə, rus mədəniyyətinə çox qayğıkeş münasibət göstərilir. Ölkəmizdə təhsilin rus dilində aparıldığı 300-dən çox məktəb vardır, sovet dönəmindəkindən də xeyli artıq dövri nəşrlər dərc olunur, Rusiya Mədəniyyət Mərkəzi, Rusiya Kitab Evi, MDU-nun filialı fəaliyyət göstərir. Bütün bunlar bizi zənginləşdirir. Bütün bunlar münasibətlərimizin mühüm amilidir. Siyasi münasibətlərimiz, iqtisadi əlaqələrimiz, mənafelərimizin uyğunluğu necə olursa-olsun, münasibətlərimiz humanitar tərkibsiz natamam olardı. Mənə çox xoşdur ki, Rusiyada da, Azərbaycanda da irsimizə çox qayğıkeş münasibət vardır. Rusiyadakı Azərbaycan icması və Azərbaycandakı rus icması dövlətlərimizin tamhüquqlu vətəndaşlarıdırlar. Onlar da ölkələrimiz və xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsi işinə böyük töhfə verirlər.
Dmitri Anatolyeviç, Svetlana Vladimirovna, bir daha Sizi Azərbaycanda səmimi qəlbdən salamlamaq və bu badəni Sizin sağlığınıza, ölkələrimiz və xalqlarımız arasında münasibətlərin bundan sonra da möhkəmlənməsi şərəfinə qaldırmaq istəyirəm.
Rusiya Prezidenti Dmitri Medvedevin nitqi
- Hörmətli İlham Heydər oğlu!
Hörmətli Mehriban Arif qızı!
Hörmətli dostlar, həmkarlar! Sizin ölkəyə gəlmək mənim üçün həmişə çox xoşdur. Çünki bu, həmişə dostlarımızın, yaxın qonşularımızın və strateji tərəfdaşlarımızın yanına səfər etmək deməkdir. Bu səfər bir günə hazırlanmamışdır. Bu, xüsusi səfərdir, ona görə ki, münasibətlərimizin tarixində ilk dəfə həqiqətən çox mühüm saziş hazırlamışıq. İlham Heydər oğlu bilir ki, bu sazişin hazırlanması asan olmamışdır. Ona görə yox ki, biz mübahisə edirdik, hərçənd müzakirə edilməsi, diskussiyalar aparılması tələb edilən bəzi məsələlər həmişə vardır. Sadəcə olaraq ona görə ki, bu saziş mürəkkəb, mühüm sənəddir. Əgər həmin saziş bizim ölkəmiz üçün sərhədin müəyyənləşdirilməsi, bir sıra sərhədyanı məsələlərin tənzimlənməsi barədə ilk sənədlərdən biridirsə, Azərbaycan üçün bu qəbildən ümumiyyətlə ilk sənəddir. Ona görə də mənə belə gəlir ki, biz yaxşı çalışmışıq, sabah rəsmi imzalanma olacaqdır. Bizim dostluq münasibətlərimizin möhkəm normativ baza əsasında inkişaf etməsi, tərəfdaşlar arasında beynəlxalq hüquq normalarına əsaslanan münasibətlərə çevrilməsi üçün bu saziş çox vacibdir. Bu sənəd də beynəlxalq hüquq aktıdır. Bizim qarşılıqlı əlaqələrimizi möhkəmləndirən iqtisadi sazişlər də vardır. O cümlədən, sabah belə bir böyük sənəd, həmçinin bəzi başqa sənədlər imzalanacaqdır.
Bu, nəyə dəlalət edir? Ona dəlalət edir ki, dövlətlərimiz arasında münasibətlər ilbəil rəngarəng olur. Əlbəttə, Sizi ölkəmizdə, Moskvada görməyə həmişə çox şad oluruq. Biz beynəlxalq tədbirlərdə Sizinlə çox ünsiyyət saxlayırıq, müxtəlif görüşlər keçiririk. Lakin adətən bu cür böyük səfərlərin gedişində müəyyən kəmiyyət dəyişiklikləri üst-üstə yığılır və yeni keyfiyyət halına keçir. Buna görə də mən çox istərdim ki, Rusiya Prezidentinin və Rusiya nümayəndə heyətinin indiki səfəri bu cür kəmiyyət dəyişikliklərinin keyfiyyət dəyişikliklərinə keçməsi ilə əlamətdar olsun.
Siz gündəlikdəki bütün məsələləri dəqiq sadaladınız. Mən demək istəyirəm ki, əlbəttə, son illərdə biz iqtisadi münasibətlərin quruculuğu sahəsində irəliləmişik. Energetika sahəsində əməkdaşlıq bu münasibətlərin təməl daşıdır. Lakin mən istəməzdim ki, əməkdaşlığımız təkcə energetika ilə məhdudlaşsın. Bizim ölkələr enerji istehsal edən iri ölkələrdir. Lakin indicə Sizinlə danışdığımız kimi, dövlətlərimizin qarşısında iqtisadiyyatlarımızı modernləşdirmək məsələsi durur, böhran isə, yeri gəlmişkən, göstərdi ki, hətta enerji tədarükçüləri olan böyük dövlətlər də bazardakı vəziyyətdən asılıdırlar. Buna görə də bizim vəzifəmiz ölkələrimizdə iqtisadi şəraiti, təsərrüfatçılıq şəraitini dəyişməkdir. Hesab edirəm ki, başqa sahələrdə əməkdaşlığı inkişaf etdirməklə bu məsələdə bir-birimizə kömək edə bilərik. Söhbət yüksək texnologiyalar, istehsal, infrastruktur və hətta turizm sahələrində kooperasiya və əməkdaşlıqdan gedir. Bütün bunlar bizim ümumi işimizin tərkib hissələridir.
Təhlükəsizlik məsələləri çox mühüm mövzudur. Siz tamamilə dəqiq dediniz ki, bizim dövlətlər - Qafqaz dövlətləri, Xəzər dövlətləri və dost dövlətlərdir. Biz gələcəyə məhz bu cür baxmalıyıq. Elə etməliyik ki, asayiş olsun, münaqişələrin yaranmasına yol verilməsin. Bizim regionda problemlər kifayət qədərdir - həm gizli, həm də aşkar problemlər vardır. Bizim vəzifəmiz bu cür təhdidlərə mümkün qədər çevik münasibət bildirməyə çalışmaqdır. Rusiya bu proseslərdə öz rolunu başa düşür. Hətta Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi kimi olduqca çətin problem də, Sizin haqlı olaraq dediyiniz kimi, beynəlxalq hüquq normaları və tərəflərin qarşılıqlı iradəsi əsasında həll edilə bilər. Son vaxtlar biz dəfələrlə görüşmüşük. Səmimi deyim ki, bu görüşlərin dinamikası məni qane edir. Əlbəttə, nəticələr hələ çox cüzidir. Lakin Siz bir məsələyə əsla şübhə etməyə bilərsiniz ki, Rusiya hədsiz çətin olan bu münaqişənin tənzimlənməsinə maksimum kömək etmək əzmindədir. Bunun üçün biz, şəxsən mən özüm də hər cür səy göstərmişik və bundan sonra da göstərəcəyik.
Humanitar sahədə
dostluq əlaqələrimiz yəqin ki, ayrıca təhlil
aparılmasını tələb edir. Siz ölkənizdə
rus dilinə xüsusi qayğı göstərildiyini
xatırlatdınız. Nə gizlədim, bu, əlbəttə,
mənim üçün çox xoşdur. Mənə
belə gəlir ki, bu, Azərbaycan üçün də
çox vacibdir. Çünki biz yaxın ölkələrik,
bizim tariximiz uzun müddət birlikdə davam etmişdir, indi də
biz yanaşı inkişaf edirik və rus dili bu mənada, əlbəttə,
müəyyən əhəmiyyət kəsb edir. Lakin
bu, heç də o demək deyildir ki, Rusiya Azərbaycan dilinin
inkişafı üçün heç nə etməməlidir.
Siz bilirsiniz ki, bu
yaxınlarda mən telekanalların verilişlərinin peyk
vasitəsilə dost ölkələr üçün
yayımlanması barədə qərar qəbul etmişəm.
Rusiyada böyük Azərbaycan diasporu vardır və onun Azərbaycan
dilində xəbərlərlə tanış ola, proqramlara,
filmlərə baxa bilməsi, əlbəttə, çox
vacibdir. Əlbəttə, onlar hamısı rusca
danışırlar, lakin ana dilini də yadda saxlamaq
lazımdır. Buna görə də bu cür yayım həyata
keçiriləcəkdir. Mənə belə gəlir ki, bu da
çox faydalıdır, böyük mübadilələr də
öz yerində - məsələn, indicə Siz
Ulyanovskdakı məktəb və mehriban əməkdaşlığa
dair bir sıra başqa nümunələr barədə
danışdınız. Bu, çox vacibdir. Yeri gəlmişkən,
elə Rusiya üçün də. Ona görə ki, Rusiya
çox mürəkkəb, çoxmillətli,
çoxkonfessiyalı dövlətdir və ölkə daxilində
vətəndaş sülhü və asayiş olması
üçün biz qonşularımızla dostluq etməyi
bacarmalıyıq.
Buna görə Sizin ölkəyə gəlişimiz bizi çox sevindirir. Dəvət üçün sağ olun. Əminəm ki, biz bu gün də, sabah da səmərəli danışıqlar aparacaq, dostcasına ünsiyyət saxlayacağıq. İndi isə Rusiya Federasiyasının Prezidenti kimi mənə bircə bu qalır ki, Azərbaycan Prezidenti, hörmətli İlham Heydər oğlunun sağlığına, onun xanımı, hörmətli Mehriban Arif qızının sağlığına, azərbaycanlı dostlarımızın hamısının sağlığına, sülh naminə və xalqlarımızın tərəqqisi naminə badə qaldırmağı təklif edim!
Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin rəsmi qarşılanma mərasimi
Dünən Azərbaycan Respublikasında rəsmi səfərdə olan Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin rəsmi qarşılanma mərasimi olmuşdur.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Rusiya Prezidenti Dmitri Medvedevi və xanımı Svetlana Medvedevanı səmimiyyətlə qarşıladılar.
Fəxri qarovul dəstəsinin
rəisi Rusiya Prezidentinə raport verdi.
Rusiyanın və
Azərbaycanın dövlət himnləri səsləndi.
Dövlət
başçıları fəxri qarovul dəstəsinin
qarşısından keçdilər.
Rusiya Prezidenti
Azərbaycan əsgərlərini salamladı.
Azərbaycanın
dövlət və hökumət nümayəndələri
Prezident Dmitri Medvedevə, Rusiya nümayəndə heyətinin
üzvləri Prezident İlham Əliyevə təqdim olundu. Fəxri
qarovul dəstəsi hərbi marşın sədaları
altında dövlət başçılarının
qarşısından keçdi.
Prezidentlər
və xanımları rəsmi foto çəkdirdilər.
Dünən həmçinin Azərbaycan
Prezidenti İlham Əliyev Rusiyadan ölkəmizə qanunsuz gətirilmiş
ikonaları və incəsənət əsərlərini
Prezident Dmitri Medvedevə təqdim etmişdir.
Azərbaycan dövlətinin
başçısı demişdir:
-Bu ikonaları Sizə təqdim
etmək istəyirəm. Rusiyadan qanunsuz
çıxarılmasına cəhd göstərilmiş bu əsərləri
Azərbaycan-Rusiya sərhədində bizim gömrük xidmətlərimiz
aşkar və müsadirə etmişlər. Onları sərhəddən keçirmək istəyənlər
isə məsuliyyətə cəlb olunmuşlar. Bu gün rus xalqının bu incəsənət əsərlərini
Sizə - Rusiya Prezidentinə təqdim edirəm. Onlar Sizin ölkənizdə
saxlanılmalıdır.
Rusiya Prezidenti Dmitri Medvedev
Prezident İlham Əliyevə təşəkkürünü
bildirərək demişdir:
-Çox sağ
olun. Bu, həqiqətən, əsl dost hərəkətidir. Rusiya üçün ikiqat xoşdur ki, Azərbaycan
bir tərəfdən cinayətkarları
yaxalamışdır, digər tərəfdən isə bu əsərlər
evə qayıdır. Biz hamımız bunu
yüksək dəyərləndiririk. Bu, həqiqətən,
əsl dostluq jestidir. Azərbaycan Prezidenti
İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin nümayəndə
heyətlərinin iştirakı ilə geniş tərkibdə
görüşü başa çatdıqdan sonra Azərbaycan-Rusiya
sənədlərinin imzalanması mərasimi olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev
və Rusiya Prezidenti Dmitri Medvedev "Azərbaycan
Respublikası ilə Rusiya Federasiyası arasında dövlət
sərhədi haqqında Müqavilə"ni
imzaladılar.
"Azərbaycan
Respublikasının Dövlət Neft Şirkəti ilə
Rusiyanın "Qazprom" Məhdud Məsuliyyətli Cəmiyyəti
arasında təbii qazın alqı-satqısı üzrə
müqaviləyə 4 saylı əlavə Saziş"i Azərbaycan
Dövlət Neft Şirkətinin prezidenti Rövnəq
Abdullayev və "Qazprom" Məhdud Məsuliyyətli Cəmiyyətinin
idarə heyətinin sədri Aleksey Miller imzaladılar.
"Azərbaycan
və Rusiya hökumətləri arasında Samur transsərhəd
çayının su ehtiyatlarının səmərəli
istifadəsi və mühafizəsi haqqında Saziş"i
ekologiya və təbii sərvətlər naziri Hüseynqulu
Bağırov və Rusiyanın təbii ehtiyatlar və
ekologiya naziri Yuri Trutnev imzaladılar.
"Azərbaycan
Respublikası ilə Rusiya Federasiyası arasında dövlət
sərhədinin keçid xəttinin izahatı haqqında Sənəd"i
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov
və Rusiyanın xarici işlər naziri Sergey Lavrov
imzaladılar. Sentyabrın 3-də sənədlərin
imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti
İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin mətbuat
konfransı olmuşdur.
Azərbaycan Prezidenti İlham ƏLİYEV bəyanatla
çıxış edərək dedi:
-Hörmətli Dmitri
Anatolyeviç!
Hörmətli qonaqlar!
Xanımlar və cənablar!
Bu gün Rusiya
ilə Azərbaycan arasında münasibətlərin tarixində
çox əlamətdar gündür. Bu gün siyasi və
iqtisadi xarakterli mühüm sənədlər - dövlət
sərhədi haqqında, sərhədyanı Samur
çayının su ehtiyatlarının bölünməsi və
onlardan səmərəli istifadə edilməsi haqqında
müqavilələr, habelə qaz sahəsində əməkdaşlıq
sferasında kontrakta əlavə imzalanmışdır. Əminəm ki, onlar bizim münasibətlərin
inkişafının çox mühüm istiqamətlərini
uzun illər, qarşıdakı onilliklər üçün
müəyyən edəcəkdir. Bütün
bunlar bizim münasibətlərin dinamik və səmərəli
inkişafının əyani göstəricisidir.
Biz münasibətlərimizi
strateji tərəfdaşlar arasında, qonşular və
mehriban dostlar arasında münasibətlər kimi səciyyələndiririk. Rusiya
Prezidentinin bugünkü səfəri, imzalanmış sənədlər,
habelə apardığımız fikir mübadiləsi və
danışıqlar bizim münasibətlərin dinamik, səmərəli
və müsbət inkişafına əyani sübutdur. Biz bu münasibətləri çox yüksək
qiymətləndiririk. Əminəm ki,
bütün istiqamətlər üzrə əlaqələrimizin
gələcək inkişafı da bu günə qədər əldə
edilənlər kimi səmərəli olacaqdır.
Ölkələrimiz
arasında çox sıx siyasi qarşılıqlı əlaqə
vardır, çox tez-tez görüşürük, əlaqə
saxlayırıq. Rusiya Prezidentinin, böyük bir dövlətin
Prezidentinin son üç ildə Azərbaycana
üçüncü dəfə səfər etməsini
xüsusi qiymətləndiririk. Mən də
tez-tez Rusiyaya - Moskvaya və başqa şəhərlərə
səfərlər edirəm. Bu, bir-birimizə
olan qarşılıqlı marağa, eləcə də bizim
münasibətlərin mövzusunun çox geniş
olmasına dəlalət edir.
Bizim münasibətlər
ayrıca bir sahədə əməkdaşlıqla məhdudlaşmır. Bu münasibətlər
çoxşaxəlidir - siyasi əlaqələri, iqtisadi
kooperasiyanı, müştərək layihələri əhatə
edir. Energetika sahəsində, neft-qaz əməliyyatlarında,
elektrik enerjisi satışı, nəqliyyat sahəsində əməkdaşlıq
böyük bir blok təşkil edir. Biz regional və dünya miqyaslı layihələr
üzərində birgə işləyirik. Şimal-Cənub nəqliyyat dəhlizi artıq bu
gün öz potensialını göstərir və hazırda
Rusiya və Azərbaycan həmin dəhlizin çox
mühüm tərkib hissələridir. Biz
Xəzərdə əməkdaşlıq edirik. Biz Qafqaz regionunda təhlükəsizliyin möhkəmləndirilməsi
sahəsində əməkdaşlıq edirik. Ölkələrimiz arasında hərbi-texniki və
humanitar sahələrdə əməkdaşlıq fəal
inkişaf edir. Bu istiqamətlərin hər
biri barəsində konkret faktlar və konkret layihələr əsasında
çox danışmaq olar.
Dünən mən
Rusiya Prezidentinin şərəfinə təntənəli
ziyafət zamanı qeyd etmişdim ki, biz humanitar sahədə əməkdaşlığa
xüsusi diqqət yetiririk. Bu sahədə bizim
çox yaxşı nəticələrimiz vardır. Bu gün ikitərəfli əməkdaşlığımız
artıq ikitərəfli formatı aşır və beynəlxalq
humanitar layihəyə çevrilir. Bu il
humanitar əməkdaşlıq sahəsində Bakıda
keçirilən Rusiya-Azərbaycan forumunun müsbət təcrübəsi
artıq yaxşı nəticələr verir. Biz bu gün
razılığa gəldik ki, Rusiya və Azərbaycanın
himayəsi altında keçirilən bu forum gələn il artıq beynəlxalq statusa malik olacaqdır. Beləliklə, humanitar sahədə əməkdaşlığımız
artıq bu gün ikitərəfli formatı aşır və
gələcəkdə bu sahədə əməkdaşlıqda
marağı olan ölkələrin və xalqların
yaxınlaşması işinə xidmət edəcəkdir.
Biz Azərbaycanda buna maraqlıyıq. Biz istəyirik ki, ölkəmizdə bütün
xalqların nümayəndələri gələcəkdə
də indiki kimi sülh, dostluq, qardaşlıq şəraitində
yaşasınlar. Biz çox sevinirik ki,
ölkələrimiz arasında humanitar əməkdaşlıq
konkret real layihələrlə zənginləşir.
Başqa
sözlə desək, münasibətlərimiz olduqca
çoxşaxəli, çoxtərəflidir, praktiki olaraq
bütün sahələri əhatə edir. Ən
başlıcası isə, bu gün dövlət sərhədi
haqqında müqavilə imzalandıqdan sonra münasibətlərimizdə
həll edilməmiş hər hansı məsələ
qalmır. Həmin müqavilənin bu
gün Bakıda bu cür təntənəli şəraitdə
imzalanması münasibətlərimizin, niyyətlərimizin səmimiliyinə
daha bir sübutdur. Bu müqavilə ölkələrimiz
arasında münasibətlərin inkişafında
mühüm mərhələdir. Qarşıda
bizi başqa işlər gözləyir. Bu
gün biz münasibətlərimizin iqtisadi tərkib hissəsini
necə zənginləşdirmək barədə, hansı yeni
layihələri həyata keçirməyə
hazırlaşmağımız, gələcəkdə fəaliyyətimizi
necə əlaqələndirməyi
planlaşdırmağımız barədə fikir mübadiləsi
etdik. Energetika sahəsində artıq konkret
addımlar nəzərdə tutulmuşdur.
Mən ilk növbədə,
Rusiya Prezidenti Dmitri Anatolyeviç Medvedevə ölkəmizə
səfər etdiyinə, bugünkü razılaşmalara gətirib
çıxarmış müştərək işə
görə bir daha təşəkkür etmək və əmin
olduğumu bildirmək istəyirəm ki, ölkələrimiz
arasında münasibətlər gələcəkdə də
dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq
ruhunda inkişaf edəcəkdir.
Rusiya Prezidenti Dmitri MEDVEDEV bəyanatla
çıxış edərək dedi:
-Hörmətli İlham Heydər
oğlu!
Hörmətli həmkarlar!
Hörmətli kütləvi
informasiya vasitələrinin nümayəndələri!
Bu gün
müstəqil dövlətlər olan Rusiya ilə Azərbaycanın
münasibətləri tarixində həqiqətən çox
əlamətdar gündür. Bu gün biz ölkələrimiz
arasında mövcud olan mürəkkəb məsələlərdən
sonuncusunu qapadıq. Azərbaycan
üçün bu, sərhədin müəyyən edilməsi
barədə ilk saziş, ilk müqavilədir. Ona görə də bu, gələcək münasibətlərimiz
üçün xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan Prezidenti indicə bu münasibətləri
iki strateji tərəfdaşın səmimi dostluq münasibətləri
kimi səciyyələndirdi. Təbii ki, mən
bu fikrə tamamilə şərikəm. Münasibətlərimizin
mahiyyətini kooperasiyamızın praktiki olaraq bütün sahələrində
izləmək mümkündür. İndi
mən həm iqtisadi əlaqələr barədə, həm təhlükəsizlik
mövzularına dair əməkdaşlıq, regional, humanitar əlaqələr
barədə danışa bilərdim. Lakin
mən bu münasibətlərin xüsusi xarakterini hər
şeydən yaxşı səciyyələndirən cəmi
bir misal gətirəcəyəm.
Bildiyiniz kimi, bu il Rusiya Federasiyasına fəlakət üz
vermişdir. Çoxlu yaşayış məntəqəsi
yanmış, insanlar zərər çəkmiş, həlak
olmuş, çoxlu evi alov bürümüşdü. Bu
məqamda azərbaycanlı həmkarlarımız da bizə
dost əlini uzatmış, bizim bir sıra yaşayış məntəqələrində
yanğınların söndürülməsində
iştirak etmişlər. Bu, həqiqətən
çox vacibdir. Xüsusən ona görə
ki, bu cür fəlakətlər adətən, gözlənilmədən
baş verir və çox vaxt sürəkli xarakter
daşıyır. Hətta indi, payızda
da yanğınlar tüğyan edir. Dünən
bizim iki vilayət yanğından zərər çəkmişdir,
yaşayış məntəqələrinə, insanlara ziyan
dəymişdir. Əlbəttə, biz
bunların hamısını hökmən bərpa edəcəyik.
Lakin bir məqam xüsusilə vacibdir ki, bu
cür çətin şəraitdə, - hətta inkişaf
etmiş iqtisadi potensiala malik olan Rusiya kimi böyük ölkə
də çətin vəziyyətə düşə bilər,
- yaxın dostlar kömək əlini uzadır. İlham
Heydər oğlu, görülmüş işlərə
görə bir daha çox sağ olun.
O ki qaldı gələcəyə,
düşünürəm ki, gələcəyimiz çox
yaxşı olacaqdır. Bizim çox perspektivli
layihələrimiz vardır. Bu gün sərhədyanı
Samur çayının su ehtiyatlarından birgə istifadə
edilməsi barədə də müqavilə
imzalanmışdır. Bu ehtiyatlar bizim
müştərək sərvətimizdir və biz sadəcə
olaraq, onlardan daha yaxşı istifadə etməyin yolları
barədə fikirləşməliyik.
Energetika sahəsində
əməkdaşlıq, əlbəttə, ən mühüm
istiqamətdir.
Lakin bu, yeganə istiqamət deyildir. Biz razılığa gəldik ki, bu məsələyə
bəlkə də ayrıca bir görüş, dövlət
başçılarının ayrıca bir zirvə
toplantısını həsr etmək, bütün istiqamətlərdə
vəziyyəti ölçüb-biçmək
lazımdır. Xüsusən ona görə
ki, artıq əlaqələr vardır. Bu
əlaqələr, o cümlədən qaz sferasında əməkdaşlıq
sahəsində kifayət qədər fəal inkişaf etməyə
başlamışdır. Neft, ticarət,
elektrik energetikası sahələrində əməkdaşlıq
da elə istiqamətlərdir ki, biz onlara həqiqətən
daha artıq diqqət yetiririk.
Regional məsələlər
həmişə gündəlikdədir. Biz bu barədə
çox danışmışıq. Təbii
ki, təhlükəsizliyin təmin edilməsi məsələləri
barədə danışmışıq. Lakin
ümid edirəm ki, mətbuat konfransının gedişində
bu cür suallar veriləcəkdir. Çünki
zənnimcə, bu, maraqlıdır. İndi
təfərrüata varmayacağam.
Biz son zamanlar
daha bir ümumi məkanda əldə edilmiş müsbət nə
varsa hamısını qoruyub saxlamağın zəruri
olmasından danışdıq. Bu, Xəzər məkanıdır.
Ümid edirəm ki, irəlidə bu əməkdaşlığı
dərinləşdirmək üçün imkanımız
olacaqdır.
Humanitar sahə
çox vacibdir. İndicə ikonaların verilməsi kimi
rəmzi bir akt baş tutdu. Həmin ikonalar
Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu
ilə gətirilmişdir. Çox
yaxşı haldır ki, bizim hüquq mühafizə idarələri
arasında bu cür əməkdaşlıq inkişaf edir.
Onu demək istərdim ki, Rusiyaya məxsus təbərrüklərin
verilməsinə görə Azərbaycan tərəfinə
bir daha təşəkkürümüzü bildiririk.
Bu, dost jestidir və təbii ki, biz onu müvafiq şəkildə
qiymətləndiririk.
Təhsil sahəsində
mütəxəssislər, mədəniyyət xadimləri
arasında ünsiyyəti davam etdirmək lazımdır. Məhz bu səbəbdən
bu gün Azərbaycan Prezidentinin irəli sürdüyü təşəbbüsü
- Azərbaycanda keçirilən foruma beynəlxalq xarakter vermək
təşəbbüsünü mən tamamilə bəyənirəm.
Mənə belə gəlir ki, bura həm ikitərəfli
humanitar məsələlərin, həmçinin siyasi əlaqələrin
inkişafı məsələlərinin müzakirəsi
üçün, həm də beynəlxalq miqyasda
yaxşı məkandır. Xüsusən
ona görə ki, bu işdə marağı olan tərəflər
vardır - bizim qonşularımız da bu forumda iştirak etməyə
hazırdırlar. Mənə belə gəlir
ki, bu, maraqlı olacaqdır. Hər halda, əgər
azərbaycanlı dostlarımız çağırsalar, biz həmin
forumda məmnuniyyətlə iştirak edəcəyik.
Beləliklə,
bu, həqiqətən əlamətdar səfərdir. Həm formal
baxımdan əlamətdardır, çünki ölkələrimiz
arasında qarşıdakı onilliklər üçün əməkdaşlığın
təməlini yaradan çox mühüm sənəd
imzalanmışdır. Həm də
qeyri-formal mənada, şəxsi ünsiyyət
baxımından əlamətdardır, çünki bu cür
ünsiyyət olmadan mehriban münasibətləri inkişaf
etdirmək mümkün deyildir. Biz
çox görüşürük, çox ünsiyyət
saxlayırıq. Bizim çox mehriban
yoldaşlıq münasibətlərimiz vardır və
ümid edirəm ki, bundan sonra da belə olacaqdır. təkbətək görüş başa
çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin
və Rusiya Prezidenti Dmitri Medvedevin nümayəndə heyətlərinin
iştirakı ilə geniş tərkibdə
görüşü olmuşdur.
Azərbaycan dövlətinin
başçısı İlham ƏLİYEV görüş
iştirakçılarına müraciətlə dedi:
- Hörmətli Dmitri
Anatolyeviç!
Hörmətli qonaqlar!
Sizi Azərbaycanda
bir daha ürəkdən salamlamaq istəyirəm. Biz Sizin
səfərinizə çox böyük əhəmiyyət
veririk.
Əminəm
ki, bu səfərin çox yaxşı nəticələri
olacaqdır. Biz dünən də, bu gün də münasibətlərimizin
çox geniş əhatə dairəsi barədə Sizinlə
hərtərəfli fikir mübadiləsi apardıq, ikitərəfli
xarakter daşıyan bütün məsələləri,
regional problemləri ətraflı nəzərdən
keçirdik.
Görürəm,
Siz bir daha yəqin etdiniz ki, münasibətlərimiz təkcə
ölkələrimiz üçün deyil, həm də
regionda cərəyan edən proseslər üçün
vacibdir.
Mən
çox şadam ki, Sizinlə bərabər bu cür
nüfuzlu nümayəndə heyəti - Rusiya
Federasiyasının müxtəlif səviyyəli rəhbərləri
gəlmişdir. Bu, həm də Sizin münasibətlərimizə
verdiyiniz qiymətin göstəricisidir.
Bu münasibətlər
bizim üçün çox əhəmiyyətli, çox
qiymətlidir.
Bu, strateji tərəfdaşlıq münasibətləri,
dostlar arasında münasibətlərdir. Əminəm
ki, bu səfərin çox yaxşı nəticələri
olacaq, imzalayacağımız sənədlər isə
münasibətlərimizin daha da inkişaf etməsi
üçün çox möhkəm baza yaradacaqdır.
Sizi Azərbaycanda
bir daha salamlamaq istəyirəm. Xoş gəlmisiniz!
X X X
Rusiya Prezidenti Dmitri MEDVEDEV səmimi
qəbul üçün minnətdarlığını
bildirərək dedi:
- Bir daha sağ olun, hörmətli
İlham Heydər oğlu, hörmətli azərbaycanlı həmkarlar.
Həqiqətən,
biz sizinlə məhdud tərkibdə çox geniş fikir
mübadiləsi apardıq. Bu, çox faydalı
oldu.
Qeyd etmək
istərdim ki, bu yeni məkan danışıqlar
aparılması üçün çox rahat, çox
münasibdir.
Belə ki, Azərbaycan tərəfi
danışıqların səmərəli keçməsi
üçün hər cür şərait yaratmış və
bunu çox gözəl etmişdir.
Mənə belə
gəlir ki, ənənəyə görə bizim hökumətlərarası
komissiyaların məşğul olduğu bəzi iqtisadi məsələləri
indi geniş tərkibdə müzakirə etmək olar, həmin
komissiyaların rəhbərləri buradadırlar.
Regional təhlükəsizliyin
təmin edilməsi məsələləri ilə
yanaşı, əməkdaşlığımızın
iqtisadi komponentinə daha artıq diqqət yetirmək olar. Keçən il, böhranla əlaqədar, bizim ticarət
dövriyyəsi üçün o qədər də sadə
il olmamışdır - ticarət dövriyyəsi
azalmışdır.
Bu il
müsbət meyillər var, lakin əlbəttə, həmin
meyilləri möhkəmlətmək üçün biz
lazım olan hər işi görməliyik. Yeni
layihələrə başlamaq, yeni təmas nöqtələri
tapmaq barədə fikirləşməliyik. Yeri gəlmişkən, Sizinlə təkbətək
görüş zamanı biz bəzi ideyaları müzakirə
etdik. Zənnimcə, indi həmin
ideyaları həmkarlarımızla da bölüşmək
olar.
Bir daha çox sağ olun.
Rəsmi
qarşılanma mərasimindən sonra Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Rusiya
Federasiyasının Prezidenti Dmitri Medvedev ilə təkbətək
görüşü olmuşdur.
Azərbaycan dövlətinin
başçısı İlham ƏLİYEV Rusiya Prezidentinə
müraciət edərək dedi:
- Hörmətli Dmitri
Anatolyeviç, bir daha Sizi Azərbaycanda salamlamaq istəyirəm.
Xoş gəlmisiniz. Biz Sizi
görməyə həmişə şadıq.
Bu,
görüşmək, qarşılıqlı maraq doğuran
məsələləri müzakirə etmək
üçün yaxşı imkandır. Münasibətlərimizin
vəziyyəti bizi çox sevindirir. Bizim
bir-birimizə tez-tez qonaq getməyimiz münasibətlərimizin
yaxşı göstəricisidir.
Münasibətlərimizin
gündəliyi çox genişdir. Biz müxtəlif
istiqamətlərdə çox səmərəli işləyirik.
Münasibətlərimiz səmimiliyi ilə fərqlənir.
Bu, mehriban qonşular, dostlar, strateji tərəfdaşlar
arasındakı münasibətlərdir.
Əminəm
ki, ölkəmizə səfəriniz əlaqələrimizin gələcək
inkişafı və uğurla irəliləməyimiz işində
çox əhəmiyyətli olacaqdır. Xüsusən
ona görə ki, müzakirə edilməli məsələlər
və qəbul edilməli vacib qərarlar vardır.
Bir daha Sizi
ürəkdən salamlayıram. Xoş gəlmisiniz!
Rusiya Prezidenti Dmitri MEDVEDEV təşəkkürünü
bildirərək dedi:
- İlham Heydər oğlu,
çox sağ olun! Xoş sözlərə, nümayəndə
heyətimizin artıq dünən hiss etdiyi qonaqpərvərliyə
görə çox sağ olun!
Həqiqətən,
münasibətlərimiz mehriban qonşuluq, dostluq və strateji
münasibətlərdir. Ümidvaram ki, bu səfər zamanı
cari məsələləri, ikitərəfli münasibətlərimizi,
regional gündəliyi, beynəlxalq məsələləri
müzakirə edə biləcək və əlbəttə,
Sizinlə yetərincə uzun müddət müzakirə
etdiyimiz və komandalarımızın üzərində
işlədiyi çox mühüm sənədləri
imzalayacağıq. Odur ki, bu gün bu
baxımdan çox əhəmiyyətli gündür.
Gələcəklə
bağlı mən tamamilə razıyam ki, bizim həm burada,
Azərbaycanda, həm də Rusiya Federasiyasında, digər
yerlərdə, müxtəlif sammitlərdə müntəzəm
görüşməyimiz, ünsiyyətdə
olmağımız uzun illər üçün sıx,
möhkəm və dostluq münasibətlərinin təminatıdır.
Biz Rusiya-Azərbaycan münasibətlərini belə
görürük. Azərbaycan
Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Dmitri Medvedev
xanımları ilə birlikdə "İçərişəhər"
Dövlət Tarix-Memarlıq Qoruğunu gəzmiş, Dənizkənarı
Milli Parkda olmuşlar.
Ölkəmizdə
rəsmi səfərdə olan Rusiya Prezidenti Dmitri Medvedevin və
xanımı Svetlana Medvedevanın Bakı ilə
tanışlığı Filarmoniya bağından
başladı.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı
Mehriban Əliyeva əsaslı yenidənqurmadan sonra ötən
il istifadəyə verilən bu
bağın tarixi barədə Rusiyanın dövlət
başçısına məlumat verdilər. Bildirildi
ki, son illər Bakıda park və bağların yenidən
qurulması diqqət mərkəzində saxlanılır.
Bundan əsas məqsəd insanların mənalı
istirahətini təşkil etməkdir.
Daha sonra
qonaqlar İçərişəhəri gəzintiyə
çıxdılar. Bildirildi ki, Azərbaycan tarixinin və mədəniyyətinin
incisi olan İçərişəhər dünya mədəni
irsinin nadir abidələrindəndir.
Azərbaycan
tarixinin canlı əfsanəsi olan İçərişəhər
memarlıq kompleksi dünyada misilsiz abidələrdən
biridir. Burada aparılan arxeoloji qazıntılar zamanı
milli dövlətçilik tarixinin açılmamış səhifələri
öyrənilmiş, Böyük İpək yolunun
üstündə yerləşən qədim Bakının
strateji əhəmiyyətini təsdiq edən tarixi faktlar
aşkar olunmuşdur. Elə buna görə də 1985-ci
ildən Dövlət Tarix-Memarlıq Qoruğu elan edilən
İçərişəhər 2000-ci ildən YUNESKO-nun
Dünya irs siyahısına daxil
edilmişdir.
Rusiyanın
dövlət başçısı və xanımı
İçərişəhərdə milli mətbəximizin
nümunəsi olan təndir çörəyinə qonaq
oldular.
İçərişəhərin
ən mühüm tarixi tikililərindən olan Karvansara da
qonaqlarda böyük maraq doğurdu. Qeyd olundu ki, qədim
Şərq həyatının ən mühüm
atributlarından olan karvansara bu gün təyinatı üzrə
istifadə olunmasa da, ulu tariximizin bir parçası kimi buraya
gələn qonaqlarda maraq doğurur.
Qonaqlar
Şirvanşahlar sarayında da oldular. Qeyd edildi ki,
Şirvanşahlar saray kompleksi XV əsrin əvvəllərində
tikilmişdir. Kompleksə daxil olan abidələr
İçərişəhərin ən yüksək yerində
yerləşir. Qız qalası da
sarayın yaxınlığındadır. Eradan əvvəl VII-VI əsrlərdə əsası
qoyulan Qız qalası XII əsrdə bərpa edilmişdir.
Hündürlüyü 28 metr, diametri 16-16,5
metr olan Qız qalası silindr formalı əsl qaladan və cənub
tərəfdən ona bitişən iri bir tikilidən ibarətdir.
Məscid-mədrəsə və XII əsrə
aid bazar da burada yerləşir. Burada o
dövrə aid qəbir daşları və totemlər
saxlanılır.
Rusiya Prezidenti
burada şəkil çəkdi. Sonra birlikdə şəkil
çəkdirildi.
Prezident Dmitri
Medvedev və xanımı İçərişəhərdə
nümayiş olunan milli sənətkarlıq nümunələrinə
də baxdılar.
Rusiya dövlətinin
başçısının diqqətinə
çatdırıldı ki, İçərişəhər
ərazisində Azərbaycan alimləri arxeoloji
qazıntılar aparmış və Azərbaycan tarixinə
dair bir çox qiymətli maddi-mədəniyyət nümunələri
aşkar etmişlər. İndi Azərbaycan muzeylərinin ən
qiymətli eksponatları olan bu tapıntılar tariximizin qədim
dövrlərinin öyrənilməsi üçün
geniş imkanlar açır.
Qonaqlar üzərində
paytaxtımızın rəmzi olan qədim abidələrimizin
əks olunduğu suvenirlərə də baxdılar.
Azərbaycan rəssamlarının
çəkdiyi əsərlər də qonaqlarda maraq
doğurdu. Rusiya Prezidenti və xanımı İçərişəhərdə
yerləşən qalereyada qədim abidələrimizin əks
olunduğu rəsm əsərlərinə tamaşa etdilər.
Qonaqlar
çay süfrəsi arxasında İçərişəhərdən
bəhs edən filmə baxdılar.
Rusiya Prezidentinə
xatirə olaraq hədiyyə təqdim olundu.
Daha sonra Azərbaycan
Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva,
Rusiya Prezidenti Dmitri Medvedev və xanımı Svetlana Medvedeva Dənizkənarı
Milli Parkda gəzintiyə çıxdılar.
Bildirildi ki, son
illər Bakıda aparılan yenidənqurma işləri Dənizkənarı
Milli Parkda da geniş vüsət almışdır. Paytaxt sakinlərinin
və Bakıya gələn qonaqların ən çox üz
tutduğu məkanlardan biri olan bulvar son bir neçə ildə
görkəmini tanınmaz dərəcədə dəyişmişdir.
Yenidənqurma işləri zamanı milli
üslubla beynəlxalq təcrübə peşəkarlıqla
uzlaşdırılmışdır. Hazırda
öz gözəlliyi ilə diqqəti çəkən
Bakı bulvarı Azərbaycan paytaxtına xüsusi
yaraşıq verir.
Azərbaycan
paytaxtı ilə tanışlıq Rusiya dövlətinin
başçısında və xanımında zəngin təəssürat
doğurdu.
X X X
Rusiya Federasiyasının
Prezidenti Dmitri Medvedevin Azərbaycan
Respublikasına
rəsmi səfəri sentyabrın 3-də başa
çatmışdır.
Səs.- 2010.- 4 sentyabr.- S. 2-5.