Türkiyə-Azərbaycan
əməkdaşlığı tarix və könül
birliyinə söykənir
İlham Əliyev: "Dostluğumuz,
qardaşlığımız hər şeydən
üstündür, əbədidir və əbədi
olacaqdır"
Dünən
İstanbulda, "Çırağan" sarayında
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti
Abdullah Gül ilə görüşüb.
Görüşdə ölkələrimiz
arasında dostluq əlaqələrinin müxtəlif
sahələrdə uğurlu inkişafından məmnunluq
ifadə edildi, türkdilli ölkələrin dövlət
başçılarının X zirvə
toplantısının əhəmiyyətindən
danışıldı. Bu tədbirin türkdilli
dövlətlər arasında
əməkdaşlığın daha da
genişlənəcəyinə xidmət edəcəyi
vurğulandı.
Görüşdə ölkələrimiz
arasında əməkdaşlığın perspektivləri
ilə bağlı fikir mübadiləsi aparıldı.
Türkiyə Prezidenti ilə görüşdən sonra
"Çırağan" sarayında Azərbaycan Prezidenti
İlham Əliyevin və Türkiyənin Baş naziri
Rəcəb Tayyib Ərdoğanın görüşü
olub. Görüşdə
ölkələrimiz arasında dostluq və qardaşlıq
münasibətlərinin müxtəlif sahələrdə
inkişafından məmnunluq ifadə edildi, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı danışıqların hazırkı
vəziyyəti barədə söhbət açıldı.
Ölkələrimiz arasında enerji sahəsində,
həmçinin Bakı-Tbilisi-Ceyhan və
"Şahdəniz" layihəsinin inkişaf
etdirilməsinə dair Türkiyə ilə əməkdaşlıq
və regional məsələlər müzakirə olundu.
Görüşdə Azərbaycan ilə
Türkiyə arasında yaradılacaq yüksək
səviyyəli Strateji Əməkdaşlıq
Şurasının əlaqələrimizin daha da möhkəmlənməsi
baxımından əhəmiyyəti qeyd olundu.
"Çırağan" sarayında Prezident İlham
Əliyevin və Türkiyənin Baş naziri Rəcəb
Tayyib Ərdoğanın görüşündən sonra
"Azərbaycan Respublikası və Türkiyə
Respublikası arasında yüksək səviyyəli strateji
əməkdaşlıq şurasının qurulması
haqqında Birgə Bəyannamə"nin imzalanması
mərasimi olub. Sənədi Azərbaycan Prezidenti İlham
Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib
Ərdoğan imzaladılar. Sonra mətbuata açıqlama
verildi və jurnalistlərin sualları
cavablandırıldı.
Türkiyənin Baş naziri Rəcəb Tayyib
Ərdoğan çıxış edərək
Azərbaycanla Türkiyə arasındakı tarixi dostluq və
qardaşlıq əlaqələri barədə
danışdı. Türkiyənin Baş naziri diqqətə
çatdırdı ki, Ümummilli liderimiz Heydər
Əliyevin "bir millət, iki dövlət" kimi tərif
verdiyi Türkiyə-Azərbaycan
əməkdaşlığında arzu edilən və
hədəflənən bir nöqtəni, hətta bir
zirvəni bu gün həyata keçirir, tarixi bir
səhifə yazırıq:
"Hörmətli Əliyevin o müdrik
ifadəsinin həyat verdiyi anlayış az əvvəl
dəyərli qardaşım İlham Əliyevlə
birlikdə imzaladığımız Yüksək
Səviyyəli Strateji Tərəfdaşlıq
bəyannaməsi ilə artıq yeni bir məna
qazanmışdır. Mən bu dostluğun
gələcək nəsillərimizə də
gücləndirilərək çatdırılmasında
Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq
Şurasını daimi bir əsər kimi
gördüyümü xüsusi vurğulamaq istəyirəm.
Belə ki, Türkiyə-Azərbaycan
əməkdaşlığı sadəcə
dövlətlərimiz arasındakı güclü
həmrəyliyə deyil, eyni zamanda, xalqlarımızın
paylaşdığı köklü tarix və könül
birliyinə söykənir. Türkiyə və Azərbaycan
xalqları eyni dildə danışır,
müştərək bir tarixi paylaşır. Türkiyə
və Azərbaycan qarşılarına eyni coğrafiyada
sülh, sabitlik və rifahın təmin edilməsi
məqsədini qoymuşlar. Bu sağlam zəmin
üzərində qurulan, "bir millət, iki
dövlət" prinsipi əsasında
möhkəmlənən əlaqələrimiz siyasi və
iqtisadi sahələrdə əldə olunan inkişaf prosesi
ilə bugünkü mükəmməl səviyyəsinə
çatmışdır. İnanıram ki, Şura mexanizmi
sayəsində Türkiyə-Azərbaycan
dostluğunu gələcək nəsillərimizə
sarsılmaz bir əməkdaşlıq olaraq əmanət
edəcəyik. Əvvəllər də Suriya, İordaniya,
Livan, İraq, Rusiya və Yunanıstan kimi
ölkələrlə də yaratdığımız bu
mexanizmin istər ikitərəfli, istərsə də regional
əməkdaşlığın genişləndirilməsinə
vermiş olduğu nəzərəçarpacaq
faydalarını bu qısa müddətdə belə
müşahidə etmək imkanımız oldu. Bu mexanizmin
Türkiyə-Azərbaycan əməkdaşlığına
da böyük töhfələr verəcəyi
şübhəsizdir. Belə ki, Şura
çərçivəsində yaradılacaq alt komissiyalar
əlaqələrimizin hər sahədə müntəzəm
olaraq nəzərdən keçirilməsini təmin
edəcək, həm müsbət sahələrdəki
irəliləyişlərin qorunmasına, həm də ictimai
fikirdə formalaşmış bir sıra
nöqsanların təcili aradan götürülməsinə
yardım edəcəkdir. Yüksək
Səviyyəli Strateji Tərəfdaşlıq Şurası,
eyni zamanda, "Azərbaycanın sevinci bizim sevincimiz,
kədəri bizim kədərimizdir" deyən
Atatürklə "bir millət, iki dövlət"
deyən mərhum Heydər Əliyevdən
aldığımız bayrağı daha da irəliyə
aparmaq qətiyyətinin bir təzahürüdür.
Bu
əlamətdar gündə mən Şuranın
yaradılması mərhələsində göstərdiyi
əməkdaşlıq üçün dəyərli
qardaşım, hörmətli Prezident İlham Əliyevə
xüsusilə təşəkkür etmək
istəyirəm."
Azərbaycan Prezidenti İlham Əliyev isə öz
çıxışında qardaş Türkiyədə
olmağından məmnun olduğunu dilə
gətirərək, imzalanmış tarixi sənədin
Türkiyə ilə Azərbaycan arasındakı
əlaqələrin gələcək inkişafını təmin
edəcəyini vurğulayıb:
-
Hörmətli cənab Baş nazir!
Əziz
qardaşım! Bu gün doğrudan da tarixi bir gündür
və bu gün də bərabər olmağımızdan
çox məmnunam. Yenidən qardaş Türkiyədə
olmağımdan çox məmnunam və əminəm ki, bu
gün imzalanmış tarixi sənəd Türkiyə ilə
Azərbaycan arasındakı əlaqələrin
gələcək inkişafını təmin
edəcəkdir. Siz qeyd etdiyiniz kimi, xalqlarımız
arasında əsrlər boyu dostluq, qardaşlıq
münasibətləri yaşayır. Bu münasibətlər
bu gün zənginləşir, bu münasibətlər bu
gün yeni səviyyəyə qalxır. Bu münasibətlər,
əslində, iki ölkə arasında olan
əlaqələrin təməlidir. Biz bu əlaqələri
bu möhkəm təməl üzərində qururuq.
Azərbaycan dövlət müstəqilliyini bərpa
etdikdən sonra bu günə qədər Türkiyə
ilə Azərbaycan arasındakı əlaqələr daim
inkişaf edir, möhkəmlənir. Bu gün bu
münasibətlər müttəfiqlik səviyyəsinə
qalxmışdır.
Biz
yaxşı xatırlayırıq ki, müstəqilliyimizi ilk
tanıyan Türkiyə olmuşdur. Müstəqilliyimizin ilk
günündən bu günə qədər Türkiyə
daim bizim yanımızdadır. Bu gün biz müxtəlif
sahələrdə uğurlu işbirliyi,
əməkdaşlıq edirik. Bu əməkdaşlıq
sürətlə inkişaf edir. Bu gün imzalanan
sənədin bu əməkdaşlığın
dərinləşməsi və genişlənməsi
üçün çox böyük əhəmiyyəti
vardır.
Siz bu gün
Azərbaycan xalqının böyük oğlu, mənim atam
Heydər Əliyevin kəlamlarını
xatırladınız. Bu, bizim üçün çox
dəyərlidir, çox əzizdir. Mən çox şadam
ki, onun ürəkdən sevdiyi Türkiyədə bu gün,
bu tarixi gündə onun kəlamları, əməyi
xatırlanır. Mən əminəm ki, onun ruhu bu gün bu
salondadır. Eyni zamanda, bu gün biz türk
dünyasının böyük öndəri, Azərbaycan
xalqının qəlbində xatirəsi daim yaşayan ulu
öndər Mustafa Kamal Atatürkün xatirəsini
hörmətlə yad edirik. Onun kəlamları bizim
münasibətlərimiz üçün işıqlı bir
yoldur. Yəni, münasibətlərimiz bu möhkəm
təməllər üzərində qurulur. Mən əminəm
ki, indiki nəsil, gələcək nəsillər bu
dostluğu, bu qardaşlığı daha da irəliyə
aparacaqlar, möhkəmləndirəcəklər. Biz elə
etməliyik ki, bundan sonrakı nəsillər də bu
bayrağı daim uca tutsunlar. Dostluğumuz,
qardaşlığımız hər şeydən
üstündür, əbədidir və əbədi olacaqdır."
Prezident
İlham Əliyev daha sonra bildirib ki, imzalanmış
sənəd əslində bu günə qədər
görülən işlərə bir növ yekun vurur, strateji
tərəfdaşlığımızın
gələcək inkişafını müəyyən edir.
Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq
Şurasının yaradılması sadəcə adi bir
müqavilə, saziş deyildir. Bu, bizə imkan verəcək
ki, gələcəkdə bütün sahələrdə
fəaliyyətimizi birlikdə quraq,
əlaqələndirilmiş şəkildə aparaq və
bütün sahələrdə daha da böyük
nəticələrə çataq. Bu saziş bütün
sahələri əhatə edir - siyasi əlaqələri,
hansılar ki, bu gün ən yüksək zirvədədir. Ticarət əlaqələri,
qarşılıqlı sərmayə qoyuluşu, enerji,
neft-qaz sahələrindəki əməkdaşlıq,
nəqliyyat, dəmir yolu layihələri,
mədəniyyət, humanitar sahələr - yəni elə bir
sahə yoxdur ki, bu sazişdən kənarda qalsın. Bu bizə imkan verəcək ki, Türkiyə ilə
Azərbaycanın əlaqələri bundan sonra da uğurla,
sürətlə və daha da mütəşəkkil qaydada
irəliyə getsin və xalqlarımız daha da
birləşsin, daha da sıx əməkdaşlıq etsin.
Dünən
"Çırağan" sarayında Azərbaycan Prezidenti
İlham Əliyev həmçinin
Qırğızıstanın keçid dövrü Prezidenti
Roza Otunbayeva ilə də görüşüb.
Görüşdə Qırğızıstanın keçid
dövrü Prezidenti xalqımızın ümummilli lideri
Heydər Əliyevlə görüşlərini məmnunluqla
xatırladı, Azərbaycanın Bişkekdə öz
səfirliyini açmasını yüksək
dəyərləndirdi.
Prezident
İlham Əliyev dedi ki, ölkəmizin
Qırğızıstan ilə əlaqələri,
xüsusilə də investisiya qoyuluşlarını
inkişaf etdirmək imkanları vardır. Azərbaycan da
Qırğızıstanda sabitliyin bərqərar olmasında
maraqlıdır. Görüşdə dövlət başçıları
qarşılıqlı əlaqələri inkişaf
etdirmək əzmində olduqlarını bildirdilər.
Dünən İstanbulda, "Dolmabaxça" sarayında Türkiyənin
Baş naziri Rəcəb Tayyib Ərdoğanın adından
dövlət başçılarının
şərəfinə rəsmi şam yeməyi verilib.
Azərbaycan
Prezidenti İlham Əliyev şam yeməyində iştirak
edib.
MƏTLƏB
Səs.- 2010.- 16 sentyabr.- S. 6.