Böyük şair xatirələrdə

 

Sovet imperiyasının kütləvi cəza maşını 30-cu illərin ortalarından başlayaraq daha aktiv hərəkətə keçmək və ölkə miqyasında, o cümlədən, Azərbaycanda da görkəmli ictimai və dövlət xadimlərini, sərkərdələri, elm, ədəbiyyat və incəsənət nümayəndələrini öz ağuşuna alaraq gedər-gəlməz istiqamətlərə daşıyırdı.

O illərdə yurdumuzun onlarla dəyərli, əvəzsiz oğulları kimi dahi Hüseyn Cavidbu amansız maşının cənginə keçdi. Cavid Əfəndinin adı ədəbiyyat və teatr tariximizdən birdəfəlik silindi. 30-cu illərin əvvəllərində adı dilində əzbər olanların müxtəlif rəsmi və qeyri-rəsmi məclislərdə onun yaradıcılığını göylərə qaldıran və şəninə ağız dolusu tərif deyənlərin bəziləri 1937-1956-cı illər arası dahi sənətkar haqqında olmazın hədyanlar, böhtanlar, iftiralar söyləməkdən və yazmaqdan belə utanmırdılar. Həqiqətən də, ulu öndər Heydər Əliyevin imzası ilə H.Cavidin anadan olmasının 100 illiyi haqqında verilən qərar H.Cavidin 2-ci və əsl bəraət sənədi oldu. Qərardan sonra Naxçıvanda Cavidin vaxtilə yaşadığı evdə yaradılmış ev-muzeyi bütün cavidsevərlərin qibləgahına çevrildi. Cavidin cənazəsinin qalıqları 1982-ci ildə Uzaq Sibirdən vətəninə gətirildikdən sonra bu sensasiyalı xəbər keçmiş Sovetlər Birliyində Cavid irsinə marağı daha da artırdı. Bu məqsədlə özümün dəfələrlə şahidi və iştirakçısı olduğum bəzi xatirələri oxucularla bölüşürəm. Muzeyimizə ünvanlanmış ilk məktublardan birini təqdim etmək istəyirəm: "Hörmətli yoldaşlar! Qəzetimizin redaksiyası şair-dramaturq H.Cavidin həyat və yaradıcılığı haqqında oxucularımıza ətraflı məlumat vermək arzusundadır. Bu barədə sizin köməyinizə arxalanırıq. Bizim ünvana öz muzeyiniz haqqında bələdçinin, yaxud heç olmasa H.Cavidin həyat və yaradıcılığı haqqında şəhərinizdə onun xatirəsinin necə yad edilməsi və muzeyinizdəki ən maraqlı eksponatlar barədə məlumatı göndərin. Diqqətinizə və köməyinizə görə əvvəlcədən minnətdarıq."

 (Ünvan:315210. Poltava vilayəti. Novıye Sanjarı "Qızıl bayraq" qəzetinin redaksiyası, Pyotr Mixayloviç Jabotinskiyə. Hörmətlə, qəzetin şöbə müdiri P.Jabotinski 08.09.1983)

Onu qeyd edim ki, muzeyimizə bu cür məktublarla müraciət edənləri cavabsız qoymuruq. Yuxarıda göstərilən məktubda da arzu olunanları nəzərə alıb H.Cavidin 1982-1983-cü illərdə rus dilində nəşr edilmiş 2 cildlik "Seçilmiş əsərləri"ni, muzey ekspozisiyasında olan ən maraqlı eksponatlar haqqında məlumatlar müxtəlif fotoşəkillər və Cavidin adı ilə bağlı yerlərin şəkillərini həmin ünvana göndərdik.

1988-ci ildə Moskva şəhərində mədəniyyət işlərinin ixtisasartırma institutunda muzey işi üzrə bir aylıq kursda iştirak edərkən Türkmənistanın Aşqabad şəhərindən gəlmiş, mənimlə bir qrupda təhsil alan, SSRİ xalq artisti, rejissoraktyor Altı Karlıyevin xatirə muzeyinin direktoru Altı Karyaqdıyevna Ovezova H.Cavidin ev-muzeyinin direktoru olduğumu bilib qeyd etdi ki, Türkmənistanın görkəmli sənətkarı, SSRİ xalq artisti Altı Karlıyev Bakıda Teatr Texnikumunda oxuyarkən H.Cavid ona dərs demişdir. O, hətta Türkmənistanın Aşqabad şəhərində 1982-ci ildə nəşr olunmuş Quvanç Keriminin "Altı Karlıyevin yaradıcılığı" adlı kitabını mənə göstərdi. Kitabın 16-17-ci səhifələrində Cavidlə bağlı bir bölümdə yazılırdı: "Teatr texnikumunda oxuduğu vaxt keçirilən dərslər Altının yaddaşında həmişə xoş xatirə kimi qalırdı. Xüsusən, Azərbaycanın şairi, həm də dramaturqu H.Cavidin Şərq ədəbiyyatından oxuduğu leksiyalar çox maraqlı idi. Cavid həm Şərq, həm də Qərb əbədiyyatını çox gözəl bilirdi. Altının heyran qaldığı əsərlər Cavidin "İblis" və "Şeyx Sənan" əsərləri idi. Altı H.Cavidin ərəb və fars dilində səlis danışmağına valeh olmuşdur".

 Mən həmin kitabda olan yazıların üzünü olduğu kimi köçürdüm. Sonralar Altı Karlıyevin Aşqabaddakı muzeyinə Cavidin 4 cildlik "Seçilmiş əsərləri"ni müxtəlif illərdə çəkilmiş fotoşəkillərini göndərdim. Həmin vaxt kurslarda dərslər keçiriləndə müxtəlif şəhərlərdən gəlmiş muzey əməkdaşları öz işlədikləri muzeylər haqqında qısaca olaraq məlumat verirdi. Növbə mənə çatanda Cavidin ev-muzeyi haqqında məlumat verdikdən sonra bir neçə kəlmə 1982-ci ildə Cavidin uzaq Sibirdən vətəninə gətirilməsi haqqında danışdım. Bu institutun müəllimlərini, hətta rəhbərliyini maraqlandırdı. Hətta bir aylıq təhsili başa vurub qayıtdıqdan sonra da kurs rəhbəri Anna Konstantinovna Lomunova mənə məktub göndərərək H.Cavid haqqında, xüsüsilə, onun nəşinin uzaq Sibirdən vətəninə gətirilməsi barədə geniş yazmağımı xahiş etdi. Mən yazı ilə bərabər Cavidin gətirilməsinə aid bir neçə maraqlı fotoşəkil və rus dilində Yaşar Qarayevin 1982-ci ildə nəşr edilmiş "Hüseyn Cavid" kitabını ona göndərdim.

Muzeyimiz keçmiş Sovetlər Birliyi zamanı, yəni 1991-ci illərə qədər, demək olar ki, bütün müttəfiq respublikalarda olan ədəbiyyat profilli və ev-muzeylərinin əksəriyyəti ilə əlaqələr saxlayırdı. Razılaşmalara görə Belarusun paytaxtı Minsk şəhərindəki Yakub Kolasın ev-muzeyində və Litvanın Kaunas şəhərindəki ədəbiyyat muzeyində təcrübə mübadiləsində olmaq və həmin vaxt orada sərgi nümayiş etdirmək nəzərdə tutulmuşdu. Bizim MinskKaunas şəhərlərində keçirəcəyimiz bu tədbirlər barədə "Yeni fikir" qəzetinin 23 mart 1990-cı il tarixli nömrəsində geniş məlumat verilmişdir.

Son vaxtlar Cavid yaradıcılığına maraq istər qardaş Türkiyə Cümhuriyyətində, istər İran İslam Respublikasında və hətta dünyanın başqa ölkələrində də yaranmışdır. Bunlardan Türkiyə Cümhuriyyətindən "Azərbaycan dramları" kitabını tərtib etmiş Zeynalabdin Makas, "Hüseyn Cavid-ədəbi fəaliyyətləri" və "Topal Teymur" pyesi" kitabının müəllifi Ərdoğan Uyğur "Hüsen Cavid və Türkiyə ədəbiyyatı" kitabının müəllifi Ənvər Uzun, Cavidin "Uçurum" əsəri üzərində tədqiqat işləri aparan yazıçı Yusif Gədikli İran İslam Respublikasından Cavidin "Şeyx Sənan" əsəri üzərində tədqiqat işi aparan və həmin əsəri fars dilinə tərcümə etmiş doktor Rəhim Əkbəri ÇavuşiCavid haqqında silsilə şeirlər yazmış Məsud İbrahimi ilə yaxından əlaqələr saxlayaraq onların yaradıcılıqlarını muzey vasitəsilə təbliğ edirikqoruyuruq. Bu yaxınlarda doktor Rəhim Əkbəri Çavuşi Tehrandan muzeyimizə zəng edərək yaxın günlərdə bizimlə görüşmək istədiyini və Cavidlə bağlı yeni kitabını bizə göndərəcəyini bildirdi. Bundan əlavə, Finlandiyada yaşayan İran əsilli Güntay Gəncalpın Cavid yaradıcılığı ilə məşğul olduğunu öyrəndik və tez bir zamanda internet ünvanını öyrənib əlaqə saxladıq və Cavidə həsr etdiyi "Hüseyn Cavidlə üz-üzə" şeirini əldə etdik. 2007-ci il 22 may tarixində Türkiyə Cümhuriyyətinin İstanbul şəhərindən gəlmiş tanınmış jurnalist, yazar, qəzetçi, şair İrfan Ülki Naxçıvana gələrək bir neçə saat muzeyimizin qonağı oldu. Söhbət zamanı İrfan bəy mənə Hüseyn Cavidə həsr etdiyi silsilə şeirlər barədə danışdı və bildirdi ki, onları tez bir zamanda muzeyə göndərəcək. Həmin ilin sonlarında Bakı şəhərində ezamiyyətdə olarkən təsadüfən həmin vaxt Bakıda olan İrfan Ülki ilə görüşdük. İrfan bəy 2006-cı ildə Bakıda nəşr olunmuş "Pıçıltılar kitabı"nı mənə bağışladı. Həmin kitabda böyük Cavidə həsr etdiyi "Gecə qatarları", "Ruhları daşıyan qatar" və başqa şeirləri çap olunmuşdur.

Ötən ilin əvvəllərində Türkiyə Cümhuriyyətinin İstanbul şəhərindən muzeyimizə, mənim adıma bir bağlama daxil oldu. Həmin bağlamanı Kazım Qarabəkir Paşanın qızı Timsal Qarabəkir göndərmişdir. Bağlamada Lətif Hüseynzadənin "Araz şahiddir" kitabının İstanbulda çap olunmuş nüxsəsi və Cavidlə Kazım Qarabəkir paşanın dostluqlarıma həsr olunmuş tədbirlərə aid fotoşəkillər idi.

İndi Cavidin ev-muzeyinin əlaqələri, coğrafiyası daha da genişdir. Cavid sorağıyla, Cavid iziylə tədbirimizi, görüşlərimizi, axtarışımızı davam etdirərək ümummilli lider Heydər Əliyevin kommunist rejiminin tüğyan etdiyi bir vaxtda imzaladığı "Dahi Azərbaycan şairi-dramaturq Hüseyn Cavidin anadan olmasının 100 illik yubileyinin keçirilməsi haqqında"kı 21 iyul 1981-ci il tarixli qərarı və sonrakı illərində H.Cavid ailəsinə, irsinə göstərdiyi qayğı və diqqət Cavidi daha da ucaltdı, yaşatdı.

 

 

Bəhruz Axundov

 

Səs.- 2010.- 16 sentyabr.- S. 12.