Elmin vətəni yoxdur, Vətənin isə elmə böyük ehtiyacı var...

 

Hər bir xalqın inkişaf edib, təşəkkül tapmasında, milli özünüdərkinin formalaşmasında, dünya arenasına çıxıb söz sahibi olmasında ali təhsil müəssisələrinin müstəsna xidmətləri var. Ali məktəblərimizin flaqmanı olan Bakı Dövlət Universiteti də (BDU) Azərbaycan elm və təhsilinin inkişafında, qazandığı uğurlarda hər zaman öz dəst-xətti ilə seçilib. BDU Azərbaycan xalqının tərəqqisində, dünya elm və təhsil sistemində layiqli yer tutmasında mühüm rol oynayıb, öz elmi nailiyyətləri ilə xalqımızı, dövlətimizi, mədəniyyətimizi bütün dünyada layiqincə təmsil edən yüzlərlə tanınmış alim, mədəniyyət xadimi, siyasi və dövlət xadimləri yetirib. Düz 90 il bundan əvvəl-1919-cu il sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində  xalqımızın tərəqqipərvər ziyalılarının gərgin əməyindən sonra Bakı Dövlət Universitetinin təsis edilməsi haqqında tarixi qərar qəbul olundu. Universitetin ilk rektoru olmuş V.İ.Razumovski həmin hadisəni belə dəyərləndirmişdi: “Azərbaycan xalqının tarixində mühüm hadisə baş verdi. Şərqlə Qərbin qovşağında bir məşəl yandı”.

Xalq Cümhuriyyətinin yaratdığı bir çox qurumlar tarixin sınaqalarından keçə bilməsə də, BDU bütün sınaqlardan çıxıb uzun bir dövr ərzində xalqın milli-mədəni məfkurəsinin formalaşmasında mühüm rol oynayıb. Universitetin yaradılması haqsızlıq ucbatından uzun müddət müstəqilliyini və dövlətçiliyini  itirməyə məcbur olmuş xalqımıza hava və su kimi lazım idi. Ona görə ki, bu məbədgahın milli ruhun qorunub saxlanmasında, Azərbaycan xalqında özünüdərk meyillərinin oyadılmasında, xalqın öz milli təhsil sisteminin və mənəvi tərbiyə  formalarının yaradılmasında yardımçı olması çox lazımlı idi. Qarşılaşdığı çətin vəziyyətlərdən üzüağ çıxmağı bacaran Bakı Dövlət Universiteti təkcə milli və ictimai tərəqqimiz üçün lazım olmadı, həm də mənəvi qida rolunu oynadı. Dünyanın bir çox qədim tarixə və böyük təcrübəyə, elmi potensiala malik universitetləri ilə  müqayisədə BDU çox cavan olsa da, çox şərəfli həyat yolu keçib. 1919-cu ildə yaranarkən, cəmi 44 əməkdaşla fəaliyyətə başlayan bu təhsil mərkəzi illər ərzində zəngin tarixi yol qət edib və daim inkişafda olub. Elə bunun nəticəsidir ki, hazırda bu ali təhsil ocağında çalışan professor-müəllim heyəti xalqımızın müasir tarixinin ən məsuliyyətli mərhələlərinin həll olunduğu məqamlarda əsil vətəndaş, dövlətçiliyimizə qarant ola biləcək gənclər yetirərək, ən sərt sınaqlarda milli dövlətçiliyimizin qorunub saxlanılmasında sözünü deyib. Təsadüfi deyil ki, bu ali təhsil mərkəzi ümummilli lider Heydər Əliyev siyasi kursunun dəstəkçisi, onu xaos və təhlükələrdən xilas edərək, qoruyub saxladığı müstəqil dövlətimizin sosial dayağıdır. Universitetin çiçəklənməsində, dünya universitetləri ilə bir sırada durmasında dövlət qayğısı ilə yanaşı, bu qayğını əlində rəhbər tutan universitet kollektivi və ali təhsil mərkəzinə rəhbərlik edən şəxslərin də xüsusi əməyi olub. BDU ona rəhbərlik edən hər bir şəxsin dövründə müəyyən irəliləyişlərə və elmi uğurlara  imza atıb. Həmin ənənə bu gün də davam etdirilir. Dövlətimizin, xalqımızın tərəqqisi naminə layiqli insanlar, mütəxəssislər, əsil vətəndaşlar yetirmək üçün səylərini əsirgəməyən universitet rəhbərliyi tələbələrin yüksək səviyyəli təhsil almaları üçün bütün vacib məsələləri diqqətdən qaçırmır. BDU-nun rektoru, akademik Abel Məhərrəmov hər zaman çıxışında deyir ki, “biz klassik universitet olaraq Azərbaycan dövlətinin və dövlətçiliyinin barometriyik. İşimizi elə qurmalı, elmi fəaliyyətimizi elə bir həddə çatdırmalı, tədris işlərində o qədər öncül olmalıyıq ki, hər zaman flaqman ali təhsil mərkəzi rolu oynayan Bakı Dövlət Universiteti öz nümunəviliyini qoruyub saxlaya bilsin”. Həqiqətən də, BDU akademikin dediyi sürətlə inkişaf edir. Hər ilin yekununda verilən hesabatdan aydın olur ki, BDU çox böyük sürətlə irəli gedir. Statistik rəqəmlərə nəzər saldıqda, görünür ki, ötən illərlə müqayisədə get-gedə elmi nailiyyətlərin sayı artır, universitet əməkdaşlarının elmi uğurları çoxalır. Hər il yerinə yetirilmiş elmi işlər, yazılmış məqalələr, çap edilmiş kitablar və s. onu göstərir ki, akademik Abel Məhərrəmovun “bir yerdə dayanmamaq, daim işləmək” devizi universitetin bütün illəri üçün aktualdır. Yaxın keçmişdə Moskva Dövlət Universitetinin rektoru Sadvoniçi hər dəfə BDU-ya gəlişində onu yeni bir libasda, yeni bir görkəm və daxili dəyişkənlikdə görməsindən heyrətini gizlətməmiş və BDU-nu MDB ölkələrinin universitetləri sırasında birinciliyə layiq görmüşdü.

Həqiqətən də, həyatının yarıdan çoxu BDU ilə bağlı olan Abel Məhərrəmov universitetin idarə olunmasında, böyük elmi nailiyyətlərə, uğurlara imza atmasında bir rektor kimi böyük rol oynayır. Akademik deyir: “Gələcəyimiz bugünkü gənclərin əlindədir. Onları Bakı Dövlət Universitetinin ailəsinin bir üzvünə çevirmək üçün hər cür şərait yaratmağa çalışmışıq”.

Rektor kimi  işinin icrasına başlayan vaxtdan Abel Məhərrəmov  universiteti inkişaf etdirmək, dünya ali təhsil mərkəzləri ilə eyni səviyyəyə qaldırmaq, maddi-texniki bazasını təkmilləşdirmək istiqamətində çox mühüm işlərin icrasına başladı və tam müvəffəqiyyət qazandı.

Abel müəllim deyir ki, “elmin vətəni yoxdur, Vətənin isə elmə böyük ehtiyacı var”. Rektor həm də o fikirdədir ki, elmsiz adam, əsil alim olmadan auditoriyada mühazirə apara bilməz. Elə bu məqsədlə hörmətli akademik fəaliyyətinin əsas ağırlığını həm də elmi istiqamətə  yönəldib və buna nail olub. Universitet kollektivi danışır ki, Abel Məhərrəmov BDU-da fəaliyyət göstərdiyi müxtəlif vəzifələrdə çox tələbkar, olduqca ciddi və çalışqan idi. Bu baxımdan, elə bir adam tapılmazdı ki, onun güclü reformator olmasından şübhələnsin və qısa zaman kəsiyində BDU-nu başdan-ayağa dəyişəcəyinə inanmasın. Rektor kimi fəaliyyətə başladığı ilk günlərdən BDU-nun inkişafı üçün əlindən gələni edən Abel Məhərrəmov qısa zaman kəsiyində universitetdə baş verən dəyişikliklərə görə çoxlarının təəccübünə və heyrətinə səbəb oldu. Düzdür, zaman-zaman bəzi mətbuat orqanlarında BDU ilə bağlı həqiqəti əks etdirməyən materiallar yer alıb. Bunun sifariş, qərəz olmasına şübhə yoxdur. Universitetdəki dəyişiklikləri görməmək üçün kor, qazanılmış uğurlara kölgə salmaq üçün insafsız olmaq lazımdır. Kimin necə düşünməsindən asılı olmayaraq, BDU-da baş verən dəyişikliklər, elmi nailiyyətlər professor-müəllim heyətinin gözü önündə baş verir. Bu məqsədlə onların bəzilərinin fikirləri ilə tanış olmaq yerinə düşər:

Yalçın Əlizadə, BDU-nun jurnalistika fakültəsinin dekanı: “Bu gün BDU-da intellektual duyumla yüksək zövqün vəhdətindən yaranan bir proses müşahidə olunur. Bu prosesin öncülü olan akademik Abel Məhərrəmov sivil dünyanı rəngarəngliyi ilə görməyi, onun dəyərlərindən bəhrələnməyi, həmin bəhrələri Azərbaycan ali təhsil sistemi ilə qovuşdurmağı bacaran rektor səviyyəsinə yüksəlib. O, universitet təhsilini, universitet elmini dünya təhsili və elmi ilə  inteqrasiya yoluna çıxarmağa müvəffəq olub. Abel müəllim dünyanın tanınmış təhsil və elmi mərkəzləri ilə əlaqələr yaradıb, əməkdaşlıq körpüləri salıb, yaxın-uzaq həmkarlarında BDU-nun potensialına güclü inam yaradıb. Bu inamın nəticəsi kimi dünyanın aparıcı təhsil və elm mərkəzlərindən, ayrı-ayrı universitetimizə dəyərli qrantların axını başlayıb, həmin qrantlar özləri ilə dünyanın müasir səviyyəli elm və təhsil ocaqlarının ab-havasını da BDU-ya gətirib. Bu gün universitetimiz informasiya cəmiyyətinin əvəzsiz atributlarından sayılan kompyuter texnologiyasını, onun heyrətamiz əməliyyatlarını, internetin zəngin məlumat bazasını auditoriyalara, laboratoriyalara çatdıran bir məkana çevrilib. Belə ciddi yeniləşmə, bütövlükdə, universitetdə tədris prosesinin təşkilindəki yeniliklərə, xüsusən, xarici dillərin tədrisindəki dərin islahatlarla müşayiət olunaraq bir-birini tamamlayır. Universitet tarixində hər bir rektor yaxşı ənənə, yaxşı iz qoyub gedib. Abel müəllim bu ənənələrə hörmətlə, həssaslıqla yanaşmağı bacaran, onları yaşadan və zənginləşdirən, öz əlavələrini edən rektordur. O, zövq sahibidir. Abel Məhərrəmovun rəhbərliyi altında BDU bu gün müdrikliyinin gənclik çağını yaşayır. BDU-nun daim yenilik axtarışında olan rektoru ilə, güclü elmi-pedaqoji potensialı və istedadlı tələbə-gəncliyi ilə öyünməyə tam haqqı var”.

Akademik Abel Məhərrəmovun BDU-da qoyduğu yenilikçilik ənənəsi digər ali təhsil ocaqlarına da təsir göstərdi. Dəfələrlə “İlin təhsil ocağı” adına layiq görülən BDU-da bu gün daxili imkanlar hesabına fizika, kimya, biologiya fakültəsində 16 tədris laboratoriyasının tam yenidən qurularaq, dünya standartlarına  uyğun avadanlıqlarla təchiz edilməsi, Qərbi Avropa və Şərq dillərinin mükəmməl səviyyədə tədrisinin təmin olunması üçün linqafon kabinələrinin yaradılması, Amerikaşünaslıq Mərkəzinin, türk odasının, ərəb və yapon dili mərkəzlərinin, video-konfrans otağının açılması, bütün fakültələrdə yeni kompyuter otaqlarının quraşdırılması, vahid  kompyuter şəbəkəsinin istifadəyə verilməsi Abel Məhərrəmovun ən gərgin əməyinin nəticəsidir.

Cahangir Məmmədli, BDU-nun kafedra müdiri: “Bu gün heç kim inkar edə bilməz ki, akademik Abel Məhərrəmovun Bakı Dövlət Universitetinə rektor təyin edilməsi ilə bu möhtəşəm təhsil ocağında bütün sahələr üzrə yeni dövr, yeni mərhələ başlamışdır. Bir vətəndaş və universitet müəllimi kimi, belə bir faktın şahidiyəm ki, Azərbaycanda yüksək səviyyəli, fundamental  universitet quruculuğu məhz Abel Məhərrəmov təcrübələri ilə yeni mərhələyə qədəm qoymuşdu. Azərbaycanda universitet təhsilinin Qərb standartlarına qovuşması prosesində Abel müəllimin misilsiz xidmətləri olmuşdur. O, yeni dövrün təhsil standartlarında cəsarətli və yeri gələndə, radikal universitet rəhbəri kimi özünü göstərmiş, bu sahədəki təcrübəsi təhsilimizə çox səmərə vermişdir. Abel müəllimin bir universitet rəhbəri kimi kollegial rəhbərlik prinsipi onun uğurlarını təmin edən əsas keyfiyyətdir. Universitet islahatlarının bütün məqamları mötəbər Elmi Şuranın xeyir-duasından keçməmiş gerçəkləşə bilməz. Abel müəllim hər kəsdən çox, tələbənin tərəfindədir. O, tələbənin güvəndiyi bir rəhbər kimi, bu keyfiyyəti bütün professor-müəllim kollektivindən də tələb edir. Abel Məhərrəmov həm də müəllimlərin köməyinə, sözünə, məsləhətinə söykəndiyi rektordur.

Abel müəllim böyük alim və pedaqoqdur. Onun elmi əsərləri dünyanın ən nüfuzlu elmi jurnallarında nəşr olunur. Onun özünün bu sahədə nümunə olması, bütövlükdə, universitet elminin uğurlarına aparan bir yoldur. Abel Məhərrəmov dövlət xadimi və ictimai xadimdir. Onun millət vəkili seçilməsi universitet kollektivinin də uğuru sayılır. Çünki Abel müəllim və Bakı Dövlət Universiteti bu kollektivdə eyni assosiasiya ilə qəbul olunur. Bakı Dövlət Universitetində quruculuq işləri bu gün də davam edir. Bu quruculuq Abel Məhərrəmovu bir universitet rəhbəri kimi xarakterizə edən fakta çevrilib. Rektor müəllimin sosial qayğılarına cavab kimi mümkün olan ən ucuz qiymətə BDU kollektivi üçün kooperativ yaşayış binasının inşasına nail oldu. Abel Məhərrəmov Azərbaycan dövlətçiliyini öz əməlləri  ilə qoruyan və onun inkişafına təkan verən bir vətəndaşdır. O, özünün bütün addımlarını Azərbaycan Prezidentinin arzu və istəklərinə istiqamətləndirib. Bakı Dövlət Universiteti Abel müəllimin əməlləri ilə  ümummilli liderimiz Heydər Əliyevin və onun yolunu davam etdirən Prezident cənab İlham Əliyevin ləyaqətli təmsilçiləri rolunu oynamaqdadır”.

BDU-nun nailiyyətləri həm də onun beynəlxalq əlaqələri ilə ölçülür. Qara Dəniz Hövzəsi  Ölkələrinin Universitetləri qurumuna növbəti iki illiyə prezident seçilərkən rektor Abel Məhərrəmov demişdi ki, BDU öz intellektual potensialına və elmi uğurlarına görə dünya səviyyəsində respublikanı layiqincə təmsil edə bilər və edir. Bu təhsil ocağı artıq dünyanın bir neçə aparıcı universiteti ilə işgüzar əlaqələr qurub, nüfuzlu universitetlərlə birgə eyni təşkilatlarda təmsil olunub, beynəlxalq forumlarda nüfuz sahibi kimi tanınıb. Təsadüfi deyil ki, BDU ABŞ-ın, Fransanın, İngiltərənin, İsveçrənin, Almaniyanın, Türkiyənin, Rusiyanın, Rumıniyanın və başqa ölkələrin universitetləri ilə çox sıx əlaqələrə malikdir. Həmin ölkələrin universitetləri ilə tələbə mübadiləsini davam etdirir. Bu isə universitetin beynəlxalq əlaqələrinin günü-gündən genişlənməsi anlamına gəlir.

Həmid Vəliyev, BDU-nun kafedra müdiri: “Abel Məhərrəmov haqqında yazmaq, danışmaq həm asandır, həm də çətin. Asandır, ona görə ki, bütün ömür yolu əlamətdar, ürəkaçan faktlarla doludur. Bu cür faktların hər biri haqqında kitab yazmaq olar. Çətindir, ona görə ki, bu kitabların heç biri onun həyatının ən mühüm cəhətlərini, xarakterindəki misilsiz özünəmxsusluğu, böyüklüyü və bununla birlikdə sadəliyi, təvazökarlığı, tələbkarlığı, uzaqgörənliyi, işgüzarlığı, qeyri-adi zövq və elmi təfəkkür sahibi olmağı, diqqətliliyi və qayğıkeşliyi kifayət qədər əks etdirə bilməz. Sıravi müəllim olanda da, tədris hissəsinin rəisi, dekan müavini, sonra isə dekan vəzifələrində çalışanda da belə olub. Azərbaycan ali təhsil ocaqlarının ilk və bayraqdarı olan Bakı Dövlət Universitetinin rektoru təyin olunandan bəri də belədir. Abel müəlllimin fəaliyyəti o qədər çoxşaxəlidir ki, onların hamısı haqqında danışmaq son dərəcə çətindir. Ulularımızın əsrlərin sınağından keçmiş gözəl kəlamı var: “Elin gözü tərəzidir”. Bəli, Abel müəllim Bakı Dövlət Universitetini təkcə Azərbaycanda deyil, keçmiş SSRİ məkanında da həm forma, həm də məzmun baxımından, ən gözəl ali məktəblərdən birinə çevirdi. Beş -altı ilə əvvəl BDU-da olanlar indi onu tanımırlar. Təmir və yenidənqurma işləri davam  edir. Özü də çox sürətlə. Bütün bu işlər göz oxşayır. İnsana estetik zövq bəxş edir. Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, dövlətimizin başçısı cənab İlham Əliyev məhz Abel müəllim kimi qurub-yaratmaqla məşğul olan, xalq, kütlə ilə lazımi səviyyədə işləməyi bacaran böyük ziyalılar haqqında hər dəfə yüksək fikirdə olduğunu söyləyir.  Belə insanların əməlini qiymətləndirir. Abel müəllim heç vaxt söz adamı olmayıb, əməl və iş adamı kimi tanınıb. Bunu işlədiyi bütün vəzifələrdə sübut edib. Onu boş sözlərlə aldatmaq qeyri-mümkündür. Abel Məhərrəmovun BDU üçün etdikləri faktdır. Əlahəzrət faktın qarşısında hər şey acizdir. Onu gərək əməyinlə, bacarığınla istedadınla yaradasan, maddiləşdirəsən. Bu gün BDU-ya Abel Məhərrəmov kimi dünya şöhrətli alim, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edən, hər yerdə öz sözü və öz səsi olan birinin rəhbərlik etməsi bütün kollektivin ürəyindəndir”.

Abel Məhərrəmovu kollektivə sevdirən həm də onun professor-müəllim heyətinə yanaşma tərzidir. Ötən dövrdə universitetdə çalışan alimlərin yüzlərlə kitabı çap olunub. Bir çoxu beynəlxalq mükafatlara layiq görülüb. Ən əsası isə 1300-dən çox professor-müəllim heyəti olan BDU əməkdaşları üçün 850 nəfərlik kooperativ binalar tikilib. Bu isə müəllimin sosial qayğısına əsil rəhbər, əsil alim yanaşmasıdır. Bütün sadalanan amillər və üzərində dayanmadığımız digər göstəricilər aşkar sübut edir ki, BDU bu gün öz qızıl dövrünü yaşayır.

 

Pərvanə İbrahimova,

 

Anzulə Əmirova

 

Səs.- 2010.- 6 yanvar.- S. 8-9.