Azərbaycanın neft strategiyası: imkanlar və üstünlüklər

 

“Əsrin müqaviləsi"nin imzalanmasından 16  il keçir. 16 il əvvəl dünyanın müxtəlif ölkələrini təmsil edən şirkət nümayəndələri Bakıda bir araya gələndə, çox azları düşünürdü ki, qısa müddətdən sonra Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan aparıcı ölkələrdən birinə çevriləcək. Qısa olaraq "Əsrin müqaviləsi"nə nəzər salaq. Müqavilənin operatoru kimi çıxış edən BP şirkəti ən çox paya malik idi: ingilislər 34,1 faiz paya sahib ola bilmişdilər. Qalan paylar digər iştirakı şirkətlər arasında bölüşdürülmüşdür:  Chevron-Texaco (10,2%), Lukoil (10%), ARDNŞ (10%), Statoil (8,6%), ExxonMobil (8%), TPAO (6.8%), Devon Energy (5,6%), Itochu (3,9%), Amerada Hess (2,7%). Dünyanın 7 ölkəsinə mənsub olan 11 neft şirkəti sonradan bir araya gələrək konsorsium yaradaraq Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə birlikdə Xəzər dənizinin Azərbaycan sektorunda olan "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının dərinlikdə yerləşən hissəsinin müştərək işlənməsi haqqında müqavilə imzaladılar.

Saziş çərçivəsində 20 milyard dollar investisiya neft sektoruna yönəldilmişdir və 6,5 milyard bareldən artıq neft hasil edilməsi proqnozlaşdırılır. Müqavilə çərçivəsində "Çıraq" neft yatağından hasil edilən neftin ixracına 1999-ci ildə başlanılmışdır.  Əvvəlcə  4 platformadan ümumi olaraq gündə 674 min barel  neft ixrac edilməyə başlanılmışdır ki, bunun da  131 min bareli "Çıraq", qalanı isə "Azəri" yatağında hasil edilmişdir.

Yeni əsrdən isə Azərbaycan "Bakı-Tbilisi-Ceyhan" neft kəməri ilə neft ixracını gündəlik olaraq 1 milyon bareldən çox artırmağa nail olmuşdur. "Əsrin müqaviləsi" sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanması ilə davam etdirildi. "Əsrin müqaviləsi" həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlərdən biridir. İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları investisiya qoyuluşunun 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldilmişdir. Nəhayət, 1999-cu ilin dekabrında Azərbaycanın "mənfəət nefti" ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı.

 

"Əsrin müqavilə"si sadəcə neft müqaviləsi, yoxsa strateji istiqamət?

 

Bu ilin iyun ayında Bakıda keçirilən XVII Beynəlxalq Xəzər Neft-Qaz sərgi və konfransının açılışında ölkə Prezidenti cənab İlham Əliyev bildirmişdir ki, ölkədə həyata keçirilən düzgün neft strategiyası Azərbaycanın dayanıqlı və davamlı iqtisadi inkişafının təmin edilməsində əhəmiyyəli rol oynayır.  Bu baxımdan, təbii ki, "Əsrin müqaviləsi" strateji baxımdan sadəcə neft hasil edilməsi üzrə bağlanmış müqavilə kimi xarakterizə edilə bilməz. Sözügedən sazişdə Azərbaycanın təbii ehtiyatlarını Avropa bazarına çıxarılmasının nəzərdə tutulmasına baxmayaraq müqavilə həm ölkə daxilində, həm regionda geopolitik təsirlərə malikdir. Əvvəla, bu sazişdə iştirak edən şirkətlərin malik olduqları payların ardıcıllığı Azərbaycanın Qərbə yönəldilmiş, amma balanslaşdırılmış siyasət həyata keçirəcəyinə işarə idi. Belə ki, qərblilərin mütləq əksəriyyətə malik olduğu konsorsiumda Rusiya şirkəti payların 1/10 nisbətinə sahib oldu.  Bu isə Avropaya inteqrasiya edəcəyini bəyan edən Azərbaycan dövlətinin Rusiya təsirinin balanslaşdırmaq niyyətindən xəbər verirdi. Bu baxımdan sözügedən müqavilə heç də yalnız iqtisadi xarakter daşımırdı.

"Əsrin müqaviləsi", məhz qısa müddətdən sonra, Azərbaycan iqtisadiyyatında neft gəlirlərinin artacağına zəmin yaradırdı. Hal-hazırda neft sektorunun iqtisadiyyatın aparıcı sahəsinə çevrilməsi də məhz 1994-ci ildə böyük həcmli investisiya qoyuluşlarını nəzərdə tutan müqavilənin imzalanması ilə bağlı idi. Praktik olaraq, son 5 ildə Azərbaycanın dövlət gəlirlərində müşahidə edilən artımlar birbaşa neft satışından daxilolmaların çoxalması ilə bağlıdır. Sözügedən saziş Azərbaycana, nəinki regional layihələrdə söz sahibliyi etməyə, həmçinin, Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli mövqe tutmasına imkan verib. Hal-hazırda bütün "Transxəzər" layihələrinin müzakirəsinə Bakının dəvət edilməsi də bununla bağlıdır. Faktiki olaraq, Azərbaycanın iştirakı olmadan Avropanın enerji təhlükəsizliyini təmin etmək mümkünsüz görsənir. "Əsrin müqaviləsi" 1998-ci ildən başlayaraq bağlanan müqavilələrdə Azərbaycanın daha çox pay almasına imkan yaratdı.  Aydındır ki, 1994-ci ildə Azərbaycanın dövlət gəlirləri 20 milyard dollarlıq investisiya həyata keçirməyə imkan vermirdi: investisiya qoyuluşları, hətta mərhələli olsa da belə. Bu baxımdan ARDNŞ yalnız  "Əsrin müqaviləsi" çərçivəsində neft istehsalına başlanandan sonra yeni sazişlərdə böyük paya malik ola bilərdi. 1998-ci ildə ratifkasiya edilən "Kurdashi-Araz-Kirgan" yatağının işlənməsi üzrə müqavilədə ARDNŞ 50, Agip isə 25 faizə malik oldu.  "İnam" yatağının işlənməsi üzrə 1998-ci ilin bağlanan digər sazişdə də ARDNŞ payların yarısına sahib oldu. Dövlət Neft Şirkətini 25 faizlə BP izləyirdi. Eyni ilə "Araz", "Alov" və "Şərq" yataqlarında da Dövlət Neft Şirkəti payların 50 faizinə sahib ola bildi.

 

Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu

 

Bu gün Avropa üçün təhlükəsizlik anlamına sadəcə enerji təhlükəsizliyi gəlir. Avropa Birliyinin mavi qaza olan tələbatının 46 faizini, Mərkəzi və Şərqi Avropanın istehlakının 90 faizini ödəyən Rusiyanın "Qazprom" şirkəti sözügedən qitədə inhisarçı mövqeyə malikdir. Hətta bəzi Avropa ölkələri o cümlədən, PolşaÇex Respublikası tamamən Rusiya mavi qazından asılıdırlar. Bu ilin yanvarında Rusiya ilə Ukrayna arasında baş verən qaz münaqişəsi Avropanı yenidən enerji təhlükəsizliyi haqda düşünməyə vadar edib. Avropanın enerji təhlükəsizliyinin izahatı kifayət qədər sadədir: Rusiyadan kənarda yerləşən mavi qaz ehtiyatlarının məhz elə Rusiyadan keçməyəcək qaz xətləri ilə Avropaya çatdırılması. Təbii ki, bu apsektdə avropalıların güvəndiyi ilk alternativ mənbə məhz Xəzər dənizində yerləşən yataqlardır. Rusiyanın təzyiqlərinə baxmayaraq, "Nabucco" layihəsinin tikinti indi daha real görünür. Avropa Birliyi "Nabucco" kəməri vasitəsi ilkin olaraq ildə 31 milyard kubmetr mavi qaz nəql etmək niyyətindədir. Güman edilir ki, həmin qazın təxminın 1/3-ni Azərbaycan təmin etmək qabiliyyətindədir. Azərbaycan "Nabucco" layihəsində həm təchizatçı, həm də tranzit ölkəsi kimi çıxış edərək, bu layihədə daha çox təsir mexanizmləri əldə etmək imkanındadır. Belə ki, "Şahdəniz-2" yatağından mavi qazın istismarına  planlaşdırıldığı kimi 2012-ci ildə deyil, 2014-ci ildə başlanılacağının elan edilməsi məhz  Azərbaycanın "Nabucco" layihəsində fəal iştirak etmək imkanlarından xəbər verir. Belə ki, layihənin məhz həmin vaxt istifadəyə verilməsi və "Şahdəniz" yatağından hasil ediləcək qazın da "Nabucco" vasitəsi ilə nəql ediləcəyi gözlənilir. Bununla yanaşı, güman olunur ki, Azərbaycanın qaz ehtiyatları qiymətləndirildiyindən daha çoxdur. Bu isə Azərbaycana həm Avropanın enerji təhlükəsizliyində daha üstün mövqeyə malik olmağaqaz satışından əldə edəcəyi gəlirləri stimullaşdırmağa imkan verə bilər. Ötən ilin iyununda İstanbulda 5 istehlakçı ölkənin "Nabucco" layihəsində iştirakları ilə bağlı anlaşma sazişi imzalaması da bu layihənin real olmasından xəbər verir. Sözügedən layihə Azərbaycan üçün eyni zamanda, siyasi baxımdan əhmiyyətlidir.

 

Rusiya ilə Qaz  Anlaşması Neft Strategiyasına korrektədirmi?

 

Rusiya ilə Azərbaycan arasında mavi qazın ixracı ilə bağlı imzalanan anlaşma birmənalı qiymətləndirilmir. Bu anlaşma Azərbaycanın "Nabucco" və ya "Transxəzər" layihələrindən imtina etməsi deməkdirmi? Cavab birmənalıdır: yox. Rusiya ilə Azərbaycan arasında əldə edilən anlaşma ölkəmizə bir sıra geopolitikgeoekonomik üstünlüklər verir. Əvvəla, Azərbaycan bununla Avropa Birliyinə Bakının alternativ mənbələrdən istifadə edə bilməsi ilə bağlı mesaj göndərdi və avropalıları "ucuz Azərbaycan qazı" xülyasından əl çəkməsinin vacibliyinə işarə etdi. Belə ki, Rusiyanın Azərbaycan qazının hər min kubmetrə 340 dollar ödəməsi ilə bağlı əldə edilən anlaşma Avropanı məcbur etdi ki, Azərbaycan qazının bazar qiymətləri ilə alınacağı ilə bağlı rəsmi açıqlama versin. Praktik olaraq, bununla rəsmi Bakının Azərbaycanın "Nabucco" və digər "Transxəzər" layihələrinə yalnız  Avropa qiymətləri və ya Azərbaycanın şərtləri ilə qoşula biləcəyini diqqətə çatdırdı: Azərbaycanın mavi qazı ixrac imkanları kifayət qədər genişdir və Bakı iqtisadi baxımdan ən yaxşı şərtləri qiymətləndirəcək. İkincisi, Rusiyaya satılacaq mavi qaz rentabelli olmayan yataqlardan hasil edilir. Həmin yataqlarda xarici şirkətlər işləməkdə maraqlı deyil Rusiya satılacaq qazı ARDNŞ hasil edir. Bu baxımdan, Azərbaycanın Rusiyaya qaz ixracı heç xarici neft şirkətlərinin hasilatla bağlı planlarına təsir göstərməyəcək. Nəhayət,  Rusiyaya il ərzində cəmi yarım milyard kubmetr qazın ixrac edilməsi proqnozlaşdırılır. Bu isə Azərbaycanın daxili istehlakına, ixracına təsir göstərə bilməz. Müqayisə üçün qeyd edək ki, Azərbaycan illik olaraq "Nabucco" layihəsi ilə Rusiyaya ixrac edəcəyi qazdan 20 dəfə artıq qaz nəql etmək niyyətindədir. Buna görə , "Qazprom"la mavi qazın nəqli ilə bağlı anlaşma heç bir halda Azərbaycanın neft strategiyasında dəyişiklik kimi qiymətləndirilə bilməz.

Azərbaycan iqtisadiyyatında neft qaz sektorunun ən azı yaxın 10 ildə aparıcı sektor olaraq qalacaq.  Güman edilir ki, 2014-ci ildən başlayaraq mavi qaz satışından əldə edilən gəlirlər kəskin artacaq bu sonrakı illərdə neft gəlirlərinin azalması müşahidə edilsə , kəsirin yaranmasına imkan verməyəcək. Bu isə, o deməkdir ki, yaxın gələcəkdə Azərbaycanın daimi sığorta olunmuş dövlət gəlirləri olacaq.  Eyni zamanda, bu, qeyri-neft sektorunun inkişafı üçün geniş imkanlar yaradır. yalnız, iqtisadiyyatın strukturunu diversifikasiya edərək, qeyri-neft sektorunu inkişaf etdirməklə "Əsrin müqaviləsi"nin müsbət nəticələrini daimi etmək olar.

 

 

Vüqar Bayramov

 

Səs.- 2010.- 21 sentyabr.- S. 8.