Regionların inkişafı
sürətlənir
İlham Əliyev: "Azərbaycan
dövləti bütün
sosial məsələlərin
həlli, insanların
həyat səviyyəsinin
yaxşılaşdırılması, dünyada hökm sürən böhrandan maksimum dərəcədə
müdafiə üçün
hər şeyi edir"
“Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı"nda və
regionların sosial-iqtisadi
inkişafı ilə
bağlı qəbul edilmiş digər sənədlərdə nəzərdə
tutulmuş tədbirlərin
uğurlu icrası ölkənin sosial-iqtisadi
inkişafında keyfiyyətcə
yeni mərhələnin
başlanğıcını qoydu. Bu, eyni zamanda, qeyri-neft sektorunun davamlı inkişafına,
yeni iş yerlərinin və müəssisələrin yaradılmasına,
regionlarda infrastruktur təminatının yüksəlməsinə
təkan verdi,
sahibkarlıq mühitinin
daha da yaxşılaşmasına
müsbət təsir
göstərdi. Regional Dövlət
Proqramı iqtisadiyyata investisiya qoyuluşlarının
artmasında, əhalinin məşğulluq səviyyəsinin
yüksəlməsində və yoxsulluğun azalmasında
mühüm rol oynayır.
Azərbaycan Respublikası regionlarının mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, bu işdə sahibkarlara dəstək olmaq, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaqla yoxsulluq probleminin həllinə nail olmaq və ölkəni iqtisadi cəhətdən hərtərəfli inkişaf etdirmək bu gün də dövlətin qarşısında duran əsas vəzifələrdəndir.
Regional Dövlət Proqramının icrası, həmçinin, ölkə iqtisadiyyatının prioritet sahələrinə investisiyaların yönəldilməsi nəticəsində istehsal və emal müəssisələrinin fəaliyyəti bərpa edilib, iqtisadiyyatın balanslaşdırılmış inkişafının sürətləndirilməsi, sahibkarlara verilmiş güzəştli kreditlər yeni müəssisələrin açılmasına şərait yaradıb.
Dövlət Statistika Komitəsi tərəfindən fəaliyyətdə olan idarə, müəssisə və təşkilatlardan, eləcə də, fərdi sahibkarlardan toplanmış məlumatlara əsasən, 2010-cu ilin 3 rübündə açılan yeni iş yerlərinin sayı 40 mindən çoxdur. Son 7 ildə isə ölkədə ümumilikdə 900 mindən çox yeni iş yeri açılıb ki, bunun da 700 mindən çoxu daimidir.
Ölkədə aparılan iqtisadi siyasətə uyğun olaraq yeni iş yerlərinin 95 faizi qeyri-dövlət, mütləq əksəriyyəti isə qeyri-neft sektorlarında yaradılmış daimi iş yerlərinin payına düşür.
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın həyata keçirilməsi ilə daha möhtəşəm vəzifələrin əldə olunacağına əminliyini bildirən dövlət başçısı İlham Əliyev bu ilin 6 ayının yekunlarına aid müşavirədə ölkə iqtisadiyyatının ümumi durumunu müsbət qiymətləndirib.
Qeyd olunub ki, qlobal iqtisadi böhran şəraitinin davam etməsinə baxmayaraq, milli iqtisadiyyat tarazlığını qoruyub. Bu ilin birinci yarısında ÜDM 3,7 faiz artıb, sənaye və kənd təsərrüfatı məhsulları istehsalında artımlar müşahidə olunur. Ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təminatı üçün qəbul olunmuş yeni Dövlət Proqramına uyğun həyata keçirilmiş dövlət siyasəti əhali tərəfindən rəğbətlə qarşılanır.
Hazırda taxıl yığımına yekun vurulmaq üzrədir. Bu il 2 mln. tondan artıq taxıl, o cümlədən, 1.3 mln. ton ərzaq buğdasının istehsal olunacağı gözlənilir. Ümumi məhsuldarlıq isə hektarda 20 sentnerə yaxındır. Ümumiyyətlə, ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün vacib işlər həyata keçirilir ki, buraya sahibkarlara dövlət dəstəyinin artırılması da daxildir.
"Azərbaycan dövləti bütün sosial məsələlərin həlli üçün səmərəli işləyir və insanların həyat səviyyəsinin yaxşılaşdırılması, dünyada hökm sürən böhrandan maksimum dərəcədə müdafiə üçün hər şeyi edir". Prezident İlham Əliyevin bu sözləri bir daha təsdiqləyir ki, 2009-2013-cü illəri əhatə edən Dövlət Proqramında da sosial yönümlü islahatlar üstünlük təşkil edir.
Artıq hər bir vətəndaş yeni Dövlət Proqramının real nəticələrini gündəlik həyatında hiss edir. İqtisadiyyatın ümumi inkişafının dinamik xarakter almasının, maliyyə imkanlarının güclənməsinin nəticəsidir ki, sosial tədbirlərin reallaşdırılmasına böyük önəm verilir. Məhz elə buna görədir ki, 2010-cu ilin dövlət büdcəsində sosial yönümlü xərclərin xüsusi çəkisi büdcənin 1/3-ni təşkil edir.
Prezident İlham Əliyev Dövlət Proqramı ilə bağlı bir məqamı da xüsusi vurğulayır: "Regional inkişaf proqramının ikinci mərhələsi böyük və çox konkret proqramdır. Şübhə etmirəm ki, proqramın icrası nəticəsində 2013-cü ilə qədər Azərbaycanın regionlarında mövcud olan bütün proqramlar öz həllini tapacaq".
Göründüyü kimi, yeni iş yerlərinin, müəssisələrin açılmasında nəzərə çarpan dinamika Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin, dövlət başçısının imzaladığı yeni regional proqramın uğurlu icrasının nəticəsidir. Ölkə Prezidenti deyir: "Ölkədə əsas diqqət məhz iqtisadi islahatlara, iqtisadi inkişafa, enerji siyasətinə yönəlib... Bu səylərin nəticələri nailiyyətlərimiz barədə bəzi rəqəmlərdə görünə bilər.
Son 7 ildə iqtisadiyyatımız 3 dəfə artıb. Üç il ərzində isə Azərbaycan dünyada ən inkişaf edən iqtisadiyyat hesab edilib. Sənaye istehsalı 2,5 dəfə, büdcə xərcləri 12 dəfə artıb. Yoxsulluğun səviyyəsi 4 dəfə azalıb. Son 7 il ərzində təhsil və səhiyyə sahəsində böyük işlər görülüb. Azərbaycanda 2000 məktəb tikilib. İqtisadi inkişaf, nəinki paytaxtı, rayonlarımızı da inkişaf etdirməyə imkan yaradır. Azərbaycanın rayonlarında sürətli inkişaf gedir".
Əvvəlki illərdə olduğu kimi, növbəti illərdə də ölkədə sosial siyasətin başlıca məqsədi əhalinin, o cümlədən, regionlarda yaşayan vətəndaşların həyat şəraitinin daha da yaxşılaşdırılmasını təmin etməkdən ibarət olacaq. Əhalinin sosial müdafiəsi sahəsində aparılan tədbirlərin əsas istiqamətlərindən biri aztəminatlı əhali qrupları üzrə sosial müavinətlərin artırılması, sosial müdafiəyə ehtiyacı olan şəxslərin sosial vəziyyətinin, həyat şəraitinin yaxşılaşdırılması və ümumilikdə ölkədə yoxsulluq səviyyəsinin azaldılmasından ibarət olacaq.
Vətəndaşların sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin təmin olunması məqsədilə pensiya təminatı sistemini təkmilləşdirmək, eyni zamanda, onun səmərəliliyini artırmaq sahəsində tədbirlərin davam etdirilməsi nəzərdə tutulub.
Regionlarda yeni iş yerlərinin yaradılmasında köhnə müəssisələrin yenidən qurulmasının mühüm əhəmiyyəti var. Ümumiyyətlə, ölkənin uzunmüddətli iqtisadi və sosial inkişafını təmin etmək üçün investisiya siyasəti mühüm adətlərdən biridir. Bu sahədə əsas vəzifə iqtisadiyyatın bütün sahələrinə investisiya qoyuluşu imkanlarının genişləndirilməsi və daha əlverişli investisiya mühitinin təminatı məqsədilə bütün investorlar üçün azad rəqabət mühitinin yaradılmasından və sahədə mövcud normativ-hüquqi bazanın təkmilləşdirilməsindən ibarət olacaq.
Qarşıdakı illərdə özəlləşdirməyə açılmış müəssisələrdə şəffaf və səmərəli özəlləşdirmə prosesinin həyata keçirilməsi davam etdiriləcək. Qeyri-neft sektorunda müəssisələrin investisiya fəaliyyətinin dəstəklənməsi istiqamətində məqsədyönlü işlər həyata keçiriləcək, müasir istehsal avadanlıqlarının idxalı təşviq ediləcək.
Dövlət investisiya siyasəti regionlarda yeni iş yerlərinin yaradılmasına, infrastruktur obyektlərinin etibarlı istismarının təmin edilməsinə, insan kapitalının inkişafı və vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi kimi prioritetlərin həyata keçirilməsinə yönəldiləcək.
Məşğulluq siyasətinin mühüm istiqamətlərindən biri yeni iş yerlərinin yaradılmasını məhdudlaşdıran amillərin aradan qaldırılması və məşğulluq səviyyəsinin artırılmasını stimullaşdıran şəraitin yaradılmasıdır. Bu baxımdan sahibkarlığın, əsasən, kiçik və orta sahibkarlığın inkişafına yönəlmiş tədbirlər xüsusi önəm kəsb edir. Qarşıdakı illərdə məşğulluq siyasətində əsas məqsəd əmək ehtiyatlarından daha dolğun istifadə etməklə əhalinin səmərəli məşğulluğunun təmin edilməsindən ibarət olacaq.
Elçin Bayramlı
Səs.- 2010.- 24 sentyabr.- S. 3.