Hanı o səndəki el, Dərələyəz?!

 

Yamanca istidir! Yaxşı ki, bu isti var! Yoxsa o cənnətmisallı itirilmiş məkanları iblis bizə unutdurar! Yox, yox! İçində Allah sevgisi gəzdirən vətən oğullarına, vətən qızlarına iblisin gücü çatmaz! Həyətdəki qızılgüllərə nəzər yetirdim. Ləçəklər yamanca  soluxub. Bax, beləcə bu avqust istisi məni apardı Kəlbəcərə, Dərələyəzə, Göyçəyə, külli Qarabağa, möhtərəm Prezidentimiz İlham Əliyev demiş Əzəli Azərbaycan torpaqları üstündə qurulmuş Ermənistan adlı torpaqlarımıza, o torpaqlardakı bumbuz bulaqlara, Oğuz at kişnərtili çaylara, şah vüqarlı dağlara, Göyçə gölünə... daha bilim haralara?! Beləcə isti məni apardı Dərələyəzin qartal vüqarlı oğlu Həsən Mirzə dünyasına.

Bu gün Azərbaycan ictimaiyyətinin elm siyasi xadim, Azərbaycan poeziyasının bilicisi, hörmətli el ağsaqqalı kimi tanıdığı H.MirzəninHanı o səndəki el, Dərələyəz?!” kitabı kiçik yazının ərsəyə gəlməsinə təkan verdi. Vətən torpağının dilbər guşələrindən biri olan Dərələyəz.  Bu toponim hamı üçün, bizim üçün, bizim soy-kök üçün daha da əzizdir. Mürəkkəbi şairin ürək qanından olanHanı o səndəki el, Dərələyəz?!” kitabı məni H.Mirzənin zəngin dünyası ilə baş-başa buraxıb bu isti yayda yaxşıca sərinlik ovqatı yaratdı. özümə bir sual da verdim: Axı hardandır bu zəngin dünya, bu zəngin dünyagörüş? Bu zənginlik haradan qaynaqlanır? İnsanların xarakterini böyüyüb-başa çatdığı təbiətlə bağlayıblar. Lakin sovetlər dönəmində belə düşünmə tərzini yad burjua fəlsəfəsi kimi qəbul etdirirdilər.

Eləcə şair özü demiş "cənnət məkanda" doğulması onun dünyasının zənginliyinə səbəb deyilmi? "Ey cənnət məkanım" ifadəsi bizi Qurani-Kərimə müraciətə aparıb çıxarır. Hicr Surəsinin 45-ci ayəsi "Cənnətlərdə, bulaqlar başındadır müttəqilər, şübhəsiz" Hacc surəsinin 14-cü ayəsi "O kəslər ki, iman gətiriblər, saleh işlər görüblər, içindən çaylar axan cənnətlərə salar onları Allah!"

H.Mirzənin bu misraları erməni işğalına məruz qalan torpaqlarımızın dəyərliliyini bütün dünyaya şeir dilində çatdırır. Şeirlərdə ən böyük nəticə: cənnəti dinsizlərə, müşriklərə vermək olarmı? Yaxud "Cənnət uğrunda şəhidliyə dəyər" fikirləridir. H.Mirzə təkcə bu misralarla Dərələyəz timsalında itirilmiş bütün cənnət misallı torpaqlarımızın xilası yolunda hər birimizi səfərbər edir. " H.Mirzə dünyasının zənginliyinin bir səbəbi onun İbrahim Mirzəlioğlu ocağında göz açmasıdır. Səadət Butanın "Dərələyəz" poemasını oxumaq kifayət edər ki, Mirzəlioğlu müdrikliyi, hünəri, əyilməzliyi oxucuya bəlli olsun. 30-cu illərdə Ermənistan SSR daxili işlər nazirinin sifətinə qamçının sapını çırpmaqla Mirzəlioğlu bütün daşnaklara o yurdun ərən oğulları adından cavab vermişdi.

    H.Mirzə dünyasının zənginliyinə səbəb mühüm qaynaq qalır! O qaynaq H.Mirzə həyatında XX əsrin 80-ci illərindən Heydər Əliyev şəxsiyyəti ilə çiyin-çiyinə milli-azadlıq mücadiləsinə qalxmasıdır. Məhz bu mücadilə H.Mirzə dünyasında, xarakterində yeni siyasi-mənəvi çalarlar yaradır. Elə bu çalarlar da onu xalqının gözündə yüksəkliklərə qaldırır. Allah vergisi sayılan şairlik H.Mirzə üçün poeziyaya, Vətən dərdinə, Dərələyəz dərdinə yüklənmiş ürəyin boşalmasıdır ki, bu da təbsiz, ilhamsız olmur. H.Mirzə "qələmi havayı zəhmətə salan", "ilhamı gəlməsə əlinə qələm alan" şairlərdən deyil. İlhama söykənən H.Mirzə qələmi təbiətlə məhdudlaşa bilmir. Bu qələm onu millətin şairi səviyyəsinə yüksəldir. Necə ki, "Təbriz" rədifli qoşmasında H.Mirzə millətin tərifini verməklə:

 

O taylı, bu taylı boyların birdir,

Güneyli-Quzeyli soyların biridir,

Dərd-qəmin, ələmin, toyların biridir,

Qardaşıq, qardaşı unutma, Təbriz!

Həsən Mirzəni unutma, Təbriz!

 

- yəni millət eyni bir ərazidə yaşayan toplumdur tərifinin pozulduğunu açıq həqiqətləri görmək istəməyənlərə qandırır, başa salır, anladır. Ulu öndərimiz deyirdi: "Tarixçilərimiz çox şeydən yazıblar. Partiyanın, həmkarların, komsomolun tarixindən yazıblar. İndi isə öz tariximizdən, Azərbaycan tarixindən yazmağın vaxtı çatıb". Həsən Mirzə yaradıcılığında tariximizin xalqdan gizlədilmiş qaranlıq səhifələrinin açıqlanmasını, türk-oğuz ellərinin repressiyalar tarixini görürük:

 

Baş kəsib, döş kəsib burda qəsbkar,

Andronik adlı tayqulaq, murdar,

Süngüyə çəkilib körpə uşaqlar,

Gəl bu dərdə döz Dərələyəzdə.

 

Vaxtilə türk-oğuz sərkərdələri orta ali məktəblərdə, tələbə şagirdlərimizə, bütünlüklə xalqımıza işğalçı, qəsbkar, zülmkar kimi tanıdılırdı. Bu gün həmin saxta tarixə, bizi soy-kökümüzə qovuşmağa imkan verməyən tarixə şair Atilla, Bəyazid zərbələri endirir. Şair "Tarixini səhih bilən xalqı sarsıtmaq çətindir" fikrini ortaya qoyur. Türkoloq-dilçi alimin yaradıcılığına diqqət kəsiləndə onu Vətən torpağının qarışına bələd coğrafiyaşünas kimi görürük. Eləcə , o, Qafqaz arxeologiyasına bələd olmayan dünyanı həqiqətin dərkinə çağırır, dünyaya ermənilərin bu qədim diyarda çağrılmamış qonaq olduğunu anladır. O ağır yığnaqlı mahalların itirilməsi qədər acı, yurd göynərtisi qədər dərin olsa da, H.Mirzə məğrurluğunu itirmir. Bizləri ruh düşgünlüyündən uzaqlaşdıra bilir. "Qaldı", "Qalmaz" rədifli Aşıq Mehdi ilə deyişməsində o cənnət misallı torpaqların yağı əlində qalmayacağı inamını bizə qaytarır.

Pedaqoji Universitetin professoru kimi H.Mirzə yaradıcılığında müəllimlik, öyrətmək çalarları önə keçir. Bu yaradıcılıq böyük tələbə auditoriyası qarşısındakı mühazirəni xatırladır. Onun şeirləri gənc nəslin tərbiyəsində mühüm tədris vəsaitinə çevrilə bilir. Bu mühazirələrdə xalq keçmişi ilədir, xalq ərən oğulları ilədir, xalq tarixi yaddaşı ilədir prinsipini ortaya qoyur.

H.Mirzənin poeziyasına islam-türk əxlaqı, ağsaqqallıq hakimdir. Bu gün dünyamızda əxlaq sahəsində belə gedən mübarizədə o şeirləri ilə bizlərə düzgün yol göstərir. Qürurlu, danışığını-oturuşunu bilən, Allahına tapınıb öz nümunəvi həyatını yaşayan qadınlarımıza hər zaman kömək durmağa çağırır. Cismani gözəlliyin, qadın gözəlliyinin mövcud olduğu hər bir yerdə iblisin sakit dayanıb-durmadığını gözəl bilən şair gözəllərimizə Allahdan bəxt, tale arzulayır. XXI əsrin əvvəllərində Vaqif, Aşıq Ələsgər, Aşıq Şəmşir şeiri Həsən Mirzə yaradıcılığında davam etdirilir. Sadəcə zaman başqa, ovqat başqa. Tərənnüm eyni, tablolar eyni! Gözəllikdəki dəyişmir! Belə misraların müəllifi H.Mirzə iblis qonşuların namərdlikləri ucbatından bu gün toylarda süzə, qəlbini əminlikdə hiss edə, mənən sakitləşə bilmir. Şairə Buta xanıma müraciətində dözümün tükəndiyini, yağı işğalında olan torpaqlara görə "ağsaqqal tək eldə gəzə bilmədiyini", əldən gedən yurd yerlərinə görə "toy-düyündə daha süzə bilmədiyini" dilə gətirir. Şairin yaradıcılığına səfər etdikcə Azərbaycan dilinin zənginliyinə heyran qalmaya bilmirsən. Təcnislər, təşbehlər yerində işlənib. Təşbehlər şair poeziyasını oxunaqlı edərək, oxucu qəlbini riqqətə gətirir. Yalnız Azərbaycan ədəbiyyatına xas olan təcnis şeir forması əsrlərdən-əsrlərə qorunub bu günümüzə gəlib çıxmışdır. Şairin "Beləsinə" rədifli təcnisi məna tutumunun böyüklüyünə, böyüklüyü qədər sadəliyinə görə seçilir. Son olaraq H.Mirzə oxucularının gözündə Allaha tapınan islam şairinə dönür:

 

Elimi Vətənə qaytar, Ay Allah!

Yurduma, Yuvama qaytar ay Allah!

Həsrətdən qamətim yaya dönübdü,

Həsəni bu dərddən qurtar, ay Allah!

 

 

Nağdəli Zamanov

 

Səs.- 2010.- 7 sentyabr.- S. 12.