Ən böyük
qələbəyə layiq partiya
Yeni Azərbaycan Partiyası cəmiyyətin
bütün zümrələrinin maraqlarını ifadə
edir
Yeni Azərbaycan
Partiyası qarşıdan gələn parlament seçkilərinə
ölkənin ən nüfuzlu, aparıcı və mütəşəkkil
siyasi qüvvəsi kimi qatılır. Son 17 ildə Azərbaycanda
keçirilən bütün seçkilərdə
ardıcıl, parlaq qələbələri ilə bu partiya
ölkədə alternativsiz siyasi təşkilat olduğunu
dönə-dönə təsdiqləyib. Partiyanın noyabr ayının 7-də
keçiriləcək, parlament seçkilərində
iştirakı ilə bağlı açıqlanan vahid namizədlər
siyahısı bu baxımdan böyük ictimai maraq doğurub.
Sivil, dünyəvi, demokratik dəyərlərə
sadiq təşkilat
İctimai rəydə
çox müsbət, böyük rəğbətlə
qarşılanan bu siyahı partiyanın milyonlarla tərəfdarı
tərəfindən çox müsbət qiymətləndirilir.
Partiyanın opponentləri müəyyən qərəzli
fikirlərlə YAP-ın seçki siyahısına kölgə
salmaq istəsələr də, onların bu istiqamətdə
səsləndirdikləri qeyri-ciddi, arqumentsiz fikirlər ən
sadə tənqidə belə tab gətirmir.
Öz fəaliyyətində hər zaman şəffaflıq prinsipini rəhbər tutan Yeni Azərbaycan Partiyası sivil, dünyəvi, demokratik dəyərlərə sadiqliyi ilə seçilir. Partiya öz fəaliyyətində əhalinin bütün təbəqələrinin qanuni maraqlarını nəzərə alır, ölkədə bütün sosial qrupların maraqlarını və mənafelərini dolğun şəkildə ifadə etmək üçün böyük səy göstərir. Bu, Yeni Azərbaycan Partiyasının seçki siyahısına diqqət yetirdikdə də tam aydın görünür. Belə ki, müvafiq siyahıda həm gənclər, həm qadınlar, həm də tanınmış ziyalılar, partiyanı parlamentdə ləyaqətlə təmsil etmiş əksər millət vəkilləri yer alıb. Bu baxımdan, Yeni Azərbaycan Partiyasının namizədlər siyahısında xanımlara 24 yer ayrılması deyilənlər əyani misaldır. Digər seçki bloklarının siyahısı ilə müqayisədə bu, çox yüksək göstəricidir. Partiyanın seçki siyahısında təmsil olunan xanımların ölkədə kifayət qədər tanındıqlarını və ictimai-siyasi fəallıqları ilə seçildiklərini nəzərə aldıqda YAP-ın qadınların ictimai-siyasi fəallığına böyük əhəmiyyət verdiyi aydın görünür. Başqa sözlə, YAP-ın üzvü kimi böyük fəallıq göstərən, partiyanın ideya-siyasi xəttini fəal şəkildə, uğurla təbliğ edən və həyata keçirən xanımlar bu gün partiyanın namizədlər siyahısında da öz layiqli yerini tutublar.
Ən uğurlu
namizədlər siyahısı
Yeni Azərbaycan Partiyası Sədrinin müavini, millət vəkili Əli Əhmədovun vurğuladığı kimi, partiya qadınların ictimai-siyasi həyatda fəallığının artırılmasını daim diqqət mərkəzində saxlayır və bu istiqamətdə çox ciddi, davamlı təşəbbüslər həyata keçirir. 2009-cu ildə keçirilən bələdiyyə seçkilərində məhz YAP-ın təşəbbüsü əsasında qadınların iştirakının əhəmiyyətli dərəcədə yüksəlməsi də bunu bilavasitə təsdiqləyir. 2010-cu ilin parlament seçkiləri kampaniyasında Yeni Azərbaycan Partiyasının namizədləri kimi iştirak edən xanımlar Azərbaycanda elmin, səhiyyənin, təhsilin, həyatımızın digər sferalarının inkişafına böyük töhfələr vermiş insanlardır. Onlar həm ziyalı, həm də ictimai-siyasi xadim kimi ölkədə yaxşı tanınırlar və sadə insanların böyük hörmətini, etimadını qazanıblar. Milli dövlətçiliyimizə, Yeni Azərbaycan Partiyasının ideya-siyasi xəttinin uğurla gerçəkləşməsinə xidmət göstərən bu insanlar müvafiq seçki dairələrində böyük populyarlığa malikdirlər və millət vəkili adını almağa ən şanslı namizədlər sayılırlar.
YAP gənclərin
partiyasıdır
Bəlli olduğu kimi, üzvlərinin sayı yarım milyonu ötən Yeni Azərbaycan Partiyasında gənclər siyasəti də xüsusi əhəmiyyət kəsb edir. Yüz minlərlə gəncin cəmləşdiyi bu möhtəşəm siyasi təşkilat, bütün əlamətlərə görə, həm də gənclərin partiyasıdır. Bu səbəbdən, partiya gənclərinin ictimai-siyasi fəallığının artırılmasına xüsusi diqqət yetirir. Gənclərin həm yerli özünüidarə qurumlarında - bələdiyyələrdə, həm də parlamentdə - Milli Məclisdə yüksək səviyyədə təmsil olunması Yeni Azərbaycan Partiyasının hər zaman diqqət mərkəzində saxladığı məsələlərdəndir. Bu mənada, Yeni Azərbaycan Partiyasının seçki siyahısında gənclərə xüsusi önəm verilib. Partiyanın üzvü kimi yüksək fəallığı ilə seçilən, ictimaiyyət arasında böyük hörməti, nüfuzu və perspektivi olan ən layiqli gənclər YAP-ın seçki siyahısına daxil edilib. Buradan aydın görünür ki, Yeni Azərbaycan Partiyası bütün parametrlərə görə, ən yüksək təmsiledicilik prinsipinə riayət edən partiyadır. Partiyanın seçki siyahısı müəyyənləşdirilərkən həm yaş, həm də peşə qrupları baxımından bütün mümkün parametrlər nəzərə alınıb.
Parlamentarizm sahəsində böyük
müsbət təcrübə
Yeni Azərbaycan Partiyasını parlamentdə təmsil edən millət vəkillərinin əksəriyyətinin yenidən vahid namizədlər siyahısında yer alması partiyanın varislik prinsipinə və parlamentarizm ənənəsinə ciddi riayət etdiyini göstərir. Namizədlər siyahısına partiyanı təmsil edən 48 millət vəkilinin daxil edilməsi buna əyani misaldır. Parlamentdə ən mütərəqqi qanun layihələri məhz YAP-ı təmsil edən millət vəkilləri tərəfindən təklif olunub və partiyanın deputat korpusu ölkədə qanunvericilik bazasının təkmilləşdirilməsi, inkişaf etdirilməsi baxımından çox müsbət təcrübəyə malikdirlər. Yeni namizədlərin partiyanın seçki siyahısında ümumilikdə nisbi çoxluq təşkil etməsi bütövlükdə tərəqqiyə, inkişafa, yeniliyə, innovasiyaya yönəlmənin göstəricisidir. Bu yeniləşmə həm ictimai maraqların təmin edilməsinə yönəlib, həm də parlamentdə partiyanın uğurlu, dinamik, ciddi təşəbbüskarlığa söykənən fəaliyyətinin müvəffəqiyyətlə davam etdirilməsinə hesablanıb.
Bu baxımdan, varislik - parlamentarizm ənənələrinin möhkəmləndirilməsi, gəncləşmə - gənclərə perspektivli qüvvə kimi xüsusi önəm verilməsi, yeniləşmə - sosial-siyasi proseslərə müasir, mütərəqqi düşüncə tərzi ilə, innovasiyalı yanaşma, reprezentativlik - bütün cins-yaş qruplarının, cəmiyyətin bütün zümrələrinin yüksək səviyyədə təmsil olunması Yeni Azərbaycan Partiyasının seçki strategiyasının aparıcı xəttini təşkil edir.
YAP-ın Milli
Məclisdəki fəaliyyəti təqdirəlayiqdir
Bütün bunlara rəğmən, partiyanın seçki fəaliyyəti ölkə ictimaiyyətinin nümayəndələri tərəfindən çox yüksək dəyərləndirilir. Partiyanın siyasi xətti əhalinin bütün zümrələri və təbəqələri tərəfindən yüksək səviyyədə dəstəklənir. Bu, əhali tərəfindən tam gözlənilən və qanunauyğun münasibətdir. Yeni Azərbaycan Partiyasının seçki siyahısında ən layiqli namizədlər təmsil olunur. Partiyanın namizədləri təmsilçiləri olduqları siyasi təşkilatın məqsədini, məramını, ideya-siyasi xəttini layiqincə cəmiyyətə aşılaya biliblər.
Partiyanın namizədləri çox yaxşı başa düşürlər ki, seçki ilə bağlı hər bir prosedur olduqca böyük məsuliyyət doğurur. Şübhəsiz ki, adı müvafiq siyahıda olan hər bir namizəd həmin məsuliyyəti dərindən dərk edir, dövlət, cəmiyyət, partiya qarşısında olan öhdəliklərini çox yaxşı başa düşür. Ümumilikdə, aparılan müvafiq sorğular və ekspert qiymətləndirmələrinin nəticələri göstərir ki, Yeni Azərbaycan Partiyasını təmsil edən millət vəkillərinin Milli Məclisdəki fəaliyyəti bütün müsbət cəhətlərinə görə, olduqca təqdirəlayiqdir. Ümummilli lider Heydər Əliyevin mütərəqqi ideya-siyasi xəttini Prezident İlham Əliyevin yüksək, innovasiyalı idarəçiliyini, böyük, uğurlu fəaliyyətini əvəzolunmaz nümunə kimi dəyərləndirən bu partiya dövlətimizin inkişafı, tərəqqisi, ölkəmizdə sivil, dünyəvi, demokratik dəyərlərin daha da möhkəmlənməsi, bərqərar olması baxımından üzərinə düşən missiyanı layiqincə yerinə yetirir. Odur ki, artıq 17 ildir iqtidar partiyası kimi seçicilərin böyük rəğbətini qazanan Yeni Azərbaycan Partiyası bu gün bütün üstün cəhətlərinə görə, ən böyük qələbəyə layiqdir.
Naib NİFTƏLİYEV
Səs.- 2010.- 29 sentyabr.- S. 8.