Əsl sənətkar
olmaq asan deyil
Gülşad Baxşiyeva: "Biz teatrın
inkişafı üçün
çalışırıq"
Bu günlərdə qəribə taleli insanlarla ünsiyyətdə
olduq. Onların içərisində həkim,
müəllim, fəhlə,
yüksək rütbəli
şəxslər və
mədəniyyət işçiləri
də var idi. Bəzilərinin xoş və səmimi, duzlu-məzəli
söhbətləri bizi
valeh edirdi.
Onlardan biri də
mehriban, səmimi və nəzakətli xanım olan respublikanın əməkdar
artisti, Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin professoru,
teatr aktyoru və rejissorluq kafedrasının müdiri
Gülşad Baxşiyeva
idi. Onunla həmsöhbət olmaq üçün redaksiyamıza
dəvət etdik.
1952-ci ildə Bakı
şəhərində anadan
olan Gülşad xanım uşaq vaxtlarından teatra həvəs göstərib
və aktyorluq sənətinə vurulub. Odur ki, bu
arzu Gülşad xanımı Azərbaycan İncəsənət İnstitutuna
gətirib. Dörd il görkəmli
ustad sənətkarlardan
aldığı bilik
və nəsihətlərə
diqqətlə qulaq asıb aktyorluq sənətini dərindən
mənimsəyib. 1975-ci ildə
təyinatla Şəki
Dövlət Dram Teatrına göndərilir.
1976-cı ildə bu teatrın açılışı
ərəfəsində üç
əsər oynanılırdı -
S.Vurğunun "Komsomol
poeması" (Gülcamal),
M.F.Axudovun "Hacı
Qara" komediyasında
(Sona) və S.Rəhmanın "Nişanlı
qız" əsərində
Bənövşə rolunu
oynayıb. Şəki
Dram Teatrında doqquz il müddətində
Gülşad xanım
28 müxtəlif obraz
yaradıb və bütün tamaşaçıları özünə sevdirə
bilib. 1984-cü ildə
Gülşad xanımın
həyat yoldaşı,
tanınmış və
istedadlı rejissor, əməkdar incəsənət
xadimi Hüseynağa Atakişiyevi Azərbaycan Mərkəzi Komitəsinin
göstərişi ilə
Azərbaycan Dövlət
Teatrına rejissor göndərirlər. Məhz
bu səbəbdən G.Baxşiyeva ailəsilə
birgə Bakı şəhərinə köçməli
olur. İki körpə uşağının
təlim-tərbiyəsi ilə
məşğul olan Gülşad xanım üç il teatrdan ayrı düşməli olur. Sonra H.Atakişiyev Gülşad xanımı
yaratdığı Gənclər
Teatrında fəaliyyət
göstərməsi üçün
dəvət edir. Burada o, C.Cabbarlının
"Aydın" əsərində
Böyükxanım, Ə.Əylislinin
"Şeytan tələsi"
tamaşasında Şaban
arvad rollarını məharətlə oynayır.
Yazıçı Ə.Əylisli
Şaban arvad rolunu oynayan G.Baxşiyeva haqqında belə deyib: "Gülşad xanım bu rolu oynamaqla
tamaşanın bütün
ağırlığını öz çiynində daşıdı və bütün iştirakçıları
özü ilə çəkib apardı".
Sonra Gülşad xanım V.Səmədoğlunun
"İntihar" əsərində
Kleopatra rolunu oynayıb. V.Səmədoğlu
onun oynadığı
rol haqqında belə deyir: "Bu rolu yazarkən
mən Gülşad xanımı nəzərdə
tutmuşdum. O, bu rolu çox yaxşı oynadı. İnanırdım ki, elə Gülşad xanım bu rolun
öhdəsindən gələ
bilər".
Gülşad
xanımla söhbətimiz
zamanı məlum oldu ki, o,
M.F.Axundovun "Lənkəran
xanının vəziri"
əsərində Ziba
xanım, V.Şeksprin
"Kral Lir" əsərində Qonerliya,
"Romeo və Culyetta"da Dayə, Marlonun "Teymur Ləng" əsərində Zenokrata,
M.Qorkinin "Həyatın
dibində" əsərində
Vaselisa, Rumıniya
yazıçısı Brextin
"Artura Yu" əsərində Dokteyza rollarını oynayıb.
Tamaşa başa çatandan sonra Brextin "Gülşad xanım bu rolu
elə gözəl oynadı ki, məni heyran etdi. Mən ona təşəkkürümü
bildirirəm" - deyib.
Daha sonra o,
Sevastyanın "Adsız
ulduz" əsərində
Madmozel Kuku, Anarın "Sizi deyib gəlmişəm"
əsərində isə
Zeynəb rollarını
oynayıb.
- Gülşad xanım, o vaxtkı teatrla
bugünkü fəaliyyətdə
olan teatrın fərqi nədədir?
- Açığını
deyim ki, hansı teatrda işləmişəmsə, çalışmışam
ki, teatr inkişaf etsin. Biz aktyorlar hamımız
teatrda bu niyyətlə çalışırdıq.
Bugünkü teatrda aktyorlar bir növ
süni rollar oynayırlar. Tamaşaçıları
özlərinə cəlb
edə bilmirlər. Yadda saxlamaq lazımdır ki, tamaşaçı hər
dəfə teatra gələndə, özünə
qiymətli bir fikir götürməlidir.
Həmin fikri də aktyor ona çatdırmalıdır.
Əgər bu, yoxdursa, tamaşaçı
teatrı sevməyəcək.
Bugünkü aktyorlar
öz geyimləri, davranışları ilə
xalqın hörmət
və rəğbətini
qazanmalıdırlar. Bu
gün onlar yoxdur.
- Siz həm də
aktyor sənətindən
dərs aparırsınız.
Pedaqoji fəaliyyətiniz
barədə nə deyə bilərsiniz?
- 1985-ci ildən Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetində pedaqoji
fəaliyyətə başlamışam.
Kafedra müdiri olmaqla yanaşı, aktyor sənətindən dərs deyirəm. "Aktyor sənəti fənninin əsas amilləri" adlı dərs vəsaitinin və 10-dan çox elmi məqalənin müəllifiyəm. Tələbələrim
bunlardan bacarıqla və səmərəli istifadə edirlər.
- Tələbələriniz arasında
gələcəkdə ümidverici
aktyorlar varmı?
- Bəli, tələbələrimdən
Rəfael İsgəndərov,
Coşqun Rəhimov, Almaz Ələsgərli (müğənni), Elnur Kərimov, Tural Ağayev (meyxanaçı),
Vüqar, Vüsalə
Nəzərova çox
çalışqandır və
öz peşələrini
sevirlər, onlara həvalə olunan bütün tapşırıqları
vaxtında yerinə
yetirirlər. Azərbaycan
teatrının gələcəyini
təmin edə bilən tələbələrimiz
var və bundan sonra da
bu teatrı inkişaf etdirə biləcək sənətkarlar
olacaq.
Bir çox filmlərdə müxtəlif
rollarda çıxış
edən Gülşad Baxşiyeva həmin filmlərdə yaratdığı
obrazlarla xalqın hörmət və ehtiramını qazanıb.
R.Əzizbəylinin "Bəxt üzüyü"ndə
Sara, V.Mustafayevin "Yaxşılığa doğru"
əsərində hamilə
qadın, "Milli bomba"da qız
anası, "Yalan"da Nisə, "Yoxlama"da Məryəm, O.Mirqasımovun
"Mənim mələyim"
televiziya filmində Raya, E.Quliyevin "Kirov" filmində falçı qadın, xalq artisti, çox
sevdiyimiz Nəsibə
xanım Zeynalovaya həsr edilmiş filmdə Naxış rollarını
oynayıb.
Gülşad xanım həm də gözəl nənədir.
Onun iki oğlu Elbəy və Elmir artıq
ali təhsil alıb, xalqına xidmət edən mütəxəssisdirlər.
Düzlü-məzəli, bəzən
də düşündürücü,
vətənpərvər ruhu
aşılayan rolları
ilə tamaşaçı qəlbinə
yol tapan Gülşad xanıma gələcək fəaliyyətində
uğurlar diləyirik.
Hacı Tofiq
SEYİDZADƏ
Səs.- 2010.- 22 sentyabr.- S. 11.