Bəkir Nəbiyevin 80 illik yubileyi qeyd olundu

 

Dünən Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında görkəmli ədəbiyyatsünas alim, akademik, Dövlət mükafat laureatı, əməkdar elm xadimi Bəkir Nəbiyevin anadan olmasının 80 illiyinə həsr edilmiş tədbir keçirildi. Tədbir iştirakçıları əvvəlcə binanın foyesində yubilyarın həyat və yaradıcılığını əks etdirən sərgiyə tamaşa etdilər.

Tədbiri giriş sözü ilə AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov açdı. Sonra akademik İsa Həbibbəylinin "Bəkir Nəbiyevin yaradıcılığı: elmdə klassik ənənə və müasirliyin vəhdəti" mövzusunda məruzəsi dinlənildi. Məruzə ətrafında çıxışlarda Bəkir Nəbiyevin Azərbaycan ədəbiyyatşünaslığında, elmi kadrların hazırlanmasında əvəzsiz xidmətlərindən ətraflı söz açıldı. Qeyd olundu ki, o, bir çox vəzifələrdə çalışmış, ali məktəblərdə mühazirələr oxumuşdur. 30 cildlik "Türk dünyası ədəbiyyatı" ensiklopediyasının respublika üzrə məsul əlaqələndiricisi, Azərbaycan EA Ədəbiyyat, Dil və incəsənət bölməsinin rəhbəri, Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasının məsləhətçisi, Sovet-Pakistan Dostluq Cəmiyyəti Azərbaycan şöbəsinin sədr müa-vini kimi vəzifələrdə çalışmışdır.

Bəkir Nəbiyev klassik və müasir Azərbaycan ədəbiyyatının, ədəbi əlaqələrin tədqiqinə həsr olunmuş 50 kitab və bir neçə dərsliyin, 800-dən artıq məqalə və resenziyanın müəllifidir. Akademik bu günə qədər 40 elmlər doktoru və namizədi yetişdirmiş, 110 elmi və bədii kitabın redaktoru olmuşdur. 30 cildlik "Türk dünyası ədəbiyyatı"nın  Azərbaycan üzrə əlaqələndiricisi və müəlliflərindən biri, 6 cildlik "Çoxmillətli sovet ədəbiyyatı tarixi"nin müəlliflərindən biri, 6 cildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin baş re-daktorudur.

"Azərbaycan Milli Ensiklopediyası" redaksiya heyəti sədrinin müavini, Heydər Əliyev Mükafatı Dövlət Komissiyasının üzvü, Ədəbiyyatşünaslıq üzrə doktorluq müdafiələri şurasının sədridir. Müxtəlif illərdə Yunanıstan, Danimarka, İran, İraq, Türkiyə, Suriya, Səudiyyə Ərəbistanı, Rusiya, ABŞ, Çin, Yaponiya və digər ölkələrdə keçirilən beynəlxalq   elmi   konqreslərdə, ədəbi məclislərdə məruzə və çıxışlar etmişdir. Kitab və məqalələri türk, rus, fars, ingilis, gürcü, çin dillərində nəşr edilmişdir.

Tədbirdə ədəbiyyatşünaslıq elminin və ədəbi fikrin inkişafındakı xidmətlərinə görə Bəkir Nəbiyev Azərbaycan Respublikası Prezidentinin "İstiqlal" və "Şöhrət" ordenləri, ölkə Prezidentinin fəxri diplomu ilə təltif edilməsi də diqqətə çəkildi.

Yubiley tədbirində müxtəlif elm və mədəniyyət təşkilatlarından yubilyarın ünvanına təbriklər səsləndirildi.

 

 

Zümrüd

 

Səs.- 2010.- 23 sentyabr.- S. 12.