Azərbaycan 2009-cu ili uğurla başa vurdu
Ötən il olduğu kimi,
bu il də, qlobal maliyyə böhranının nəticələrini
bütün ölkələr bu və ya digər dərəcədə
öz üzərlərində hiss ediblər. Azərbaycana da
qlobal böhran müəyyən təsir göstərib. Lakin
ölkəmiz bu böhrandan minimum itki ilə
çıxmağa nail oldu. Bütövlükdə, 2009-cu ildə
iqtisadiyyat dinamik inkişaf edib. Cari ildə iqtisadi artım 9
faizdən çox olub. Ekspertlərin fikrincə, maliyyə
böhranı şəraitində, bu, çox yaxşı
göstəricidir. Sənaye istehsalı təqribən 9 faiz
artıb. İnflyasiya 2 faizdən az olub. Əhalinin gəlirləri
xeyli artıb. Bir sözlə, ilin əsas sosial-iqtisadi göstəriciləri
sübut edir ki, Azərbaycan uğurlu inkişafını davam
etdirib. 2004-2008-ci illərdə iqtisadiyyatın həcmi,
bütövlükdə, 2,6 dəfə artıb.
Prezident İlham Əliyev
bildirib ki, bizim bu cür ciddi artım nümayiş etdirməyimiz
birinci il deyildir. “Biz əsas infrastruktur layihələrini həyata
keçirməyə nail olmuşuq. Bütün sosial proqramlar
yerinə yetirilmişdir. İqtisadiyyatımızın müəyyən
dərəcədə enerji ehtiyatlarından asılı
olmasına və bu il neftin qiymətinin xeyli aşağı
düşməsinə baxmayaraq, biz bütün sosial
proqramları həyata keçirmişik. Beləliklə, biz
bu ili də yaxşı əhval-ruhiyyə ilə başa
vururuq və gələcəyə nikbin baxırıq,
çünki ölkəni tamamilə modernləşdirmək
üçün hələ çox işlər
görülməlidir”- dövlət başçısı
deyib.
Dövlət
başçısının fikrincə,
uğurlarımızın sirri ondadır ki, biz iqtisadiyyatı
kifayət qədər qısa müddətdə şaxələndirməyə
və çox ciddi iqtisadi islahatlar aparmağa nail olmuşuq. Təsadüfi
deyil ki, aparıcı beynəlxalq maliyyə təsisatları
bu baxımdan uğurlarımızı qeyd edirlər. Ölkənin
çox davamlı beynəlxalq reytinqi vardır, bütün
reytinq agentlikləri uğurlarımızı çox yüksək
qiymətləndirirlər. 2008-ci ildə Dünya Bankı
biznes fəaliyyəti proqramında dünyada birinci yeri Azərbaycana
verib. Bu, onu göstərir ki, biz iqtisadiyyatımızı əhəmiyyətli
dərəcədə liberallaşdırmağa, özəl sektor
üçün yaxşı şərait yaratmağa nail
olmuşuq.
Kənd təsərrüfatında
böyük uğurlar qazanılıb. Rekord miqdarda kənd təsərrüfatı
məhsulları yığılıb. “Bizim ixracla əlaqədar
problemlərimiz də yoxdur”-deyən ölkə
başçısı bildirib ki, bütün istiqamətlər
bizim üçün açıqdır. Buna görə də
düşünürəm ki, hətta böhran ilində də
uğurla inkişaf etməyimizin əsas səbəbi
bundadır”.
Prezident İlham Əliyevin
fikrincə, Azərbaycan, ilk növbədə, təbii
ehtiyatlarımıza və xammal ehtiyatlarına, eləcə də,
qonşu dövlətlərin bazarlarından istifadə
imkanlarına əsaslanır: “Çünki kənd təsərrüfatı
prioritet sahələrdən biridir. Bu il biz
özümüzü, əslində, daxili istehsal hesabına əsas
qida məhsulları ilə, demək olar ki, tam təmin edirik. Əvvəllər
heç vaxt belə olmamışdır”.
Qeyd edək ki, 2009-cu ilin
yanvar-noyabr aylarında ticarət şəbəkələrindən
əhaliyə 10,5 milyard manatlıq və ya 2008-ci ilin eyni
dövründəkindən 8,6 faiz çox müxtəlif
çeşidli istehlak malları satılıb. Bu malların
6,8 milyard manatını ərzaq, 3,7 milyard manatını
qeyri-ərzaq malları təşkil edib, onların həcmi
müvafiq olaraq 10,5 və 4,5 faiz artıb.
Ölkə üzrə pərakəndə
əmtəə dövriyyəsinin 15,7 faizi hüquqi şəxslərin,
42,8 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti
göstərən fərdi sahibkarların, 41,5 faizi isə
mütəşəkkil təşkil olunmuş yarmarka və
bazarlarda fəaliyyət göstərən fiziki şəxslərin
hesabına formalaşıb.
2009-cu ilin 11 ayı ərzində
əhaliyə 3,6 milyard manatlıq və ya 12,3 faiz çox
pullu xidmət göstərilib. Xidmətlərin 80 faizi
hüquqi, 20 faizi fiziki şəxslərin payına
düşmüş və keçən ilin eyni dövrü
ilə müqayisədə onların həcmi, müvafiq
olaraq, 12,5 və 11,5 faiz artıb.
Dövlət
başçısı qeyd edir ki, digər mühüm sahə
informasiya-kommunikasiya texnologiyalarıdır: “Biz bu sahədə
çox irəliləmişik və iki ildən sonra ilk
süni peykimizi buraxmağı planlaşdırırıq. Yəni,
kosmik sənaye yaradırıq və bu baxımdan da, Azərbaycanın
dünyada reytinqi durmadan artır.
İnfrastrukturla əlaqədar
layihələr bizə çox güclü nəqliyyat
bazası yaratmaq imkanı verir. Əlbəttə, coğrafi
mövqeyimiz çox əlverişlidir, lakin nəqliyyata
sanballı investisiyalar qoyulmasa, bunun əhəmiyyəti
azdır. Buna görə də magistral yolların çəkilişi,
dəmir yollarının təmir edilməsi, Xəzər
donanmasının bazasının möhkəmləndirilməsi,
tanker donanmasının yaradılması, aviadaşımalar-
bütün bunlar tranzit üçün gözəl şərait
yaratmışdır. Bu gün biz Asiyadan Avropaya və əks-istiqamətdə
daşınan böyük həcmdə yük
üçün tranzit ölkəyə çevrilmişik və
əlbəttə, gələcəkdə bu, iqtisadiyyatın
daha çox şaxələndirilməsinə və daha
çox qazanc əldə olunmasına kömək edəcəkdir”.
Yeri gəlmişkən, qeyd
edək ki, Xəzər dənizində ən güclü
tanker donanması Azərbaycandadır. Bir qədər öncə,
Rusiyadan hər birinin yükgötürmə qabiliyyəti 13
min ton olan 8 tanker alınıb. Bunlar Xəzərdə hərəkət
edə biləcək ən böyük tankerlərdir.
Hazırda malik olduğumuz tanker donanması Xəzərdə ən
azı 20 milyon ton neft və neft məhsulları
daşımağa imkan verir, bu isə yüklərin indiki həcmindən
qat-qat artıqdır.
Ölkəmizin kifayət qədər
enerji ixrac imkanlarına malik olduğunu deyən Prezident qeyd
edir ki, Azərbaycanın yeni boru kəmərləri tikməsinə
ehtiyac yoxdur, çünki neftin nəql edilməsi
üçün müxtəlif istiqamətlərdə
üç boru kəməri vardır. Qazın nəql edilməsi
bizi qonşu ölkələrlə birləşdirən
dörd boru kəməri ilə həyata keçirilir. Biz
özü-özünü təmin edən dövlətik, biz
öz enerji potensialımızı tamamilə
reallaşdırmışıq və mövcud boru kəmərləri
bizim üçün kifayətdir.
Azərbaycanda qaz
ehtiyatlarının təsdiq edilmiş minimal həcmi 2 trilyon
kubmetr, real ehtiyatlar isə təqribən 5 trilyon kubmetrdir. Bu
isə ölkəmizin enerji təhlükəsizliyi sahəsində
böyük imkanlara malik olduğunu göstərir.
Energetika sahəsində
ölkəmizin kifayət qədər böyük tarixi və
yaxşı təcrübəsi var. Azərbaycan uzun illərdir
ki, Bakı-Novorossiysk neft kəməri ilə nefti Rusiya ərazisindən
keçməklə nəql edir. İndi Azərbaycan Rusiyadan
idxal etdiyi elektrik enerjisindən xeyli çox elektrik enerjisini bu
ölkəyə ixrac edir. Qaz sahəsində biz 2007-ci ilə
qədər Rusiya qazının alıcısı idik.
Çünki o vaxt bizim öz resurslarımız
çatışmırdı. Gələn ilin əvvəlindən
isə biz ixracatçıya çevriləcəyik.
Prezident qeyd edir ki, neft
emalı zavodlarını tamamilə modernləşdirmək
üçün xeyli işləmək lazımdır. “Bizim
emal zavodlarının gücü kifayət qədərdir.
Hazırda Azərbaycanda emal zavodlarının gücü təqribən
20 milyon ton təşkil edir. Amma biz 6 milyon tondan bir qədər
çox neft emal edirik. Yəni, biz nefti xam şəkildə nəql
etməyi üstün tuturuq və bu il neft ixracının həcmi
40 milyon tondan çox olacaqdır. Gələn il isə, yəqin
ki, bu, 50 milyon tona yaxınlaşacaqdır. Yəni, bu sahədə
çətinliklərimiz azdır, çünki biz nefti
müxtəlif istiqamətlərə üç boru kəməri
ilə nəql edirik. Neft emalı məhsullarının
satılması isə daha mürəkkəbdir”.
Dövlət
başçısı qeyd edir ki, Dağlıq Qarabağ
münaqişəsinin həlli istiqamətində aparılan
danışıqlar bu il fəal müzakirələrlə əlamətdar
olmuşdur. “Bəzi məsələlərdə mövqelər
yaxınlaşır, digərlərində yox. Buna görə
də mən bu ili münaqişənin tənzimlənməsi
baxımından müsbət səciyyələndirərdim.
Lakin o, daha müsbət ola bilərdi. Ona görə ki, hələ
2008-ci ildə Ermənistan və Azərbaycan prezidentləri
arasında danışıqlar aparılmış və
münaqişənin tənzimlənməsi haqqında birgə
bəyannamə, o cümlədən, Rusiya Federasiyası tərəfindən
də imzalanmışdır.
Həmin sənəddə dəqiq
müəyyən edilmişdir ki, münaqişə beynəlxalq
hüququn prinsipləri və normaları, beynəlxalq təşkilatların
qərarları və qətnamələri əsasında tənzimlənməlidir.
Bunlar hansı qərar və qətnamələrdir? Təbii
ki, Ermənistanın işğalçı qüvvələrinin
Azərbaycan ərazisindən dərhal
çıxarılmasını tələb edən BMT Təhlükəsizlik
Şurasının dörd qətnaməsidir. Artıq iyirmi ilə
yaxındır ki, bu qətnamələr yerinə yetirilmir.
Yəni, əsas məsələ
budur- Azərbaycanın ərazi bütövlüyünün
bərpa edilməsi, torpaqlarımızın işğaldan
azad olunması, köçkünlərin və
qaçqınların öz torpaqlarına qayıtması
üçün imkan yaradılması. Təəssüf ki,
2009-cu ilə bəslənilən ümidlər bizim güman
etdiyimiz dərəcədə doğrulmadı”.
Dövlət
başçısı qeyd edib ki, Rusiya, Azərbaycan və Ermənistan
prezidentlərinin birgə bəyanatı, ümumiyyətlə,
əlamətdar hadisə idi. “1994-cü ildə atəşkəs
haqqında saziş imzalanandan sonra bu, ilk birgə sənəd
idi. Yəni, 2009-cu ildə məsələni həll edəcəyimizə,
heç olmasa, baza prinsiplərini
razılaşdıracağımıza ümid var idi. Lakin bu
ümidlər doğrulmadı. Özü də bizim
günahımız üzündən yox. Buna görə də
2010-cu il üçün müəyyən nikbinlik vardır.
Bu, onunla bağlıdır ki, Qarabağ münaqişəsinin
tənzimlənməsi mövzusu beynəlxalq gündəliyin əsas
mövzularından birinə çevrilmişdir.
Ola bilsin ki, əvvəllər
bunu tam anlamayanların çoxuna aydın oldu ki, Ermənistan-Azərbaycan
münaqişəsi tənzimlənmədən digər
regional problemlərin heç birini həll etmək
mümkün olmayacaqdır. Yəni, bu, əsas səbəbdir.
Bu səbəb aradan qaldırılmadan regionda əlverişli əməkdaşlıq
şəraiti yaradılması, təhlükəsizlik tədbirlərinin
möhkəmləndirilməsi mümkün deyildir. Bu
münaqişəni tənzimləmək üçün isə,
sadəcə olaraq, Ermənistan BMT Təhlükəsizlik
Şurasının qətnamələrini yerinə yetirməli,
işğalçı qüvvələrini Dağlıq
Qarabağ ətrafındakı işğal edilmiş ərazilərdən
çıxarmalıdır. Bundan sonra regionda sülh və əməkdaşlıq
bərqərar ola bilər”.
Prezident İlham Əliyev
ümidvar olduğunu bildirir ki, 2010-cu ildə əsas mövqeləri
razılaşdıra biləcəyik. “Lakin biz
danışıqların permanent prosesə çevrilməsinin
qəti əleyhinəyik. Danışıqlar 1992-ci ildən -
ATƏT-in Minsk Qrupu yaradılan vaxtdan aparılır.
1994-cü ildə atəşkəs haqqında saziş
bağlanmışdır. On beş il keçmişdir, irəliləyiş
var, lakin nəticə yoxdur. Buna görə də biz bu
münaqişənin, sözün tam mənasında,
dondurulmuş prosesə çevrilməsinə yol verə bilmərik.
Onilliklər boyu davam edən başqa münaqişələrin
taleyi təkrarlanmamalıdır. Biz buna heç vaxt razı
olmayacağıq. Buna görə də hesab edirəm ki, əgər
Ermənistan tərəfindən konstruktivizm və ən
başlıcası, sağlam düşüncə
nümayiş etdirilsə, gələn il biz irəliləyə
bilərik”.
Ölkədə sağlam həyat
tərzi və idman fəal təbliğ edilir. Bunu demək
kifayətdir ki, sizdə respublikada artıq yeni tikilmiş 30
olimpiya mərkəzi fəaliyyət göstərir.
Bu yaxınlarda Qusarda iri beynəlxalq
dağ xizək kurortunun tikintisinə başlanıb. Şaquli
kanat yollarının, mehmanxanaların tikintisi başlanıb.
Ümumiyyətlə, 2009-cu il təkcə iqtisadiyyat, idman və
mədəniyyət sahəsində deyil, bütün sahələrdə
inkişaf ili olub.
Elçin Bayramlı
Səs.- 2010.- 6 yanvar.- S. 7.