İnkişafın Azərbaycan
modeli: Güclü dövlət, modernləşmiş
iqtisadiyyat və azad cəmiyyət
İlham Əliyev: “Bizim məqsədimiz iqtisadi cəhətdən
güclü, siyasi cəhətdən müstəqil dövlət
qurmaqdır”
Bu gün Azərbaycan
sabit siyasi sistemə və mərhələlər üzrə
formalaşan demokratik təsisatlara, bazar iqtisadiyyatı sistemi
üçün səciyyəvi iqtisadi struktura malik olan
ölkəyə çevrilibdir. Məhz Prezident
İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü
siyasət nəticəsində ölkədə ictimai tərəqqi
davam edərək, xalqın ümummilli maraq və mənafelərinin
təmin olunması yolunda mühüm addımlar
atılır. Dövlət
başçısı milli maraqları əsas götürərək,
cəmiyyətin bütün sosial təbəqələrinin mənafelərini
özündə əks etdirən geniş fəaliyyət
nümayiş etdirir.
Xarici ekspertlərin
fikrincə, Azərbaycan Prezidenti dünyada gedən çox
ziddiyyətli və mürəkkəb proseslərə
baxmayaraq, ölkənin daxili və xarici siyasətini uğurla
həyata keçirir. Ən nüfuzlu dairələrdə belə
müdrik və tarazlaşmış strateji xətt kimi qiymətləndirilən
bu siyasətin nəzəri bazasını və konseptual əsaslarını
yeni dünya nizamının tələbləri və
qloballaşma prosesi, mədəniyyətlərarası dialoq,
ümumbəşəri dəyərlər və onun tərkib
hissələrindən biri olan demokratik prinsiplər təşkil
edir. Məhz bu meyarlar və aparılan
siyasətin bir-birini tamamlaması ölkənin həm daxildə,
həm də beynəlxalq münasibətlər sahəsində
əldə etdiyi nailiyyətlərinin təməlini qoyubdur.
Azərbaycanın müxtəlif sahələrinin
inkişafını əks etdirən statistik göstəricilər
də bunu sübut edir. Belə ki, 2007-ci
ildə Azərbaycan ümumi daxili məhsulun artım sürətinə
görə dünyada lider dövlət elan olundu. Dünya Bankı və Beynəlxalq Maliyyə
Korporasiyası dünyada biznes mühitinə dair hesabatında
Azərbaycanı 2008-ci ilin ən islahatçı ölkəsi
elan etdi. Rəqabətədavamlılıq
sahəsində Azərbaycan MDB ölkələri arasında
şəksiz liderdir. Ötən illərdə həyata
keçirilən tədbirlər ölkədə yoxsulluq səviyyəsinin
əhəmiyyətli dərəcədə azalmasına gətirib
çıxardı, yüz minlərlə yeni iş yerləri
açıldı, son bir neçə ildə milli büdcənin
həcmi 10 dəfədən çox, o cümlədən,
müdafiə büdcəsi bir neçə dəfə
artdı. Azərbaycanın dövlət büdcəsi,
valyuta ehtiyatları, ölkəyə sərmayə
qoyuluşlarının həcmi artaraq, güclü
sahibkarlıq sinfi yarandı.
Təsadüfi
deyil ki, artıq öz iqtisadi inkişaf yolu olan, qlobal maliyyə
böhranının təsirini minimum həddə endirməyi
bacaran Azərbaycanın uğurları bütün dünyada
diqqətlə izlənilir və ölkəmizin inkişaf
tempini təmin edən şərtlər geniş təhlil
obyektinə çevrilir. Bunu son vaxtlar dünyanın aparıcı
mətbu orqanlarında Azərbaycanın iqtisadi artımına
dair dərc olunan yazılardan, beynəlxalq reytinq agentliklərinin
ölkəmizə verdiyi qiymətlərdən də əyani
görmək mümkündür. Məsələn,
Böyük Britaniyanın beynəlxalq biznes nəşri olan
“Financial Times” qəzeti “Azərbaycandakı investisiya
imkanları” sərlövhəli məqaləsində yazır
ki, qlobal maliyyə böhranı Azərbaycan iqtisadiyyatına
təsir göstərməyib. Beynəlxalq
ekspertlərin fikrincə, 2010-cu ildə ölkəyə daha
çox xarici investisiya cəlb ediləcəyini
düşünürlər. O da qeyd edilir ki, Azərbaycan
hökuməti enerji və digər təbii ehtiyatlardan əldə
etdiyi gəlirləri sosial yönümlü proqramlara yönəldərək
nəqliyyat, infrastruktur və texnologiyanın inkişafına
böyük diqqət göstərir. Həmçinin,
belə bir fikir də vurğulanır. 2010-cu
ildə Azərbaycan beynəlxalq maliyyə böhranı şəraitində
inkişaf edən ölkələrin reytinqində liderlər
sırasında yer alacaq. Ekspertlərin fikrincə,
növbəti ildə Azərbaycanda ÜDM-in artımı 9,5 faizə çatacaq.
Göründüyü
kimi, ölkəmizə olan bu diqqət və marağın əsasında
Prezident İlham Əliyevin fədakar fəaliyyəti
dayanır. Güclü iqtisadiyyatın hər bir ölkənin
inkişafında mühüm amil olduğunu bəyan edən
dövlət başçısı İlham Əliyev ölkə
iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin
artırılması ilə bağlı ardıcıl tədbirlər
görür. Bu məsələ
regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramının birinci və ikinci mərhələsində
yetərincə əksini tapıbdır. Nəhəng
infrastruktur layihələrinin - olimpiya idman komplekslərinin
inşası, yüzlərlə səhiyyə
ocağının, müalicə-diaqnostika mərkəzlərinin
inşası səhiyyə sisteminin inkişafı, ölkədə
nəqliyyat sisteminin yenidən qurulması Azərbaycanın
dünyaya çıxışını təmin etmiş,
1800-ə yaxın məktəbin tikilməsi isə təhsil
sistemində ən uğurlu islahat kimi tarixə düşməsinə
səbəb olubdur.
“Əsil siyasət konkret,
real iş görməkdir” - deyən Prezident İlham Əliyevin
məqsədyönlü fəaliyyəti nəticəsində
hazırda, ilk növbədə, Azərbaycanın qüdrətli
dövlətə çevrilməsi yolunda son dərəcə
mühüm addımlar atılmaqdadır.
“Bizim məqsədimiz iqtisadi cəhətdən güclü, siyasi cəhətdən müstəqil dövlət qurmaqdır” - ölkə başçısının bu sözləri aparılan siyasətin ana xəttini təşkil edir. Belə bir faktı vurğulamaq kifayətdir ki, prezident seçildikdən sonra İlham Əliyevin altı il ərzində imzaladığı fərmanlar ölkənin inkişafının strateji istiqamətlərini və əsas hədəflərini müəyyən edərək, köklü iqtisadi dəyişikliklərə təkan veribdir. Bazar iqtisadiyyatının inkişafında sosial ədalət prinsipinə əməl edilməsi müddəası isə bütün proseslərin insanların rifahına yönəldildiyini aşkar göstərir. Artıq hər bir Azərbaycan vətəndaşı bu mütərəqqi dəyişiklikləri özünün həyatında, rifahında hiss etməkdədir.
Ölkəmizin iqtisadi gücü və qüdrətinin, maliyyə imkanlarının getdikcə artması imkan verir ki, Azərbaycan beynəlxalq miqyaslı iqtisadi layihələrin əsas təşəbbüskarı kimi çıxış etsin. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Avropa Birliyi ilə Azərbaycan arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumunun imzalanması bunun bariz nümunəsidir. Artıq “Şahdəniz” yatağından qazın hasilatına başlanılıbdır ki, bu yataqdan gün ərzində 23 milyon kubmetr qaz, 6 min ton kondensat hasil olunur. Ekspertlərin fikrincə, 2012-ci ilədək “Şahdəniz” yatağından ildə təxminən 9 milyard kubmetr qaz və gündə 40 min barrel kondensat çıxarılması gözlənilir. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin reallaşması da məhz bu yatağın işə salınması nəticəsində mümkün olubdur. Ekspertlər onu da bildirir ki, Azərbaycanda aparılan enerji siyasəti nəticəsində ölkə yeni tarixi mərhələyə qədəm qoyub. Bu gün qloballaşan dünyada artan neft gəlirləri ölkələrin iqtisadi siyasətinin müəyyənləşdirilməsində həlledici rol oynayır. Neftlə zəngin Azərbaycan iqtisadiyyatını daha da inkişaf etdirmək məqsədi ilə bu gəlirlərdən səmərəli istifadə edir. Qeyd etmək lazımdır ki, Azərbaycan mədən sənayesində şəffaflıq təşəbbüsünə qoşulmuş ilk ölkələrdən biridir, neft gəlirlərinin xərclənməsi baxımından uğurlu siyasət yürüdülür. Ölkə Prezidenti ölkənin daxili enerji tələbatının təmin edilməsinə xüsusi əhəmiyyət verir. “Azərbaycanın çox güclü energetika potensialı olacaqdır. Azərbaycan öz enerji təhlükəsizliyini tam şəkildə təmin edəcəkdir” - deyən ölkə başçısı bəyanatlarını əməli işlə - bu məqsədə xidmət edən müəssisələrin açılışı ilə sübuta yetirir.
Prezident İlham Əliyevin bu sahədə ən böyük uğurlarından biri müasir tipli modul elektrik stansiyalarının tikilib istifadəyə verilməsidir. Ölkənin elektrik stansiyalarında ildə orta hesabla 20,2 milyard kilovatt/saat artıq elektrik enerjisi istehsal olunur. Bu da respublikada elektrik enerjisinə olan tələbatı tam təmin edir. Müasir “Şimal” elektrik stansiyasının istifadəyə verilməsi və respublikanın müxtəlif bölgələrində 7 modul tipli elektrik stansiyasının tikilməsi, sistem əhəmiyyətli elektrik veriliş xətlərinin və yarımstansiyaların quraşdırılması energetika sahəsində yeni yüksəlişin başlanğıcını qoydu. Artıq iki ildir ki, Azərbaycan elektrik enerjisini ixrac edən ölkəyə çevrilibdir.
Dövlət başçısı İlham Əliyev ölkənin iri sənaye mərkəzi olan Sumqayıtda 525 meqavat gücündə elektrik stansiyasının açılışı münasibətilə inşaatçılar, energetiklər və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdə bildirdi ki, “Biz növbəti illərdə həm ənənəvi stansiyaların tikintisi, eyni zamanda, alternativ enerji mənbələrinin yaradılması işində çox ciddi çalışmalıyıq. Bu məqsədlə lazımi tədbirlər görülür. Alternativ və bərpa olunan enerji mənbələrinin yaradılması üçün bütün lazımi tədbirlər görülür. Gələn ildən başlayaraq, Dövlət Neft Fondunun hesabına və dövlət büdcəsi hesabına Azərbaycanda kütləvi şəkildə alternativ və bərpa olunan enerji mənbələri yaradılacaqdır”.
Göründüyü kimi, deyilən bütün bu fikirlər, bir daha onu təsdiqləyir ki, Azərbaycan iqtisadiyyatı 2009-cu ilin yekunlarına görə, yüksəliş əldə etdiyi kimi, 2010-cu ildə də böyük qələbələr əldə etmiş ölkələr sırasında olacaq.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2010.- 6 yanvar.- S. 3.