Azərbaycan 2010-cu ilə inamla daxil oldu
İlham Əliyev: “2009-cu ildə Azərbaycanda
bütün istiqamətlərdə irəliləyiş,
inkişaf müşahidə olunub”
Azərbaycanın
sosial-iqtisadi imkanlarının ildən-ilə artması,
dünyanın inkişaf etmiş dövlətləri ilə
eyni cərgədə dayanması böyük uzaqgörənliklə
davam etdirilən iqtisadi inkişaf strategiyasının məntiqi
nəticəsidir. Əsası ulu öndər Heydər Əliyev
tərəfindən qoyulmuş siyasi xətti yeni mərhələdə
daha da zənginləşdirən Prezident İlham Əliyev hər
bir vətəndaşın yüksək maddi və sosial
durumunun yaxşılaşdırılmasını əsas vəzifə
kimi müəyyənləşdirib.
Ölkəmizdə son 6 ildə
bütün sahələri əhatə etməklə
demokratikləşmə prosesləri uğurla davam
etdirilmiş, qanunun aliliyinin təmini, humanist, bəşəri
dəyərlərin bərqərar olması üçün
böyük işlər görülmüşdür. Azərbaycan
qloballaşan dünyanın tərkib hissəsi kimi bu
inteqrasiya yolunda inamla irəliləyərək yeni-yeni nailiyyətlər
qazanmaqdadır.
“Əsl siyasət konkret real
iş görməkdən ibarətdir” şüarını irəli
sürən Prezident İlham Əliyev ötən müddətdə
həyata keçirdiyi çoxşaxəli islahatlarla,
inkişafı stimullaşdıran qlobal layihələri
reallaşdırmaqla böyük uğurlara imza atmış və
bununla da verdiyi bütün vədlərə sadiq
qaldığını təsdiqləmişdir.
Ölkəmizdə iqtisadi
sahədə keçid dövrü tam başa
çatmış, xarici və daxili investisiyaların qeyri-neft
sektoruna, xüsusən də, regionların inkişafına
yönəldilməsi, əlverişli sahibkarlıq və
biznes mühitinin formalaşması nəticəsində əhalinin
maddi rifah halı daha da yaxşılaşmışdır.
Prezident İlham Əliyevin sosial-iqtisadi sahədə
inkişafın sürətləndirilməsinə hesablanan
mühüm fərman və sərəncamları aparılan
uğurlu iqtisadi siyasətin prioritet istiqamətləri kimi diqqəti
cəlb edir. Ölkə başçısının 14 aprel
2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda
regionların inkişafı ilə yanaşı,
sahibkarlığın dinamik yüksəlişinə də
xüsusi diqqət ayrılır. Dövlət Proqramına nəzər
saldıqda, əminliklə demək olar ki, qarşıdakı
illərdə sahibkarlığın inkişafı ölkə
iqtisadiyyatının diversifikasiyası baxımından həyata
keçirilən dövlət siyasətinin aparıcı
istiqamətlərindən birini təşkil edəcəkdir.
Bu siyasət iqtisadiyyatın bütün sahələrində,
xüsusilə, prioritet inkişaf sahələrində
işgüzar fəaliyyət üçün
normativ-hüquqi, təşkilati və maliyyə təminatı
səviyyəsinin yüksəldilməsinə yönəldiləcəkdir.
Dövlət Proqramında
davamlı iqtisadi inkişafın təmin edilməsi
baxımından kiçik və orta sahibkarlığın
dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi,
ixrac potensialının artırılmasında və cəmiyyətin
sosial problemlərinin həllində onların rolunun gücləndirilməsi
nəzərdə tutulur.
Uğurla icra edilən
Dövlət Proqramı Azərbaycanda işsizlik probleminin
aradan qaldırılması, regionların tarazlı inkişafı,
yeni iş yerlərinin açılması istiqamətində
də konkret nəticələrlə müşayiət
olunmaqdadır.
Sahibkarlığın
inkişafına əngəl törədən süni maneələrin
aradan qaldırılması, sərbəst bazar subyektlərinə
plüralist iqtisadi mühitin yaradılması, fəaliyyətin
bu növü ilə məşğul olanların hərtərəfli
dəstəklənməsi bu kateqoriyadan olan vətəndaşlar
tərəfindən yüksək qiymətləndirilməkdədir.
Dünyanı bürüyən
maliyyə böhranına baxmayaraq, ölkəmizin son illərdə
sürətli inkişaf yolunda inamla irəliləməsi,
makroiqtisadi uğurlara imza atması dövlət büdcəsində
də real əksini tapır.
Respublikamızın son 6 ildəki
büdcəsinə nəzər saldıqda, həyata
keçirilən iqtisadi islahatların milli maraq və mənafe
baxımından səmərəliliyi bir daha təsdiqlənir.
MDB dövlətlərinin büdcə vəsaitləri 2003-2008-ci
illərdə 15-20 faiz artdığı halda, respublikamızda
bu göstərici üzrə fərq 8 dəfədən
çoxdur. Azərbaycanın büdcə gəlirlərinin
illik artım tempi ötən dövrdə orta hesabla 30-40 faizlə
müşayiət olunmuşdur. Məsələn, əgər
2003-cü ildə büdcə gəlirləri 1 milyard 200 milyon
manat təşkil edirdisə, 2004-cü ildə bu rəqəm
1 milyard 500 milyon manat, 2005-ci ildə 2 milyard 100 milyon manat,
2006-cı ildə 3 milyard 800 milyon manat olmuş, 2007-ci ildə
50 faizdən də çox yüksələrək, 6 milyard
manatı ötmüşdür. Qlobal böhranla müşayiət
olunan 2008-2009-cu illərdə Azərbaycanda dövlət
büdcəsinin 10 milyard manatı ötməsi kifayət qədər
yüksək göstəricidir.
Prezident İlham Əliyev
Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü və Yeni il münasibətilə Azərbaycan
xalqına təbrikində bildirdi: “2009-cu ildə Azərbaycanda
bütün istiqamətlərdə irəliləyiş,
inkişaf müşayiət olundu. İqtisadi artım 9 faizdən
çox olmuşdur, sənaye istehsalı təxminən 9 faiz
artmışdır. Ölkəmizdə inflyasiya 2 faizdən
aşağı səviyyədədir. Yəni, iqtisadi
inkişafın təmin edilməsinə dair əsas göstəricilər
ən yüksək səviyyədədir. Bütün bunlara
biz sizinlə bərabər düşünülmüş
siyasət aparmaqla, islahatlar aparmaqla nail ola bilmişik.
Təsadüfi deyil ki, beynəlxalq
maliyyə qurumları Azərbaycanı bu istiqamətdə -
iqtisadi və siyasi islahatların aparılması istiqamətində
gördüyü işləri yüksək qiymətləndirir.
2008-ci ildə Dünya Bankı Azərbaycanı bir nömrəli
islahatçı ölkə kimi qəbul etdi və bunu bəyan
etdi.
2009-cu ildə Dünya
İqtisadi Forumu - çox böyük mötəbər beynəlxalq
təşkilat- Azərbaycan iqtisadiyyatını rəqabət
qabiliyyətliliyinə görə dünyada 51-ci yerə layiq
gördü. Azərbaycan MDB məkanında bu parametrlər
üzrə lider ölkədir.2009-cu ildə planlar, nəzərdə
tutulmuş bütün tədbirlər icra edildi. Regionların
inkişafı sürətlə davam etdi. Son 6 il ərzində
Azərbaycanda 800 mindən çox yeni iş yerləri
açılmışdır. Bütün bölgələrdə
canlanma vardır, abadlıq-quruculuq işləri
aparılır. Ölkəmizdə regionların sosial-iqtisadi
inkişafına dair ikinci proqram icra olunur. Bu proqram çox
müfəssəl proqramdır və proqramın icrası nəticəsində,
demək olar ki, 2013-cü ilə qədər ölkə
qarşısında duran əsas iqtisadi və sosial məsələlər
öz həllini tapmalıdır. Biz görürük ki, bu
proqram 2009-cu ilin yekunlarına görə uğurla icra edilir”.
Bu ilin dövlət büdcəsi
əhalinin maddi rifahının
yaxşılaşmasını, investisiya
qoyuluşlarının həyata keçirilməsini və
makroiqtisadi sabitliyin təmin olunmasını strateji məqsəd
kimi müəyyənləşdirməklə yanaşı,
davamlı inkişafın ümumi nəticələrini
özündə əks etdirir. Büdcə ölkə iqtisadiyyatının
inkişaf tempinin qorunub saxlanmasını, sosial-iqtisadi
islahatların əvvəlki illərdə olduğu kimi davam
etdirilməsini, əhalinin sosial şəraitinin
yaxşılaşmasını, investisiya
qoyuluşlarının həyata keçirilməsini,
iqtisadiyyatın diversifikasiyasını və digər tədbirləri
nəzərdə tutur. 2009-cu ilin yekunları dünya maliyyə
böhranına baxmayaraq, Azərbaycan iqtisadiyyatının
davamlı inkişaf yolunda inamla irəlilədiyini bir daha təsdiq
etdi. Ölkə rəhbərliyi tərəfindən dəqiq
hədəflərə hesablanmış iqtisadi inkişaf
kursunun uğurla aparılması növbəti ildə də
böyük nailiyyətlərə imza atılacağına
inam yaradır.
1993-cü ildən bəri
sıralanan uğurların ən geniş
siyahısının 2009-cu ilin bəxtinə düşməsi
də təbiidir. Çünki həm ulu öndərimizin
özünün proqnozlarında göstərilirdi ki, yeni əsrin
ilk onilliyinin sonlarında Azərbaycan dövləti hərtərəfli
inkişafın yüksək səviyyəsinə nail
olacaqdır, həm də dövlət
başçımızın siyasi iradəsi belə bir
inkişafa zəmin yaradır.
Beynəlxalq təşkilatlar
və ekspertlər də 2010-cu ildə Azərbaycanda daha
böyük iqtisadi artım proqnozlaşdırırlar. Cari ildə
ölkənin valyuta ehtiyatlarının daha çox
artacağı, dövlət büdcəsinin gəlirlərinin
nəzərdə tutulandan çox olacağı, ÜDM-in həcminin
daha da çoxalacağı haqda proqnozlar var. Bütün
bunlar göstərir ki, Azərbaycan doğru yoldadır və
bu, əsası ulu öndər Heydər Əliyev tərəfindən
qoyulmuş və Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilən yoldur. Azərbaycan xalqı bu yolda
xoşbəxt gələcəyini görür və buna
inanır.
Bayramlı Elçin
Səs.- 2010.- 7 yanvar.- S. 2.