Azərbaycan "Nabucco" qaz kəməri layihəsində tədarükçü ölkə qismində iştirak edə bilər

 

ARDNŞ-nin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin yar.org.az-a qısaldılmış müsahibəsi

 

- Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş neft strategiyasının həyata keçirilməsi nəticəsində Azərbaycan sürətlə inkişaf etməkdə, böyük uğurlar qazanmaqdadır. Artıq neft strategiyasının əsasını təşkil edən "Əsrin müqaviləsi"nin imzalanmasından 16 il ötür. Ötən bu dövr ərzində "Əsrin müqaviləsi"nin inkişaf tariximizdəki yeri və rolu haqqında fikirlərinizi bilmək istərdik...

- 20 sentyabr 1994-cü ildə, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə, təntənəli şəraitdə bir sıra dövlətlərin və aparıcı şirkətlərin rəhbərlərinin iştirakı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və dünyanın 8 ölkəsindən olan 11 iri neft şirkətləri arasında, sonradan "Əsrin müqaviləsi" adını almış "Azəri, Çıraq və Günəşli (suyun dərin hissəsi) yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü" haqqında Saziş imzalanmışdır.

Ümummilli liderimiz Heydər Əliyev dühasının məhsulu olan, olduqca mürəkkəb siyasi-iqtisadi şəraitdə işlənib həyata keçirilən, Yeni Neft Strategiyası Azərbaycanı dünyaya yenidən tanıtdı, Azərbaycan neftinin şöhrətini yenidən özünə qaytardı və Azərbaycanın zəngin neft potensialına malik olduğunu və bu ehtiyatların xarici şirkətlərlə bərabərhüquqlu tərəfdaşlıq çərçivəsində birgə istifadəsinə hazır olduğunu nümayiş etdirdi. "Əsrin müqaviləsi" həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyanın ən iri müqavilələri sırasına aid edilir.

"Əsrin müqaviləsi"nin imzalanmasının əsasən iki nəticəsini qeyd etmək lazımdır.

Birincisi ondan ibarətdir ki, xarici dövlətlər və neft şirkətləri Azərbaycanı sabit bir ölkə kimi tanıdı və burada sərmayə qoyuluşunun təhlükəsiz olmasına inandılar və nəticədə bu günə kimi 31 saziş imzalınmışdır. Hal-hazırda 14 saziş üzrə iş aparılır ki, bu sazişlərdə 20 ölkədən olan 26 şirkət iştirak edir. Proqnoza görə imzalanmış sazişlər çərçivəsində karbohidrogen resurslarının kəşfiyyatına, işlənilməsinə və nəqlinə Azərbaycana yatırılan sərmayənin miqdarı 60 milyard ABŞ dolları həcmində olacaqdır.

İkincisi isə, "Əsrin müqaviləsi" Azərbaycanın keçmiş şöhrətini özünə qaytararaq neftqaz sənayesinin dinamik inkişafının başlanğıcını qoydu və respublikada neft hasilatı səviyyəsinin yüksəldilməsinə, 1997-ci ildə 9 mln. tondan 2009-cu ildə 50,42 mln. tona çatmasına imkan yaratmış oldu. Azəri-Çıraq-Günəşli yataqlarının tam miqyasda işlənilməsi, eləcədə Azərbaycanda, birinci növbədə Xəzərin Azərbaycan sektoru akvatoriyasında, yeni neft-qazkondensat yataqlarının açılması mümkünlüyü, yaxın gələcəkdə Azərbaycanda neft hasilatının əhəmiyyətli dərəcədə yüksəldilməsinin, 2015-ci ildə isə 60 mln. tona qədər proqnozlaşdırılmasına imkan verir.

Hazırda saziş sahəsində Çıraq, Mərkəzi, Qərbi və Şərqi Azəri və Günəşli (dərin sulu hissə) sahələrində quraşdırılmış dəniz özüllərindən 60-dan artıq istismar quyusu qazılmışdır. Bu quyulardan gündə orta hesabla 120 min tondan çox neft və 35 mln. kub metr qaz hasil olunur. Bu yataqlardan işlənilmənin əvvəlindən (noyabr 1997-ci ildən) bu günə kimi 200 milyon tondan artıq neft və 50 mlrd. kub metrdən çox qaz hasil edilmişdir.

"Əsrin müqaviləsi"nin reallaşması nəticəsində neft hasilatının artımı artıq müqavilə iştirakçılarına "mənfəət nefti" əldə etmək imakanını yaratmışdır. Bu günə qədər 90 milyon tona yaxın Azərbaycanın payına düşən "mənfəət nefti" xarici bazarlara çıxarılmışdır. Bu neftin satışından əldə edilən gəlir ümummilli liderimiz Heydər Əliyevin yaratdığı Azərbaycan Dövlət "Neft fondu"na daxil olur və xalqımızın maddi rifah halının yaxşılaşmasına, bölgələrin sosial - iqtisadi inkişafına, iş yerlərinin açılmasına və s. yönəldilir.

- Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin enerji resurslarının diversifikasiyası ilə bağlı həyata keçirdiyi siyasət dərinləşməkdədir. Bu siyasət ölkəmizin enerji bazarında mövqeyinin yüksəlməsi üçün hansı yeniliklər vəd edir?

- Ölkəmizin enerjisi bazarında mövqeyinin yüksəldilməsi üçün enerji resurslarının diversifikasiyası ilə bağlı işlərin əsası hələ ulu öndər Heydər Əliyev tərəfindən işlənilmiş "Yeni neft strategiyası"nda qoyulmuşdur.

Belə ki, 1997-ci ildə işə düşmüş Bakı-Novorossiyski - "Şimal istiqaməti" neft kəmərinə alternativ olaraq Bakı-Supsa -"Qərb marşrutu" neft kəməri seçilmişdir. Bu kəmər tikilərək 1999-cu ildə istismara verildi. Bununla yanaşı həmin ildə dəmir yolu vasitəsi ilə Bakı-Batumi marşrutu ilə də neft nəqlinə başlandı.

Nəhayət respublikada hasil edilən neft və qazın dünya bazarlarına nəqlini təmin etmək üçün 2002-ci ildə Bakı-Tbilisi-Ceyhan və 2003-cü ildə Bakı-Tbilisi-Ərzurum əsas neft-qaz ixrac kəmərlərinin inşasına sanksiya verıldı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu, bütün sahələrdə olduğu kimi enerji resurslarının diversifikasiyası sahəsində də uğurla davam etdirir.

"Yeni neft strategiyası"na uyğun olaraq Azərbaycan neftinin Avropaya və dünya bazarlarına çıxarılması üçün 2006-cı ilin mayında uzunluğu 1769 km, buraxma qabiliyyəti ildə 50 mln. ton olan Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri işə salındı. Bakı-Tbilisi-Ceyhan neft kəməri Azərbaycan, Gürcüstan və Türkiyə Respublikaları ərazilərindən keçir. Neft kəməri Qara dənizdən kənar keçərək, birbaşa Aralıq dənizinə çıxır, oradan isə neft Avropa ölkələrinə çatdırılır.

2007-ci ilin oktyabrında uzunluğu 971 km, buraxma qabiliyyəti ildə 20 mlrd. m3 olan Cənubi Qafqaz kəməri (Bakı-Tbilisi-Ərzurum) işə salınmışdır. Kəmər Bakı yaxınlığında yerləşən Səngəçal terminalından başlayaraq, Azərbaycan və Gürcüstan ərazilərindən keçərək Türkiyənin Ərzurum şəhərinə çatır və burada o Türkiyənin BOTAŞ şirkətinin kəmərlər sisteminə qovuşur.

İstismara verildiyi gündən Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsi ilə 133,4 mln. ton (20.09.2010) Azərbaycan mənşəli neft dunya bazarlarına nəql olunmuş, Bakı-Tbilisi-Ərzurum qaz kəmər ilə isə 15.4 mlrd.m3, o cümlədən Türkiyəyə 13,7 mlrd.m3, Gürcüstana 1,2 mlrd.m3, qaz nəql edilmişdir.

Eyni zamanda Azərbaycan 2005-ci ilin noyabrından İran İslam Respublikasına, 2010-cu ilin yanvar ayından isə Rusiya Federasiyasına qaz ixrac edir.

Enerji resurslarının diversifikasiyası sahəsində işlər davam edir. Hazırda Azərbaycandan neft və neft məhsullara dünyanın 30 ölkəsinə ixrac edilir, qaz isə Gürcüstana, Türkiyəyə, Rusiyaya, İrana və Yunanıstana nəql edilir. Azərbaycan Avropa Birliyi ölkələrini qazla təmin edilməsi üçün daha əlverişli marşrutlar araşdırır. Biz “İpək yolu” Cənub dəhlizinin yaradılması strategiyasını dəstəkləyirik. Digər layihələr- Türkiyə-Yunanıstan-İtaliya, "Nabukko", Transaralıqdənizi qaz kəməri, "Ağ axın" layihələri və eləcədə sıxılmış və maye qazın Gürcüstana, Bolqarıstana və Rumıniya nəqli kimi layihələr üzərində işlənilir. Bu ilin sentyabr ayında Azərbaycan, Gürcüstan və Rumınaya arasında Azərbaycanın maye qazının Avropaya nəqli layihəsi çərçivəsində müştərək müəssisə yaradılması barədə saziş imzalanmışdır.

Azərbaycan Avropa ölkələrinin və digər regionların etibarlı qaz təminatının yaradılması üçün nəql axınlarının bundan sonrada diversifikasiyasının tərəfdarıdır.

- Bu günlərdə NABUCCO layihəsinin səhmdarları ilə beynəlxalq maliyə institutları arasında kəmərin tikintisinə dair sənəd imzalandı. Sənəd bu layihənin texniki və maliyə məsələlərinin həll olunmasını nəzərdə tutur. Azərbaycan NABUCCO-ya tranzit yoxsa tədarükçü ölkə qismində qoşulmaq niyyətindədir?

- 2009-cu ilin 13 iyul tarixində Ankara şəhərində Türkiyə, Avstriya, Macarıstan, Bolqariya və Rumınya ölkələrinin nümayəndələri "Nabucco" qaz kəmərinin tikintisi üzrə saziş imzalamışlar.

Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin "Botaş" və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Qaz kəmərinin çəkilişinə 2011-ci ildə başlanması, tikintinin 2013-cü ildə başa çatdırılması və İlk tədarüklərə 2014-cü ildə start verilməsi planlaşdırılır. "Nabucco" qaz kəmərinin uzunluğu 3,3 min kilometr, buraxma qabiliyyəti ildə 26-32 mlrd. m3 -dir. Dəyəri 7,9 mlrd avro olan "Nabucco" qaz kəməri ilə Türkmənistan və Azərbaycandan Avropa ölkələrinə, birinci növbədə Avstriya və Almaniyaya qazın nəqli nəzərdə tutulur.

Azərbaycanın "Nabucco" qaz kəməri layihasəndə iştirakına toxunaraq qeyd etmək olar ki, hazırki mərhələdə Azərbaycan layihəydə tədarükçü ölkə qismində iştirak edə bilər. Bu onunla əlaqədardır ki, hazırda Azərbaycan qaz ixrac edən ölkəyə çevrilmişdir. Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2 trilyon kubmetr, perspektiv ehtiyatlarla birlikdə isə 5 trilyon kubmetr həcmində qiymətləndirilir.

Azəri-Çıraq-Günəşli və Şah-dəniz yataqlarının tam miqyasda işlənilməsi, eləcədə Azərbaycanda, birinci növbədə Xəzərin Azərbaycan sektoru akvatoriyasında, yeni neft-qazkondensat yataqlarının kəşf edilməsi mümkünlüyü, yaxın gələcəkdə Azərbaycanda qaz hasilatının əhəmiyyətli dərəcədə yüksəldilməsinə, 2015-ci ildə isə 30 mlrd.m3 qədər proqnozlaşdırılmasına imkan verir.

Azərbaycanın "Nabucco" qaz kəməri layihasəndə tranzit ölkə qismində iştirakına gəldikdə isə, qeyd etmək lazımdır ki, belə bir imkan var. Bu Türkmənistan qazının Xəzər dənizi - Azərbaycan və sonra Avropaya nəql edilməsi ilə bağlıdır.

"Nabucco" layihasini tərəfdaşları bu istiqamətdə işləyirlər, danışıqlar aparılır, lakin bu gün son nəticə barəsində söz demək hələ tezdir.

- Bu ilin əvvəlində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Rusiyanın "Qazprom" Məhdud Məsuliyyətli Cəmiyyət arsında təbii qazın alqı-satqısı üzrə müqavilə imzalanmışdı. Rusiya Prezidenti Dmitri Medvedevin ölkəmizə səfəri zamanı müqaviləyə 4 saylı əlavə saziş imzalandı. Yeni sazişin təfərrüatları nədən ibarətdir?

- Rusiya Prezidenti Dmitri Medvedevin ölkəmizə səfəri zamanı rəsmi Moskvanın Bakı ilə enerji sektorunda əməkdaşlığı genişləndirməkdə maraqlı olduğu qeyd olundu və səfər zamanı bu ilin əvvəlində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Rusiyanın "Qazprom" Məhdud Məsuliyyətli Cəmiyyət arsında "təbii qazın alqı-satqısına dair bağlanmış müqavilə"yə 4 saylı əlavə saziş imzalandı. Sazış "Qazprom"-a satılacaq mavi yanacağın həcminin artırılmasını nəzərdə tutur. Azərbaycan 2011-ci ildə Rusiyaya satacağı qazın həcmini iki dəfə artıraraq, 2 milyard kub-metrə çatdıracaq. 2012-ci ildə isə bu rəqəm bir qədər də artırılacaq. İqtisadi sahədə aparılan müzakirələrin nəticəsi olaraq, oktyabr-noyabr aylarında Bakıda enerji sammitinin keçirilməsi qərara alınıb. Sammitdə qaz, neft, elektroenergetika sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq.

- Bəs hazırda Azərbaycanda yeni neft emalı müəssisələrinin tikintisi və neft-qaz kompleksinin yenidən qurulması ilə bağlı hansı tədbirlər görülür?

- Azərbaycanın neftkimya kompleksinin inkişafı yeni nefteqazemalı neftkimya kompleksinin yaradılması ilə bağlıdır. Bu kompleksin tərkibinə neft və qazkondensatını emal edən zavod, qazemalı və neftkimya zavodları, eləcədə qeyriüzvü kimya zavodı və istilik elektrik stansiyası daxil olacaqdır.

Yeni qazemalı zavodunun inşasında əsas məqsəd respublikada hasil edilən bütün təbii və səmt qazlarının təmizlənməsidir.

Neft və qazkondensatının dərin emalı zavodunun tikintisində isə məqsəd respublikanın təlabatının ödənilməsi və eləcədə Gürcüstana, Türkiyəyə və digər regional bazarlara yüksək keyfiyyətli yanacaq-yağlama məhsullarının, motor, sənaye, transformator, kompressor, xüsusi və trubin yağlarının, yüngül naftların, bitum və digər neft məhsullarnın ixracını təmin etməkdir.

Son dünya standartları əsasında yaradılacaq neftkimya zavodu Azərbaycanı regionda aparıcı neftkimya məhsulları istehsalçısına çevirə bilər və neft sektorunun inkişafında böyük rol oynayar.

Hazırda ölkəmizdə neft-qaz emalı, neftkimya və kimya sənayesinin inkişaf strategiyasının optimal variantını seçilməsi məqsədilə ixtisaslaşmış şirkətlər tərəfindən layihənin konsepsiyası və texniki-iqtisadi əsaslandırılması sahəsində işlər aparılır.

Yeni nefteqazemalı neftkimya kompleksinin istismara daxil edilməsinə kimi mövcud neft-qazemalı zavodlarının və Azərbaycan Prezidentinin 02.04.2010 tarixli sərancamı ilə ARDNŞ-nin tabeçiliyinə verilmiş "Azərkimya" İB-nin zavodlarının sabit və fasiləsiz işləməsi üçün lazımi tədbirlər həyata keçirilir.

Bundan başqa, ARDNŞ-nin mövcud zavodlarında artan təlabatı təmin edilməsi, keyfiyyət və kəmiyyət göstəricilərinin yüksəldilməsi, məhsulun maya dəyərinin və enerji sərfinin aşağı salınması və digər istiqamətlərdə müdamadi lazımı tədbirlər görülür.

- ARDNŞ xarici ölkələrdə neft və yanacaq komplekslərinin, müəssisələrinin yaradılması ilə əlaqədar nə kimi proqramlar həyata keçirir?

- "Yeni neft stragesiyası"nın həyata keçirilməsinin başlanğıcından - 1994-cü ildən vəziyyət ciddi surətdə dəyişmişdir. Hal-hazırda artıq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti lazımi iqtisadi və texniki imkanlara malik, dünya standartlarına cavab verən, böyük layihələri sərbəst surətdə həyata keçirə bilən bir şirkətə çevrilmişdir.

ARDNŞ neft və qaz hasilatı üzrə layihələri müvəffəqiyyətlə həyata keçirir, "hasilat-nəql-emal-karbohidrogenlərin satışı" beynəlxaq sisteminə inteqrasiya edən sistem yaradır, Xəzər-Qara dəniz-Avropa regionunda energetika sahəsində aparıcı rollardan birini oynamağa başlayır.

Gürcüstanda ARDNŞ-nin törəmə şirkəti olan SOCAR Energy Georgia şirkəti Qara dəniz portu Kulevidə yeni neft terminalının sahibidir. Bu terminal neft məhsulları bazarının üçdə iki hissəsinə nəzarət edir, yanacaqdoldurma şəbəkəsinin genişləndirlməsi proqramını həyata keçirir, lokal qazpaylayıcı şəbəkəni boş operatorudur.

ARDNŞ Gürcüstan ərazisində "SOCAR" brendi ilə fəaliyyət göstərən, yüksək standartlara cavab verən yanacaqdoldurma məntəqələrinin sayını 46-ya çatdırmışdır.

2007-ci ildə İsveçrədə SOCAR Trading şirkəti yaradılmışdır. Hazırda bu şirkət ARDNŞ-nin neftini və həmçinin digər dövlətlərin neft və neft məhsullarının realizasiyası ilə məşguldur və öz fəaliyyət dairəsini genişləndirir.

2008-ci ildə ARDNŞ SOCAR-Turcas/İnjaz alyansı çərçivəsində Türkiyənin iri neftkimya kompleksi olan Petkim şirkətinin 2 milyard ABŞ dolları dəyərində 51% aksiyasının almasıdır (ARDNŞ 1.6 mlrd. ABŞ dolları həcmində paya malikdir). Petkim şirkətinin əsas məhsulları etilen, polietilen, polivinilxlorid, akrilonitrildir. Petkim şirkətinin məhsulları əsasən Türkiyə bazarına yönəldilmişdir. 7-8 il ərzində sərmayə qoyuluşunu 10 mlrd. ABŞ dolları həcminə çatdırılması nəzərdə tutulur. Xammala olan ehtiyacı ödəmək məqsədi ilə Əliağa rayonunda istehsal gücü 10-15 mln. ton olan neft emalı zavodunun tikintisi nəzərdə tutulur. Zavoda 3,5-5 mlrd. ABŞ dolları həcmində sərmayə qoyulması və tikintisinin 2014-2015-ci illərdə başa çatdırılması nəzərdə tutulur.

 

 

Xoşbəxt Yusifzadə

 

Səs.- 2010.- 24 sentyabr.- S. 5.