AZƏRBAYCAN RESPUBLİKASINDA
İCTİMAİ ELMLƏRİN QARŞISINDA DURAN VƏZİFƏLƏR
HAQQINDA
(Akademik R.Mehdiyevin son məqalə
və çıxışlarının şərhi və təhlili
əsasında)
Azərbaycan
Respublikasının ictimai-siyasi və elmi-mədəni həyatında
xüsusi yer tutan şəxsiyyətlərdən biri də
akademik Ramiz Mehdiyevdir. Ramiz müəllim öz
sözünü vaxtında deyən alimlərdəndir. Son illərdə
çap etdirdiyi dərsliklərdə və elmi-nəzəri əsərlərində
o, cəmiyyətimizin qarşısına çıxan bir
sıra problemlərə tam aydınlıq gətirmişdir.
Ümummilli lider Heydər Əliyevin zəngin siyasi və
elmi-nəzəri ideyaları ilə silahlanmış akademik
R.Mehdiyev ictimai elm sahəsində çalışan alimlərin
gələcək fəaliyyəti üçün də
metodoloji rol oynayan mühüm müddəalar irəli
sürmüşdür. Onun əsərlərində irəli
sürülən ideyalar keçid dövrünü uğurla
başa vurmaqda olan Azərbaycan cəmiyyəti
üçün müstəsna əhəmiyyətə
malikdir. Prezident İlham Əliyevin ardıcıl daxili və
xarici siyasət xətti üzərində köklənmiş
bu yeni ideyalar həm siyasi, həm də elmi-metodoloji yük
daşıyır.
Məlumdur ki, yeni ideyalar və hətta ideologiyalar öz başına yaranmır, əvvəlcə müəyyən seçilmiş siyasətçilərin və mütəfəkkirlərin başında yaranır və sonradan digərlərinə aşılanır. Bu mənada, akademik R.Mehdiyevin irəli sürdüyü ideyalar hazırkı şəraitdə Azərbaycançılıq ideologiyasının formalaşmasında xüsusi rol oynamışdır. Onun siyasi, fəlsəfi və elmi-nəzəri ideyalarını aşağıdakı kimi qruplaşdırmaq olar: 1) Azərbaycan cəmiyyətində baş verən mühüm sosial-siyasi innovasiyaların hazırkı və gələcək inkişaf meyillərinin aşkara çıxarılması; 2) Dövrümüzdə mövcud olan sosial-siyasi reallıqların müqayisə və təhlil yolu ilə izahı; 3) Cəmiyyət inkişafının elmi-fəlsəfi və metodoloji cəhətdən düzgün qiymətləndirilməsi və mövcud sosial-siyasi problemlərdən çıxış yollarının göstərilməsi; 4) Qloballaşma şəraitində dövlət, cəmiyyət və xalq qarşısında duran bir sıra vəzifələrin həlli istiqamətində mühüm tövsiyə, təklif və tapşırıqların verilməsi. Aşağıda təqdim etdiyimiz yazıda akademikin son məqalələrinə və çıxışlarına münasibət bildirilir və cəmiyyətimizin inkişafı fonunda onların təhlil və şərh olunmasına səy göstərilir. Bu məqalə və çıxışlar aşağıdakılardır: 1) Zaman haqqında düşünərkən və elitanı transformasiya edərkən: varislik və innovasiyalar (“Xalq qəzeti”, 30 dekabr, 2008-ci il); Qlobal inteqrasiya və Azərbaycanda fəlsəfi fikrin yenidən nəzərdən keçirilməsinə dair (“Azərbaycan” qəz., 5 may, 2009-cü il); Azərbaycanın efir məkanı: problemlər və vəzifələr (“Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə, 2009, ¹..); İctimai və humanitar elmlər: zaman kontekstində baxış (“Xalq qəzeti”, 9 dekabr 2009-cu il); 21 noyabr 2009-cu il tarixli müşavirədəki çıxışı.
Bu məqalələrdə, xüsusən də, göstərilən çıxışında irəli sürülən problemlər ictimai və humanitar elm sahəsində çalışan alimlər və müəllimlər üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki burada cəmiyyətimizin strateji inkişaf problemlərinə bir küll halında nəzər yetirilir, onlar şərh və təhlil olunur, problemlərin həlli üçün konkret tövsiyələr və tapşırıqlar verilir. Biz göstərilən məqalələrin bir çoxuna vaxtında öz münasibətimizi bildirmişik və onlar müvafiq mətbu orqanlarda çap olunmuşdur. Ona görə də əsas diqqətimizi onun son məqalə və çıxışı üzərində toplamağa və ona müəyyən münasibət bildirməyə çalışacaq. Bu məqalə və çıxış adlarını yuxarıda çəkdiyimiz digər məqalələr kimi ictimai-siyasi hadisələrə münasibətdə, sadəcə, bir müəllif mövqeyini deyil, dövlətin və iqtidarın mövqeyini ifadə edir.
Akademik
R.Mehdiyev çox haqlı olaraq göstərir ki, SSRİ dağılandan sonra kommunist
ideologiyası iflasa uğradı və cəmiyyət bir
müddət ideoloji vakuuma məruz qaldı. Bundan istifadə edən bir sıra
surroqat ideyalar meydan sulamağa
başladı. Məlum məsələdir ki, cəmiyyətdə
baş verən belə boşluqlardan istifadə edən bir
sıra qüvvələr öz ideyalarını cəmiyyətin
ideoloji görüşü səviyyəsinə
qaldırmağa çalışır və onlar da ictimai
fikrə müəyyən təsir göstərərək hətta
siyasətin də istiqamətin özlərinin istədikləri
səmtə yönəltməyə səy göstərirlər.
Yaxşı ki, bu hal uzun sürmədi və ümummilli lider
Heydər Əliyev ikinci dəfə hakimiyyətə
qayıdandan sonra bütün sahələrdə olduğu kimi
ideologiya sahəsindəki mövcud xaos və
özbaşınalıq da aradan qaldırıldı və azərbaycançılıq
milli ideologiya və dövlət siyasəti səviyyəsinə
qaldırıldı. O dövrün ikinci bir xüsusiyyəti
mövcud tənqidin keçmişin inkarına yönəldilməsi
idi, yəni keçmişdə yaxşı-pis nə varsa,
hamısı “tənqidin divanı qarşısında
dayanır, yaşamaq, yaxud məhv olmaq dilemması
qarşısında dayanmalı olurdu” (F.Engels). Bu da çox
uzun sürmədi və milli-mənəvi dəyərlərimizdə
yaxşı olan rasional cəhətlər öz həqiqi qiymətini
almış oldu.
Danışılan
dövrün çox mühüm fərqləndirici cəhətlərindən
biri də öz ömrünü başa vurmuş fənlərin
süni surətdə, heç bir hazırlıq tədbirləri
görülmədən yenilərilə əvəz
olunması idi. Məsələn, “Elmi kommunizm” “Politologiya” ilə,
“Sov.İKP tarixi” isə “Vətən tarixi” ilə əvəzləndi
və bu köhnə fənlərdən dərs deyən
müəllimlər də bir gecənin içində
dönüb oldular yeni fənlərin müəllimləri.
Maraqlı burası idi ki, həmən köhnə fənn
kafedralarının müdirləri də dönüb yeni fənlər
üzrə kafedra müdirlərinə çevrildilər.
Bunlar çox böyük nöqsanlar idilər və biz istəsək
də, istəməsək də, bunları hamı ilə
birlikdə yaşamalı olduq.
30-cu illərdə
D.İston, Spayder və b. tərəfindən ABŞ-da irəli
sürülən və əvvəllər politologiyanın
xüsusi bir qolu olmuş və sonradan müstəqilləşmiş
ictimai bir elm sahəsi - qərarların qəbul edilməsi
(making a decesion, makig approach) xüsusi yer tutmağa
başladı. Bu ictimai elm sahəsi siyasi liderlərin
formalaşması, onların yaranmış siyasi şəraitdən
bacarıqla baş çıxarması və konstruktiv qərarların
qəbul etmələri istiqamətində fəaliyyətlərini
yenidən qurmaları məsələlərini nəzərdə
tuturdu. Çox təəssüf ki, bizdə ondan istifadə
olunmadı.
Son illərdə ictimai elmlərin
prestijinin aşağı düşməsinin bir sıra digər
səbəbləri də vardır: 1) fəlsəfi təfəkkürün
dərk edilməsi üçün ictimai şüur hələ
yetərli səviyyədə deyil; 2) bəzi dairələr
bilərəkdən bu elmlərə laqeyd münasibət bəsləyirlər;
3) ali məktəblərin bəzi dairələri bu fənlərin
həqiqi mənasını və əhəmiyyətin
lazımınca qiymətləndirə bilmirlər; 4) ictimaiyyətçilərin
özlərinin içərisində hələ də yerində
olmayan kadrların olması: bu da ona imkan yaradır ki, zəif
dissertasiyalar və kitablar cəmiyyətə yol tapır,
aspirant, dissertant və doktrinalara lazımi tələbat
göstərilmir, onların sırasına zəif, yaxud
diletant alimlər daxil olur ki, onlar da bu elmləri korrupsiyaya
doğru aparırlar. Fəlsəfi ictimaiyyətin
qarşısında duran digər problem isə son illərdə
tez-tez səslənilən “milli fəlsəfə” məsələsidir.
Əgər fəlsəfə ümumbəşəri bir sərvətdirsə,
bəs onda “milli fəlsəfə” nə deməkdir? Nə
üçün milli fəlsəfə mütləq ümumi
və mücərrəd fəlsəfəyə qarşı
durmalıdır? Burada alimlər arasında vahid fikir birliyi
yoxdur, çoxları milli fəlsəfəni milli ideya və
milli ideologiya ilə eyniləşdirirlər. Milli fəlsəfəni
millətin idealı, onun məqsədi, arzu və istəklərinin
tərcümanı kimi görmək istəyirlər, bizcə,
heç də səhv etmirlər. Hər halda, bu sahədəki
mübahisələri genişləndirməklə ortaq bir məxrəcə
gəlib çatmaq olar. N.Berdyayev yaxşı yazırdı
ki, “rus ideyası”, elə əslində, rus təfəkkürünün
və fəlsəfəsinin əsasını təşkil
edir. Bu dediklərimizə bir cəhəti də əlavə
etmək istərdik. Fəlsəfə elmləri
üçün xüsusi magistratura şöbələri
yaradılmalı və gələcək tədqiqatlar
üçün seçiləcək kadrlar AMEA-nın Fəlsəfə,
Sosiologiya və Hüquq İnstitutunda yetişdirilməlidir.
Bu keyfiyyətin artırılmasına çox köməklik
göstərə bilər. Çünki bu institutda
güclü kadr potensialı var, burada yüzdən yuxarı
alim (23 elmlər doktoru və 92 elmlər namizədi - fəlsəfə
doktoru) fəaliyyət göstərir. Elmin rolunun
aşağı düşməsinin bir səbəbi də
onun lazımi səviyyədə maliyyələşdirilməməsidir.
Əgər bu iş qaydaya düşərsə alimlərdən
daha keyfiyyətli məhsul tələb etmək olar.
Bizdə ictimai elmlər
hazırda üç istiqamətdə inkişaf etdirilir: 1)
Sosial-siyasi elmlər (politologiya, sosiologiya, iqtisad elmi); 2) Fəlsəfə
(fəlsəfə, psixologiya, informasiya texnologiyası); 3)
Dövlət idarəçiliyi nəzəriyyəsi və
menecment.
Onu da deyək ki, bu elm sahələri
hazırda tədricən formalaşır, onların tədrisi
və tədqiqi məsələlərində xeyli
çatışmazlıqlar da olsa, yeni kitablar yazılır və
kadrlar yetişdirilir. Doğrudur, bu elmlər sahəsində
respublika hələ məktəb yaratmaq gücündə
olmasa da o daim irəliyə nikbin nəzərlərlə
baxır. Akademik R.Mehdiyev ictimai elm sahəsində
çalışan alimlər qarşısında bir sıra
yeni mühüm vəzifələr qoyur. Onlar, əvvəla, vətəndaşlıq
mövqeyindən, ikincisi isə bir alim mövqeyindən problemə
yanaşmalı və yeni Azərbaycan modelini irəli sürməlidirlər.
İctimai elm, habelə:
- sosial sifarişlərə
cavab verməlidir;
- gələcəyə dair
proqnozlar verməlidir;
- yeni konsepsiyalar irəli
sürməlidir.
Bununçün Azərbaycançılıq
fəlsəfəsi və milli mentalitet dərindən öyrənilməlidir.
Vətən elmi dünya elminin təcrübəsindən
yaradıcılıqla istifadə etməlidir.
Yuxarıda deyilənləri
ümumiləşdirərək, demək olar ki, akademik
R.Mehdiyevin irəli sürdüyü paradiqmalar
aşağıdakı suallara cavab verilməsini tələb
edir:
-
müasir fəlsəfi təfəkkürün fərqli
cəhətləri hansılardır?
- ilk növbədə,
müstəqillik ideyasının dərk olunması, cəmiyyətin
yeni əsaslarla inkişafı, habelə, bazar iqtisadiyyatı
şüurunun, milli siyasi şüurun yaranıb inkişaf etməsilə
müşayiət olunmalıdır. Milli şüurun iki səviyyəsinin:
milli etnik şüurun və milli siyasi (müəyyən mənada,
dövlət) şüurun vəhdətinə nail
olunmalıdır. Bizcə, bu suala, eləcə də, bundan
sonrakı iki suala cavab vermək üçün
hazırkı Azərbaycan cəmiyyətində baş verən
sosial-siyasi proseslərin öyrənilməsi lazımdır.
- fəlsəfi biliyi fərd
və kollektiv səviyyəsində (mədəniyyət və
ideologiya) daha da dərinləşdirmək üçün nə
etmək lazımdır?
- fəlsəfəni, mədəniyyətin
ayrı-ayrı sahələrini və eləcə də,
ideologiyanı ayrı-ayrı fərdlər yaradır və
son nəticədə, o, müəyyən bir kollektivin və
sosial birliyin malına çevrilir. Amma ideologiya bir qədər
fərqlidir, çünki o, bir fərdin ideyasından toplumun
ideyasına çevriləndə, ideologiya rolunu oynaya bilər,
yəni ideologiya fərdə deyil, kollektivə aid olan bir
fenomendir. İdeologiya konkret olmalıdır. Məsələn,
deyəndə ki, “müasir burjua ideologiyası”, burada konkretlik
yoxdur, burjua ideologiyaları çoxdur, amma faşizm, sosializm və
s. burada məsələ başqa cürdür. İslamizm,
türkizm, hətta Azərbaycanizmin özü də
ideologiyadır. Onların hamısı ayrı-ayrı
ideyalardan təşəkkül tapmışlar. Azərbaycançılığı
ideologiya və siyasət kimi təkmilləşdirmək
lazımdır. Heydər Əliyevin “bir millət, iki dövlət”
devizində irəli sürülən ideyanın kökündə
də elə məhz bu dayanır. Azərbaycanizmi milli
ideologiyaya çevirmək üçün millətin siyasi mədəniyyəti,
iqtisadi, sosial, siyasi və mədəni səviyyəsi yüksəldilməlidir.
Millətin milli dövlətçiliyə inamı
artmalıdır. Etnik şüurdan milli siyasi (dövlət)
şüura keçid baş verməlidir.
- metodologiyanın fəlsəfədə,
o cümlədən, müasir elmdə gedən inteqrasiya və
differensasiya prosesləri bağlılığında rolu nədən
ibarətdir?
- metodologiya - metod və loqos
sözlərinin birləşməsindən əmələ gəlib
metod haqqında təlim deməkdir. Müxtəlif
metodologiyalar mövcuddur. SSRİ-nin dağılması ilə
marksist metodologiya da tarixə çevrildi. Amma qismən,
çünki heç də hamı birdən-birə bu
metodologiyadan əl çəkmədi və çəkə
də bilməzdi. Əksinə, yeni, yaxud fərqli metodologiya
adları altında yenə də marksizmə müraciət
edildi. Bu da təbiidir. Çünki illərlə ictimai-siyasi
həyat problemləri üçün müəyyən bir əsas
rolunu oynamış olan bir elmi bir tərəfə atmaq qeyri-mümkün
idi. Xüsusən də, marksist metodologiyanın guşədaşı
rolunu oynamış tarixilikdən və məntiqilikdən əl
çəkmək olmazdı. Plüralist cəmiyyətdə
vahid metodologiya olmur. Amma bu heç də o demək deyildir ki,
biz köhnə marksist metodologiyanı mütləq bir tərəfə
atmalıyıq. Çünki marksizm əsas metodoloji
üsulları və formaları heç də inkar etmir. Tutaq
ki, hər hansı bir tədqiqat işində məntiqiliyə
və tarixiliyə necə laqeyd yanaşmaq olar? Halbuki onlar
marksizmin təməl prinsiplərindəndir. Şübhə
yoxdur ki, metodologiyanı hər bir tədqiqatçı tədqiq
olunan problemin xarakterindən asılı olaraq həll edir.
burada vahid bir ölçü və tələb
olmamalıdır. ıMəsələn, orta əsrlərin fəlsəfi
fikri haqqında marksist metodologiyanın mövqeyi belə idi
ki, orta əsrlərdə fəlsəfə “dinin kənizi”
rolunu oynayırdı. Məlumdur ki, bu ideya Qərb
üçün bəlkə də doğru idi, çünki
oradakı filosofların əksəriyyəti
kilsə xadimləri idilər və dini yazıları şərh
etməklə, onlara müxtəlif fəlsəfi don geyindirməklə
məşğul idilər.
İslam Şərqindəki
filosofların əksəriyyəti isə dinlə və məscidlə
əlaqədə deyildilər, onların çoxu (xüsusən,
peripatetiklər) təbiətşünas idilər. Deməli,
eyni metodologiyanı süni şəkildə İslam Şərqinə
tətbiq etmək olmazdı, amma bunu edirdilər.
Yaxud başqa bir misal. Avropada
maarifçilik (eləcə də, humanizm və millətçilik)
müəyyən bir sinfin, xüsusən, yeni yaranmaqda olan
burjuaziyanın maraqlarını və görüşlərini
əks etdirirdi. Azərbaycanda isə o, bütün xalqın mənafeyinə
xidmət edirdi. Çünki azərbaycanlılar həm də
xarici istismara məruz qalan məzmun bir xalq kimi öz milli
azadlıqları uğrunda da mübarizə aparmalı
olmuşdu. Halbuki Qərbdə və Rusiyada burjuaziyanın
mübarizə apardığı qüvvələr feodallar,
monarxlar və kilsə xadimləri idilər. Onların
maraqları bəzən birləşirdi, amma əsasən,
qarşı-qarşıya dayanan qüvvələr idilər.
Müasir şəraitdə
isə metodologiya getdikcə daha çox informasiya cəmiyyəti
və loqokratiya (ağlın hökmranlığı) vəzifələrinin
həyata keçirilməsinə xidmət edir, yəni elm və
texnikanın son nailiyyətlərinə əsaslanır. Onun əsas
rolu da elə özünü burada göstərir.
“Azərbaycan
Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı
üzrə milli stragiyanın və “Azərbaycan
Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı
üzrə milli strategiyanın həyata keçirilməsi ilə
bağlı Dövlət Proqramı”nın təsdiq edilməsi
haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
akademik R.Mehdiyevin son məqalələrində irəli
sürülən müddəalarla üst-üstə
düşür. Sevindirici haldır ki, milli strtaegiyanın və
Dövlət Proqramının həyata keçirilməsi
üzrə əlaqələndirici orqan Azərbaycan Milli Elmlər
Akademiyası müəyyən edilir. Bu hal elmin
inkişafında onun mövqelərini möhkəmləndirir
və bu sahədəki mövcud müəyyən
boşluqların doldurulmasına və pərakəndəliyin
aradan qaldırılmasına xidmət edir. İndiyədək bəzi dairələrdə belə
bir yanlış fikir mövcud idi ki, guya Milli Elmlər
Akademiyası artıq elmdə öz rolunu oynamış və
bu sahədə artıq tarixi anaxronizmə
çevrilmişdir. Ona görə də, guya o, elmdə
öz aparıcılıq rolunu ayrı-ayrı elmi mərkəzlərə
və universitetlərə verməlidir. Çünki bir
sıra xarici ölkələrdə elmin inkişafı
akademiya vasitəsilə deyil, digər mərkəzlər vasitəsilə
həyata keçirilir. Bunu iddia edənlər unudurlar ki, hər
ölkənin öz elmi inkişaf yolu var. Bizdə elm tarixən
(xüsusilə, 1945-ci ildən etibarən) akademiya sistemi vasitəsilə
inkişaf etdirilmişdir və onun nəticələri də
göz qabağındadır. Ayrı-ayrı elmi mərkəzlər,
məsələn, universitetlər, institutlar və müxtəlif
qəbilli akademiyalar və s. heç şübhəsiz ki, azəri
elminin inkişafına indiyədək müəyyən
töhfələr vermişlər və indinin özündə
də verirlər. Amma onların heç biri Milli Elmlər
Akademiyasında aparılan elmi tədqiqatları əvəz edə
bilməz. Ona görə də elmin inkişafında yenə də
aparıcı yerin Milli Elmlər Akademiyasına verilməsini
çox ədalətli sayırıq. Bu baxımdan
Akademiyadakı iki yeni bölmənin - tibb və aqrar bölmələrin
açılmasını da təbii sayırıq. Bu, həmin
sahələrdə mövzuların düzgün koordinasiya
olunmasına gətirib çıxarmalıdır.
Məlumdur ki, elm siyasəti
- dövlət siyasətinin çox mühüm tərkib hissələrindən
biridir, çünki elmi olmayan millət onu başqalarından
əxz etməyə məcburdur ki, bu da milləti
başqalarından asılı vəziyyətə sala bilər.
Ona görə də biz dünyada gedən hazırkı
innovasiya proseslərindən kənarda qala bilmərik. Elm, habelə,
milli təhlükəsizliyimizin etibarlı təminatçısı
olduğundan biz öz milli mövcudluğumuzu qoruyub saxlamaq
üçün Azərbaycan elmini bütün vasitələrlə
inkişaf etdirməliyik. Bu baxımdan ümummilli lider Heydər
Əliyevin elmin inkişafına göstərdiyi qayğı,
elmi işçilərin sosial-maddi şəraitinin
yaxşılaşdırılması sahəsindəki fəaliyyəti
səciyyəvidir. Böyük öndərin 2003-cü il 4
yanvar tarixli Fərmanı ilə Azərbaycan Milli Elmlər
Akademiyasına Azərbaycan Respublikasında elmin
inkişafını təşkil və təmin edən,
dövlətin elm və elmi-texniki siyasətini həyata
keçirən, Azərbaycandakı bütün elmi müəssisələrin
və ali məktəblərin elmi tədqiqat fəaliyyətini
əlaqələndirən və istiqamətləndirən, Azərbaycan
Respublikasını xarici ölkələrdə elmi və
elmi-texniki fəaliyyət sahəsində təmsil edən ali
dövlət elmi təşkilat statusunun verilməsi ilə
akademiyanın fəaliyyət dairəsi xeyli genişləndirilmiş,
Azərbaycanda elmi-texniki potensialı qorumaq və gücləndirmək,
biliklərə əsaslanan iqtisadiyyatı inkişaf etdirmək,
mədəniyyəti zənginləşdirmək və
xalqın milli mənafeyini qorumaq baxımdan onun
qarşısına mühüm vəzifələr
qoyulmuşdur. Ölkənin bazar iqtisadiyyatı yolu ilə irəliləməsi
elmdə islahatların aparılmasını zəruri
etmişdir. Azərbaycan
Respublikası Prezidenti möhtərəm İlham Əliyevin
2008-ci il 10 aprel tarixli Sərəncamına əsasən, Azərbaycan
elmində islahatlar aparılması ilə bağlı Dövlət
Komissiyası yaradılmışdır. Dövlət
Komissiyası Respublikada 2009-2015-ci illərdə elmin
inkişafı üzrə milli strategiyanın və həmin
strategiyanın həyata keçirilməsi ilə bağlı
Dövlət Proqramının hazırlanması
tapşırılmışdır. Təqdim olunan proqramda onun
məqsəd və vəzifələri və buradan
çıxarılacaq nəticələr öz əksini
tapmışdır.
Proqramda və eləcə də,
strategiyada irəli sürülən və qarşıya
qoyulan məqsədlərdən birini də “Xalqımıza məxsus
milli-mənəvi dəyərlərlə bağlı istiqamətlərdə
bir çox məsələlərin yenidən azərbaycançılıq
məfkurəsi mövqeyindən araşdırılması” təşkil
edir. Şərq-Qərb dəyərlərinin gah
qovuşduğu, gah ayrıldığı, gah da simbioz bir vəziyyət
təşkil etdiyi bir məkanda yerləşən Azərbaycan,
onun mədəni-mənəvi və fəlsəfi irsi,
ictimai-siyasi fikri strategiyada diqqət mərkəzində
saxlanılmışdır. Bu, Azərbaycanda ictimai elmlərin
tədqiqi məsələlərilə də bilavasitə
bağlıdır , ictimai elmlərdən biri olan fəlsəfə
və fəlsəfə elmləri sisteminə daxil olan
sosiologiya, politologiya, etika, estetika, kulturologiya elmləri sahəsində
mövcud geriliyi aradan qaldırmaq üçün konkret tədbirlər
sistemi işlənib həyata keçirilməlidir.
Bununçün kadr hazırlığı xüsusi əhəmiyyət
kəsb edir, onların kəmiyyət
və keyfiyyəti artırılmalı, tərkibi gəncləşdirilməlidir.
Bununçün müvafiq elmi-tədqiqat institutlarında
Müdafiə Şuraları açılmalı, müdafiə
olunan namizədlik və doktorluq dissertasiyaları
qarşısında yeni tələblər qoyulmalıdır.
Sənədlərdə göstərilir ki, “İctimai və
humanitar elm sahələrində keçmiş sovet
metodologiyası ənənələrinin milli maraqlara
uyğunlaşdırılması, o cümlədən, azərbaycançılıq
fəlsəfəsi əsasında
formalaşdırılması yeni prinsiplərlə əvəzlənməsi
dövrü gəlib çatmışdır. Bu, şübhəsiz
ki, heç də islam və türkçülük dəyərlərini
inkar etmir, əksinə, bu kontekstdə onları da
özündə təcəssüm etdirir. Daha doğrusu,
“humanitar və ictimai elm sahələrinin birgə fəaliyyəti
sayəsində Azərbaycançılıq məfkurəsinin
konseptual elmi əsaslarının işlənməsi” zərurəti
yaranmışdır. Bu spektrdə strategiyanın və
proqramın əsas istiqamətlərindən birini də Azərbaycan
tarixini, arxeologiyasını, coğrafiyasını, mədəniyyətini,
Azərbaycan xalqının milli-mənəvi dəyərlərini,
ictimai-fəlsəfi, sosial-hüquqi, fikrini öyrənmək
və tədqiq etmək təşkil edir.
AMEA-nın Fəlsəfə,
Sosiologiya və Hüquq İnstitutunda 2003-cü ildən
“Politologiy” (2008-ci ildən etibarən “Politologiya və siyasi
sosiologiya”) şöbəsi fəaliyyət göstərir. Bu
müddətdə şöbə işçiləri
politologiyanın müxtəlif problemlərini tədqiq
etmiş, bir sıra kitablar və monoqrafiyalar, izahlı və
ensiklopedik lüğətlər, dərsliklər və dərs
vəsaitləri yazıb çap etdirmişlər. Bununla bərabər
biz bu sahədə xeyli çatışmazlıqlar və
boşluqların olduğunu görür və işimizi də
onların aradan qaldırılması və doldurulması
istiqamətində qurmağa çalışırıq. Ona
görə də akademik R.Mehdiyevin 2009-cu il noyabrın 21-də
keçirilən müşavirədə, habelə, “Elmin
inkişafı üzrə milli strategiya və Dövlət
Proqramı ilə bağlı ictimai və humanitar elmlər
qarşısında duran vəzifələr haqqında” AMEA Rəyasət
Heyətinin 11 dekabr 2009-cu il tarixli iclasının qərarına
uyğun olaraq şöbə əməkdaşları
qarşıdakı 5 il müddətində öz fəaliyyətlərində
əsaslı dönüş yaratmışlar.
Akademik R.Mehdiyevin və
adları çəkilən digər sənədlərin rəhbər
və istiqamətverici rolunu nəzərə alaraq bizim
şöbə 2010-2015-ci illərdə qarşısında
duran vəzifələr və strateji inkişaf
proqramını aşağıdakı kimi müəyyənləşdirmişdir:
1. Şöbədə
aparılan elmi-tədqiqat işlərinin daha da təkmilləşdirilməsi,
mövzuların praktiki və ictimai-siyasi həyatla əlaqələndirilməsi,
respublikanın reallıqlarına
uyğunlaşdırılması, yeni sahələrin tədqiqata
daha çox cəlb edilməsi;
2. Elmi tədqiqat işlərinin
tədrisilə əlaqələndirilməsi, bu istiqamətdə
dərslik və metodiki işlərin yazılması;
3. Monoqrafiya və məqalələrin keyfiyyətinin yüksəldilməsi, siyasi elita, qərarların qəbul edilməsi, milli ideya və milli ideologiya məsələləri, respublikada gedən siyasi proseslərin, ən əvvəl siyasi iştirak, siyasi şüur, siyasi fəaliyyət, siyasi mədəniyyət, siyasi modernizasiya, demokratik proseduralar, parlament və seçki texnologiyaları, siyasi partiyalar, təşkilatlar və hərəkatlar, siyasi lider və siyasi hakimiyyət məsələlərinə həsr olunmuş mövzuların daha prioritet qazanması, ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsi, respublika iqtidarının, eləcə də, Prezident İlham Əliyevin konstruktiv daxili və xarici siyasət kursunun dərindən öyrənilməsi və tədqiqi məsələləri;
4. Gənc alimlərin yetişdirilməsi sahəsində xüsusi fəallıq göstərmək, onların formalaşması üçün yaşlı nəsil nümayəndələrinin səfərbərliyə alınması, köhnəlmiş mövzuların tədqiqindən yan keçilməsi, zəif, yaxud heç bir məhsul verməyən “artıq adamlardan” şöbəni təmizləmək;
5. Elmi işçilərin siyasi fəallığını artırmaq, respublikanın ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etmək, KİV-də onların çıxışlarını təşkil etmək, təklif və tövsiyələrinin reallaşmasına çalışmaq;
6. Elmi işçilərin və bütövlükdə, şöbənin elmi potensialını artırmaq üçün mütəmadi olaraq elmi-nəzəri konfransların və seminarların keçirilməsinə, işçilərin xarici ölkələrə ezam olunmalarına çalışmaq, onların qabaqcıl elmi jurnallarda çıxışlarını təmin etmək.
Yuxarıda
deyilənlərə yekun vuraraq, demək olar ki, akademik
R.Mehdiyevin haqqında söhbət gedən nəzəri
müddəaları onların dərindən və hərtərəfli
öyrənilməsini, onların şəraitə uyğun
şəkildə tətbiq olunmasını tələb edir.
Əlikram Tağıyev
Səs.- 2010.- 8 yanvar.- S. 10-11.