Turizm: potensial və
perspektivlər
Azərbaycan iqtisadiyyatının neftdən
asılılığının azaldılması
üçün inkişaf etdirilməsi vacib olan perspektiv sahələrdən
biri də turizmdir
Azərbaycanda qeyri-neft
sektorunun inkişafı dövlət siyasətinin prioritet
istiqamətlərini təşkil edir. Ölkə
iqtisadiyyatının neftdən
asılılığının azaldılması
üçün ekspertlər klaster yanaşmanı məqbul
sayırlar. Kalster yanaşma zamanı Azərbaycanda perspektivi
aydın görünən bir neçə sahənin
inkişaf etdirilməsi əsas götürülür. Ölkəmizdə
yüksək potensial və perspektivləri olan sahələrdən
biri də turizm sektorudur.
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində inkişaf etdirilməsi nəzərdə tutulan sahələrdən biri də turizmdir. Prezident İlham Əliyev 2009-2013-cü illər ərzində proqramın əsas sahələrindən biri kimi sahibkarların maliyyə təminatının yaxşılaşdırılmasının, yeni müəssisələrin yaradılması üçün hökumətin güzəştli vergi-gömrük tarifləri tətbiq edilməsinin diqqət mərkəzində dayandığını qeyd edir.
Belə ki, sahibkarlar üçün güzəştli vergi rejiminin yaradılması, ƏDV-nin azadılması və digər tədbirlər həyata keçiriləcək. Yeni yaradılan müəssisələrin ən müasir avadanlıqlarla təmin edilməsi üçün sahibkarlara uzunmüddətli kreditlərin verilməsi də bu tədbirlər sırasındadır.
Proqram çərçivəsində qeyri-neft sektoruna aid sahələrin inkişafına dəstək verilməsi nəzərdə tutulur. Bunlardan biri və ən perspektivlisi də turizmdir. Digər sektorlardan fərqli olaraq turizm ekologiyaya zərər vurmayan, xammal və ya industrial texnologiya tələb etməyən, faydalı qazıntıların istifadəsinə ehtiyac duymayan bir sektordur. Təsadüfi deyil ki, bir çox ölkələrin əsas gəlirləri məhz bu sektordan əldə olunur.
Azərbaycan təbii şəraiti, olduqca zəngin və rəngarəng rekreasiya ehtiyatları, xarici və daxili turizmin və əhalinin istirahətinin təşkili üçün hər cür şəraitə malikdir. Respublikamızın əlverişli iqlim şəraiti, ilboyu zirvələri qar və buzlaqlarla örtülü olan ecazkar quruluşu, cəlbedici landşaftı, çoxsaylı dağ çayları və şirinsulu gölləri, insanı heyrətə gətirən şəlalələr, yüzlərlə mineral və müalicəvi bulaqlar, narın qumlu dəniz çimərlikləri, palçıq vulkanları, tarixi-mədəni abidələr və s. ölkədə daxili və xarici turizmin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır.
Son illər Azərbaycanda yuxarıda qeyd edilən problemlərin həlli, o cümlədən, infrastruktur sahələrin inkişafı istiqamətində irimiqyaslı yerli, regional və beynəlxalq layihələr həyata keçirilməkdədir. Bu layihələr müxtəlif istehsal və xidmət sahələrini əhatə etməklə ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynamaqdadır.
Həyata keçirilən layihələrin prioritet istiqamətlərindən biri də infrastruktur sahələrin təkmilləşdirilməsi və müasir tələbata uyğunlaşdırılmasıdır. Bu da təbiidir, çünki köhnə, müasir standartlara cavab verməyən infrastruktur sahələrlə hər hansı inkişafa nail olmaq qeyri-mümkündür.
Məlumdur ki, turizmin inkişafında daxili turistlər də xüsusi rol oynayır. Xüsusən, ölkəmizdə kənd turizminin inkişafı əsasən daxili turistlərdən asılıdır. Belə ki, turizmin ekoloji turizm, dağ turizmi, idman turizmi və s. müxtəlif növləri içərisində kənd turizmi daha geniş yayılıb. Eyni zamanda, Azərbaycanda da kənd turizminin inkişaf etdirilməsi üçün çox geniş potensial imkanlar mövcuddur.
Hər bir ölkədə, xüsusilə də, əhalisinin təqribən yarısı kənd yerlərində yaşayan Azərbaycan kimi ölkələrdə kənd turizminin inkişafı çox vacibdir. Çünki kənd turizmi şəhər mühitinin kənd mühiti ilə əvəz olunması ilə yanaşı, kənd yerlərində kiçik sahibkarlığın inkişafının, kənd təsərrüfatı məhsullarının istehlakçılara birbaşa çatdırılmasının təmin edilməsində, bölgələrin mövcud potensialından səmərəli istifadə olunmasında xüsusi əhəmiyyətə malikdir.
Araşdırmalardan aydın olur ki, kənd turizmi, ümumilikdə, milli park və təbiət ərazilərindən istifadəyə, insanların istirahət tələbatında ətraf mühitlə bağlılığa, mədəni və milli irs nümunələrindən, eləcə də, tarixi-memarlıq abidələrindən istifadəyə, yüksək keyfiyyətli yaylaq havasına və müalicəvi bulaq sularına daimi tələbatın olmasına əsaslanır.
Son illər ölkədə həyata keçirilən genişmiqyaslı islahatlar, əksər regionlara və sahələrə dair dövlət proqramlarının qəbulu, onların uğurla icra edilməsi və s. nəticəsində bir çox problemlər tədricən öz həllini tapıb, ölkədə kənd turizminin inkişafı üçün münbit şərait formalaşdırılıb. Bu sahədə isə nəqliyyat əlaqələrinin genişlənməsi, ən ucqar yaşayış məntəqələrinədək abad yolların çəkilməsi, nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəlməsi və s. xüsusilə əhəmiyyətli olub. Avtomobil yollarının yenidən qurulması və təkmilləşdirilməsi nəinki kənd turizminin, ümumilikdə, ölkə turizminin inkişafında mühüm rol oynayır.
Bu gün infrastruktur layihələrinə dövlət büdcəsindən ayırmaların ilbəil yüksək templə artması dövlətin bu məsələyə necə böyük həssaslıqla yanaşdığını göstərir. Nəqliyyat xidmətlərinin, yolların və s. inkişafı sahibkarlıq, turizm və s. sahələrin dirçəlişinə təkan verir. O cümlədən, bu gün Azərbaycanın ən ucqar kəndlərinədək rahat yolların çəkilməsi, ölkəmizin Şərq-Qərb, Şimal-Cənub kimi iri beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağında yerləşməsi turizm sektorunun da inkişafına ciddi təsir göstərməkdədir.
Belə ki, həm ölkə daxilində, həm də beynəlxalq səviyyəli yolların yenidən qurulması, yeni yolların çəkilişi ölkənin Avropa və Asiya arasında yerləşən nəqliyyat qovşağı kimi əhəmiyyətini daha da yüksəldir. Azərbaycanın tranzit potensialı artdıqca isə ölkə ərazisindən tranzit kimi istifadə edən xarici daşıyıcıların sayı da çoxalır. Bu da turizmin inkişafında mühüm rol oynayır.
Bütün bunlarla yanaşı, son illər, regionlarda (Gəncə, Zaqatala, Lənkəran və s.) beynəlxalq standartlara cavab verən hava limanlarının tikintisi, Lerik-Lənkəran, Şəmkir-Qazax, Xınalıq-İspik yollarının yenidən qurulması, Tovuz, Gədəbəy, Yardımlı, Daşkəsən, Quba və s. rayonlarda yeni yol çəkilişləri regional inkişafa verilən ən gözəl töhfədir.
Aydındır ki, kənd turizm mərkəzləri əsasən dağlıq rayonlarda- Quba, Qusar, Xaçmaz, Masallı, Şamaxı, Qəbələ, Şəki və s. rayonların ərazisində yerləşir. Digər tərəfdən, məlumdur ki, son dövrlər, hətta ən mürəkkəb coğrafi şəraitə və dağlıq relyefə malik ərazilərlə nəqliyyat əlaqələri yaradılıb. Nəticədə bu bölgələrdə yeni turizm mərkəzləri yaranıb. Quba və Nabranda yaradılmış müasir istirahət mərkəzləri isə artıq dünya standartlarına cavab verən turizm mərkəzləridir. Bu səbəbdən də son illərdə təkcə daxili turistlər deyil, xarici turistlər də bu məkanlara üz tutur.
Burada ölkə başçısı cənab İlham Əliyevin bir fikrini xatırlatmaq yerinə düşərdi: "Harada ki, müasir yol var, o bölgədə mütləq və mütləq inkişaf olacaqdır. Əgər yol yoxdursa, o bölgə inkişaf edə bilməz. Orada istənilən təbii sərvətlər, istənilən infrastruktur, gözəl binalar, mehmanxanalar olsa da, əgər yol yoxdursa və ya bərbad durumdadırsa, oraya heç kim gəlməyəcəkdir".
Turizmin, o cümlədən, kənd turizminin inkişafı nəqliyyat və onun infrastruktur sahələrinin inkişafı ilə bir kompleks əmələ gətirir. Bütün bunlar isə ölkədə həyata keçirilən infrastruktur layihələrin turizmin inkişafında, konkret olaraq, regionlarda aparılan quruculuq işləri, yeni yol çəkilişlərinin isə kənd turizminin inkişafında xüsusi əhəmiyyəti olduğunu bir daha sübut edir. Son illərdə Azərbaycana gələn turistlərin xeyli artması bu sahənin klaster yanaşmada ən vacib sahələrdən olduğunu göstərir.
Son illərdə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində aparılmış işlər regionlarda istehsal sahələrinin və sosial infrastrukturların yaradılması sahəsində müsbət dəyişikliklərə səbəb olub.
Ölkə başçısı İlham Əliyevin təsdiq etdiyi regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında ölkədə turizmin dinamik yüksəlişinə də xüsusi yer ayrılıb. Proqrama əsasən, qarşıdakı illərdə bu sahənin inkişafı ölkə iqtisadiyyatının diversifikasiyası baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edəcəkdir.
Dövlət proqramında davamlı iqtisadi inkişafın təmin edilməsi baxımından kiçik və orta sahibkarlığın dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, ixrac potensialının artırılmasında və cəmiyyətin sosial problemlərinin həllində onların rolunun gücləndirilməsi öz əksini tapıb.
Elçin Bayramlı
Səs.- 2010.- 17 sentyabr.- S. 8.