YAP HUMANİZM PRİNSİPLƏRİNİN RƏMZİNƏ ÇEVRİLİR

 

YAP İcra Katibliyi Beyləqan və Füzuli rayonlarındakı "N" saylı hərbi hissədə əsgərlərlə növbəti görüş keçirib

 

Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Beyləqan və Füzuli rayonu istiqamətində cəbhə xəttində "N" saylı hərbi hissədə olmuş, əsgər və zabit heyəti ilə görüş kecirmişdir. Görüşdə YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı, YAP Siyasi Şurasının üzvləri - Milli Məclisin deputatları Musa Quliyev, Mirkazım Kazımov, Milli Məclisin deputatı Əhəd Əhmədov, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev və "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu iştirak etmişdir. 

Səfər çərçivəsində YAP-ın təmsilçiləri ilk öncə hərbçilərin şəraiti və döyüş hazırlığının vəziyyəti ilə tanış oldular. Həmçinin, əsgərlərlə birgə nahar etdilər. Sonra nümayəndə heyətinin üzvləri müşahidə məntəqəsindən düşmən tərəfinin mövqelərini izlədilər.

 

"GƏNCLƏR PARTİYAMIZIN GÜCLÜ DAYAQLARINDAN BİRİDİR"

 

Qeyd edək ki, görüş zamanı YAP tərəfindən hərbçilərə hədiyyələr təqdim edildi.

YAP Sədrinin müavini Ə.Əhmədov əsgərlər qarşısında çıxış edərək bildirdi ki, Yeni Azərbaycan Partiyası mütəmadi olaraq hərbçilərlə görüş keçirir, onların xidmət şəraiti ilə tanış olur, əhval-ruhiyyəsini öyrənir: "Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, ön cəbhədə dayanan əsgərlərimizin kifayət qədər yüksək döyüş əhval-ruhiyyəsini hiss etdik. Bu əhval-ruhiyyə bizə tam qətiyyətlə belə fikir söyləməyə əsas verir ki, Azərbaycan Ordusu, qəhrəman əsgərlərimiz düşməni istənilən an torpaqlarımızdan qovmağa hazırdırlar və onların hər biri Ali Baş Komandanın əmrini gözləyirlər. Biz hərbçilərimizdə qəhrəmanlıq əhval-ruhiyyəsini gördük".

"Bu gün Azərbaycanın güclü ordusu var" fikrini söyləyən YAP Sədrinin müavini Əli Əhmədov bildirdi ki, ordumuz lazımi texnika ilə təchiz olunub və kifayət qədər yüksək nizam-intizama malikdir. Onun fikrincə, bizim ordumuz Azərbaycanın ərazilərini işğaldan azad etməyə tam qadirdir: "Ordumuzda xidmət edən hərbçilər ölkəmizin təhlükəsizliyinin keşiyində əzmkarlıqla dayanırlar və bu təhlükəsizliyin təmin edilməsi istiqamətində öz vəzifələrini layiqincə yerinə yetirirlər".

Əli Əhmədov onu da vurğuladı ki, cəbhə xəttində Azərbaycanın şərəfini qoruyan əsgərlər YAP-ın şərəfini də ləyaqətlə qoruya bilərlər: "Ona görə də, Azərbaycan ordusunda xidmət edən gənc əsgərlərin hərbi xidmətlərini başa vurandan sonra YAP-ın sıralarına qoşulmaları da yaxşı olardı. Bu gün gənclər partiyamızın güclü dayaqlarından biridir".

Onu da bildirək ki, təmas xəttində xidmət edən hərbçilər sərbəst vaxtlarını da səmərəli keçirir, hətta intellektual oyunlarla da məşğul olurlar. Gənc əsgərlərimiz qonaqlarla da belə oyun oynayıblar. Belə ki, YAP İcra katibinin müavini, Milli Məclisin deputatı  Mübariz Qurbanlı Anar Məmmədov adlı əsgərlə dama oyunu zamanı heç-heçə edib. YAP İcra katibinin müavini, millət vəkili  Mübariz Qurbanlı əsgərlərlə görüşdən məmnunluq duyduğunu və Azərbaycanın güclü ordusunun formalaşdığını bildirdi. O, qeyd etdi ki, yüksək döyüş hazırlığına malik olan silahlı qüvvələrimiz hər an işğal olunmuş torpaqları azad etməyə qadirdir: "Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev ordu quruculuğunu daim diqqət mərkəzində saxlayır. Təsadüfi deyil ki, dövlət bücdəsindən müdafiə xərclərinə daha böyük vəsait ayrılır. Bu fakt dövlətimizin orduya olan diqqətinin nümunəsidir. Biz bu gün YAP nümayəndələri olaraq hərbi hissələrimizdəki vəziyyəti əyani şəkildə görürük. Gördüklərimiz isə bizi çox sevindirir. İşğalçı ordu bizim silahlı qüvvələrimizin qarşısında duruş gətirmək iqtidarında deyil".

 

"MİLLİ ORDUMUZ ALİ BAŞ KOMANDANIN ƏMRİ İLƏ BİR HƏMLƏDƏ DÜŞMƏNİ MƏHV EDƏRƏK TORPAQLARIMIZI İŞĞALDAN AZAD ETMƏK QÜDRƏTİNƏ MALİKDİR"

 

YAP Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev çıxışında bildirdi ki, YAP nümayəndələri tez-tez cəbhə bölgəsində olur, əsgərlərin  vəziyyəti ilə tanış olurlar. Bu səfər də həmin səfərlərdən biridir: "Beyləqan bölgəsində "N" saylı hərbi hissəsində görüşlərimiz zamanı bir daha Azərbaycan Ordusunun qüdrətini, sağlam əhval-ruhiyyəni, hərbçilərimizin hər an döyüşə hazır vəziyyətdə olduğunu gördük. Ali Baş Komandanın əmri ilə bir həmlədə düşməni məhv edərək torpaqlarımızı işğaldan azad etmək qüdrətini və arzusunu gördük. Eyni zamanda, əsgərlər üçün yaradılmış şəraitin qənaətbəxş olduğunu gördük. Onların kazarmaları səliqəli, təmiz idi. Onlarla nahar da etdik. Bütün bunlar mənim üçün çox yaddaqalandır. Bütün bunlar göstərir ki, ordumuza dövlət tərəfindən göstərilən qayğı çox yüksək səviyyədədir və bu qayğı vətənin toxunulmazlığına göstərilən qayğıdır. Biz Füzuli bölgəsində çox ucadan yüksələn Azərbaycan bayrağını da gördük. Bu bayraq işğal olunmuş torpaqlarımızdan da görünür. Düşmənlər də hər gün bayrağımızı görərək özlərinin nə qədər müvəqqəti durumda olduqlarını dərk edirlər. İnanırıq ki, gec-tez Azərbaycan bayrağı qüdrətli ordumuzun sayəsində ölkəmizin bütün hüdudlarında dalğalanacaq".

 

"AZƏRBAYCAN ORDUSU İŞĞALÇIYA ÖZ YERİNİ GÖSTƏRƏCƏK"

 

YAP Siyasi Şurasının üzvü, millət vəkili Mirkazım Kazımov da səfər təəssüratlarından razı qaldığını söylədi. Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri NATO standartlarına cavab verirbu ordu dünyanın müxtəlif qaynar nöqtələrində sülh və təhlükəsizliyə xidmət edir. Millət vəkili ordumuzun güclü olduğunun müxtəlif beynəlxalq dairələrin də etiraf etdiyini qeyd etdi: "Ona görə də, işğalçı Ermənistan ciddi düşünməlidir. Təcavüzkar sülh yolu ilə torpaqlarımızı tərk etməsə, Azərbaycan Ordusunun  onlara öz yerini göstərəcək".

 

"TORPAQLARIMIZI AZAD ETMƏYİ SƏBİRSİZLİKLƏ GÖZLƏYİRİK"

 

Azərbaycan Silahlı Qüvvələrinin zabiti Vüqar Mehdiyev də torpaqlarımızın işğaldan azad edilməsi üçün Ali Baş Komandanın əmrini gözlədiklərini bildirdi: "Ordumuz qısa müddətdə işğalçıları torpaqlarımızdan qovmağa hazırdır. Bütün hərbçilər belə bir əmr olarsa, döyüşə getməyi, torpaqlarımızı azad etməyi səbirsizliklə gözləyirik".

Qeyd edək ki, cəbhə bölgəsinə səfər çərçivəsində YAP-ın nümayəndə heyəti Beyləqan şəhərində də oldu. Partiyanın nümayəndə heyətinin üzvləri öncə rayonun mərkəzində ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət etdi, abidənin önünə gül-çiçək dəstəsi düzdülər. Daha sonra YAP Sədrinin müavini, İcra katibi, millət vəkili Əli Əhmədov YAP Beyləqan rayon təşkilatının yeni binasının tikintisinin gedişi ilə tanış oldu. Ə.Əhmədova məlumat verildi ki, iki mərtəbəli yeni inzibati binanın hər mərtəbəsi 250 kvadratmetrdir. Burada qərargahın normal fəaliyyəti üçün bütün şəraitin yaradılması nəzərdə tutulur. Bir sıra otaqlardan ibarət olacaq qərargahda, həmçinin, iclas zalı, istirahat yeri, foto-guşələrin yaradılması da nəzərdə tutulur. YAP Beyləqan rayon təşkilatının yeni binasının tikintisi təxminən iki ay müddətində başa çatdırılacaq. 

YAP nümayəndə heyəti, həmçinin, Beyləqan rayonunun tarix-diyarşünaslüq muzeyini və "Azərbaycanlıların soyqırımı" abidəsini də ziyarət etdilər.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2010.- 7 sentyabr.- S. 8-9.