Yeni Azərbaycan Partiyası seçkiyə
tam hazırdır
Mübariz Qurbanlı: "Biz namizədlərimizi
seçki qanunvericiliyinin tələblərinə uyğun
olaraq zamanında açıqlayacağıq"
“YAP seçkiyə tam
hazırdır, partiyamız seçkidə qələbə
çalmaq əzmindədir və bu seçkidə də
qələbə əldə edəcəyimizə
şübhəmiz yoxdur. Keçirdiyimiz bütün rəy
sorğuları da bunu deməyə əsas yaradır. Eyni
zamanda, Prezidentimiz və partiyamızın Sədri İlham
Əliyevin həyata keçirdiyi siyasətin əhali,
seçicilər tərəfindən müdafiə
olunması, bizim irəli sürəcəyimiz
namizədlərin də müdafiə edilməsi,
dəstəklənməsini deməyə əsas verir". Bu
fikirləri söyləyən YAP İcra katibinin müavini,
millət vəkili Mübariz Qurbanlı onu da bildirdi ki, hakim
partiya növbəti seçkilərdə iştirak
edəcək namizədlərini
müəyyənləşdirərkən, həmin
namizədlərin partiyadakı əsas fəaliyyəti və
seçicilər qarşısında götürdüyü
öhdəlikləri yerinə yetirməsi
məsələlərinə daha çox diqqət yetirir. Onunu
sözlərinə görə, həmin şəxslərin -
onlar YAP-ın parlamentdəki təmsilçiləri, Milli
Məclisin üzvləri, yaxud da yenidən namizəd olacaq
şəxslər ola bilər - o bölgədə, o
əhatədə olan nüfuzu və əhali içərisində
onlara veriləcək dəstək məsələləri
də diqqət mərkəzindədir: "Biz sonuncu
dəfə bələdiyyə seçkilərini
keçirərkən xeyli məsələləri bir daha orada
müzakirə edərək, seçkidə tətbiq olunan
yenilikləri bu dəfə daha geniş şəkildə
tətbiq etmək niyyətindəyik. Mən, eyni zamanda,
YAP-ın namizədlər siyahısının
açıqlanması adı altında mətbuatda gedən
ajiotajı, doğrusu, bir az başa düşmürəm. Hər
bir partiyanın seçki siyasəti, taktikası,
strategiyası var və hər bir partiya seçkiyə
gedəcək namizədlərini, nümayəndələrini,
yəqin ki, zamanında müəyyənləşdirir,
vaxtı gələndə onu açıqlayır. Bu gün
qanun bizə hansısa bir formada namizədlərimizin hansı
dairədən gedəcəyini açıqlamağa məcbur
etmir. Biz namizədlərimizi seçki qanunvericiliyinin
tələblərinə uyğun olaraq zamanında
açıqlayacağıq. YAP-ın siyahı problemi və
bununla əlaqədar, hər hansı bir bağlı,
qapalı söhbət yoxdur. Partiyanın namizədləri
zamanında müəyyən olunaraq, müvafiq
dairələrdən irəli sürüləcək. Bir
sözlə, partiyamız bu yöndə işləri xeyli
vaxtdır aparır və bu barədə də partiyanın
müvafiq strukturlarında işlər gedir". "Yeri
gəlmişkən, onu da qeyd edək ki, hazırda YAP-ın
parlamentdə 64 nəfər təmsilçisi var. Görəsən,
həmin 64 millət vəkili və parlamentdə YAP-ın,
iqtidarın siyasətini dəstəkləyən digər
şəxslər, bitərəflər, partiyalı insanlar YAP-ın
növbəti namizədlər siyahısına
salınacaqlarmı?" sualını cavablandıran
M.Qurbanlı bildirdi ki, YAP öz namizədlərini irəli
sürəcək, eyni zamanda, ola bilsin ki, bəzi
dairələrdə hakim partiya Azərbaycan üzrə
tanınmış, Azərbaycan xalqı, seçiciləri
tərəfindən böyük dəstəyə malik olan
bitərəf insanları, o cümlədən,
Azərbaycanın elm, mədəniyyət və digər
sahələrində böyük uğurlar qazanmış
şəxslərin namizəd olduğu dairələrdə
onları dəstəkləsin. Yəni, bu, əvvəllər
də olub, indi də ola bilər, bu dəfə də istisna
deyil.
R.HÜSEYNOVA
Səs.- 2010.- 4 sentyabr.- S. 8.