Filmlərində yaşayan
rejissor
Azərbaycanın tanınmış aktyoru, rejissoru Lətif Səfərov milli kino sənəti tarixində öz izlərini həkk etmiş sənətkarlar təbəqəsinə məxsusdur. 90 il bundan əvvəl Şuşa şəhərində anadan olmuş sənətkarın həyatı çox müəmmalı keçmişdir.
Onun sənətə gələn yolu çox erkən, 7 yaşında ikən başlanmışdır. Belə ki, rejissor Leo Murun "Gilan qızı" filminə çəkilişə dəvət olur. Sonra yaradıcı heyətlə Bakıya gələn balaca Lətif studiyada ştata da qəbul olunub. 1928-1931-ci illərdə "Sevil", "Lətif", "Şərqə yol", "Qızıl kol" filmlərində uşaq rollarına dəvət alır və uğurlu ifası ilə kiçik yaşlarından öz sözünü deyir. Ancaq sonradan xəstələnən Lətif Bərdəyə gəlib. 1931-ci ildə Gəncə Pedaqoji Texnikumuna daxil olub və qiyabi təhsil alıb. Yenə Bakıya qayıdıb, əvvəl studiyanın dublyaj şöbəsində, sonra isə filmlərdə rejissor assistenti kimi çalışıb.
Lətif Səfərov 1940-cı ildə Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna daxil oldu. Məşhur rus kinorejissoru Qriqori Kozintsevdən sənətin sirlərini öyrəndi. Müharibənin başlaması ona təhsilini davam etdirmək imkanı vermədi, Bərdəyə qayıtdı və 1941-1946-cı illərdə burada müəllimliklə məşğul oldu. 1946-cı ildə Moskvaya qayıdan gənc Lətif təhsilini davam etdirdi. 1950-ci ildə təhsilini başa vurub peşəkar sənətkar kimi Bakıya döndü, kinostudiyada fəaliyyətə başladı. O vaxta kimi bizim filmlərə Rusiyanın, Gürcüstanın rejissorları quruluş verirdilər. Lətif Səfərov Azərbaycan kinosuna peşəkar kinorejissor kimi gəldi və bir çox qiymətli filmlər yaratdı.
Deyilənə görə, cürətli insan idi Lətif Səfərov. 1952-ci ildə Moskvada keçirilən kino işçilərinin ümumittifaq müşavirəsində əsl mənada qəhrəmanlıq göstərdi. Mənbələrdə rast gəldiyimiz müşavirədəki çıxışından bəzi məqamlar gənc bir mütəxəssisin haqlı iradlarının təcəssümüdür:"...Biz tələbə skamyası arxasında yanaşı oturmamışıqmı? Niyə bir parasının başdan-binadan hər şeyi var, o birisinin yoxdur. Bizim bazamızda rəngli film çəkmək cəhənnəm əzabıdır. Biz pis plyonka, köhnə aparatlar, ləng vuran ştativlər üzərində epizodu epizod dalınca itiririk. Biz xronika, respublikamız üçün təkrarolunmaz hadisələri çəkirik, bu qiymətli material texniki imkansızlıq ucbatından məhv olur. Bəs bunu lentə aldığımız adamlara necə izah edək? Onların gözünün içinə necə baxaq? Bizim, nəhayət, soruşmağa haqqımız varmı, hamı üçün eyni cür şərait nə vaxt olacaq, nə vaxt?" Bu çıxış, bəlkə də, Lətifin gələcək taleyinə ilk zərbə idi. Ancaq o, cəsarəti ilə yadda qaldı.
Böyük sənətə doğru inamla irəliləyən gənc rejissor müəyyən maneələrlə rastlaşsa da, 50-ci illərin əvvəllərində bir neçə sənədli filmə quruluş verdi. 1955-ci ildə "Sevimli mahnı" filminin rejissorluğu ona həvalə olundu. Bu lentlə o, böyük kinoda ilk filmini yaratdı.
Rəşid Behbudovun
"Arşın mal alan" filmindəki uğuru onu kinoya bağlamışdı.
Elə çəkdiyi filminə də onu dəvət
etdi. Beləliklə,
Rəşid Behbudov bu filmilə özünün yeni bir ekran triumfunu
etmiş oldu. "Bəxtiyar" filmi Azərbaycan kinosunda musiqili bədii filmin ən layiqli nümunəsi oldu. Tofiq Quliyevin
ürək oxşayan
musiqisi bizim kinomuzda bir növ
yeni ovqat yaratdı. Filmdəki
"Zibeydə", "Qızıl
üzük", "Bakı"
mahnıları dillər
əzbəri oldu. Rejissor bu filmdə
həm də çox maraqlı bir aktyor ansamblı
yarada bilmişdi. Rəşid Behbudovla yanaşı, milli aktyor sənətimizin nəhəng simalarından
olan Ağasadıq Gəraybəyli, Ağahüseyn
Cavadov, Münəvvər
Kələntərli və
digərlərinin oyunu
filmin ümumi ahənginə xüsusi təsir göstərmişdi.
"Qızmar
günəş altında",
"Leyli və Məcnun" kimi filmləri ilə Azərbaycan kinosuna yeni nəfəs gətirən Lətif Səfərov ekranın estetik funksiyası ilə bağlı nəzəri görüşlərini
müəyyən qədər
də olsa reallaşdıra bildi.
"Koroğlu" filmi
üzərində böyük əziyyətlə işlədi.
Çünki studiyanın imkanları çox məhdud idi.
Texnika sarıdan çətinliklər vardı. Amma Lətif Səfərov
bütün canı, qanı ilə ömrünü
kinematoqrafiyaya bağladığından, bunu həvəslə
sona yetirdi. Kino haqqında onun maraqlı fikirləri var:
"Axı bu da yaradıcılıqdır, kollektiv -
ağacdan, dəmirdən, atdan, dəvədən, nəhayət,
havadan asılı yaradıcılıqdır.
Quruluşçu rejissoru divara dirəmək lazım deyil ki, o
da axırda gücdən düşsün, əlini yelləsin".
Beləcə, bütün yaradıcı ömrünü
kinonun inkişafı uğrunda mübarizəyə həsr
etdi. Çoxlarını da özündən narazı
salırdı.
Bu böyük sənətkarın
tale ağrıları haqqında çox yazılsa da, onun
intiharının səbəbləri hələ də sirr
olaraq qalır. Əlbəttə, gümanlar, şübhələr
çoxdur. Amma o gecənin təfsilatları barədə
müəyyən məqamlar da bizlərə bəllidir. Gecə
yarısı açılan güllə səsi
çoxlarını səhər ertə bu ölümdən
hali etdi. Bir insan ömrü bu səsin sədasında həyatla
vidalaşdı. Səhəri qonşulardan kimsə güllə
səsini şimşək çaxmasına
oxşatdığını demişdi. Nə yazıq ki, həqiqət
Lətif Səfərovun ölüm xəbərini diqtə
edirdi.
Sənədlərdə qeyd
olunur ki, həmin il o, Kinematoqrafçılar
İttifaqının katibliyindən
çıxarılmışdı. Son narazılıqlar da
1963-cü ilin yanvarında keçirilən
Kinematoqrafçılar İttifaqının qurultayından
başlamışdı və bu və digər həyat
sarsıntıları onu qətlə hökm verməyə
sürükləmişdir.
Bizə isə onun gözəl
filmləri yadigar qaldı. "Almaz", "Azərbaycan sərhədçiləri",
"Bakı və bakılılar",
"Bakılılar", "Bərəkətli torpaq",
"Bəxtiyar", "Çağırışa
cavab", "Gədəbəyin sərvəti", "Kəndlilər",
"Qızıl kol", "Qızmar günəş
altında", "Quba bağlarında", "Leyli və
Məcnun", "Lətif"
və başqa filmlər onun rejissor yozumunun məhsulu olaraq
təqdim olunur. Hər filmdə sənətkarın bir
ştrixi görünür.
Zümrüd
Səs.- 2010.- 15 sentyabr.- S. 12.