İqtisadi uğurlar neft sektorundan başqa həm də qeyri-neft sektorunun inkişafı hesabına qazanılıb

 

Vahid Əhmədov: “Hazırkı durumda Azərbaycan dünyada böhrandan ziyan çəkməyən və sabit inkişafda olan çox az sayda ölkədən biridir”

 

Müsahibimiz Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədovdur. V.Əhmədov ötən ilin uğurla başa vurulduğunu söylədi. Bildirdi ki, 2009-cu ilin 11 ayı ərzində Azərbaycanda ümumi daxili məhsulun real artımı 9 faiz təşkil edib. Bu dövrdə kənd təsərrüfatı 3,3 faiz, rabitə sahəsində 12,8 faiz, ticarət sahəsində 9,4 faiz və nəqliyyat sahəsi 7,7 faiz artıb.

 

- Vahid müəllim, artıq xalqımız yeni - 2010-cu ilin ilk ayını yaşayır. Sizcə, ötən 2009-cu il Azərbaycan üçün iqtisadi baxımından hansı uğurlar, nailiyyətlər və təbii ki, qlobal maliyyə böhranı ilə əlaqədar nə kimi problemlər, çatışmazlıqlarla yadda qaldı?

- Bildiyiniz kimi, 2009-cu il dünya tarixinə maliyyə böhranı ili kimi daxil oldu. Doğrudur, bu böhran 2008-ci ilin sentyabrında başladı və bu proses ötən ilin sonuna qədər davam etmiş və yeni ildə də davam etməsi aydın görünür. Qeyd edim ki, maliyyə böhranının nə qədər davam etməsi məlum deyil.  Doğrudur, bəzi ölkələr bu böhrana daha çox məruz qalıb ki, bunun səbəbi həmin ölkələrin daxilində baş verən siyasi proseslərin düzgün aparılmasıdır. Lakin Azərbaycana maliyyə böhranı az təsir edib. Belə ki, ölkəmizdə makroiqtisadi sabitlik, iqtisadi artım, yoxsulluq səviyyəsinin azalması və əhalinin maddi rifah halının yüksəldilməsi ötən ildə davam etdirildi. Belə ki, 2009-cu ilin 1 noyabr tarixinə əhalinin banklardakı əmanətləri 18,4 faiz artaraq, 2 milyarda 125 min manata çatdı. İqtisadiyyata bank və kredit təşkilatları tərəfindən kredit qoyuluşunun həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 18-19 faiz və ya 1,3 milyard manat artaraq, 7,9 milyard manat təşkil etdi. 

Azərbaycana maliyyə böhranının az təsir etməsinin səbəbi isə, ölkə Prezidenti cənab İlham Əliyevin qabaqlayıcı tədbirlər həyata keçirilməsidir. Elə bu uğurlu tədbirlərin nəticəsidir ki, 2009-cu il Azərbaycan üçün çox uğurlu olub. ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi hazırda 5 min dollara çatıb. 2004-cü ildə bu rəqəm 1000 dollara yaxın, 2005-ci ildə 1200 dollar olub. Sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə və tikinti sahələrində artım müşahidə olunur. Yəni, Azərbaycan bu nəticələrə yalnız neft sektorunun sürəkli inkişafı hesabına deyil, həm də qeyri-neft sektorunun inkişafı hesabına nail olur. Habelə, neft gəlirlərindən səmərəli istifadə olunduğundan, əhalinin yaşayış səviyyəsi də ÜDM-in artım tempinə uyğun yaxşılaşır.

“Əsrin müqaviləsi” çərçivəsində görülən işlər nəticəsində Azərbaycanda neft hasilatı bu il 50 milyon tona çatıb. Hökumətin qarşısında duran əsas məsələ insanların yaşayış səviyyəsinin yüksək olması və yoxsulluğun tezliklə ləğvidir.

Artıq ölkədə ümumi daxili məhsul istehsalının 84 faizi özəl sektorun payına düşür. Deməli, ölkənin qeyri-neft bölməsində mövcud iqtisadi potensialından düzgün istifadə olunur.

Azərbaycanın əsas makroiqtisadi proqnoz göstəricilərinə əsasən, 2010-cu ildə 31,8 mlrd. manat həcmində ÜDM-in istehsal olunacağı proqnozlaşdırılır ki, bu da 6,8 faizlik real artım deməkdir. Lakin beynəlxalq təşkilatlar və ekspertlər bunun daha çox olacağını proqnozlaşdırırlar. Proqnozlara görə, gələn il qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 62,4 faiz səviyyəsində proqnozlaşdırılır. ÜDM-in tərkibində sənaye sahəsi üzrə 7,8 faizlik artım gözlənilir. Qeyri-neft sənayesində 2,4 faiz səviyyəsində real artım ola bilər. Ümumilikdə, kənd təsərrüfatında 4 faiz, nəqliyyatda 9,3 faiz, rabitədə 17 faiz, sosial və digər xidmətlər üzrə 3,1 faiz səviyyəsində artım proqnozlaşdırılır.

Proqnozlara əsasən, gələn il adambaşına düşən ÜDM-in həcmi 3627,8 manata, orta aylıq əmək haqqı isə 365,6 manata çatacağı proqnozlaşdırılır. Ölkənin ixrac əməliyyatları 15,8 mlrd. dollar, idxal əməliyyatlarının həcmi isə 8,1 mlrd. dollar səviyyəsində nəzərdə tutulub. Gələn il dövlət büdcəsinin gəlirləri 10 milyard manat, xərclər isə 11,264 milyard manat həcmində nəzərdə tutulub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin banklardakı əmanətlərinin həcmi 11 faiz artaraq 2 milyard manata, kreditlərin həcmi isə 18,2 faiz artaraq 7,6 milyard manata çatıb. Hesabat dövründə dövlət büdcəsinin mədaxili 7 milyard 235 milyon manat və ya 91,9 faiz yerinə yetirilib, xərcləri isə 6 milyard 457 milyon manat icra edilib. Büdcə xərclərinin 30,1 faizi və ya 1 milyard 942 milyon manatı sosialyönümlü olmaqla, ötən ilin eyni dövrü ilə müqayisədə 426,5 milyon manat və ya 28,2 faiz çox olub. Təhsil xərclərinə 182,1 milyon manat və ya 30,3 faiz, sosial müdafiə və sosial təminat xərclərinə 183,5 milyon manat və ya 29,7 faiz, səhiyyə xərclərinə 52,1 milyon manat və ya 25,4 faiz çox vəsait yönəldilib. Ölkə iqtisadiyyatına bütün maliyyə mənbələri hesabına 5,2 milyard manat, o cümlədən, daxili mənbələr hesabına 4,3 milyard manat investisiya qoyulub ki, bunun da 2,3 milyard manatı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilib.

Əldə olunmuş uğurlar nəticəsində, Dünya İqtisadi Forumunun makroiqtisadi sabitlik, əmək bazarının səmərəliliyi, dövlət idarəetməsinin, infrastrukturun və maliyyə bazarının mükəmməllik səviyyəsi və bu kimi digər mühüm meyarlar əsasında 2009-2010-cu il üçün hazırladığı “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan 18 pillə irəliləyərək, 133 ölkə arasında 51-ci yerə, MDB ölkələri arasında isə 1-ci yerə yüksəlib. Bu hesabatda qonşu ölkələrdən Türkiyə 61-ci, Rusiya 63-cü, Qazaxıstan 67-ci, Ukrayna 82-ci, Gürcüstan 90-cı yerdədir. Bu dövrdə bütün maliyyə mənbələri hesabına əsas kapitala qoyulmuş investisiyanın həcmi son beş ildə 33,5 milyard manat təşkil edib, bunun 53,2 faizi daxili, 46,8 faizi isə xarici investisiyalar olub. 2008-ci ildə istifadə edilmiş investisiyanın həcmi 2003-cü il səviyyəsini 3 dəfə üstələyib, adambaşına düşən investisiyanın həcmi 2003-cü illə müqayisədə 605,8 manat çox olub. 2003-cü ildə ümumi investisiyaların həcmində daxili investisiyaların payı 24,8 faiz olduğu halda, 2008-ci ildə bu göstərici 78,6 faiz təşkil edib.

2009-cu ilin 9 ayında isə əsas kapitala yönəldilmiş investisiyalarda daxili sərmayələr üstünlük təşkil edib. Bunun 82 faizini daxili, 18 faizi isə xarici sərmayələrdir. Daxili sərmayələrin ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,6 faiz artması Azərbaycanda güclü sərmayədarlar təbəqəsinin formalaşdığına dəlalət edir.

Hazırkı durumda Azərbaycan dünyada böhrandan ziyan çəkməyən və sabit inkişafda olan çox az sayda ölkədən biridir. Bütün bunlar isə, onu göstərir ki, ölkə rəhbərliyi düzgün iqtisadi siyasət yeridir və bu siyasət Azərbaycanda yeni bir inkişaf dövrünün əsasını qoyub.

- Vahid müəllim, ölkə Prezidenti İlham Əliyev yeni il ərəfəsi əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclarının silinməsi barədə Sərəncam imzaladı. Bir millət vəkili, eyni zamanda, vətəndaş kimi bu Sərəncamı necə dəyərləndirirsiniz?

- Çox yüksək və müsbət dəyərləndirirəm. Çünki bu Sərəncamın verilməsi bir daha dövlətin xalqına olan diqqət və qayğısının təcəssümünü təsdiqləyir. Bu Sərəncam ölkə Prezidentinin son prezident seçkiləri zamanı seçicilər qarşısında verdiyi vədlərin yerinə yetirməsinin bariz nümunəsidir. İlk növbədə, qeyd etmək istərdim ki, ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan bütün uğurlu işlər bu gün Onun siyasi məktəbinin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev tərəfindən düşünülmüş şəkildə həyata keçirilir. Həmçinin, bu fərmanın siyasi əhəmiyyəti də var. Belə ki, Prezident İlham Əliyevin əhalinin təbii qaza olan borclaranın silinməsi ilə bağlı imzaladığı fərmanın regionların qazlaşdırılması işinə təkan verəcək. Yada salaq ki, iqtisadi böhran vəziyyətində olan Ermənistan, bir müddət əvvəl, Rusiyadan yarım milyard dollar kredit alıb. Yəni, hansısa dövləti böhrandan xilas etmək üçün xərclənəcək vəsaiti Azərbaycan dövləti bir anda vətəndaşlarına bağışlayır. Bu, bir daha atılan addımların nə qədər düzgün olduğunu göstərir. Əhalinin qaz borclarının silinməsi ilə dövlət vətəndaşlarının qayğısına nə dərəcədə qaldığını bir daha nümayiş etdirdi. Dünyanı iqtisadi böhran cənginə aldığı bir vaxtda dövlətin apardığı məqsədyönlü siyasət öz bəhrəsini verir. Həmçinin, Dövlət Neft Şirkətinə büdcədən köçürülücək 327 milyon manat regionların qazlaşdırılması, sayğacların quraşdırılması, qaz ehtiyatlarından səmərəli istifadəsinə də kömək edəcək. Məlum olduğu kimi, bəzi hallarda sayğaclaşdırılma işləri şəffaf aparılmır. Ümid etmək olar ki, imzalanan fərman bu problemi də aradan qaldıracaq.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2010.- 7 yanvar.- S. 8.