ÇEVİK VƏ PEŞƏKAR
DİPLOMATİYA
RƏSMİ BAKI DAĞLIQ QARABAĞ
MÜNAQİŞƏSİ İLƏ BAĞLI
PRİNSİPİALLIĞINI DAVAM ETDİRİR
Dağlıq
Qarabağ münaqişəsi mövzusu ətrafında ictimai
müzakirələr yenidən intensivləşib və indi
daha çox “Madrid prinsipləri” gündəmdədir. Bu
mövzuda ən müxtəlif mülahizələr
səsələnir. Lakin bütün hallarda
etiraf etməliyik ki, İlham Əliyev prezidentlik fəaliyyətinə
başladıqdan sonra siyasətinin bütün proqram
müddəalarını, o cümlədən, Dağlıq
Qarabağ probleminin həllini ardıcıl şəkildə
həyata keçirməyə başlayıb. Bu müddət
ərzində, Ermənistanla danışıqların davam
etdirilməsi ilə yanaşı, beynəlxalq
təşkilatlarla iş və ikitərəfli
əlaqələr sahəsində fəaliyyət daha da
genişləndirilib, ən başlıcası isə, Dağlıq Qarabağ məsələsi
BMT Baş Assambleyasına çıxarılıb.
Bütövlükdə, Cənubi Qafqaz regionunda
sülh və təhlükəsizliyi, həyata
keçirilən qlobal enerji və nəqliyyat-kommunikasiya
layihələrini ciddi şəkildə təhdid edən
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin beynəlxalq hüquq normalarına
və xalqımızın milli mənafeyinə uyğun
həlli son altı il ərzində də rəsmi Bakının xarici
siyasətində prioritet məsələ olaraq
qalmışdır. Azərbaycan Prezidenti
İlham Əliyevin ardıcıl diplomatik səyləri
ATƏT-in Minsk Qrupu çərçivəsində
aparılan danışıqlarda rəsmi Bakının
siyasi-hüquqi və psixoloji üstünlüyünü
təmin etməklə yanaşı, təbliğati
baxımdan da son dərəcə əhəmiyyətli
olmuşdur. Münaqişənin həlli
strategiyası ilə bağlı ulu öndər Heydər
Əliyevin beynəlxalq hüquq normalarına əsaslanmaqla
müəyyənləşdirdiyi prioritetlərdən
çıxış edən dövlət
başçısı yeni siyasi mexanizmlərin tətbiqi yolu
ilə prosesi Azərbaycanın milli maraqlarına uyğun
irəliyə aparmışdır.
Dünyada baş verən mühüm geosiyasi
dəyişikliklər fonunda Cənubi Qafqazdakı bu əsas
münaqişə ocağının
söndürülməmiş qalması qlobal planda cərəyan
edən proseslərə mənfi təsir
göstərməklə yanaşı, burada iqtisadi və
siyasi maraqları olan aparıcı dövlətlərin,
habelə, beynəlxalq təşkilatların
mənafelərini də ciddi şəkildə təhdid edir. Bu, həm də İraq müharibəsindən sonra
Qərbin aparıcı dövlətlərinin, xüsusən
də, ABŞ-ın beynəlxalq sülh və
təhlükəsizliyə əngəl törədən,
mahiyyətcə regional çərçivədən
çıxaraq, qloballaşan münaqişə
ocaqlarının söndürülməsinə yönəlmiş
cəhdlərinin artması ilə bağlıdır.
ÇEVİK DİPLOMATİYA
Əslində, bu və digər
məsələlər onu göstərir ki,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin beynəlxalq hüquq norma və
prinsipləri çərçivəsində həlli 2010-cu
ildə də rəsmi Bakının xarici siyasətində
prioritet istiqamətlərdən biri olaraq qalır.
Rəsmi Bakı cari ildə həm beynəlxalq
səviyyədə, həm də işğalçı
dövlətin daxilində cərəyan edən prosesləri
diqqətdə saxlamaqla, münaqişənin həlli
prosesinə təsir amillərini gücləndirmək
istiqamətində diplomatik tədbirlər həyata
keçirir. Xarici siyasətdə qarşıya qoyulan
başlıca məqsəd Ermənistanın ən
müxtəlif ölkələr və nüfuzlu beynəlxalq
təşkilatlar tərəfindən işğalçı
dövlət kimi tanınması, təcavüzkara
iqtisadi-siyasi və ideoloji müstəvidə təzyiqlərin
gücləndirilməsidir.
Cəbhə
bölgəsində atəşkəsin pozulması ilə
bağlı ATƏT, Avropa Birliyi, NATO və digər
təşkilatların, eləcə də, ABŞ
Dövlət Departamentinin narahatlığını rəsmi
ifadə etməsi də deyilənləri təsdiqləyir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinə diqqətin artması, eyni zamanda, bir
müddət əvvəl, Kosovonun birtərəfli qaydada
dövlət müstəqilliyini bəyan etməsi ilə izah
oluna bilər. Son dövrlərədək de-yure
Serbiyanın tərkib hissəsi olmuş Kosovonun
müstəqilliyinin birtərəfli qaydada elan edilməsi
və bəzi dövlətlər tərəfindən
tanınmasından sonra təcavüzkarlıq və ərazi
ilhaqı siyasəti yeridən Ermənistanın analoji nizamlama
modelinin Dağlıq Qarabağda da tətbiq olunması
mümkünlüyü ilə bağlı iddiaları
beynəlxalq aləmdə, nəinki ciddi
qarşılanmamış, eyni zamanda, bu dövlətin
ifşası üçün Azərbaycana ideoloji-siyasi
müstəvidə yeni imkanlar yaratmışdır.
Rəsmi Bakı Kosovonun müstəqilliyinin
tanınmasını ilk gündən beynəlxalq hüquq
norma və prinsiplərinə zidd addım kimi
dəyərləndirməklə yanaşı, bu həll
modelinin postsovet məkanında mövcud separatçı
rejimlərə, o cümlədən, Dağlıq Qarabağa
münasibətdə presedent kimi qəbulunun
yolverilməzliyini bəyan etmişdir. Kosovonun
müstəqilliyinə aparıb çıxaran siyasi
amillərlə postsovet məkanında mövcud olan
separatçı rejimlərin bədnam niyyətləri
bir-birindən əsaslı şəkildə fərqlənir.
Məhz bu baxımdan, hazırda istər dünyanın
aparıcı dövlətləri, istərsə də,
beynəlxalq təşkilatları Kosovonun separatçı
rejimlərin tanınması üçün presedent olması
fikrini qətiyyən qəbul etmirlər. Bunu BMT-nin
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı qəbul etdiyi qətnamə də bir daha
təsdiqlədi.
ƏN YAXŞI MÜDAFİƏ
HÜCUMDUR
BMT Baş Məclisinin geniş iclasında
sessiyanın gündəliyində 20-ci bənd kimi duran
“Azərbaycanın işğal edilmiş
ərazilərində vəziyyət” məsələsinin
müzakirəsi qeyd etdiymiz kimi rəsmi Bakının
mühüm diplomatik nailiyyəti sayıla bilər.
Müzakirələrdə çıxış
edən Azərbaycanın BMT-dəki daimi nümayəndəsi
səfir Aqşin Mehdiyev BMT üzvü olan
dövlətlərin nümayəndələrinə
Ermənistanın Azərbaycana qarşı
işğalçı siyasəti barədə
danışmış, nümayəndə heyətlərini
məsələ ilə bağlı Azərbaycanın
müəllifi olduğu qətnamə layihəsini
dəstəkləməyə
çağırmışdır. İslam Konfransı
Təşkilatının mövqeyini ifadə edən Pakistan
nümayəndəsi, GUAM dövlətləri adından
danışan Ukrayna nümayəndəsi, habelə,
Türkiyə və Uqanda təmsilçiləri də
Azərbaycanın ərazi bütövlüyünü
tanıyaraq, layihəni dəstəkləməyə
çağırmışlar. Müzakirələrin sonunda
keçirilən səsvermə 39 lehinə, 7 əleyhinə,
100 bitərəf səslə nəticələnmişdir. Beləliklə, BMT-nin Baş Məclisinin
“Azərbaycanın işğal edilmiş
ərazilərində vəziyyət” barədə
qətnamə layihəsini qəbul etməsi Azərbaycanın
Kosovo məsələsindən sonra öz diplomatik mövqeyini
daha da gücləndirdiyini, eyni zamanda, təcavüzkar
Ermənistana güclü zərbə vurduğunu deməyə
ciddi əsaslar verir.
Beləliklə, Ermənistanın 17 ildən sonra
yenidən BMT səviyyəsində təcavüzkar
dövlət kimi tanınması, faktiki olaraq, erməni
lobbisinin və rəsmi Yerevanın indiyə qədər
ideoloji cəbhədə apardıqları məkrli
fəaliyyətinin fiasko ilə nəticələndiyini
göstərir. Bu fakt, eyni zamanda, Azərbaycanın
danışıqlar prosesindəki mövqelərini
gücləndirir, onun beynəlxalq hüquqa söykəndiyini
tam təsdiqləyir. Xatırlatmaq lazımdır ki, BMT
Təhlükəsizlik Şurası 17 il öncə -
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinə dair 822, 853, 874, 884 saylı
qətnamələr qəbul etmişdir. Bu
qətnamələrdə Azərbaycan Respublikasının
Dağlıq Qarabağ və digər ərazilərinin
Ermənistanın silahlı qüvvələri tərəfindən
işğalı faktı təsbit olunmuş,
təcavüzkardan işğal etdiyi torpaqlardan
qeyd-şərtsiz çıxmaq tələbi irəli
sürülmüşdür. Eyni zamanda,
BMT Baş Məclisi Azərbaycanda humanitar vəziyyətin
ciddi şəkildə pisləşməsindən,
qaçqın və məcburi köçkünlərin
sayının 1 milyonu keçməsindən dərin
narahatlıq hissi keçirərək, 1993-cü ildə-85-ci
plenar iclasında “Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə
fövqəladə beynəlxalq yardımın
göstərilməsi haqqında” qətnamə qəbul
etmişdir. Ümumilikdə, 1992-1996-cı illərdə BMT Təhlükəsizlik
Şurasının sədri və BMT Baş katibi
Azərbaycanın ərazi bütövlüyünü və
suverenliyini təsdiqləyən bir sıra bəyanatlar
yaymışlar. 1996-cı ildə BMT Baş Assambleyası “BMT
və ATƏT arasında əməkdaşlıq haqqında”
Qətnaməsində Azərbaycanın ərazi bütövlüyünü
bir daha təsdiqləmişdir.
BMT Baş Məclisinin 2006-cı ilin noyabrında
qəbul etdiyi “Azərbaycanın işğal edilmiş
ərazilərində vəziyyət” adlı
qətnaməsində, eyni zamanda, Ermənistanın
işğal etdiyi ərazilərdə törədilən
yanğınların səbəblərinin
araşdırılması məsələsi də əksini
tapmışdı. Səsvermə nəticəsində
BMT Baş Məclisi Azərbaycan tərəfindən
gündəliyə salınmış “Azərbaycanın
işğal edilmiş ərazilərində vəziyyət”
adlı qətnaməni qəbul etmişdir. Sənədin
adından da göründüyü kimi, beynəlxalq birlik bu
əraziləri məhz işğal edilmiş ərazi kimi
qəbul edir.
ERMƏNİSTAN SARSILIB
ATƏT-in
Minsk Qrupunun həmsədri olan ölkələr
qətnamənin əleyhinə səs versələr də, bu
sənədin əhəmiyyətini azaldan məqam kimi
dəyərləndirilməməlidir. Reallıqda həm
ABŞ, həm Rusiya, həm də Fransa münaqişənin
həllində ərazi bütövlüyünün
qorunması vacibliyini dəfələrlə önə
çəkmişlər. Azərbaycan Prezidenti İlham
Əliyev də bildirmişdir ki, hazırda
danışıqlar prosesi münaqişənin məhz
ölkəmizin ərazi bütövlüyünün təmin
edilməsi prinsipi çərçivəsində davam
etdirilir. Rəsmi Bakı son 6 ildə
danışıqların məhz bu dəyişməz prinsip
əsasında aparılmasına nail olmuşdur.
BMT ilə
yanaşı, İslam Konfransı Təşkilatına üzv
dövlətlər də Azərbaycanın ərazi
bütövlüyünü tanıdıqlarını
bəyan etmişlər. Seneqalın paytaxtı Dakarda İslam
Konfransı Təşkilatının (İKT) “İslam
dünyası XXI əsrdə” devizi altında
keçirilən 11-ci zirvə görüşü bunu
əminliklə söyləməyə əsas verir.
Şübhəsiz,
BMT-nin Ermənistanı yenidən işğalçı
dövlət kimi tanıması Azərbaycan üçün
hər mənada, strateji əhəmiyyətli qərardır.
Bu, eyni zamanda, təşkilatın ənənəvi
mövqeyində hansısa dəyişikliyin baş
verməməsi anlamına gəlir. Bununla belə,
təşkilatın indiyə qədər qəbul etdiyi
qətnamələrin imperativ xarakter daşımaması,
təcavüzkarın cəzalandırılması
yönümündə heç bir real addımın
atılmaması təəssüf hissi doğurur. Məhz buna
görə də rəsmi Bakı BMT-nin XXI əsrdə olacaq
təhdid və problemlərə qarşı mübarizə
apara bilməsi üçün təşkilat daxilində
islahatların aparılması ideyasını
dəstəkləyir. Xatırladaq ki, hələ 2003-cü ilin
sentyabrında Baş nazir kimi təşkilatın Baş
Məclisinin 58-ci sessiyasında çıxış edən
cənab İlham Əliyev bir sıra prinsipial
məsələlərə toxunmuşdur. Haqlı olaraq,
bildirmişdir ki, beynəlxalq miqyasda cərəyan edən
mürəkkəb proseslər BMT-nin yenidən strukturlaşması,
onun perspektiv fəaliyyət strategiyasında əsaslı
dəyişikliklərin edilməsi məsələlərini
ön plana çıxarmışdır. Uzun
müddət dünyanın hüquqi-siyasi atmosferini
müəyyənləşdirən, habelə, beynəlxalq
təhlükəsizlik sisteminin formalaşmasını
təmin edən BMT-nin hazırkı böhranlı durumu -
cərəyan edən qlobal proseslərə təsir
imkanlarının məhdudluğu, qətnamələrini icra
edə bilməməsi, bəzən də “ikili
standartlara” yol verməsi təşkilata üzv
dövlətlərin böyük əksəriyyətində
ciddi narahatlıq doğurur.
Bu,
əsasən, təşkilatda çıxarılan
qərarların həyata keçirilməsi mexanizmlərinin
müasir tələblərə cavab verməməsi ilə
şərtlənir. BMT-nin hansısa ciddi qərarlar qəbul
etməsi Təhlükəsizlik Şurasının 15 daimi
üzvünün konsensusa gəlməsindən
asılıdır ki, bu da təşkilatın çevik
və dinamik fəaliyyətini əngəlləyir. “Bu cür
anlaşılmazlıqlar həm İraq ətrafında,
həm də digər münaqişə və böhranlarla
bağlı məsələlərdə
Təhlükəsizlik Şurasının
fəaliyyətinə mənfi təsir
göstərməkdə davam edir. Mövcud BMT mexanizmləri
zamanın tələblərinə cavab vermir, bununla
bağlı təşkilatda islahatlar aparılması vacib
məsələyə çevrilmişdir.
Təhlükəsizlik Şurasının da islahatlara
ehtiyacı var, orada həm bu günün reallıqları,
həm də yarıməsrlik reallıqlar öz əksini
tapmalıdır” - deyə dövlət
başçısı vurğulamışdır.
Şübhəsiz ki, BMT-nin qəbul etdiyi son
qətnamədən sonra Ermənistanın təcavüzkar
mövqeyindən geri çəkiləcəyini, yaxud da
təşkilatın təcavüzkarı cəzalandırmaq
istiqamətində qətiyyətli addımlar
atacağını gözləmək sadəlövhlük
olar. Bu mənada, BMT-nin qəbul etdiyi qətnamə
rəsmi Bakı üçün daha çox
təbliğati-siyasi məzmun kəsb edir. Respublikamız
məhz bu cür siyasi qərar və qətnamələrin
qəbuluna çalışmaqla bir tərəfdən
Ermənistanın ifşasına nail olur, digər
tərəfdən isə danışıqlarda
mövqelərini gücləndirir. Eyni zamanda, Prezident İlham
Əliyev Azərbaycanın imitasiya xatirinə
danışıqlar prosesinə qoşulmadığını
da dəfələrlə bildirmişdir.
Ən müxtəlif dövlətlərin, nüfuzlu
beynəlxalq təşkilatların Ermənistanı
təcavüzkar dövlət kimi tanımasına nail olan
Azərbaycan danışıqların heç bir
nəticə verməyəcəyi təqdirdə, beynəlxalq
hüquq normalarına uyğun ərazi
bütövlüyünü təmin etmək
hüququndan istifadə edəcəyini də
qətiyyətlə vurğulayır.
Səs.- 2010.- 9 yanvar.- S. 3.