Şəki şəhəri
"Azərbaycanın Sənətkarlıq
Paytaxtı"dır
"2010-2014-cü illər üçün Xalq
Yaradıcılığı Paytaxtları" Proqramına əsasən
tədbirlər keçirilir
Azərbaycanın
qeyri-maddi mədəni irsinin qorunması, dəstəklənməsi,
xalq yaradıcılığının təbliği və təşviqi
məqsədilə Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən təsdiq olunmuş
"2010-2014-cü illər üçün Xalq
Yaradıcılığı Paytaxtları" Proqramına əsasən
2010-cu il üçün Şəki şəhəri "Azərbaycanın
Sənətkarlıq Paytaxtı" elan edilmişdir.
Mədəniyyət və
Turizm Nazirliyinin mətbuat xidmətindən
aldığımız məlumata əsasən,
hazırlanmış illik tədbirlər planına uyğun
olaraq Təşkilat Komitəsi yaradılmış, loqotiplər,
rəmzi bayraqlar, əyani vəsaitlər hazırlanaraq şəhərin
küçə və meydanlarında nümayiş etdirilir. Onun
tarixi, mədəniyyəti belə bir tədbirlərin
keçirilməsinə imkan verir. Qədim mədəniyyət
mərkəzlərindən biri, zəngin xalq tətbiqi sənət
ənənələrinə malik olan Şəki şəhəri
nisbətən ucqar bir guşədə yerləşməsinə
baxmayaraq, onun iqtisadi əlaqələr baxımından əlverişli
coğrafi mövqeyi sənətkarların sayına görə,
bu diyarı Azərbaycan şəhərlərinin ön cərgəsinə
çıxarmışdır. Belə ki, 1861-ci ildə Şəkidə
1735 nəfər sənətkar yaşayırdı. Şəki
şəhərində yaranan xalq tətbiqi sənəti sahələrinin,
demək olar ki, hamısı bugünədək
yaşadılmaqdadır. Dəmirçilik, silahsızlıq,
nalbəndlik, misgərlik, qalayçılıq, zərgərlik,
gümüşbəndlik, dulusçuluq, dabbaqlıq,
papaqçılıq, kürkçülük,
başmaqçılıq, dərzilik, sərraclıq,
şalbaflıq, dülgərlik, xarratlıq, təkəlduzçuluq,
kəlağayıçılıq, səhəngçilik və
onlarla başqa qədim istehsal sahəsi Şəki sənətkarlıq
məktəbinin başlıca sütunlarını təşkil
edir.
Şəki sənətkarlarının
sayı haqqında ilk informasiyaya XIX əsrin
başlanğıcında çar məmurlarının tərtib
etdikləri statistik məlumatlarda rast gəlinir. 1848-ci ilə
aid sənədlərdən məlum olur ki, o zaman əhalinin təkcə
geyim və bəzək ehtiyaclarını ödəmək
üçün şəhərdə 235 papaqçı, 173
dabbaq, 147 başmaqçı, 154 dərzi, 82 şəridçi,
41 gümüşbənd çalışmışdır.
Onlar təkcə Şəki əhalisinin deyil, habelə,
qonşu əyalətlərdən gəlmiş müştərilərin
də tələbatını ödəyirdilər. Şəkinin
xalq sənətkarları öz ata-babalarından miras
qalmış qədim sənət növlərini bu gün də
yaşadırlar. Hazırda Şəkidə xalq tətbiqi sənətinin
18 növü üzrə 200 nəfərdən çox sənətkar
məşğul olur. Onların bir çoxu artıq beynəlxalq
səviyyədə tanınan və qiymətləndirilən sənətkarlardır.
Müxtəlif sənət növləri üzrə
keçirilmiş respublika və beynəlxalq səviyyəli sərgi,
yarmarka və festivallarda Şəkinin xalq sənətkarlarının
əsərləri yüksək dərəcəli diplomlara,
qızıl medala layiq görülmüşdür. 2010-cu ildə
Bakı şəhərində keçirilmiş Novruz şənliklərində
Şəki xalq sənətkarlarının əl işləri
böyük uğurla nümayiş etdirilmişdir. Azərbaycanın
əməkdar mədəniyyət işçiləri - təkəlduz
ustası Möhtərəm Ağahüseynzadə, şəbəkə
ustası Əşrəf Rəsulov, məşhur dulusçu
Şöyüb Məmmədov və başqaları təkcə
respublikamızda deyil, xarici ölkələrdə də
tanınırlar.
Şəki şəhəri
"Azərbaycanın Sənətkarlıq Paytaxtı"
elan edildiyindən şəhərdə təntənəli
açılış mərasimi təşkil olunmuşdur. Mərasimdə
mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, muzey
işi sektorunun müdiri Azadə Hüseynova və qeyri-maddi mədəni
irs sektorunun müdiri Yaşar Hüseynli iştirak etmişdir.
Daha sonra "Sənətkarlar
evi"ndə "Şəki Azərbaycanın Sənətkarlıq
Paytaxtıdır" mövzusunda elmi-praktiki konfrans
keçirilmişdir. Qeyd edək ki, Şəki şəhərində
TÜRKSOY təşkilatının "Türkdilli
xalqların qeyri-maddi mədəni irsinin
konvensiyalaşdırılması,
inventarlaşdırılması və
proqramlaşdırılması" mövzusunda III Beynəlxalq
Seminarı keçirilmişdir. Seminarda Türkiyəni,
Qazaxıstanı, Tatarıstanı, Şimali Kipri təmsil edən
nümayəndə heyətləri iştirak etmişlər.
Qonaqlar səfər proqramı çərçivəsində
Xan Sarayında, tarix-diyarşünaslıq muzeyində və
"Sənətkarlar evi"ndə olmuş, şəkili xalq
sənətkarlarının əl işlərindən ibarət
sərgiyə tamaşa etmişlər.
Seminar çərçivəsində
qeyri-maddi mədəni irs sektorunun müdiri Y.Hüseynli Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
təsdiq olunmuş "2010-2014-cü illər
üçün Xalq Yaradıcılığı
Paytaxtları" Proqramına əsasən 2010-cu il
üçün Şəki şəhərinin "Azərbaycanın
Sənətkarlıq Paytaxtı" elan edilməsi ilə əlaqədar
hazırlanmış xatirə kubokunu və fəxri diplomu
nazirlik adından Şəki Şəhər İcra Hakimiyyətinin
başçısı Murad Cabbarlıya təqdim etmişdir.
Almaniyanın
aparıcı KİV nümayəndələri ölkəmizdə
təşkil olunmuş press-tur çərçivəsində
Gəncə və Şəki şəhərləri ilə
tanış olmuşlar. Bundan əlavə, "Exo Planeta"
jurnalının əməkdaşları Azərbaycanın mədəniyyəti,
incəsənəti, adət-ənənələri və
turizmi ilə bağlı silsilə məqalələrin
hazırlanması ilə əlaqədar Şəki şəhərinə
səfər etmişdilər. Şəki şəhərinin
davamlı inkişafı üçün mədəni
ehtiyatların səfərbər olunması üzrə
YUNESKO-nun sektorlararası layihəsinin həyata keçirilməsi
məqsədilə fransalı ekspert Patrisio Ceretikin rəhbərliyi
ilə ilkin faktaraşdırıcı missiya Şəkiyə
səfər edərək, şəhərin real potensialı,
imkanları və mədəniyyət müəssisələrinin
hazırkı vəziyyəti ilə tanış olmuşlar.
Şəki şəhəri
"Azərbaycanın Sənətkarlıq Paytaxtı"
elan edilməsi ilə əlaqədar illik tədbirlər planına
uyğun olaraq ilin sonunadək silsilə tədbirlərin təşkili
davam etdiriləcəkdir.
Zümrüd
Səs.- 2010.- 28 sentyabr.- S. 12.