Milli kinomuzda Arif Babayev imzası

 

Bu gün rejissorun dogum günüdür

 

Azərbaycan kino sənətinin tanınan siması, kinorejissor, aktyor, əməkdar incəsənət xadimi, Azərbaycan kinosunda “müəllif” kinosunun nümayəndələrindən olan Arif Babayevin bu gün doğum günüdür. Onun milli kino sənətimizə saldığı iz salnaməmizin səhifələrinə həkk olunub. Arif Babayev 1928-ci il sentyabrın 25-də İçərişəhərdə, Şirvanşahlar sarayının yanındakı Qəsr küçəsində anadan olub.

İçərişəhərin yazılmayan qayda-qanunları altında böyüsə də, özünə sənəti ömürlük yoldaş, dost, həmdəm seçmişdir. Arif Ba-bayevdə teatra, sənətə maraq heç ötəri deyildi. Teatr texnikumuna daxil olan Arif peşəkar səhnəyə çox erkən yaşlarında çıxıb. Dövlət Gənc Tamaşaçılar Teatrında çalışan böyük aktyorumuz Ağadadaş Qurbanov rejissor kimi quruluş verdiyi "İbrət" tamaşasında Arifə epizodik rol tapşırır. Moskvada təhsil alan ilk milli teatr rejissorlarımızdan sayılan Ağaəli Dadaşov da gənc oğlana kiçik rollar etibar edir. Arif Babayev "Məlikməmməd", "Qaraca qız" tamaşalarında epizodik rollar oynayır.

Arif Babayevin tərcümeyi-halı onun yaradıcılıq yolunun zəngin olduğunu göstərir. O, 1947-1953-cü illərdə M.A.ƏIiyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil almış, 1956-1968-ci illərdə Azərbaycan Dövlət Teleradio Komitəsində, 1968-ci ildən "Azərbaycan-film" kinostudiyasında bir neçə bədii filmin quruluşunu vermişdir. Onun çəkdiyi filmlər "İnsan məskən salır", "Uşaqlığın son gecəsi", "Ürəkdən-ürəyə", "Gün keçdi", "Alma almaya bənzər","Arxadan vurulan zərbə" kimi filmləri kino tariximizdə nadir nümunələr olarq qəbul olunur.

O, görkəmli pedaqoq, rejissor aktyor Mehdi Məmmədovun kursunda təhsil alır. Qoqolun "Müfəttiş" tamaşasını hazırlayarkən, rol bölgüsündə müəllimi onu da nəzərə alır. Arif Qorodniçi obrazını oynayır. 1953-cü ildə institutu bitirən Arif Babayev Naxçıvan teatrına göndərilir. Gənc rejissor həmin teatrın səhnəsində Qoqolun "Evlənmə" pyesinə quruluş verir. Qısa müddətdən sonra Bakıya qayıdaraq səhnəsində ayaq izləri olan Gənc Tamaşaçılar Teatrında rejissor kimi işə düzəlir.

Çox keçmir ki, ölkədə baş verən böyük hadisə onun həyatına televiziyada işləmək qismətini həkk edir. 1956-cı il fevralın 14-də milli televiziyamız ilk verilişləri ilə efirə çıxır. Beləliklə, gənc istedadın teatrdakı fəaliyyəti dayandırılır yeni bir məkanda addımlamağa başlayır. Televiziya rejissoru kimi fəaliyyət onu çox sınaqlarla üz-üzə qoyur. Nəhayət, 1959-cu ildə onu televiziyanın baş rejissoru təyin edirlər. Bu illər ərzində "Bizim şəhərin uşaqları", "Respublika haqqında hekayət", "Biz arzulayanlar nəslindənik" sənədli filmlərini çəkir, Musa Cəlilin "Moabit dəftəri", Taras Şevçenkonun "Kor qadın", Rəsul Rzanın "Qanun", Mehdi Hüseynin "Səhər" əsərləri əsasında canlı televiziya tamaşaları hazırlayır. Bu arada onu Moskvaya ezam edirlər.

Onu kino aləminə gəlişini sənət yolunun yeni bir dövrü kimi qiymətləndirmək lazımdır. 1964-cü   ildən   "Azərbaycanfilm"   kinostudiyasına dəvət alan Arif Babayev bir-birindən məzmunlu, dəyərli filmlərin rejissoruna çevrilir. 54 il ömür yaşayan sənətkar 9 filmin rejissoru olur. Kinodakı xidmətlərinə görə, respublika dövlət mükafatı laureatı adını qazanır. "Birisi gün, gecəyarısı" ona SSRİ Təhlükəsizlik Komitəsinin "Ədəbiyyat incəsənət sahəsindəki xidmətlərinə görə" mükafatını qazandırır. Bu mükafatı alan ilk azər-baycanlı rejissor kimi tarixə düşür.

Böyük istedad sahibi olduğundan, milli kinomuza öz möhürünü vurdu. Kino aləminin nadir sənətkarları sırasında yerini qazandı. Çəkdiyi hər bir filmində dəsti-xət-tini göstərdi. Milli məxsusluğu her şeydən üstün tutub sovet dövrünün ideologiyasını belə yaddan çıxardı. Filmlərlə yaşadı, onlara həyatının rəngini verdi. Bütün istedadını ancaq ancaq sevdiyi sənətinə həsr etdi. Bundan qürrələndi, çünki bu filmlərdə özünü tapdı sözünü dedi.

 

 

Zümrüd

 

Səs.- 2010.- 25 sentyabr.- S. 12.