İqtisadi potensialımız beynəlxalq siyasi arenada mövqeyimizi gücləndirir

 

Azərbaycanın günü-gündən artmaqda olan iqtisadi gücü bilavasitə onun sürətli inkişafı üçün şərait yaratmış olur. Ölkəmizdə müşahidə olunan davamlı iqtisadi yüksəliş 2009-cu ildə öz təzahürlərini bariz şəkildə nümayiş etdirməklə yadda qaldı. Dövlət tərəfindən yeridilən uğurlu neft-qaz strategiyası sosial-iqtisadi cəhətdən inkişafımızı daha da sürətləndirir. Ölkə rəhbərliyinin, başda Prezident İlham Əliyev olmaqla, neft-qaz sahəsinə göstərdiyi belə diqqət neft-qaz potensialımızı artırmaqla yeritdiyimiz siyasi strategiyaya və milli təhlükəsizliyimizə də öz təsirini göstərir.

Neft-qaz siyasətinin düzgün və ardıcıl olaraq həyata keçirilməsi Azərbaycanın artıq dünya dövlətləri tərəfindən diqqət mərkəzində saxlanılımasına səbəb olur. Belə ki, ilk növbədə, qonşu dövlətlərlə neft-qaz sahəsində olan əməkdaşlığımız son illərdə ən yüksək səviyyəyə gəlib çatmışdır. Dövlət Neft Şirkətinin qonşu ölkələrdə həyata keçirdiyi layihələr və neft və qazın ixracı ilə bağlı imzaladığı müqavilələlər ölkəmizin sürətli inkişafından və enerji sahəsində əldə olunan uğurlardan xəbər verir. Məlum olduğu kimi, ARDNŞ qaz ixracı ilə bağlı qonşu Gürcüstanla artıq xeyli müddətdir ki, əməkdaşlıq edir və Gürcüstan qazının böyük bir hissəsi Azərbaycan tərəfindən ixrac olunan qazın hesabına ödənilir. Bundan başqa, Türkiyə ilə qazın alqı - satqısına dair müqavilə də imzalanıb. Türkiyə ilə qaz alqı-satqısından başqa dövlət neft şirkəti bu ölkədə bəzi layihələrdə də iştirak edir və buraya investisiya qoyuluşunu həyata keçirmiş olur. Türkiyədə Azərbaycan neft şirkətinə aid yanacaqdoldurma məntəqələrinin olması buna misal ola bilər.

Artıq 2010-cu ilin ilk günlərindən etibarən Azərbaycan Rusiyaya da qaz nəqlinə başlayıb ki, bu barədə də razılaşma hələ ötən ilin sonlarında əldə olunmuşdu. Qaz nəqli sahəsində əldə olunmuş razılıqla yanaşı, Azərbaycan hər gün Rusiyaya 200-250 min kvt/saat elektrik enerjisi ixrac edir. Ümumiyyətlə, Rusiya ilə əlaqələrimizin genişləndirilməsi və bir çox sahələri əhatə etməsi iki ölkə arasında qarşılıqlı investisiya qoyuluşunu da təmin etmiş olur.   Gələcək perspektivdə isə İranla belə əlaqələrin qurulması və neft-qaz sahəsində əməkdaşlığın qurulması nəzərdə tutulub ki, bununla bağlı da danışıqlar aparılmaqdadır.

Bir sözlə, Azərbaycan artıq investisiya qoyulan ölkədən investisiya qoyan ölkəyə çevrilib. Əgər müstəqilliyimizin ilk illərində xarici investisiyaların ölkəmizə axını müşahidə olunurdusa, artıq son dövrlərdə bu tendensiya özünü əks istiqamətdə göstərməyə başlayıb. Yəni istər dövlət, istərsə də özəl şirkətlərimiz xarici ölkələrdə öz fəaliyyətlərini daha da genişləndirirlər. Bu da təkcə neft sahəsini deyil, eyni zamanda, qeyri-neft sektorunu da əhatə etməyə başlayıb.

 Ölkəmizin Avropanın enerji təminatında və enerji təhlükəsizliyində mühüm rol oynayacağı gözlənilən NABUCCO layihəsinə qoşulması da onun beynəlxalq aləmdə rolunu daha da artırmış olur. Bununla Azərbaycan Avropanın enerji təhlükəsiziliyinin təmin edilməsində mühüm rol oynayan ölkəyə çevrilir.  

Bütün bu faktlar Azərbaycanın neft-qaz strategiyasının uğurlu inkişafından xəbər verir. Əlbəttə, belə bir halın mövcud olması, ilk növbədə, ölkəmizin iqtisadi cəhətdən inkişafını təmin edir, əhalinin maddi-məişət rifahının yüksəlməsinə səbəb olur. Bunlar hər bir dövlətin güclü olması üçün mühüm şərtdir. Daxili potensialı yüksəlməklə xarici siyasətdə və beynəlxalq aləmdə dövlətin mövqeyini möhkəmlənir. Azərbaycan Respublikası da yeritdiyi uğurlu iqtisadi siyasət nəticəsində öz mövqeyini istər yerləşdiyi regionda, istərsə də beynəlxalq arenada möhkəmləndirir və digər dövlətləri özü ilə hesablaşmağa vadar edir. Burada ölkə rəhbərliyinin, xüsusilə, Prezident İlham Əliyevin seçdiyi düzgün siyasi xətti də qeyd etmək lazımdır. Bu gün dünyanın bir sıra ölkələri zəngin enerji ehtiyatlarına malikdir, lakin bu, o demək deyil ki, onların yeritdiyi siyasət bundan səmərəli istifadəyə və ölkənini yüksəlişinə xidmət edir. Bu mənada, Azərbaycan dövlətinin yeritdiyi siyasəti təqdir etmək lazımdır.

Ölkəmizin iqtisadi gücünün onun yeritdiyi siyasətə təsir göstərməsi barədə danışarkən, ilk növbədə, onu qeyd etmək lazımdır ki, bu gün Azərbaycan dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən güclü enerji potensialına malik olan və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan bir dövlət kimi qiymətləndirilir. Belə olan halda, Azərbaycan təkcə enerji potensialı deyil, eyni zamanda, özünün digər cəhətləri ilə də dünyanın diqqət mərkəzinə düşmüş olur. Onun xarici siyasətdə hansı mövqe tutması, qonşularla münasibəti, beynəlxalq və regional layihələrə cəlb olunması, məhz bu diqqətin bariz nümunəsidir. Ötən 2009-cu il ərzində də Azərbaycan öz mövqeyini möhkəmlətməklə dünya ölkələrini öz haqq işinə inandırmağa və ona dəstək olmağa çağırmışdır. Bəli, məhz Azərbaycanın ərazilərinin bir hissəsinin işğal altında olması  və Dağlıq Qarabağ münaqişəsi ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərini təşkil edir. Azərbaycan dövləti də özünün, nəinki iqtisadi, həmçinin, digər sahələrdə olan potensialından yalnız bu məsələdə digər dövlətlərə təsir göstərmək məqsədilə istifadəsini qarşıya məqsəd qoyub. Ötən dövr, xüsusilə, 2009-cu il ərzində ölkəmizə xarici dövlətlərin başçılarının və digər rəsmi şəxslərinin səfərlərində də müzakirələr zamanı əsas müzakirə mövzularından biri də Dağlıq Qarabağ münaqişəsi və onun mümkün həlli yolları olmuşdur. Göründüyü kimi, bu sahədə xüsusilə, Azərbaycan diplomatiyası əməli işlər görməklə yadda qaldı. Əldə etdiyimiz uğurları da bununla bağlamaq olar.

Beləliklə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində əvəzedilməz rolu, regional layihələrdə fəal iştirakı, qonşu dövlətlərlə əlaqələri onun yeritdiyi xarici siyasətin də daha böyük miqyasda öz təsirini göstərməsinə səbəb olur.

 

 

Murad İSMAYILZADƏ

 

Səs.- 2010.- 8 yanvar.- S. 6.