"Əsrin müqaviləsi"nin
imzalanması ilə Azərbaycan uğurlu
inkişaf yoluna qədəm
qoyub
Ulu öndər Heydər Əliyevin 16 il əvvəl əsasını
qoyduğu yeni neft strategiyası Azərbaycanın
bugünkü və gələcək yoluna işıq
saçır
Ötən əsrin son
onilliyinin başlanğıcında öz müstəqilliyini
ikinci dəfə əldə edən Azərbaycan sovet
imperializmindən xilas olduqdan sonra həm siyasi, həm də
iqtisadi gələcəyini təmin etmək, müəyyənləşdirmək
məsuliyyəti ilə qarşı-qarşıya qaldı.
Bu, elə bir məqam idi ki, kiçik bir səhv müstəqilliyini
yenicə bərpa etmiş dövlətin, ümumiyyətlə,
xəritədən silinməsi ilə nəticələnə
bilərdi. Çünki böyük güclərin
bütün nəzəri strateji enerji mənbəyinə -
neftə malik olan Azərbaycana yönəlmişdi.
Bu cür siyasi gərginliyin
yaşandığı bir zamanda Azərbaycan xalqı müdrik
bir qərar qəbul etdi. Hakimiyyəti zəbt etmiş
AXC-Müsavat cütlüyü xalqın qəzəbi ilə
qarşı-qarşıya qaldı. Çünki xalq bu
insanların müharibədəki çətinliklərin, məğlubiyyətlərin,
iqtisadi geriləmənin qarşısını ala bilməyəcəyini
dərk edirdi. 1993-cü ildə uçurumun bir
addımında olan Azərbaycanı xilas etmək
üçün ümummilli liderimiz Heydər Əliyev
Naxçıvandan Bakıya dəvət edildi.
"Əsrin müqaviləsi" Azərbaycanı
Şərqlə Qərbin qovşağına çevirdi...
Ulu öndər Heydər Əliyev ölkə başçısı kimi fəaliyyətə başladığı dövrdə ilk olaraq atəşkəs əldə olundu. Cəbhədə atəşkəsin elan olunması isə daxili situasiyanın daha çox nəzarətə götürülməsinə şərait yaratdı. Məhz bunun ardından Azərbaycan öz böyük sərvəti olan neftinin gələcəyi ilə bağlı qərar verdi. Həmin dövrdəki ictimai-siyasi vəziyyəti nəzərdən keçirdikdə dünyanın ən nəhəng neft kompaniyalarını Azərbaycana cəlb etməyin nə dərəcədə çətin olmasını izah etməyə ehtiyac qalmır. Çünki bundan əvvəl dövləti idarə edən AXC-Müsavat hakimiyyəti ölkəmizə qarşı elə bir inamsızlıq sindromu yaratmışdı ki, əcnəbi iş adamları Azərbaycanı qeyri-sabit, təhlükəli və investisiya fəaliyyəti üçün əlverişsiz respublika kimi təsəvvür edirdilər. Bu dövrdə heç bir xarici şirkət risk edərək ölkəmizdə layihə həyata keçirmək istəmirdi. Amma ümummilli liderimiz Heydər Əliyev dünyanın ən nəhəng neft və qaz şirkətlərini inandırdı ki, Azərbaycana sərmayə qoymaqla ən yaxın zamanda bütün investorlar böyük fayda əldə edə biləcəklər. Ümummilli liderin gərgin zəhməti öz bəhrəsini verdi və yeni neft strategiyasının əsası qoyuldu. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanı, sözün əsl mənasında, Şərqlə Qərbin qovşağına çevirdi. Məhz bu müqavilə nəticəsində Avropanın, dünyanın bütün aparıcı şirkətlərinin, sərmayədarlarının diqqəti Azərbaycana yönəldi. "Əsrin müqaviləsi" ilə bağlı danışıqların son mərhələsi 1994-cü ilin yazında və yayında İstanbul və Hyustondakı toplantılarda keçirildi. Olduqca ağır keçən bu mərhələnin sonunda Azərbaycan öz maraqlarını tam qorumağa nail oldu.
"Azəri-Çıraq-Günəşli"
yatağından 143 milyon
ton neft hasil olunub
Sentyabrın 20-də "Azəri-Çıraq-Günəşli" yataqlarının dərinsulu
qatlarındakı neftin
birgə işlənməsi
haqqında "hasilatın
pay bölgüsü" tipli
müqavilə imzalandı. Ümummilli
liderimiz Heydər Əliyev həmin çətin günlərlə
bağlı demişdir:
"Bu müqavilə qeyri-adi,
nadir bir müqavilədir.
Təsadüfi deyildir ki, onu "Əsrin müqaviləsi" adlandırırlar.
Bu müqavilənin qeyri-adiliyi, nadirliyi ondan ibarətdir ki, o, on bir böyük
neft şirkətinin birləşdiyi konsorsium əsasında reallaşıb.
Həmin
şirkətlər dünyanın
neft sənayesi sahəsində böyük
nailiyyətlər əldə
etmiş altı ölkəsini təmsil edir. Bildiyiniz kimi, bu müqvilənin əldə
olunması çox uzun, ağır və çətin yollardan keçib. Bu
müqavilənin imzalanmasına,
əldə edilməsinə
mane olan qüvvələr
də az
deyildi. Ancaq müstəqil Azərbaycan
Respublikası öz taleyinin, ərazisinin sahibi olduğu bir vaxtda, onun
iradəsi nəticəsində,
eyni zamanda, konsorsiuma daxil olan şirkətlərin ölkəmizin neft sənayesində iştirakının
gözəl perspektivlərini
dərk etməsi, həmin şirkətlərin
mənsub olduğu ölkələrin Azərbaycanla
əməkdaşlığa göstərdikləri böyük
maraq nəticəsində
maneələrin hamısı
aradan götürüldü
və bu müqavilə imzalandı".
"Əsrin
müqaviləsi"nin
imzalanması ilə Azərbaycanda yeni siyasi, iqtisadi mərhələ başlandı.
Məhz həmin saziş çərçivəsində aparılan işlər nəticəsində 1997-ci ildə
yataqda ilk neft hasil olundu və
1999-cu ildən etibarən
mənfəət nefti
ixrac olunmağa başladı. 1999-cu ilin dekabrından Azərbaycan ilk mənfəət
nefti ilə doldurulan tankeri dünya bazarlarına çıxardı. Xatırladaq ki,
"Azəri-Çıraq-Günəşli"
yataqlarından çıxarılan
mənfəət nefti
sonrakı illərdə
Azərbaycana böyük
həcmdə sərmayə
qoyuluşu üçün
baza rolunu oynamış oldu. Məhz bu müqavilənin imzalanmasından sonra iqtisadiyyata xarici sərmayə qoyuluşu ən yüksək səviyyəyə çatdı.
1995-ci ildə ölkəyə
kapital qoyuluşu 228 milyon manat (yeni
manatla), 2000-ci ildə
967,8 milyon manat, 2001-ci
ildə 1,2 milyard manat, 2002-ci ildə 2,2 milyard manat, 2003-cü ildə 3,8 milyard manat, 2004-cü ildə 4,9
milyard manat, 2005- ci ildə isə
5,8 milyard manat təşkil etdi. Beləliklə, 1995-ci ildən
2005-ci ilə kimi neft sənayesinə qoyulan investisiyaların həcmi 22,2 dəfə çoxaldı.
Ümumilikdə, "Azəri-Çıraq-Günəşli"
yatağının istismarı
ilə bağlı xarici investorların yatırdığı sərmayələrin
ümumi həcmi 22 milyard dollar təşkil edir. İlk mənfəət nefti çıxarılan dövrdən, yəni
1997-ci ildən indiyədək
"AÇG" yatağından 143 milyon ton və yaxud 1 milyard 60 milyon barel neft
hasil edilib. Eyni zamanda, bu yataqdan
30 milyard kubmetrə yaxın qaz hasil olunub. 2010-cu ildə neft
hasilatının 58 milyon
tona, qaz hasilatının isə 15
milyard kubmetrə çatdırılması proqnozlaşdırılır.
"Bakı-Tbilisi-Ceyhan"
regionda sabitlik və təhlükəsizlik
dəhlizinə çevrildi
Azərbaycan hazırda neftin ixracı üçün
çoxşəbəkəli marşrutlar sisteminə malik olsa da,
əvvəllər ixrac
marşrutu ilə bağlı problemlər var idi. Belə
ki, Şimal istiqamətində uzunluğu
231 km, diametri 720 mm olan
Bakı-Novorossiysk neft
kəməri və Qərb istiqamətində
uzunluğu 837 km, diametri
530 mm olan Bakı-Supsa
boru kəməri
"AÇG"-dən hasil
olunan neftin dünya bazarlarına çıxarılması üçün
rentabelli və tam gücü ilə işləyən marşrutlar
hesab oluna bilməzdi. Məhz bütün bu amilləri nəzərə
alan ümummilli
liderimiz Heydər Əliyev Azərbaycanın
enerji siyasətinin əsas hədəflərindən
biri kimi yanacağın Şərq-Qərb
marşrutları ilə
nəqlini nəzərdə
tuturdu. Buna görə
də, ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın
Xəzər dənizindəki
sektorundan çıxarılacaq
neftin Gürcüstan və Türkiyə vasitəsi ilə dünya bazarlarına nəqlini nəzərdə
tutan layihənin -
"Bakı-Tbilisi-Ceyhan"
əsas ixrac neft boru kəmərinin
çəkilməsini vacib
hesab edirdi. 1999-cu ilin noyabrında Türkiyənin İstanbul
şəhərində keçirilən
ATƏT-in sammitində ABŞ, Türkiyə, Azərbaycan,
Gürcüstan, Qazaxıstan
və Türkmənistan
prezidentləri tərəfindən
"Bakı-Tbilisi-Ceyhan"
əsas ixrac neft boru kəmərinin
çəkilişi haqqında
dövlətlərarası müqavilə imzalandı.
Beləliklə, təməli
"Əsrin müqaviləsi"
ilə qoyulan Azərbaycanın, o cümlədən,
Cənubi Qafqaz bölgəsinin inkişaf
trayektoriyasının növbəti
dayanacağı bu gün ulu öndər
Heydər Əliyevin adını daşıyan
BTC oldu. 2002-ci il sentyabrın 18-də Bakıda
Səngəçal terminalında
ümummilli liderimiz Heydər Əliyevin, Türkiyə və Gürcüstan prezidentlərinin
iştirakı ilə
"Bakı-Tbilisi-Ceyhan"
əsas ixrac neft boru kəmərinin
təməl daşı
qoyuldu. BTC-nin
Azərbaycan hissəsinin
Gürcüstan hissəsi
ilə birləşdirilməsi
2004-cü ilin oktyabrında
baş tutdu.
2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin
ən böyük enerji layihəsi olan Heydər Əliyev adına "Bakı-Tbilisi-Ceyhan" əsas ixrac neft boru kəmərinin
təntənəli açılış
mərasimi keçirildi.
Neft gəlirləri
qeyri-neft sektorunun inkişafına müsbət
təsir edir
Bu gün Azərbaycan öz inkişaf xəttinə görə,
nəinki regionda, hətta dünyada seçilən dövlətlərdən
sayılır. Az
bir zamanda dövlət büdcəsinin
10 dəfəyə qədər
artması, qeyri-neft sektorunun yüksəksürətli
inkişafı "Əsrin
müqaviləsi"nin ölkəmizin
inkişafında böyük
rol oynadığını
bir daha sübut etdi. Ölkə Prezidenti İlham Əliyev "Əsrin müqaviləsi"nin əhəmiyyətinə
toxunaraq deyib: "Mən o dövrü çox yaxşı xatırlayıram. Həmin illərdə
Azərbaycana sərmayə
qoymaq istəyən şirkətlərin sayı
o qədər də çox deyildi. Çünki Azərbaycan dünyada
riskli bir ölkə kimi tanınırdı və əlbəttə, buraya böyük həcmdə kapital qoyuluşunun cəlb edilməsi çoxlu səylər, siyasi məharət, uzaqgörənlik tələb
edirdi. Bütün bu məsələlər
öz həllini tapdı. "Əsrin
müqaviləsi"nin
imzalanması Heydər
Əliyevin neft strategiyasının başlanması
demək idi. Məhz onun uzaqgörənliyi, müdrikliyi, qətiyyət
və cəsarəti sayəsində bu müqavilə imzalandı.
Xatırlayırsınız ki, buna həm ölkə daxilində, həm də xaricdə çox ciddi müqavimət var idi. Amma bütün bu çətinliklərə baxmayaraq
Azərbaycan öz istəyinə nail oldu. Neft müqaviləsi imzalandı
və Azərbaycana böyük həcmdə xarici sərmayənin gətirilməsi təmin edildi".
1999-cu ildə yaradılan Heydər Əliyev Fondunun fəaliyyəti neft və qazın kəşfiyyatı və işlənməsi sahəsində bağlanmış sazişlərin həyata keçirilməsindən və öz fəaliyyətindən əldə olunan vəsaitin toplanması və səmərəli idarə edilməsi vasitəsi ilə ölkə qarşısındakı mühüm vəzifələrin həllinə yönəlib. DNF-nin valyuta gəlirləri, ilk növbədə, ölkədə makroiqtisadi sabitliyin qorunmasına və qeyri-neft sektorunun inkişafının təmin edilməsinə sərf edilməkdədir. Eyni zamanda, neft gəlirləri ölkəmizin sosial-iqtisadi tərəqqisi ilə əlaqədar mühüm layihələrin maliyyələşdirilməsinə və gələcək nəsillər üçün ehtiyat vəsaitinin toplanmasına yönəlib.
Onu da qeyd edək ki, 20 sentyabr-"Əsrin müqaviləsi"nin imzalanmasının 16-cı ildönümü, Azərbaycan neft sənayesi işçilərinin peşə bayramıdır. Ölkəmizin iqtisadiyyatının dinamik inkişafının hərəkətverici qüvvəsi olan neftçilərin şərəfli və fədakar zəhmətini yüksək qiymətləndirən Prezident İlham Əliyev uğurlarımızın təməlində neftçilərin zəhmətinin dayandığını vurğulayaraq deyir: "Neft sənayesi uzun illər bundan sonra da Azərbaycanın uğurlu inkişafını təmin edəcəkdir."
RƏFİQƏ KAMALQIZI
Səs.- 2010.- 22 sentyabr.- S. 4.