İqtisadi uğurlar xalqa firavanlıq gətirir
Regionların inkişafında Azərbaycanın artan
iqtisadiyyatının rolu böyükdür
Bildiyimiz kimi, son illər ölkə Prezidenti İlham Əliyev
regionların sosial-iqtisadi inkişafı ilə
bağlı dövlət
proqramları imzalayıb. Millət vəkili Vahid Əhmədov
"Səs" qəzetinə verdiyi müsahibəsində bu
proqramların həyata keçirilməsi, həmçinin,
oxşar və fərqli cəhətlər, eyni zamanda, bu və
digər məsələlərə aydınlıq gətirdi:
- Bu gün Azərbaycanda
qlobal enerji və kommunikasiya layihələrinin həyata
keçirilməsi, ölkədə bazar iqtisadiyyatı
prinsiplərinin tam bərqərar olması, xarici
investisiyaların qeyri-neft sektoruna, xüsusən də,
regionların inkişafına yönəldilməsi, əlverişli
sahibkarlıq və biznes mühitinin
formalaşdırılması 2003-2010-cu illərdə dövlət
başçısı İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin
prioritet istiqamətləri kimi diqqəti cəlb edir.
Eələ bu səbəbdən
də, ölkə Prezidentinin
imzaladığı "Azərbaycan Respublikasında
sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri
haqqında" və regionların sosial-iqtisadi inkişafı
dövlət proqramlarının təsdiq edilməsi
haqqında fərmanları ölkə iqtisadiyyatında yeni
inkişaf mərhələsinin əsasını qoydu.
Dövlət proqramlarının uğurla icrası qeyri-neft
sektorunun inkişafının sürətləndirilməsinə,
sahibkarlığa dövlət dəstəyinin
artırılmasına, əhalinin maddi rifahının, sosial-məişət
şəraitinin əhəmiyyətli dərəcədə
yaxşılaşdırılmasına, işləməyən
müəssisələrin fəaliyyətinin bərpasına və
yeni iş yerlərinin açılmasına geniş imkanlar
açdı. 2004-2008-ci illəri əhatə edən
"Regionların sosial - iqtisadi inkişafı Dövlət
Proqramı" ölkədə iqtisadi inkişafı
stimullaşdırıb. İlk növbədə isə,
analoqu olmayan iqtisadi inkişaf, yeni-yeni iş yerləri
proqramın uğurlu icrasından xəbər verir. Bunun nəticəsidir
ki, az müddətdə regionların tarazlı və
davamlı inkişafı, sosial infrastrukturun yenidən
qurulması, bölgələrdə sahibkarlığın,
özəl sektorun yüksələn xətt üzrə
inkişafı təmin edilib. Ən əsası isə odur ki,
ölkə iqtisadiyyatının neft amilindən
asıllığı aradan qaldırılaraq, qeyri-neft sektoru
daha sürətlə inkişaf etməyə başladı. Rəqəmlərə
müraciət etsək, görərik ki, proqrama əsasən,
6 min 194 sahibkara, 236 milyon manat kredit verilib. Proqramın
icrası müddətində iqtisadiyyat 96 faiz artıb. Burada
büdcə daxilolmalarının 50 faizi regionların
payına düşür. 75 min hüquqi, 340 min sahibkarlıq
fəaliyyətilə məşğul olan fiziki şəxs
yaradılıb. Proqramın icrası dövlət xəzinəsinin
gəlirlərinə də təsirini göstərdi.
2004-cü ildə 1,5 milyrad manat olan büdcə gəlirləri
2008-ci ildə 10 milyard manata kimi yüksəldi.
Azərbaycan
iqtisadiyyatı dünyada analoqu olmayan templə inkişaf etdi.
Ölkədə yoxsulluq həddi aşağı
düşdü. Bu isə proqram çərçivəsində
650 minə yaxın yeni iş yerinin yaradılması ilə
mümkün olub. Proqramın birinci hissəsi 2008-ci ildə icra
müddətini uğurla başa vurdu. Prezident İlham Əliyev
sənədin davamı olaraq, 2009-cu ilin aprel ayında
regionların 2009-2013-cü illər üzrə sosial-iqtisadi
inkişafı Dövlət Proqramını təsdiqlədi.
Proqram rayon, kənd əhalisinin yeni iş yerlərilə təminini
nəzərdə tutur. Yeni dövlət proqramında elm, təhsil,
səhiyyə və digər sosial sahələrə də
diqqət yönəldilib.
Hər iki dövlət proqramlarında əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, sosial məsələlərin həlli mühüm yer tutur. Ölkə Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında demişdir: "Biz, həmişə olduğu kimi, sosial məsələlərə xüsusi diqqət veririk və bu sahədə də nəzərdə tutulmuş bütün proqramlar vaxtlı-vaxtında icra olunur. Heç bir proqramda yubanma yoxdur və biz bu işləri proqram üzrə, cədvəl üzrə görürük. Deyə bilərəm ki, bugünkü məlumata görə, Azərbaycanda orta əməkhaqqı təxminən 400 dollar təşkil edir, ildən-ilə artır və ilin birinci yarısında da artım müşahidə olunubdur. Orta pensiyaların həcmi təxminən 130 dollardır. Burada da artım var. Amma əlbəttə ki, biz çalışmalıyıq ki, pensiyaların məbləğini bundan sonra da artıraq...".
Ölkə Prezidentinin Fərmanı ilə təsdiq olunmuş ikinci "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası məqsədilə idarəetmə orqanlarının, yerli və xarici investorların diqqəti regionların inkişafına yönəldilmiş, regional problemlərin həlli ön plana çəkilmişdir. Məhz elə buna görə də hazırda yerlərdə infrastruktur təminatının yaxşılaşdırılması, sosial obyektlərin inşasının sürətləndirilməsi ilə əlaqədar nəzərdə tutulan layihələr uğurla reallaşdırılır.
- Dövlət proqramları
çərçivəsində həyata keçirilən iqtisadi investisiyaların təşkil edilməsində
özünü doğruldurmu?
- Bildiyiniz kimi, bu gün Azərbaycanda maliyyə bazarının təkmilləşdirilməsi də uğurla davam etdirilir. Burada əsas diqqət maddi resursların iş adamlarının əlində cəmləşməsinə yönəldilir. Bu isə özünü daha çox özəl bölmənin, qeyri-neft sektorunun sürətli inkişafını təmin etmək üçün bir sıra mühüm tədbirlərin həyata keçirilməsində göstərir. Prezident İlham Əliyev bununla əlaqədar demişdir: "...Məqsəd ondan ibarətdir ki, bir neçə ildən sonra iqtisadi imkanlarımızın neft amilindən asılılığını tamamilə aradan qaldıraq. Belə imkanlar var və əminəm ki, qeyri-neft sektorunun inkişafı həm dövlət tərəfindən verilən dəstək hesabına, həm də özəl sektorun fəaliyyəti nəticəsində daha da genişlənəcəkdir... Biz bir neçə il ərzində sahibkarlara kreditlər veririk, bu kreditlər də yaxşı işləyir. Bu kreditlərin hesabına yeni müəssisələr - fabriklər, emal müəssisələri yaradılır, özəl biznes inkişaf edir. İqtisadiyyatımızın ümumi çəkisində özəl biznesin kifayət qədər böyük yeri var. Azərbaycan iqtisadiyyatı 80 faizdən yuxarı özəl sektorun əsasında qurulubdur".
Maddi resursların investisiya layihələrinə istiqamətləndirilməsi baxımından Azərbaycan dünyada və MDB məkanında üstün mövqeyə malikdir. Belə ki, bu, son illər dövlət büdcə xərclərinin bir neçə dəfə artması hesabına iqtisadiyyata sərmayələrin qoyulmasına diqqətin artırılmasında özünü qabarıq büruzə verir. Bunun nəticəsində ölkəmizin prioritet sosial yönümlü infrastrukturunun yaradılması və yenidən qurulması ilə bərabər, mədəniyyət, idman təyinatlı layihələrin maliyyələşdirilməsi mümkün olmuşdur. İqtisadiyyata investisiya qoyuluşu həcminin artması ilə bağlı Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında iclasında demişdir: "Azərbaycan 2010-cu ildə investisiyaların cəlb edilməsi sahəsində öz uğurlu siyasətini davam etdirmişdir. Baxmayaraq ki, demək olar, bütün maliyyə qurumları, beynəlxalq səviyyəli şirkətlər və ölkələr öz xərclərini kəskin şəkildə azaldırlar, Azərbaycana xaricdən gələn investisiyaların həcmi, prosesi davam edir və bu il də biz bunu müşahidə etmişik. Bütövlükdə, ölkə iqtisadiyyatına altı ayda 3,8 milyard dollar sərmayə qoyulmuşdur və bunun müəyyən hissəsi xarici sərmayələrdir. Biz əvvəlki illərdə daha çox xarici investisiyalardan asılı idik. Azərbaycanda yaradılmış gözəl investisiya iqlimi ölkəmizə investisiyaların gətirilməsinə əhəmiyyətli kömək göstərmişdir.
- Azad iqtisadi zonaların yaradılması prosesi nə üçün
gecikir?
- "Azad İqtisadi Zonalar haqqında" Qanun qəbul edilsə də, indiyə kimi onlar yaradılmayıb. Vaxtilə Sumqayıtda azad iqtisadi zonanın yaradılması ətrafında bir sıra fikirlər səsləndirilib. Daha sonra Milli Məclisdə bununla bağlı qanun layihəsi qəbul olundu. Qanunun qəbul olunmasından sonra icra olunmayıb. Hazırda Primorskidə azad iqtisadi zonanın yaradılması məsələsi gündəmdədir. Bu istiqamətdə tədbirlər davam etdirilir. Çünki onların yaradılması Azərbaycan üçün olduqca vacibdir. Bu zonaların yaradılması sahibkarlığın inkişafı, iqtisadi təşkilatların orada yerləşdirilməsi, müəyyən güzəştlərin verilməsi və s. Azərbaycanda qeyri-neft sektorunun inkişaf etməsinə təsir göstərir. Qeyri-neft sektorunun inkişafı üçün Prezident İlham Əliyev tərəfindən bir sıra tədbirlərin görülməsi üçün ciddi göstərişlər verilib. Azad iqtisadi zonalar daha çox sərhəd bölgələrində, dənizə və nəqliyyat vasitələrinin olduğu yerlərə yaxın ərazilərdə yerləşdirilir. Məsələn, qonşu İran İslam Respublikasında hazırda 13-ə yaxın azad iqtisadi zona var və onlar yüksək səviyyədə fəaliyyət göstərir.
Qeyd etmək istərdim ki, azad iqtisadi zonalar qapalı zonalardır və oraya kənar müdaxilələr mümkün deyil. Burada bir çox güzəştlər nəzərdə tutulub ki, onlar da qanun layihəsində öz əksini tapıb. Azad iqtisadi zonalar üçün vergi, gömrük, torpaq və güzəştlər var. Bir də, bu işdə həm yerli, həm də xarici sahibkarlar yaxından iştirak edə bilər.
- Sizcə, Azərbaycanda qanununvericiliyin tənzimlənməsində
"Rəqabət Məcəlləsi"nin qəbul
olunması, ölkədə iqtisadi siyasətin...
- "Rəqabət Məcəlləsi"nin qəbul olunmasına çoxdandır zərurət var. 2006-cı ildə ölkə Prezidenti İlham Əliyev Qanun layihəsini Milli Məclisə təqdim edib. Düzdür, Qanun layihəsi iki oxunuşdan keçib və növbəti üçüncü oxunuş üçün müzakirəyə verilməlidir. Qanun layihəsinin müzakirəsi diqqətdədir. Onun qəbul olunması zəruridir. Çünki bu qanunun qəbul olunması ölkəmizin iqtisadi həyatında davamlı olaraq aparılan dövlət siyasətinin mahiyyətindən irəli gəlir. Qeyd edim ki, "Rəqabət Məcəlləsi"nin qəbul olunmasının Azərbaycanın daxili bazarına çox mühüm təsiri var. Qanunda nəzərdə tutulan hallar ölkədə qiymətlərin tənzimlənməsinə, eləcə də, inhisarçılığın müəyyən qədər aradan qaldırılmasına təsir edəcək. Bu baxımdan, qanun layihəsi olduqca ciddidir və onun qəbul olunmasına böyük ehtiyac var. Yəni, bazarın tənzimlənməsi bilavasitə bu qanun layihəsinin qəbul olunmasından asılıdır.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2010.- 17 sentyabr.- S. 6.