Azərbaycan xalqının
yaddaşında əbədiyaşarlıq qazanmış
böyük ədib
Sentyabrın
28-i XX əsr Azərbaycan elminin, ədəbiyyatının,
təhsilinin inkişafında misilsiz xidmətlər
göstərmiş xeyirxah insan, görkəmli
yazıçı, böyük alim Mir Cəlal Paşayevin
xatirə günüdür. Bu müdrik insan, görkəmli
yazıçı və ədəbiyyatşünas alim
artıq 32 ildir ki, aramızda yoxdur. Böyük
şəxsiyyət kimi tarixləşmiş Mir Cəlal
Paşayevin əziz xatirəsi mənsub olduğu millətin
yaddaşında əbədiyaşarlıq qazanmışdır.
Hər il sentyabrın 28-də onu sevənlər bu nurlu
insanı yenidən "kəşf" edir və onunla
bağlı ən şirin, unudulmaz xatirələrini dilə
gətirirlər.
Mir Cəlal
1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Ərdəbil
kəndində yoxsul kəndli ailəsində dünyaya göz
açmışdır. Kiçik yaşlarında atası Gəncəyə
köçdüyündən uşaqlığını
burada keçirmişdir. 1918-ci ildə atası vəfat etmiş,
böyük qardaşının himayəsində
yaşamışdır.
Əzablı ömür qisməti dünyaya
gəldiyi ilk illərdən onu izləməyə başlasa
da, ulu yaradanın mərhəməti sayəsində Mir
Cəlal Paşayev çox çətinliklərə sinə
gərərək, öz yolu ilə inadla, inamla
irəlləyə bilmişdir. O, 1918-1919-cu
illərdə xeyriyyə cəmiyyətinin köməyi
ilə ibtidai təhsil almış və Azərbaycanda sovet
hakimiyyəti qurulduqdan sonra Gəncə
Darülmüəlliminə daxil olmuşdur. Tələbə
təşkilatının, sonra isə şəhər
tələbə həmkarlar təşkilatının
sədri seçilmişdir.
Mir Cəlal Paşayev Kazan Şərq Pedaqoji
İnstitutunun ədəbiyyat şöbəsində,
Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun
aspiranturasında təhsilini davam etdirməklə
yanaşı, müəllimlik etmiş və millətinin
övladlarına xalqının tarixini,
mədəniyyətini, zəngin keçmişini
mənimsətmişdir. Bu mənada Mir Cəlal
Paşayevin XX əsr Azərbaycan elminin,
ədəbiyyatının, təhsilinin inkişafındakı
xidmətləri misilsizdir.
Yazıçı
kimi 1928-ci ildə ədəbiyyat aləminə gələn
Mir Cəlal, elə həmin ildə də ilk tədqiqat
əsərini yazmışdır. Sözün gücünə
güvənib, onun böyüklüyünə baş
əyən sənətkarın könüllərə
yanğı salmış "Bir gəncin manifesti"
əsəri, zəmanənin güzgüsü olan
hekayələri klassik bədii nümunələr kimi
müəllifinə ədəbiyyat tariximizin səhifələrində
əbədiyaşarlıq qazandırmışdır. Yuxusuz gecələrinin, gərgin zəhmətinin
bəhrəsi olan "Füzuli
sənətkarlığı", "XX əsr Azərbaycan
ədəbiyyatı", "Azərbaycanda ədəbi
məktəblər (1905-1917)",
"Ədəbiyyatşünaslığın
əsasları" adlı fundamental əsərləri
ədəbiyyatşünaslıq elminin qızıl
nüsxələrindəndir.
Ali təhsilimizin beşiyi sayılan Bakı
Dövlət Universitetinin sevimli müəllimi, nüfuzlu
professoru kimi xatirələrdə daim yaşayacaq Mir Cəlal
Paşayev həqiqət, düzlük, səmimiyyət
aşiqi, ailəsini, övladlarını sevən, qoruyan
şəxsiyyət olmuşdur. Onun bu kəlamı indi
də dillər əzbəridir: "Həyatımda
yaratdığım ən böyük əsər
ailəmdir".
XX əsrin 20-30-cu illərində ədəbi
aləmdə əvvəlcə şeir, sonra isə oçerk
və hekayələri ilə görünən Mir Cəlal, az
sonra istedadlı və orijinal yaradıcılıq üslubu
olan yazıçı kimi tanınmışdır. Əlli
illik yaradıcılıq fəaliyyəti dövründə
o, görkəmli nasir kimi Azərbaycan
ədəbiyyatı tarixində öz layiqli və
şərəfli yerini tutmuşdur. Qəti əminliklə
deyə bilərik ki, təkcə "Bir gəncin manifesti"
əsərinə görə Mir Cəlal klassik
sənətkarlar sırasında dayanmaq haqqını
qazanmışdır. Bu əsər çapdan çıxanda
onun heç 30 yaşı yox idi. 1928-ci ildə mətbuatda ilk
şeirləri ("Dənizin cinayəti", "Ananın
vəsiyyəti", "Müxbir") çap olunmuşdur.
Lakin o, bundan sonra, daha doğrusu, 1930-cu ildən etibarən
hekayələr yazmışdır. O
dövrün "Şərq qadını", "Gənc
işçi", "İnqilab və
mədəniyyət", "Ədəbiyyat qəzeti"
kimi nüfuzlu nəşrlərində "Doktor
Cinayətov", "İfşa", "Mərkəz
adamı", "Naxələf", "Bostan
oğrusu", "Qüdrət nümayişi",
"İstifadə", "Dəzgah qızı",
"Heyrət" ... hekayələrini çap etdirmişdir.
1932-ci ildə "Sağlam yollarda", 1935-ci ildə
"Boy" adlı ilk oçerklər və novellalar
kitabları çap olunmuşdur.
Mir
Cəlalın ilk irihəcmli əsəri - "Dirilən
adam" romanı 1935-ci ildə ayrıca kitab kimi nəşr
olunmuşdur. Hələ yarım əsr bundan əvvəl akademik
Məmməd Arif yazmışdır: "Mir Cəlal
"Dirilən adam"la diqqətli bir realist
yazıçı olduğunu göstərmişdir".
İlk dəfə 1937-39-cu illərdə
hissə-hissə "Revolyusiya və kultura" jurnalında
nəşr olunan "Bir gəncin manifesti" əsəri
isə yazıçının həyatında böyük
bir dönüş yaratmış, ədəbi zirvəyə
aparan yoluna cığır açmış və
müəllifə böyük oxucu auditoriyası
qazandırmışdır. 1940-cı ildə
"Uşaqgəncnəşr"də kitab halında
kütləvi tirajla buraxılan bu əsər oxucu
tələbatına görə sonrakı illərdə də
dəfələrlə çap edilmişdir. "Bir gəncin
manifesti"i bu gün də qəlbləri riqqətə
gətirir. Doqquz dəfə müxtəlif illərdə
ayrıca kitab halında nəşr olunmuş "Bir
gəncin manifesti" Azərbaycanın hüdudlarından
çox-çox uzaqlarda da sevilmişdir.
Mir
Cəlalın nəşr olunmuş altı romanı oxuculara
məlumdur. "Dirilən
adam", "Bir gəncin manifesti", "Yolumuz
hayanadır" romanlarında keçmiş,
"Açıq kitab", "Yaşıdlarım",
"Təzə şəhər" romanlarında isə
müasir həyat lövhələrinin bədii təsviri
ustalıqla qələmə alınmışdır. "İnsanlıq fəlsəfəsi" (1961)
kitabında toplanmış hekayələri böyük
tərbiyəvi-əxlaqi əhəmiyyətə malikdir.
"İnsanlıq fəlsəfəsi", "Subaylıq
fəlsəfəsi", "Təzə toyun nəzakət
qaydaları", "Vicdan mühakiməsi", "Vicdan
əzabı", "Hesab dostları",
"Təsadüf, ya zərurət", "Qocaların
uşaq söhbəti" və digər hekayələrində
real həyat lövhələri, fəlsəfi
düşüncələr əks olunmuşdur.
Mir Cəlalın bədii
yaradıcılıq nümunələri
dəfələrlə nəşr olunmuşdur:
"Seçilmiş əsərləri" (2 cilddə,
1956-57), "Seçilmiş əsərləri" (4
cilddə, 1967-68), "Seçilmiş əsərləri"
(2 cilddə, 1986-87), hekayə və povestlərdən
ibarət "Şəfəqdən qalxanlar" (1972),
"Dağlar dilə gəldi" (1978),
"Ləyaqət", hekayələrdən ibarət
"Bostan oğrusu" (1937), "Gözün aydın"
(1939), "Vətən" (1944), "Həyat
hekayələri" (1945), "Sadə hekayələr"
(1955), "Xatirə hekayələri" (1962),
"Gülbəsləyən qız" (1965), "Silah
qardaşları" (1974) və s. Ümumiyyətlə,
indiyədək yazıçının 70-dən çox
kitabı nəşr olunmuşdur.
Elmi fəaliyyətini davam
etdirən gənc Mir Cəlal Paşayev 1940-cı ildə
"Füzulinin poetik xüsusiyyətləri"
əsərinə görə filologiya elmləri namizədi,
1947-ci ildə isə "Azərbaycanda ədəbi
məktəblər" əsərinə görə filologiya
elmləri doktoru alimlik dərəcələrini almışdır.
Füzuli poeziyasının qüdrətinə
heyran olan, ümumiyyətlə, klassik ədəbiyyata
qəlbən bağlı Mir Cəlal Paşayev 1958-ci ildə
bu mövzuya yenidən müraciət edərək və
əvvəlki əsərini təkmilləşdirərək
"Füzuli sənətkarlığı" adlı
monoqrafiyasını nəşr etdirmişdir. Professor Qara Namazov deyir ki, Mir Cəlalın
"Füzuli sənətkarlığı"
monoqrafiyası Füzuli ədəbi irsini öyrənmək,
mənimsəmək və dərk etmək üçün
elmi açardır. Əsər 1994-cü
ildə təkrar nəşr olunmuşdur.
"Azərbaycanda
ədəbi məktəblər (1905-1917)"
əsərində isə Mir Cəlal Paşayev XX əsrin
əvvəllərində inqilabi-demokratik meyillərlə
əlaqədar baş verən ictimai-siyasi hadisələr kontekstində
Azərbaycanda realizm, romantizm ədəbi məktəbləri,
maarifçi-didaktik yazıçılar və xırda
məişət dramları haqqında müfəssəl
tədqiqatlar aparmış, əhatəli elmi
nəticələr əldə etmişdir.
Mir Cəlal Paşayevin
tanınmış tədqiqatçı Firudin Hüseynovla
birgə yazdığı "XX əsr Azərbaycan
ədəbiyyatı" əsəri 40 ilə yaxındır
ki, ali məktəblərin dərs vəsaitidir.
Bu gün
təkcə Azərbaycanda deyil, onun
sərhədlərindən kənarda da bu böyük
ədibin həyat və yaradıcılığı geniş
şəkildə öyrənilir və əsərləri
çap olunaraq maraqla oxunur.
"YUNESKO-nun 2008-2009-cu
illərdə görkəmli şəxsiyyətlərin və
əlamətdar hadisələrin qeyd edilməsi proqramına
Azərbaycanla bağlı daxil olmuş yubileylərin
keçirilməsi haqqında" Azərbaycan Prezidentinin
2008-ci il 31 yanvar tarixli Sərəncamına əsasən,
yazıçı Mir Cəlal Paşayevin yubiley mərasimi
təntənə ilə qeyd edilmişdir. Parisdə, YUNESKO-nun
iqamətgahında XX əsr Azərbaycan
ədəbiyyatının görkəmli
nümayəndəsi, alim, pedaqoq Mir Cəlal Paşayevin 100
illiyinə həsr olunmuş mərasim keçirilmişdir.
XX əsr Azərbaycan
ədəbiyyatında, elmində müstəsna
xidmətlər göstərən Mir Cəlal Paşayevin 100
illiyinin YUNESKO səviyyəsində qeyd olunması, ilk
növbədə, Azərbaycan elminə,
mədəniyyətinə və ədəbiyyatına
dünya miqyasında verilən önəmin və
dəyərin təzahürüdür. 2008-2009-cu
illərdə YUNESKO-nun dünya miqyaslı hadisələrin
və şəxsiyyətlərin yubileylərinin qeyd
olunması ilə bağlı qərarına Mir Cəlal
Paşayevin də adının daxil edilməsi, həm də
Azərbaycan-YUNESKO əməkdaşlığının
inkişafının bariz nümunəsidir. İllər ötdükcə Mir Cəlal
Paşayevin təkcə elmi irsi tədqiq edilmir, onun həm
də xeyirxahlığı, bəşəri
insanlığı heyranlıqla qarşılanır və
əsl örnək kimi sevilə-sevilə qəlblərdə
özünə ucalıq, əlçatmazlıq heykəli
qurur. Bu zirvənin yeri daim öz
ucalığını itirməyəcək və onun
mərhəmət sevgisi heç vaxt azalmayacaqdır.
Mətləb
Səs.- 2010.- 29 sentyabr.- S. 2.