Bakının azad
olunmasının 92-ci ildönümü qeyd edilib
1918-ci ilin 15 sentyabrında
Qafqaz İslam Ordusunun yardımı ilə Bakının azad edilməsi münasibətilə təntənəli
mərasim keçirilib
Azərbaycan Demokratik
Respublikası Ordusu və Nuru Paşanın
rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik birləşmələrindən
azad etməsinin
92-cı ildönümünü münasibətilə Azərbaycanlıların
və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi
(ATXƏM) İctimai Birliyi
bu tarixi hadisəni layiqincə qeyd etmək üçün tanınmış
elm adamları, tarixçilər,
Türkdilli dövlətlərin
diplomatik korpus nümayəndələrinin iştirakı
ilə tədbir keçirib.
Tədbir iştirakçıları Şəhidlər
Xiyabanında 1918-ci ildə
Azərbaycanın istiqlalı
uğrunda həlak olmuş Türk əsgərlərinin şərəfinə
ucaldılmış abidənin
önündə anım
toplantısı keçiriblər. Azərbaycanın bütövlüyü uğrunda
şəhid olmuş Türk əsgərlərinin,
eləcə də 20 Yanvar və Qarabağ döyüşlərində
həlak olmuş şəhidlərin xatirəsinə
ucaldılmış abidə
önünə əklillər
qoyulub.
Sonra tədbir iştirakçıları ATXƏM-in təşkil etdiyi ədəbi-bədii məclisdə bir araya gəldilər. Tədbiri giriş sözüylə açan ATXƏM sədri İlham İsmayılov bildirdi ki, fəaliyyətini Türk xalqlarının tarixinin layiqincə öyrənilməsinə həsr edən ATXƏM bu dəfə də öz ənənəsinə sadiq qalaraq Türk əsgərinin 92 il öncə Azərbaycana gəlişinin ildönümünü təntənə ilə qeyd edir: "Azərbaycanda milli bayramlar çoxdur. Artıq bu bayramlara tarixi bir gün- 15 sentyabr da əlavə olunub. 15 sentyabr Bakının erməni-bolşevik işğalından qurtuluş günüdür. Sovetlər birliyi dönəmində bizə bu günü unutdurmağa çalışırdılar.
Lakin biz bu günü artıq böyük iftixar hissi ilə qeyd edirik. Hesab edirəm ki, tarixi həqiqətləri gənclərə çatdırmaq və onların maariflənməsinə nail olmaq üçün bu cür tədbirlərin çox böyük önəmi var. İnanıram ki, bu gün bütün ölkəmizdə böyük bir bayrama çevriləcək. 92 il öncə Bakının qurtarıcısı olan Nuru Paşa da öz layiqli qiymətini alacaq və onun heykəlləri, adına veriləcək prospektlər şəhərimizin yaraşığına çevriləcək. Nuru Paşanın komandanlıq etdiyi Türk Ordusu bu haqqı öz qanı ilə yazıb".
Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Anar İsgəndərov "Qafqaz İslam Ordusu və Azərbaycan" mövzusunda çıxış etdi. "1918-ci ildəki tarixi şəraiti geniş işıqlandıran A.İsgəndərov Qafqaz İslam Ordusunun o zaman təkcə Bakını deyil, Göyçayı, Şamaxını, Kürdəmiri, Bakıətrafı əraziləri, bir sözlə Azərbaycanı işğaldan, qırğından qurtarmasını önə çəkdi. O bildirdi ki, Bakı üzərinə hücumda iştirak edən 14 minlik ordunun 8 mini osmanlı, 6 mini isə azərbaycanlı əsgər və zabitindən ibarət idi. "Sentyabrın 15-i Bakı şəhəri bütünlüklə Azərbaycan hökumətinin nəzarəti altına keçdi. Qafqaz İslam Ordusu iyunun ortalarından sentyabrın 15-nə kimi Azərbaycanın azadlığı uğrunda döyüşlərdə 4 mindən çox əsgər və zabit şəhid vermişdi",- o bildirdi.
Tədbirdə çıxış edən Prezident Adminstrasiyası ictimai-siyasi şöbəsinin bölmə müdiri, siyasi elmlər namizədi, politoloq Qafar Əliyev bildirdi ki, bu gün türk dövlətlərinin birliyinə nail olmaq üçün onların öz keçmişlərini, tarixlərini bilmələri olduqca vacibdir. "Çünki türk birliyinə yönəlmiş təhdidlər hələ də davam etməkdədir. Dünyada olan münaqişələrin böyük qismi məhz türk coğrafiyasında baş verir. Artıq Azərbaycan və Türkiyə diaspora təşkilatları, QHT-ləri bu yöndə birgə əməkdaşlıq edirlər. Biz də bir dövlət olaraq bu cür fəaliyyətləri hər zaman dəstəkləyirik, onlara yardımçı olmağa çalışırıq".
Tədbirdə çıxış edən Quzey Kipr Türk Çumhuriyyətinin Azərbaycandakı nümayəndəliyinin başqanı Zəka Qazioğlu Türkiyə Səfirliyinin əmniyyət müşaviri İsmayıl Çalışkan, şair Şahin Fazil və başqaları 15 sentyabrın xalqımızın var olmasında, Şərqdə ilk Demokratik Cumhuriyyətin qurulmasındakı rolundan danışdılar.
Tədbirin rəsmi hissəsinin sonunda Nuru Paşaya Bakıda heykəl qoyulması və paytaxt küçələrindən birinə onun adının verilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə bir sıra təşkilatların birgə qəbul etdiyi müraciət səsləndirildi.
Tədbir bayram süfrəsi və konsertlə başa çatdı.
Elçin Bayramlı
Səs.- 2010.- 15 sentyabr.- S. 6.