Ali təhsilin Avropa
standartlarına uyğunlaşdırılması uğurlu
addımdır
Bakı Dövlət Universitetinin rektoru, akademik, MM-in
deputatı Abel Məhərrəmovun yap.org.az-a
müsahibəsi
- Abel müəllim, son illər
ölkəmizdə, digər sahələrdə olduğu kimi,
təhsil sahəsində də inkişaf, yeniliklər
müşahidə edilir. Bu baxımdan, təhsilə
dövlət qayğısı haqqında sizin fikirlərinizi
bilmək istərdik.
- Təhsil
dövlətin əsas prioritetlərindəndir. Ulu
öndər Heydər Əliyevin elmi təmələ
söykənən siyasətini keyfiyyətcə yeni
mərhələdə uğurla davam etdirən,
Azərbaycanın bütün strateji sahələr
üzrə inkişaf təmayüllərini düzgün
müəyyənləşdirən dövlət
başçısı İlham Əliyev son 7 ildə
qloballaşma dövrünün tələblərinə cavab
verən elm və təhsil strategiyasına üstünlük
vermişdir. Təkcə bir faktı qeyd edim ki, ölkə
rəhbərinin hər iki-üç sərəncamından
biri elm və təhsillə bağlı olur. Respublika
iqtisadiyyatının yüksək inkişaf tempi, ictimai-siyasi
stabilliyin davamlı xarakter daşıması təhsilin və
elmin dünya standartları səviyyəsinə qalxması
üçün daha çevik islahatlar aparmağa imkan
yaratmışdır. İnsan kapitalının
formalaşdırılmasını prioritet məqsəd kimi
önə çəkən, dövlətin innovasiya
inkişafında müasir biliklərin,
qabaqcıl texnologiyaların roluna mühüm yer ayıran bu
rasional siyasətin başlıca hədəfi həm də
qloballaşma dövründə milli azərbaycanlı
obrazının qorunub saxlanılması, milli
təfəkkürün, düşüncə sisteminin,
milli-mənəvi dəyərlərin total
təsirlərindən qorunmasıdır. Dövlət
başçısı İlham Əliyev AMEA-nın 60 illik
yubileyində, Azərbaycan Ensiklopediyasını hazırlayan
redaksiya ilə görüşdə, eləcə də,
BDU-nun 90 illik yubileyində çıxış edərkən
elm xadimlərini qloballaşan dünyanın yeni
çağırışlarına hazır olmağa, elmi
tədqiqatlarda milli maraq və mənafeləri maksimum
dərəcədə nəzərə almağa
yönəltmiş, müasir dövrdə, xüsusən
də, humanitar-ictimai elm sahələri qarşısında
yeni vəzifələrin dayandığını
vuğrulamışdır.
Hazırda dövlət başçısı
İlham Əliyevin rəhbərliyi altında
gerçəkləşdirilən səmərəli
islahatların nəticəsi kimi respublikamızın
sürətlə modernləşdirilməsi elm və
təhsil sferasında da adekvat modernləşməni, əsaslı
keyfiyyət dəyişikliklərini zərurətə
çevirir. Sürətlə iqtisadi
və sosiomədəni tərəqqi yolu keçən
Azərbaycanda elmin inkişaf təmayüllərinin
respublikanın müasir reallıqlarına nəzərən
müəyyənləşdirilməsi, bu sahədə
mövcud problemlərin aradan qaldırılmasına, elmlə
idarəçiliyin səmərəli vəhdətinin
təmini, bu sahəyə yönəldilən
vəsaitlərin rentabelliyinə nail olunması yeni
mərhələdə qarşıda ciddi vəzifələr
kimi durur.
Elm və təhsilimizin daha da inkişafı, bu
sahədəki çatışmazlıqların həlli
üçün hər il dövlət büdcəsində
elmə, təhsilə ayrılan vəsaitlər
artırılır, yeni məktəblər tikilir, ali
məktəblərin maddi-texniki bazası gücləndirilir.
Xüsusi vurğulamaq istərdim ki, möhtərəm
Prezidentimizin bu sahəyə qayğısı ali təhsil
ocaqlarının flaqmanı olan Bakı Dövlət
Universitetinin də hərtərəfli inkişafına
müsbət təsirini göstərir. Bu
qayğının nəticəsi olaraq dövlət
başçısı mütərəqqi ictimai
düşüncənin əsas mərkəzinə
çevrilən Bakı Dövlət Universitetinin milli
təhsil sistemindəki müstəsna yeri və rolunu, milli
kadr hazırlığı prosesindəki əvəzsiz
xidmətlərini yüksək qiymətləndirib.
Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci ilin sentyabrında
BDU-nun müasir standartlara cavab verən yeni tədris korpusunun
açılış mərasimində iştirakı və
dərin məzmunlu nitq söyləməsi, eləcə
də, universitetin 90 illik yubileyinə qatılması bu ali
təhsil ocağının tarixində əlamətdar
hadisələrdən birinə çevrilmiş, yeni
dərs ilində çoxsaylı professor-müəllim və
tələbə heyətində böyük ruh
yüksəkliyi doğurmuşdur. Uzun
illərdən bəri tikintisi yarımçıq
qalmış bu tədris korpusunun qısa zamanda və
müasir tələblər səviyyəsində
inşası, eyni zamanda, universitetin cəmiyyət
həyatındakı müstəsna roluna verilən
yüksək dəyərin ifadəsidir. Son
illərdə açılan yeni fakültələr,
kafedralar, elmi-tədqiqat institutları və digər
bölmələr, o cümlədən,
tələbələrin sayının ciddi şəkildə
artması yeni korpusun tez bir zamanda istifadəyə verilməsi
zərurətini yaratmışdır. Bu
zərurət nəzərə alınaraq 2006-cı ildə
yeni tədris korpusunda yenidən əsaslı inşaat
işlərinə başlanılmış, həmin il
dövlət büdcəsindən 600 min manat, 2007-ci ildə
2,5 milyon manat vəsait ayrılmışdır. 2008-ci il
mayın 20-də imzalanmış "Bakı Dövlət
Universitetinin yeni tədris korpusunun tikintisi
ilə bağlı bəzi tədbirlər haqqında"
sərəncamla BDU-nun yeni tədris korpusunun tikintisinə
Azərbaycan Respublikası Prezidentinin Ehtiyat fondundan 4,6 milyon
manat vəsaitin ayrılması ilə inşaat
işlərinin uğurla yekunlaşmasına zəmin
yaratmışdır. Ümumiyyətlə, universitetdə son
illərdə aparılan böyük islahatları,
əldə edilən uğurları möhtərəm
prezidentimizin böyük qayğısının
nəticəsi hesab edirəm.
Dövlət başçısının 24 aprel
2009-cu il tarixində universitetin 90 illik yubileyinin
keçirilməsi ilə bağlı sərəncam
imzalaması müsəlman Şərqində ilk Avropa tipli ali
təhsil ocağı olan BDU-ya və universitetin simasında
təhsilə, elmə verilən yüksək qiymət idi.
- Dövlət
başçısının sərəncamı
əsasında ali təhsil müəssisələrində
yeni maliyyələşmə mexanizmi tətbiq olunacaq.
Ümumiyyətlə, bu sistemin üstünlükləri
nədən ibarətdir?
-
Azərbaycan ali təhsilinin Avropa standartlarına
uyğunlaşdırılması istiqamətində
maliyyələşmə mexanizmini uğurlu addım hesab edirəm.
Ola bilər ki, bu gün həmin üstünlüklərin
əhəmiyyətini o qədər də hiss etməyək. Lakin maliyyələşmə mexanizmi bu sistem
üzrə formalaşdıqdan sonra dövlət təhsil
müəssisələri, xüsusən də, tədrisin
düzgün təşkil olunduğu təhsil
müəssisələri öz nüfuzuna görə
üstün reytinq şkalası əldə edə
biləcəklər. Bunun nəticəsində indiyə
qədər heç də həmişə uğurlu olmayan
formada aparılan seçim həm abituriyentlər
üçün, həm də valideynlər üçün
aydınlaşacaqdır. Bir az da dəqiq
desək, valideynlər övladının ən yaxşı
ali məktəbdə, ən nüfuzlu və perspektivli ixtisas
üzrə təhsil almasına rul
xərcləyəcəkdir. Özünü doğrultmayan ali
məktəblər isə bu seçim nəticəsində
ağır aqibətlə üzləşəcəklər.
Təhsil haqqında imzalanan digər sərəncamlar kimi bu
sərəncam da xalqın gələcəyinə, ali
təhsilin daha səviyyəli və peşəkar
təşkil olunmasına ünvanlanacaq.
- Bakı Dövlət Universiteti
təhsilimizin flaqmanıdır. İstərdik
ki, rəhbərlik etdiyiniz bu təhsil ocağında baş
verən yeniliklər, qazanılan uğurlar haqqında
məlumat verəsiniz.
- Bakı Dövlət
Universitetinin 90 illik fəaliyyəti dövründə
ölkə həyatının bütün
sahələrinə güclü təsir edən
əvəzsiz rolu danılmazdır. Ümummilli lider Heydər
Əliyev təhsil ocağının fəaliyyətinə
yüksək dəyər verərək demişdir:
"Əsrin əvvəlindən bu günə kimi Azərbaycan
elminə çıraq tutan universitetimizin yaradılması
xalqımızın tarixində ən əlamətdar
hadisədir. Universitet həqiqət axtaran, milli
ruhu inkişaf etdirən bir ocaq, bir məktəb
olmuşdur". Hazırda ölkəmizin
aparıcı təhsil və elm mərkəzlərindən
birinə çevrilmiş Bakı Dövlət Universiteti
müasir dövrün tələblərinə uyğun olaraq
böyük yeniliklərlə yaşayır. Təhsil ocağının maddi-texniki bazası
möhkəmləndirilir, tədrisin keyfiyyəti dünya
standartları səviyyəsinə çatdırılır,
burada sivil dünyanın qəbul etdiyi normalar tətbiq edilir,
müasir avadanlıqlar alınır, laboratoriyalar qurulur, yeni
sistemlər tətbiq edilir. Universitetin
zəngin tarixi ümummilli lider Heydər Əliyevin
iştirakı və onun qayğısı sayəsində
yazılıb desək, səhv etmərik. Təhsildə
də, elmin inkişafında da, maddi bazanın
möhkəmləndirilməsi sahəsində də ən
böyük nailiyyətlərimiz, məhz ulu öndərin
Azərbaycana rəhbərlik etdiyi dövrlərdə
qazanılıb. Məhz bu diqqət və
qayğının nəticəsidir ki, Bakı Dövlət
Universiteti bu gün öz liderliyini, aparıcı mövqeyini
qoruyub saxlaya bilmişdir. Yarandığı ildə
cəmi 44 əməkdaşla işə başlayan BDU-nun indi
16 fakültəsi, 1300-dən çox professor-müəllim
heyəti var. Onlardan 300-dən çoxu elmlər doktoru,
professor, 800-dən çoxu elmlər namizədidir. Burada 52 ixtisas üzrə 18 mindən çox
tələbə təhsil alır. İndiyədək
universitet Azərbaycan ziyalılar ordusuna 100 mindən artıq
yüksək ixtisaslı mütəxəssis vermişdir.
BDU güclü maddi-texniki bazası, 2 milyondan
çox kitab fondu olan zəngin kitabxanası, onlarca tədris
laboratoriyası, geniş tədris və elmi-tədqiqat
kompleksi olan müəssisəsidir.
Təhsil ocağında
hər il yeni kafedra və ixtisaslar
açılır, elmin müxtəlif sahələrində
tədqiqatlar aparmaq üçün yeni laboratoriyalar
yaradılır, müasir cihaz və avadanlıqlar alınır.
BDU-nun nəzdində elmi-tədqiqat institutları
və elmi mərkəzlər fəaliyyət göstərir.
Hazırda universitetin yüzlərlə
yetirməsi dünyanın qabaqcılq təhsil
müəssisələrində oxuyur, çalışır,
habelə, xarici ölkələrdən gələn
tələbələr Azərbaycan elminin sirlərinə
yiyələnirlər. Hazırda BDU
dünyanın inkişaf etmiş ölkələrinin
aparıcı universitetləri ilə bir sırada dayanır,
nüfuzlu assosiasiyalarda təmsil olunur, dünyanın
aparıcı elm və təhsil mərkəzləri ilə
ikitərəfli əməkdaşlıq zəminində
səmərəli fəaliyyət göstərir. Son illər Bakı Dövlət Universitetinin özü
bir çox beynəlxalq tədbirlərin mərkəzinə
çevrilmişdir. Burada informasiya
cəmiyyətinin əsası sayılan kompüter
texnologiyası uğurla tətbiq edilir. Hazırda
universitetdə internetin zəngin məlumat bazasından
tələbələrin yararlanması üçün
görülən böyük işlər davam etdirilir.
BDU
ölkənin ilk universiteti kimi bu, öz tarixi mövqeyini,
müsbət ənənələrini, elmi
uğurlarını və cəmiyyətdəki yüksək
nüfuzunu qoruyub saxlayır. 90 yaşlı
universitet bu gün həm ölkədaxili islahatlarda
aparıcı mövqeyini qoruyub saxlayır, eyni zamanda,
Azərbaycan təhsilinin dünya miqyasına, xüsusən,
Avratlantik məkana inteqrasiya prosesində öndə gedir.
Ölkəmizin 2005-ci ilin mayından
qoşulduğu Bolonya prosesi tətbiq edildikdən sonra
universitetdə tədris prosesinin gedişi və
tələbələrin aktivliyi ötən illərə
nisbətən xeyli yüksəkdə olduğu
müəyyən edilmişdir. Biz kredit sisteminin
tətbiq edildiyi ali
məktəblərdə, xüsusən də, digər
ölkələrin aparıcı universitetləri ilə
əlaqə saxlayırıq. Hesab edirik ki, respublikanın
Bolonya prosesinə qoşulmuş digər ali
məktəblərində tədris prosesinin təşkilinin
qarşılıqlı əlaqələndirilməsi,
koordinasiya məqsədəuyğundur. Tələbələrin
Bolonya prosesi haqqında ətraflı məlumata malik olması
üçün Elektron Tədris Mərkəzi
yaradılmış, "Bolonya prosesində kredit sisteminə
dair tövsiyələr" çap edilmişdir. Bütün bunlarla yanaşı, universitetin bir elm
mərkəzi olaraq Avratlantik məkana
çıxışı üçün alimlərimizin
məqalələrini ingilis dilinə tərcümə edirik.
Buna görə bizdə BDU elmini dünya
müstəvisinə çıxaran qurum yaradılıb.
Həmin qurumda hər fakültədən,
hər ixtisasdan nümayəndələr var və onlar
universitetin xüsusi vəsaiti hesabına yüksək
əməkhaqqı alırlar. Qurumun
üzvləri sanballı alimin hər hansı məqaləsini
ingilis dilinə tərcümə etməyi və
dünyanın ən aparıcı jurnalına göndərməyi
təklif edir və bu işdə onlara kömək
göstərirlər.
Bu yaxınlarda Təhsil Nazirliyinin konfransında
yalnız BDU-nun 61 aliminin dünyanın aparıcı
jurnallarında məqalələrinin dərc olunduğu
xüsusi vurğulandı. Heç bir universitetdə belə
göstərici olmayıb. 61 alim Tomson Röyter Agentliyinin Elmi
İnformasiya İnstitutu tərəfindən tərtib
edilmiş, təsir əmsalı olan jurnallarda çap
etdirdikləri elmi məqalələrə görə
müntəzəm olaraq mükafatlandırılırlar.
"A" kateqoriyalı jurnallardakı hər bir məqalə
üçün 200, "B" kateqoriyasına
düşən hər bir məqalə üçün 150,
"C" kateqoriyasına düşən məqalə
üçün 100 manat miqdarında mükafat verilir.
Bütün dünyada təbiət və humanitar elmlər
üzrə qəbul olunmuş jurnallar var. Həmin jurnallarda
dünyanın ən aparıcı alimlərinin
məqalələri dərc olunur. Oradakı
məqalələrə yüksək səviyyəli elmi
rəy verilir. Artıq bu, məqalə deyil, yenilikdir. Elmi
məktəbi olmayan alimin isə həmin jurnallarda
məqaləsi çıxa bilməz. Bundan əlavə,
universitetdə təbiət və humanitar ixtisaslar
istiqamətində xüsusi vəsait hesabına 50+50
nisbətində qrantlar yaratmışıq. Bu qrantın 50-si
müəllimlərə aiddir. Bir illik 1 qrant 1000-1500
manat civarındadır. 50 qrant da aspirantlar,
magistrlər və tələbələr
üçündür. Universitet onu öz
vəsaiti hesabına ayırır. Eyni
zamanda, BDU dünyanın müxtəlif ölkələri
ilə birgə 21 layihə həyata keçirir. Əsaslı maliyyə imkanları olan həmin
layihələr bir məqsədə xidmət edir -
universitetimizdə elm inkişaf etsin, tədqiqat işləri
daha da gücləndirilsin. Bir sözlə,
uğurlarımız çoxşaxəlidir.
- Hazırda təhsil sektorunun ayrı-ayrı
sahələri üzrə çoxsaylı inkişaf
proqramları həyata keçirilməkdədir. Elm adamı kimi dövlət proqramlarının
həyata keçirilməsinin əhəmiyyəti haqqında
nə deyə bilərsiniz? Sizcə, bu
proqramlar təhsil islahatlarının uğurlu
nəticələr verməsinə nə
dərəcədə təsir göstərir?
- Son illər iqtisadi
nailiyyətləri intellekt kapitalına çevirmək
istiqamətində məqsədöyünlü strategiya
həyata keçirilir, təhsilin, elmin inkişafı
istiqamətində mühüm sərəncamlar, dövlət
proqramları qəbul edilir, mükəmməl qanunvericilik
bazası formalaşdırılır. Dövlət
başçısı İlham Əliyevin elm və
təhsilin inkişafı ilə bağlı
imzaladığı sərəncamların məhz bu
sahədə həllini gözləyən problemlərin aradan
qaldırılmasına xidmət edir. Sərəncamların
əhəmiyyətinə ayrı-ayrılıqda nəzər
salaq.
Prezidentin 10 aprel 2008-ci il tarixli Azərbaycan elmində islahatların
aparılması ilə bağlı Dövlət
Komissiyasının yaradılması haqqında", eyni
zamanda, "Azərbaycan Azərbaycan Respublikasının ali
təhsil müəssisələrinin Avropa təhsil
məkanına inteqrasiyası ilə əlaqədar bəzi
tədbirlər haqqında" Sərəncamı da məhz
həmin zərurətdən irəli gəlmişdir. Sərəncama əsasən, 2009-2015-ci illər
üzrə elm sahəsində aparılacaq islahatların,
habelə, elmin inkişaf strategiyasının konkret proqram
modelində hazırlanması üçün hökumət
və elm adamlarından ibarət dövlət
komissiyasının yaradılması da xüsusilə qeyd
edilməlidir. Bir sıra problemli
məsələlərin önə çəkildiyi
Sərəncamda Azərbaycan Respublikasında elmi qurumların
strukturunun müəyyənləşdirilməsi,
tədqiqatların müasir standartlar səviyyəsində
aparılması və maliyyələşdirilməsi,
ölkənin elmi kadr potensialının artırılması
və onun sosial müdafiəsinin gücləndirilməsi,
bütövlükdə, elmin inkişafı üzrə milli
strategiyanın həyata keçirilməsi, Azərbaycan elminin
beynəlxalq elm məkanına inteqrasiyasının təmin
olunması məsələləri əksini
tapmışdır ki, bütün bunlar dövlət
başçısının Azərbaycan elmi və
təhsilinə göstərdiyi diqqət və
qayğının bariz nümunəsidir.
Abel Məhərrəmov
Səs.- 2010.- 14 sentyabr.- S. 6.