Rusiya-Azərbaycan münasibətlərində
yeni mərhələ açılır
Dünən Bakı Dövlət Universitetində Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevə BDU-nun fəxri doktoru adının verilməsinə həsr edilmiş mərasim keçirilmişdir. BDU-nun rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Milli Məclisin deputatı Abel Məhərrəmov mərasimdə çıxış edərək, Rusiya Prezidenti Dmitri Medvedevin həyat və fəaliyyətinin əsas mərhələləri barədə məlumat vermişdir.
BDU-nun rektoru ölkələrimiz arasında dinamik inkişaf etməkdə olan münasibətlər barədə söhbət açaraq, təhsil sahəsində qədim tarixi köklərə malik olan Azərbaycan-Rusiya əməkdaşlığı üzərində ətraflı dayanmışdır. Azərbaycanın qocaman ali məktəbi, ilk rektoru professor Razumovski olmuş Bakı Universitetində Rusiyanın tanınmış alimləri mühazirələr oxumuşlar. Universitetin məzunları arasında dünya elminin fəxri sayılan görkəmli alimlər az olmamışdır. Onlardan biri də Nobel mükafatı laureatı Lev Landau olmuşdur. Azərbaycan alimlərinin çoxu Rusiyanın ali məktəblərində təhsil almış, Moskvanın və Sankt-Peterburqun elmi mərkəzlərində öz ixtisaslarını artırmışlar.
Son illərdə elm və təhsil sahəsində ikitərəfli münasibətlərin fəal inkişaf etdiyini söyləyən A.Məhərrəmov demişdir ki, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakıda filialının açılması buna əyani nümunədir. Bu filial Azərbaycan ali məktəbləri üçün nümunəyə çevrilmişdir. Bakı Dövlət Universiteti də Rusiyanın ali məktəbləri ilə sıx əməkdaşlıq edir. Hazırda BDU-da rus dilində təhsil uğurla həyata keçirilir. Azərbaycanda rus dilinin qorunub saxlanmasına yönəlmiş çoxsaylı tədbirlər görülür.
Akademik Abel Məhərrəmov Rusiya Prezidenti Dmitri Medvedevin bu səfərinin Azərbaycan ilə Rusiya arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşməsi üçün əhəmiyyətini vurğulayaraq əmin olduğunu bildirmişdir ki, ATƏT-in Minsk qrupunun həmsədri olan dost dövlətin başçısı Azərbaycan üçün ən ağrılı problemin - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində və beynəlxalq hüquq normaları əsasında tezliklə və ədalətli həll edilməsi üçün hər cür səy göstərəcəkdir.
Sonra Abel Məhərrəmov Rusiya Prezidentinin vahid humanitar məkanın möhkəmləndirilməsi işinə şəxsi töhfəsinə, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında elm və təhsil sahəsində əlaqələrin genişləndirilməsində, dostluq və qardaşlığın möhkəmləndirilməsində fəal iştirakına görə ona BDU-nun fəxri doktoru adı verilməsi barədə universitetin Böyük Elmi Şurasının qərarını elan etmişdir.
Dmitri Medvedevə BDU-nun fəxri doktoru mantiyası və diplomu təqdim edilmişdir.
Rusiya Prezidenti Dmitri Medvedev mərasimdə
çıxış etmişdir. O, Azərbaycanın
qocaman ali məktəbinin
Elmi Şurasının üzvlərinə
ona göstərdikləri etimada
görə təşəkkür edərək demişdir:
"Burada olmaq və fəxri
doktor dərəcəsini almaq mənim üçün
çox xoşdur. Mən məmnunam ki, bu hadisə səfərim
çərçivəsində baş vermişdir". Rusiya
Prezidenti bu səfərinin əlamətdar olduğunu
vurğulayaraq bildirmişdir ki, bu gün imzalanan sənədlər
Rusiya-Azərbaycan münasibətlərində yeni mərhələ
açır. Rusiya Prezidenti Azərbaycan və Rusiya münasibətlərinin
çoxillik tarixə malik olduğunu və
dostluq-qardaşlıq münasibətlərinə əsaslandığını
söyləmişdir. Rusiya Prezidenti demişdir:
-Biz bundan sonra da maksimum
sıx qarşılıqlı fəaliyyət göstərməli,
bir-birimizi öyrənməliyik. Çünki ümumiyyətlə,
öyrənmək heç vaxt gec və eyib deyildir. Uzun
müddət birlikdə olduğumuza və indi çox
yaxın tərəfdaşlar, dost ölkələr
olduğumuza görə bir-birimizi əla
tanıdığımızı düşünmək
azdır.
Dilləri öyrənmək
lazımdır. Yeri gəlmişkən, təkcə rus dilini
deyil, Rusiyada Azərbaycan dilini də öyrənmək
lazımdır. Xüsusən ona görə ki, Rusiyada
çox böyük və güclü Azərbaycan diasporu
vardır. Bununla məşğul olmaq lazımdır. Təhsil
proqramları da lazımdır.
Yeri gəlmişkən,
bu baxımdan Azərbaycanda hər şey çox yaxşı
görünür, mən hətta deyərdim ki, hər şey
əladır, çünki on minlərlə məktəbli, tələbə
rus dilini öyrənir. Bu o deməkdir ki, biz həmişə
eyni dalğada olacağıq. Gərək Rusiyada da buna
oxşar proqramlar olsun.
Dünən mən bizim nümayəndə heyətinin buraya gəlişi münasibətilə təntənəli qəbulda ziyafətdəki çıxışımda dedim ki, biz bunun çox vacib olduğunu başa düşərək, Rusiya Federasiyasında Azərbaycan telekanallarından birinin pulsuz fəaliyyət göstərməsi barədə qərar qəbul etmişik - Azərbaycanın tarixi və müasir həyatı ilə maraqlananların hamısı üçün və əlbəttə, Moskvada yaşayan və işləyən Azərbaycan vətəndaşları üçün, ümumiyyətlə Moskvadakı Azərbaycan diasporu üçün.
Bu gün Rusiyada çoxlu sayda azərbaycanlı tələbənin təhsil aldığını deyən Dmitri Medvedev bunun dəyərsiz kapital olduğunu qeyd edərək vurğulamışdır ki, məhz bu insanlar gələcək əməkdaşlıq üçün əsas yaradacaqlar. Rusiya Prezidenti bir qədər əvvəl hər iki ölkənin tarixində çətin dövrün yaşandığını xatırladaraq, bunun artıq geridə qaldığını diqqətə çatdıraraq demişdir:
-Mən Rusiya Federasiyasının Prezidenti kimi son vaxtlar üç dəfə Azərbaycana gəlmişəm. Bu, ümumiyyətlə desək, Rusiya Prezidentinin Azərbaycana səfərlərinin misli görünməmiş tezliyi deməkdir. Mənə belə gəlir ki, ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsi üçün bu, həqiqətən vacibdir.
İlham Heydər oğlu dəfələrlə bizim ölkədə - Moskvada, Peterburqda, başqa şəhərlərdə olmuşdur. Bunlar həm rəsmi, həm də qeyri-rəsmi tədbirlər idi. Mən bunu çox yüksək qiymətləndirirəm. Ona görə ki, nə gizlədim, dövlətlərin liderləri arasında mehriban münasibətlərdən, əlbəttə, çox şey asılıdır.
Bu baxımdan, əsası sizin universitetin daha bir məzunu - müstəqil Azərbaycan dövlətinin banisi, Azərbaycanın sədaqətli oğlu kimi sevdiyimiz və qiymətləndirdiyimiz, mahiyyət etibarı ilə müəyyən, çox çətin dövrdə millətin birləşməsinə şərait yaratmış və onu keyfiyyətcə yeni səviyyəyə qaldırmış Heydər Əlirza oğlu Əliyev tərəfindən qoyulmuş ənənələr, əminəm ki, bizim fəaliyyətimiz sayəsində davam etdiriləcək və zənginləşəcəkdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə toxunan Dmitri Medvedev Rusiyanın bu məsələdə öz vasitəçilik məsuliyyətini dərk etdiyini, son zamanlar Rusiya dövlət başçısının iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin birgə görüşlərinin keçirildiyini bildirmişdir. O vurğulamışdır ki, Rusiya bu problemin həllində maksimum dərəcədə maraqlıdır. Səmimi şəkildə tələbələrə müraciət edən ali qonaq ölkəmizdə elmlə məşğul olmaq üçün bütün şəraitin yaradıldığını söyləmişdir. Bildirmişdir ki, Bakı sürətlə gözəlləşir, eyni zamanda burada çox xoş ab-hava vardır. O, tələbələrə Azərbaycan-Rusiya münasibətlərinin tarixini öyrənməyi tövsiyə edərək demişdir ki, ölkələrimiz arasında gələcək münasibətlər məhz siz gənclərdən asılıdır.
Sonda Rusiya Prezidenti ona Bakı Dövlət Universitetinin fəxri doktoru adının verilməsi münasibətilə bir daha təşəkkürünü bildirmişdir.
Mətləb
Səs.- 2010.- 4 sentyabr.- S. 6.