“Nəsimi haqqında araşdırmalar”

 

Bu günlərdə “Qarabağ” nəşriyyatında filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin “Nəsimi haqqında araşdırmalar” kitabı işıq üzü görmüşdür. Yüz illərdir ki, böyük Azərbaycan şairi, sözü və siması xalqın düşüncəsində əfsanələşmiş Nəsiminin poeziyası ürəkləri fəth edir. Bununla belə, şairin həyat və yaradıcılığı ilə bağlı bir çox məqamlar, ələlxüsus, onun qətli və “dönüklüyü” ilə bağlı məsələlər üzərində sanki bir görünməyən pərdə, qara örtük mövcud idi. Son illərdə aparılmış tədqiqatlarda Nəsiminin poetik irsi və müdhiş taleyi üzərinə yeni işıq salınmış, bu sahədə irəliləyişə nail olunmuşdur. Professor Qəzənfər Paşayevin yeni kitabında bu deyilənlərdən və elm aləmi üçün maraqlı olan bir çox başqa məsələlərdən söhbət açılır. Kitabda alimin müxtəlif illərdə Nəsiminin həyat və yaradıcılığına həsr etdiyi məqalələri toplanmışdır. Kitabdakı fəsillər - “Nəsimi divanının İraq nüsxəsi və naməlum şeirləri”, “Nəsiminin həyat və yaradıcılığına yeni baxış”, “Şeyx Nəsimi: tarixi həqiqətlər, həyəcanlı anlar”, “Nəsimi irsinin tədqiqi və tarixinə bir nəzər” və s. Nəsimi dünyasının qapalı məqamlarına yol açır. Qəzənfər Paşayev geniş elmi maraq dairəsinə, sözün əsil mənasında, heyrətamiz yaradıcılıq diapazonuna malik olan tanınmış Azərbaycan alimlərindən biridir. Dilçilik, ədəbiyyatşünaslıq, xarici dil və ədəbi əlaqələr sahəsində sanballı tədqiqatların müəllifidir. Onlarla elmi və publisistik məqalə, 40-a yaxın kitab, o cümlədən, monoqrafiyalar, tərtiblər, tərcümə əsərləri müəllifin qələminə məxsusdur. Kitaba ön söz yazmış akademik Bəkir Nəbiyev Qəzənfər Paşayevin elmi yaradıcılığından, bir neçə dildə nəşr olunmuş kitab və məqalələrindən danışarkən, haqlı olaraq qeyd edir: “Əlimizdəki kitab da daxil olmaqla, bu vüsətli işlər əsas verir deyək ki, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev öz alim ömrünün bu ahıl çağında da xalqımız, ədəbiyyatımız və elmimiz üçün gənclik həvəsi ilə çalışmaqda, bir-birindən maraqlı əsərlər yaratmaqdadır”. Əsər nəsimişünaslığa layiqli bir töhfədir.

 

 

Zümrüd

 

Səs.- 2010.- 7 yanvar.- S. 12.