2010-cu il Azərbaycana nə vəd edir?

 

İlham Əliyev: “Biz 2009-cu ildə əldə olunmuş uğurlarla kifayətlənməməli, 2010-cu ildə daha böyük uğurlar əldə etməliyik”

 

2009-cu ildə Azərbaycanda ümumi daxili məhsulun real artımı 9 faiz təşkil edib. Bu dövrdə kənd təsərrüfatı 3,3 faiz, rabitə sahəsində 12,8 faiz, ticarət sahəsində 9,4 faiz və nəqliyyat sahəsi 7,7 faiz artıb. Dünyanın əksər ölkələrində gedən kəskin böhrana baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik, iqtisadi artım, yoxsulluq səviyyəsinin azalması və əhalinin maddi rifah halının yüksəldilməsi 2009-cu ildə davam etdirilib.

2009-cu ildə ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi 5 min dollara çatıb. 2004-cü ildə bu rəqəm 1000 dollara yaxın, 2005-ci ildə 1200 dollar olub. Sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə və tikinti sahələrində artım müşahidə olunub.

Yəni, Azərbaycan bu nəticələrə yalnız neft sektorunun sürəkli inkişafı hesabına deyil, həm də qeyri-neft sektorunun inkişafı hesabına nail olub. Habelə, neft gəlirlərindən səmərəli istifadə olunduğundan əhalinin yaşayış səviyyəsi də ÜDM-in artım tempinə uyğun yaxşılaşıb.

“Əsrin müqaviləsi” çərçivəsində görülən işlər nəticəsində Azərbaycanda neft hasilatı bu il 50 milyon tona çatıb. Hökumətin qarşısında duran əsas məsələ insanların yaşayış səviyyəsinin yüksək olması və yoxsulluğun tezliklə ləğvidir.

2008-ci illə müqayisədə ötən il əhalinin banklardakı əmanətlərinin həcmi 11 faiz artaraq 2 milyard manata, kreditlərin həcmi isə 18,2 faiz artaraq 7,6 milyard manata çatıb.

Təhsil xərclərinə 182,1 milyon manat və ya 30,3 faiz, sosial müdafiə və sosial təminat xərclərinə 183,5 milyon manat və ya 29,7 faiz, səhiyyə xərclərinə 52,1 milyon manat və ya 25,4 faiz çox vəsait yönəldilib. Ölkə iqtisadiyyatına bütün maliyyə mənbələri hesabına 5,2 milyard manat, o cümlədən, daxili mənbələr hesabına 4,3 milyard manat investisiya qoyulub ki, bunun da 2,3 milyard manatı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilib.

Artıq ölkədə ümumi daxili məhsul istehsalının 84%-i özəl sektorun payına düşür. Deməli, ölkənin qeyri-neft bölməsində mövcud iqtisadi potensialından düzgün istifadə olunur.

 Azərbaycanın əsas makroiqtisadi proqnoz göstəricilərinə əsasən, 2010-cu ildə 32 mlrd. manat həcmində ÜDM-in istehsal olunacağı proqnozlaşdırılır ki, bu da 7%-lik real artım deməkdir. Lakin beynəlxalq təşkilatlar və ekspertlər bunun daha çox olacağını proqnozlaşdırırlar.

Proqnozlara görə, 2010-cu ildə qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 62,4% səviyyəsində proqnozlaşdırılır. ÜDM-in tərkibində sənaye sahəsi üzrə 8%-lik artım gözlənilir.

Qeyri-neft sənayesində 2,4% səviyyəsində real artım ola bilər. Ümumilikdə, kənd təsərrüfatında 4%, nəqliyyatda 9,3%, rabitədə 17%, sosial və digər xidmətlər üzrə 3,1% səviyyəsində artım proqnozlaşdırılır.

Cari ildə adambaşına düşən ÜDM-in həcmi 3627,8 manata, orta aylıq əmək haqqı isə 365,6 manata çatacağı proqnozlaşdırılır. Ölkənin ixrac əməliyyatları 15,8 mlrd. dollar, idxal əməliyyatlarının həcmi isə 8,1 mlrd. dollar səviyyəsində nəzərdə tutulub. Cari il dövlət büdcəsinin gəlirləri 10 milyard manat, xərclər isə 11,264 milyard manat həcmində nəzərdə tutulub.

Əldə olunmuş uğurlar nəticəsində, Dünya İqtisadi Forumunun makroiqtisadi sabitlik, əmək bazarının səmərəliliyi, dövlət idarəetməsinin, infrastrukturun və maliyyə bazarının mükəmməllik səviyyəsi və bu kimi digər mühüm meyarlar əsasında 2009-2010-cu il üçün hazırladığı “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan 18 pillə irəliləyərək, 133 ölkə arasında 51-ci yerə, MDB ölkələri arasında isə 1-ci yerə yüksəlib. Bu hesabatda qonşu ölkələrdən Türkiyə 61-ci, Rusiya 63-cü, Qazaxıstan 67-ci, Ukrayna 82-ci, Gürcüstan 90-cı yerdədir.

Bu dövrdə bütün maliyyə mənbələri hesabına əsas kapitala qoyulmuş investisiyanın həcmi son 5 ildə 33,5 milyard manat təşkil edib, bunun 53,2 faizi daxili, 46,8 faizi isə xarici investisiyalar olub. 2008-ci ildə istifadə edilmiş investisiyanın həcmi 2003-cü il səviyyəsini 3 dəfə üstələyib, adambaşına düşən investisiyanın həcmi 2003-cü illə müqayisədə 605,8 manat çox olub.

Hazırkı durumda Azərbaycan dünyada böhrandan ziyan çəkməyən və sabit inkişafda olan çox az sayda ölkədən biridir. Bütün bunlar isə, onu göstərir ki, ölkə rəhbərliyi düzgün iqtisadi siyasət yeridir və bu siyasət Azərbaycanda yeni bir inkişaf dövrünün əsasını qoyub.

“Yoxsulluğun azaldılması və iqtisadi inkişaf” proqramının həyata keçirilməsinə başlanıb, bunun nəticəsində yoxsulluq 49%-dən 13 %-ə düşüb. Azərbaycanın neft gəlirlərindən səmərəli istifadə nəticəsində yaxın illər ərzində ölkədə yoxsulluğun tamamilə ləğvinə nail olmaq mümkündür.

Azərbaycanın valyuta ehtiyatları ildən-ilə artır və bu göstərici 20 mlrd. dollara yaxındır. Bu valyuta ehtiyatları kifayət qədər effektli idarə olunur. 2010-cu il üçün neftin qiymətinin 45 dollar götürülməsi büdcənin ehtiyatlı hazırlandığından xəbər verir. Lakin beynəlxalq təşkilatların və nüfuzlu ekspertlərin proqnozlarına görə, gələn il üçün neftin qiyməti 70-80 dollar arasında olacaq. Deməli, ölkəmiz xeyli əlavə gəlirlər əldə edəcək ki, bu vəsaitlərin də sosial məsələlərə ayrılması əhalinin həyat səviyyəsini artıra bilər.

Əhalinin gəlirlərinin, həyat səviyyəsinin, istehlakın strukturunun və keyfiyyətinin artması ilə əlaqədar minimum istehlak səbətinin tərkibinə yenidən baxılıb və ona daxil olan ərzaq məhsullarının tərkibinin adambaşına enerji miqdarı 2420 kilokaloriyə çatdırılıb ki, bu da MDB məkanında ən yüksək göstəricilərdən biridir.

2010-cu il üçün təhsil xərcləri 1,277 milyard, səhiyyə xərcləri 0,479 milyard manat proqnozlaşdırılıb. Dövlət növbəti ildə 2009-cu illə müqayisədə təhsilə 76,3, səhiyyəyə isə 30,2 milyon manat az vəsait yönəldəcək. 2010-cu ildə təhsil xərcləri 5,6%, səhiyyə isə 6% azaldılıb. Təhsil və səhiyyə xərclərinin həcmi mütləq həcmcə azalsa da, ümumi büdcədə təhsilin payı 11%-dən 11,3%-ə, səhiyyənin isə 4,1%-dən 4,3%-ə artıb.

Sosial müdafiə xərcləri 57,9 milyon artırılaraq, 1,192 milyard manata çatdırılıb. Bu bölmənin büdcə xərclərində payı 9,2%-dən 10,6%-ə qaldırılıb. Sosial müdafiə və sosial təminat xərclərində artım 5% olub. 2010-cu ilin büdcə gəlirləri 10,015 milyard manat proqnozlaşdırılıb ki, bu da 2009-cu illə müqayisədə 18% və ya 2,162 milyard manat azdır.

Azad sahibkarlığın inkişafı istiqamətində atılan ardıcıl addımlar həm də demokratik islahatların iqtisadi yüksəlişlə paralel şəkildə davam etdirilməsinə, ölkəmizin siyasi, hüquqi, iqtisadi və digər sahələrdə beynəlxalq əlaqələrinin genişlənməsinə, qloballaşan dünyada etibarlı tərəfdaş kimi mövqelərini möhkəmləndirməsinə yaradılan etibarlı zəmindir.

Azərbaycan Prezidenti İlham Əliyev özəl sektorun inkişafına, yerli və xarici iş adamlarının fəaliyyətinə hərtərəfli imkanların yaradılması, iqtisadi mühitin liberallaşdırılması yolu ilə əlverişli biznes və investisiya mühitinin formalaşdırılması istiqamətində bütün zəruri tədbirləri həyata keçirir.

Yeridilən iqtisadi siyasətin nəticəsi olaraq Azərbaycanın investisiya cəlbediciliyinə görə dünya ölkələri arasında ön sıralarda olduğunu son illərdə müxtəlif beynəlxalq təşkilatların hazırladıqları hesabatlar da təsdiqləyir.

Ümumdünya İqtisadi Forumu (Davos Forumu), Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, “Qoldman Saks” təşkilatı, Beynəlxalq Maliyyə Korporasiyası, Müstəqil Dövlətlər Birliyinin Statistika Komitəsi və digər qurumların hesabatlarında Azərbaycanda investisiyalar üçün münasib biznes mühitinin yaradılması, əcnəbi sərmayəçilər üçün hökumət tərəfindən əlverişli sərmayə imkanlarının təmin edilməsi, eləcə də, digər tədbirlərin intensiv xarakter alması əksini tapıb.

Dünya Bankının və Beynəlxalq Maliyyə Korporasiyasının tərtib etdikləri “Doing Business-2010” reytinqində isə Azərbaycan investisiya cəlbediciliyinə görə, 183 ölkə arasında 38-ci yeri tutub. Hesabat müəllifləri hesab edirlər ki, biznes sahəsində son islahatlar Azərbaycanda sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait yaradılmasına imkan verib.

Hesabatda Azərbaycan biznesin həyata keçirilməsi indikatoruna görə 38-ci, biznesin başlanmasına görə 17-ci, işə qəbula görə 33-cü, əmlakın qeydiyyatına görə 9-cu, kreditlərin alınmasına görə 15-ci, investorların qorunmasına görə 20-ci, müqavilələrin icrasının təmin edilməsinə görə 26-cı olub. Müqayisə üçün bildirək ki, həmin reytinqdə Qafqaz ölkələrindən Gürcüstan 90-cı, Ermənistan 97-ci yerləri tutub.

Ölkə sənayesi üzrə əldə olunmuş göstəricini yüksək dəyərləndirən dövlət başçısı son illər Azərbaycanda aparılan sənayeləşdirmə siyasətinin uğurlu nəticələr verdiyini söylədi. Bununla belə Prezident İlham Əliyev bu siyasətin bundan sonra da davam etdiriləcəyini, xarici və yerli investisiyaları cəlb etməklə sənaye sektorunda müxtəlif yeni müəssisələrin yaradılacağını bəyan edib.

Artıq bir neçə ildir ki, ölkəmizin ayrı-ayrı bölgələrində həyata keçirilən mühüm infrastruktur layihələri, eləcə də, dövlət tərəfindən özəl sektora verilən güzəştli kreditlər də sənaye istehsalının artırılmasına təkan verir.

Xatırlatmaq yerinə düşər ki, ixracın stimullaşdırılması, xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi məqsədilə görülmüş tədbirlər nəticəsində Azərbaycan ABŞ və Norveçin “CSP”, Avropa Birliyinin “CSP+” proqramlarına da daxil edilib.

Bu proqramlar Azərbaycan sahibkarlarına Avropanın 27 ölkəsinə, ABŞ və Norveç bazarlarına rüsumsuz və ya çox aşağı rüsumlarla ixrac imkanları yaradır. 2008-ci ildən Dünya Ticarət Təşkilatına üzvolma ilə bağlı işlər davam etdirilib, 11 ölkə ilə ikitərəfli danışıqlar aparılıb, 2 ölkə ilə ikitərəfli protokol imzalanıb.

2010-cu ildən Azərbaycanda bir sıra sahələrdə vergilərin aşağı salınması planlaşdırılır və bu da sahibkarlığın inkişaf etdirilməsi, daxili bazarın qorunması baxımından son dərəcə əhəmiyyətli addımdır.

Respublika Prezidenti İlham Əliyev özəl sektorun dinamik inkişafına təkcə sosial-iqtisadi yüksəliş xəttinin deyil, həm də demokratikləşmə prosesinin ardıcıllığını, vətəndaş hüquq və azadlıqlarının etibarlı şəkildə qorunmasını təmin edən başlıca vasitələrdən biri kimi yanaşır.

Azərbaycanın 2010-cu il üçün cəmi müdafiə xərcləri 1 205 827 744 manat təşkil edir. Bunun 1 120 991 187 manatı müdafiə qüvvələri, o cümlədən, 856 586 973 manatı Müdafiə Nazirliyi, 89 306 570 manatı Dövlət Sərhəd Xidməti, 6 652 000 manatı maddi-texniki təminatın möhkəmləndirilməsi ilə bağlı xərclərə, 80 026 523 manatı Milli Təhlükəsizlik Nazirliyi, 2 425 271 manatı müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar, 2 384 763 manatı isə digər kateqoriyalara aid edilməyən xərclər çərçivəsində Müdafiə Sənayesi Nazirliyinə nəzərdə tutulub.

Beləliklə, Azərbaycanın 2010-cu il üçün dövlət büdcəsinin xərclərində azalma olsa da, müdafiə xərclərində, bu, baş verməyib. Əksinə, artım var. Azərbaycanın müdafiə xərcləri Ermənistanın müdafiə sektoruna yönəltdiyi vəsaitdən 4 dəfə çoxdur.

 

 

Elçin Bayramlı

 

Səs.- 2010.- 6 yanvar.- S. 5.