Azərbaycanın ÜTT-yə
qoşulması prosesi intensivləşir
Mahmud Məmmədquliyev: “2010-cu ildə Azərbaycan
Ümumdünya Ticarət Təşkilatının
üzvü ola bilər”
Məlum olduğu kimi,
Azərbaycanın ÜTT-yə qoşulması çərçivəsində
danışıqların davam etdiyi bir vaxtda cəmiyyətimizdə
də bəzən yanlış istiqamətdə müzakirələr
aparılır: “ÜTT Azərbaycana nələr vəd edir?”,
“Potensial təsirlər nə olacaq?” və s. kimi suallara cavab
axtarılır. Doğrudan da, məsələyə bu cür
yanaşmaq lazımdır?
Əslində isə,
müzakirə etməli, cavab tapmalı olduğumuz əsas
suallar ondan ibarətdir ki, biz danışıqlara nə ilə
gedirik, bu danışıqlardan maksimum qazanclı
çıxmaq üçün nə etməliyik, arqumentlərimizi
necə əsaslandırmalıyıq ki, məsələn,
ÜTT-yə inkişaf etmiş yox, inkişaf etməkdə
olan ölkə statusu ilə üzv olaq, hansı elmi
araşdırmalar aparılmalıdır ki, tarif güzəştləri
üzrə təkliflər hazırlananda, tarif endirimləri əsaslandırılsın,
iqtisadiyyata təsirlər müəyyənləşdirilsin və
s. Çünki ÜTT danışıqlar nəticəsində
yaradılmışdır və bu təşkilat çərçivəsində
qəbul edilən qərarlar da danışıqların nəticəsidir.
Xarici işlər
nazirinin müavini Mahmud Məmmədquliyevin sözlərinə
görə, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına
qəbul olunması istiqamətində danışıqlar
davam etdirilir. M.Məmmədquliyev onu da vurğulayıb ki, Azərbaycan
Türkiyəyə öz təkliflərini göndərib və
hazırda rəsmi Ankaranın cavabını gözləyir.
Qeyd edib ki, yaxın vaxtlarda Avropa Birliyi ilə ikitərəfli
danışıqlara başlanılacaq.
M.Məmmədquliyevin sözlərinə görə, Azərbaycan Respublikasının ÜTT-yə qoşulması istiqamətində artıq 12-ci ildir ki, danışıqlar aparılır, ardıcıl tədbirlər görülür. Bununla belə, qoşulma ilə bağlı danışıqlarla əlaqədar konkret qayda və normalar, hətta ümumi qəbul olunmuş prinsiplər formalaşma mərhələsindədir. Ona görə də ÜTT-yə qoşulma prosesi hər bir ölkə üçün unikal və spesifik xarakter kəsb edir. Ölkəmizin ÜTT-yə qoşulması istiqamətində danışıqlar həm çoxtərəfli şəkildə təşkilatın katibliyində yaradılmış və əsas ticarət partnyorlarımızdan ibarət 28 üzvlə təmsil olunan Azərbaycan üzrə İşçi Qrupunun görüşləri səviyyəsində, həm də üzv ölkələrlə mal və xidmətlərin Azərbaycan bazarına daxil olması şərtləri və kənd təsərrüfatına daxili dəstək tədbirləri, ixrac subsidiyaları üzrə öhdəliklərə dair ikitərəfli danışıqlar səviyyəsində aparılır.
“Kənd təsərrüfatına subsidiyaların ayrılması komponenti üzrə müvafiq danışıqlar aparılır. Burada əsas məsələ bu yardımın hansı faizlə alınmasıdır. Ona görə ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına inkişaf edən ölkə kimi qəbul olunduqda təqribən 10 faizə qədər subsidiya ayrılacaqdır. Bu gün inkişaf edən ölkələr üçün ayrılan subsidiyaların həcmi 10 faiz, inkişaf etmiş ölkələr üçün isə 5 faiz təşkil edir. Bu səbəbdən də, Azərbaycanın bu təşkilata inkişaf edən ölkə kimi qəbul olunması istiqamətində işlər aparılır” - deyə Mahmud Məmmədquliyev əlavə edib.
“Azərbaycan 2010-cu ildə ÜTT-yə üzv ola biləcəkmi” sualını cavablandıran M.Məmmədquliyev bildirib ki, danışıqların baş tutacağı təqdirdə, 1997-ci ildən təşkilatda müşahidəçi statusu alan ölkəmiz artıq 2010-cu ildə Ümumdünya Ticarət Təşkilatının üzvü ola bilər. Azərbaycan təşkilata inkişaf etməkdə olan ölkə kimi daxil olmaq istəyir, amma bunun üçün təşkilatın əsas üzv ölkələri - ABŞ, Yaponiya, Kanada, Avstraliya, həmçinin, Avropa Birliyi ölkələrinin dəstəyi lazımdır. Biz Azərbaycana, ümumilikdə, inkişaf etməkdə olan ölkə statusunun verilməsi məsələsini qaldıracağıq. Amma bizim tərəfdaşlarımız bunun çətin olacağını düşünür. Hər hansı bir sahə, məsələn, kənd təsərrüfatı sahəsi müzakirə oluna bilər”.
Qeyd edək ki, indiyə qədər Azərbaycan ÜTT-yə qəbul olmaq üçün dörd dəfə danışıqlar aparıb. İlk iki görüş xarici ticarət rejimi məsələlərinə həsr olunmuşdu. Lakin 2005-ci ildən sonra keçirilən iki görüşdə isə ölkə tamhəcmli danışıqlara başlayıb. İkitərəfli danışıqlarda Azərbaycan bazarına məhsul və xidmətlərin daxil olması, çoxtərəfli məsələlər, yəni kənd təsərrüfatına daxili yardım və bu sahədə ixrac subsidiyaları üzrə müzakirələr aparılır. Azərbaycan hələ ötən ilin sonundan danışıqların növbəti mərhələsinə hazırdır. Lakin ÜTT-yə üzv ölkələr əlavə məlumatlar istəyiblər. Yeni təkliflər qiymət, antiinhisar, gömrük, vergi siyasəti üzrə təqdim olunub. Öz təkliflərində Azərbaycan əlverişli güzəştlərə getməyə çalışıb. Belə ki, xidmətlər bazarının liberallaşdırılması investisiyaların cəlb edilməsi, yeni iş yerlərinin yaradılması üçün mühüm istiqamətdir. Bununla yanaşı, liberallaşdırma daxili xidmət istehsalçısının və rəqabətin qorunmasına uyğun olmalıdır.
Ziyad Səmədzadə: “ Bu, bizim
iqtisadiyyatımıza böyük zərbə
vurar”
Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olmasına tələsməyin lüzumsuz olduğunu bildirib: “Azərbaycanın Ümümdünya Ticarət Təşkilatına tezliklə daxil olmasının əleyhinəyəm”.
Z.Səmədzadə bunu bir neçə amillə izah edib. Bildirib ki, Azərbaycanda bu və ya digər bazarı ələ keçirmək üçün tempik siyasəti yeridilir: “Bir müddət ucuz mallar satılır və istehsal məhv edilir. Ona görə də Azərbaycan iqtisadiyyatının belə problemlərlə üzləşməsinin qarşısını almaq lazımdır. İqtisadiyyatımızın inkişafını istəyiriksə, rəqabətə davamlı məhsulların istehsalını sürətləndirməliyik”.
Akademik dünya bazarına çıxarılası məhsullarımız az olduğuna görə, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olmasının əleyhinə olduğunu söyləyib: “Bunun üçün milli iqtisadiyyatımızı qurmalıyıq. Dünya tərəfindən qəbul edilən məhsullar istehsal etməliyik. Kənd təsərrüfatımızı inkişaf etdirməliyik. Azərbaycan dünya bazarında özünə yer aldıqdan sonra, adıçəkilən təşkilata üzv ola bilər”.
Onun sözlərinə görə, bu prosesdə tələsmək Azərbaycana baha başa gələ bilər: “Bu prosesə dövlət başçısı da xüsusi diqqət yetirir. Amma Azərbaycan ÜTT-yə tələsik qəbul oluna bilməz. Bu, bizim ziyanımıza ola bilər. Hazırda bununla bağlı aidiyyəti dövlət qurumları danışıqlar aparır. Ümumdünya Ticarət Təşkilatına üzv qəbul olmaqla Azərbaycanın bütün problemləri həll olunmayacaq. Bu prosesdə ciddi hesablama və araşdırmalar aparmalıyıq ki, hansı mərhələdə hansı şərtlərlə Azərbaycan Ümumdünya Ticarət Təşkilatına daxil olmalıdır. Moldova və Qırğızıstanın təcrübəsi göstərdi ki, tələsik bu təşkilata daxil olmaq ölkənin milli iqtisadiyyatına ciddi zərbə vurur. Əgər təşkilata tələsik daxil olsaq, Azərbaycanın dirçəlməkdə olan iqtisadiyyatına böyük zərbə vura bilərik. Biz çalışmalıyıq ki, bu prosesin bütün mərhələlərində rəqabətə davamlılığı artıraq. Prezident İlham Əliyev də bütün çıxışlarında deyir ki, rəqabətə davamlılığı artırmaq üçün bütün imkanlardan istifadə etməliyik. Bu məsələni həll etsək, Ümumdünya Ticarət Təşkilatına daxil olmaqda itkilərimiz az ola bilər”.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2010.- 8 yanvar.- S. 7.