Azərbaycanın gələcəyinə
hesablanan Dövlət Proqramı
İkinci Dövlət Proqramının icrasına
başlanmasından sonra dövlətimizin
başçısı 150 müəssisə və obyektin təməlqoyma
və açılış mərasimlərində iştirak
edib
"Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramında (2004-2008-ci illər)",
"Bakı şəhərinin qəsəbələrinin
2006-2007-ci illər üzrə sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair Tədbirlər
Proqramı"nda və regionların sosial-iqtisadi
inkişafı ilə bağlı qəbul edilən digər sənədlərdə
nəzərdə tutulan tədbirlərin uğurlu icrası
ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə
yeni mərhələnin başlanğıcını qoyaraq,
qeyri-neft sektorunun davamlı inkişafına, yeni iş yerlərinin
və müəssisələrin yaradılmasına, regionlarda
kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin
və keyfiyyətinin yüksəlməsinə təkan
vermişdir. Sahibkarlıq mühitinin daha da
yaxşılaşmasında, iqtisadiyyata investisiya
qoyuluşlarının artmasına real zəmin yaradıb.
Azərbaycan Respublikası regionlarının mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, bu işdə sahibkarlara dəstək olmaq, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaqla yoxsulluq probleminin həllinə nail olmaq və ölkəni iqtisadi cəhətdən hərtərəfli inkişaf etdirmək bu gün də dövlətin qarşısında duran əsas vəzifələr sırasındadır. Ölkədə iqtisadiyyatın diversifikasiyasına və onun dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılmasına, əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə nail olmaq məqsədi ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 aprel 2009-cu il tarixli Fərmanı davamlı olaraq dövlət siyasətinin əsas istiqamətlərini bir daha təsbit etdi, aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə Dövlət Proqramının icrasını təmin edən zəruri tədbirlərin icrasına başlanıldı. Prezident fərmanına əsasən Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə Dövlət Proqramında illər üzrə nəzərdə tutulan tədbirlərin hər il üçün Dövlət İnvestisiya Proqramı tərtib edilərkən nəzərə alınmasını təmin etməklə, maliyyələşdirilmədə investisiyaların cəlb edilməsinə beynəlxalq maliyyə institutlarını, xarici ölkələrin müvafiq qurumları və iş adamları ilə danışıqlar aparılması qarşıya əsas vəzifə kimi qoyuldu. İmzalandığı gündən qüvvəyə minən fərman praktik baxımdan özünü doğrultmuşdur. Azərbaycanın qarşıdan gələn illərdə iqtisadi sahədə indiki ilə müqayisədə daha güclü bir ölkəyə çevriləcəyi nüfuzlu beynəlxalq təşkilatlar, araşdırma institutları, ekspertlər tərəfindən də etiraf edilir. Məsələn, Dünya Bankının proqnozlarına görə, ortamüddətli perspektivdə Azərbaycan xalis xarici investora çevriləcək. Buna şərait yaradan əsas amillərdən biri ölkəmizin həm böyük valyuta ehtiyatlarına malik olması ilə şərtlənir.
Davamlı olaraq, əsas investisiya layihələrinin icrasının davam etdirilməsi, iqtisadi inkişafı təmin etməklə yanaşı, işsizlik probleminin ləğvində də vacib rol oynadı. Valyuta ehtiyatlarının bir hissəsinin yerli banklarda yerləşdirilməsi üçün görülən tədbirlər bank sektoruna inamın artmasına gətirib çıxardı. Ayrı-ayrı sahibkarlıq subyektlərinə ayrılan kreditlər hesabına tikintidə, ticarət obyektlərində və digər sahələrdə aktivliyin yüksək səviyyədə qalmasına əsaslı zəmin oldu. Dövlət tərəfindən qlobal iqtisadi böhranın təsirinin neytrallaşdırılması istiqamətində uğurla aparılan dövlət siyasəti nəticədə Azərbaycan dünya dövlətlərinin böyük əksəriyyətindən fərqli olaraq bu problemin yaratdığı fəsadlardan kənarda qalmağı bacardı. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiq edilməsindən sonra özəl sektorun ümumi iqtisadiyyatda xüsusi çəkisinin daha da artması davamlı xarakter aldı. Rusiya, İsveçrə və Anqola banklarında Müşahidə Şurasının müstəqil üzvü olan Ernst Velteke də bildirir ki, dünya maliyyə böhranının Azərbaycandakı banklara təsiri güclü olmayıb, Azərbaycan Milli Bankı böhran şəraitində ondan tələb olunanı edərək, inflyasiyanın qarşısının alınması və azaldılması, həmçinin, yerli maliyyə sisteminin dəstəklənməsi üçün tədbirlər görüb. E.Velteke Azərbaycan hökumətinin real sektorun kreditləşməsini təmin etmək məqsədilə ölkədəki banklara Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) vəsaitlər ayırmaq planları ilə bağlı niyyətini də yüksək qiymətləndirirdi.
İkinci Dövlət Proqramının icrasına başlanmasından ötən dövrdə dövlətimizin başçısı regionlara 27 səfər etmiş, 150-dək müəssisə və obyektlərin təməlqoyma və açılış mərasimlərində iştirak etmişdir. Bu dövrdə 705 kilometr ümumi istifadədə olan yollar tikilmiş və təmir olunmuş, 10 yeni körpü inşa edilmişdir. 6137 kilometr kabel quraşdırılmış, 522 kilometr yeni elektrik xətləri çəkilmiş, 155 transformator quraşdırılmış, 4349 transformator təmir edilmiş, 4162 yarımstansiya tikilmiş və təmir olunmuş, 169 min elektrik sayğacı quraşdırılmışdır. Ümumilikdə, 28,7 kilometr istilik sistemi xətləri çəkilmiş və bərpa edilmiş, 32 qazanxana tikilmiş və təmir olunmuşdur. Regionlarda 186 kilometr müxtəlif diametrli yeni qaz kəmərləri çəkilmiş və təmir edilmiş, 54 yeni qaz tənzimləyicisi quraşdırılmışdır. Səksən şəhər, qəsəbə və kənddə poçt şöbəsi binası tikilib istifadəyə verilmiş, regionlarda 74 yeni elektron ATS istismara verilmiş, 68 ATS yenidən qurulmuşdur. On iki rayonun 122 kəndində əhalinin keyfiyyətli su ilə təminatının yaxşılaşdırılması üçün modul tipli sutəmizləyici qurğuları quraşdırılmış, 18 rayonun 62 kəndində bu iş davam etdirilmiş, 39 min 810 metr uzunluğunda suvarma kanalları çəkilmiş və yenidən qurulmuş, 1492 hektar sahəni suvarmağa imkan verən 46 subartezian quyusu qazılmışdır. Altmış üç səhiyyə, 87 təhsil müəssisəsi tikilmiş və əsaslı təmir olunmuşdur. Bakı şəhərində və respublikanın digər şəhər və rayonlarında 67 çoxmərtəbəli yaşayış binası, 287 fərdi ev inşa olunaraq əlil və şəhid ailələrinin istifadəsinə verilmiş, beləliklə də, 2166 ailə mənzillə təmin olunmuşdur. Yeddi Olimpiya İdman Kompleksi tikilib istifadəyə verimiş, 5314 yeni müəssisə yaradılmış, 54,5 mini daimi olmaqla 74 minə yaxın iş yeri açılmışdır. İqtisadi azadlıq şəraitində ümumi daxili məhsulumuzun 85 faizi özəl sektorun payına düşür. Baxmyaraq ki, əsas iqtisadi resurs olan neft dövlət tərəfindən idarə edilir. Özəlləşdirmə proqramının və bazar iqtisadiyyatı prinsiplərinin ölkədə geniş tətbiqinin nəticəsidir ki, cari ildə və ondan sonrakı dövrdə Azərbaycan iqtisadiyyatında artım səviyyəsinin dünyanın əksər ölkələri ilə müqayisədə inkişaf tempini saxlamaqdadır. Asiya İnkişaf Bankının "Asian Develorment Outlook 2010" adlı hesabatına görə, cari ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artımı 9,5 faizə bərabər olacaq. Növbəti ildə isə bu göstəricinin 9,7 faizə çatacağı proqnozlaşdırılır. Bank mütəxəssisləri hesab edirlər ki, qlobal maliyyə böhranı şəraitində həyata keçirilən iqtisadi inkişaf siyasəti nəticəsində bunun Azərbaycana təsirləri minimal xarakter daşıyıb. 2010-cu ilin birinci yarısında Azərbaycan Mərkəzi Bankı öz siyasətini qlobal iqtisadi artımın ləng bərpası və dünya ölkələri üzrə qeyri-bərabər getməsi, beynəlxalq maliyyə-valyuta bazarlarında qeyri-stabilliyin artması, dünya neft bazarında əlverişli konyunkturanın saxlanması, ölkə iqtisadiyyatının sabit artım dinamikası şəraitində həyata keçirib.
Prezident İlham Əliyevin 2010-cu il martın 12-də "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr edilmiş respublika konfransında verdiyi tapşırığa əsasən iqtisadi rayonlarda zona müşavirlərinin keçirilməsi makroiqtisadi mühitin iqtisadiyyatda sahibkarlar sinfinin mövqelərinin güclü şəkildə güclənməsinə öz töhfəsini vermişdir. Zona müşavirələrinin keçirilməsində məqsəd də bölgələrin inkişafına təkan verə biləcək konkret və əsaslandırılmış təklifləri üzə çıxarmaqdır. Müşavirə ərəfəsində dövlətimizin başçısının respublika konfransındakı nitqlərindən irəli gələn vəzifələr şəhər və rayon icra hakimiyyəti başçıları yanında şuraların geniş yığıncaqlarında müzakirələri çərçivəsində bir sıra təkliflər irəli sürülmüşdür. Dövlət proqramının icrası istiqamətində zona müşavirəsində 2009-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş respublika konfransında Prezident İlham Əliyevin nitqlərindən irəli gələn vəzifələri diqqətə çatdırılıb. Ölkənin iqtisadi inkişafında neft strategiyasının səmərəli istifadə olunması, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilən dövlət proqramları dövlət siyasətinin əsasını təşkil etməkdədir.
Azərbaycanın
investisiya üçün
seçdiyi xarici dövlət
və burada sərmayə qoyulan
sahələr kifayət qədər düşünülmüş
bir strategiya əsasında
həyata keçirilir. Azərbaycan qonşu dövlətlərdən olan Gürcüstan və
Türkiyədə enerji infrastrukturuna
kifayət qədər böyük sərmayələr
yatırır. Xatırladaq ki, Azərbaycanın
dünya enerji
bazarına çıxışının təminatı
baxımından əsas tranzit ölkələr
sırasında məhz adıçəkilən iki dövlət çıxış edir. Bu səbəbdən enerji məhsullarının
tranzitinin davamlılığını tam təmin etmək, eyni zamanda, bundan da gəlir götürmək üçün
Gürcüstan və Türkiyənin xarici investisiya sahəsində
əsas ölkələr olaraq seçilməsi
Azərbaycanın uğurlu enerji strategiyasının tərkib hissəsidir.
Bu ölkələrə investisiaya
yatırımı əsasən Azərbaycan Respublikası
Dövlət Neft Şirkəti (ARDNŞ)
vasitəsilə həyata keçirilir. Enerji ilə
yanaşı, xarici sərmayələrin qoyuluşunda Azərbaycan digər sahələrə,
məsələn, qiymətli kağızlar bazarına, aktivlərə,
səhmlərə də maraq göstərir.
Ölkənin valyuta ehtiyatlarının durmadan artması və maliyyə
imkanlarının güclənməsi isə Azərbaycanın
daha böyük miqdarda xaricdə
investisiyalar yatırmasına şərait
yaradır ki, bu da ölkəmizin sərmayə bazarında əsas
dövlətlərdən birinə çevrilməsinə gətirib
çıxarır. Lakin xarici
investisiya qoyuluşu həcmini
gücləndirən Azərbaycan həmişəki kimi özü də əcnəbi
sərmayədarlar üçün cəlbedici
ölkə olaraq qalır. Azərbaycanın
böyük iqtisadi
potensialını səmərəli istifadə edən ölkə
iqtidarı bu sahədə həyata keçirdiyi siyasətin yüksək effektivlik dərəcəsini müəyyən
edən müxanizmlər müəyyənləşdirib.
Ölkə iqtisadiyyatının qlobal böhran şəraitində inkişaf
tempinin nümunəyə
çevrilməsi ilə yanaşı, əhalinin gəlirlərinin
çoxalması fonunda inflyasiyanın olduqca aşağı göstəricilərlə
ifadə olunması, Azərbaycanı digər MDB dövlətlərindən
fərqlənirən başlıca xüsusiyyətlərdən
biridir. Naxçıvan Muxtar
Respublikasının 85 illiyinə həsr olunan
mərasimdə çıxışında Prezident
İlham Əliyev bildirmişdir
ki, Azərbaycanın çox
güclü iqtisadi
potensialı vardır: "Bu iqtisadi potensial təkcə
enerji amillərindən asılı deyildir. Bu il
dünyada yaşanan iqtisadi və maliyyə böhranı bunu bir daha
nümayiş etdirdi. Bu böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir".
Məqalə, Azərbaycan
Prezidenti yanında KİV-in İnkişafına Dövlət
Dəstəyi Fondunun layihəsi əsasında
hazırlanıb.
ELŞAD HACIYEV
Səs.- 2010.- 16 sentyabr.- S. 7.