2009-cu ildə elm və təhsil sahəsində əhəmiyyətli işlər görülmüş və ciddi irəliləyişlər əldə olunmuşdur

 

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyevin yap.orq.az-a müsahibəsi

 

- Şəmsəddin müəllim, artıq 2009-cu il başa çatıb. Bu ilin ümumi nəticələrini təhlil etsək, elm və təhsil sahəsində baş vermiş ən əlamətdar hadisələr haqqında nə deyə bilərsiniz?

- İlk növbədə, qeyd etmək lazımdır ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hal-hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla reallaşdırılan ümummilli inkişaf strategiyasının prioritet istiqamətlərindən biri də elm və təhsil sahəsidir. Məhz bunun nəticəsidir ki, cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, elm və təhsil sahəsində də əhəmiyyətli işlər görülmüş və ciddi irəliləyişlər əldə olunmuşdur.

Sevindirici haldır ki, yenicə başa vurduğumuz 2009-cu il də qeyd olunan sahədə baş vermiş əlamətdar hadisələr baxımından zəngin olmuşdur. Bu sıradan, ilk növbədə, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun qəbul olunması və qüvvəyə minməsi xüsusi qeyd edilməlidir. Belə ki, 16 ildən artıq müddət ərzində kifayət qədər geniş diskussiyalara səbəb olan və haqlı olaraq öz əhəmiyyətinə görə konstitutsiyadan sonra ikinci yerdə dayanan bu qanun cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq, hər bir vətəndaşa bilavasitə təsir göstərməsi ilə xarakterizə olunur.

Bundan əlavə, Azərbaycan Respublikasında fundamental elmi tədqiqatların stimullaşdırılması, ölkəmizin təbii resurslarının, mədəni və tarixi irsinin öyrənilməsinin gücləndirilməsi, elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılması və dünya elmi məkanında Azərbaycan elminin layiqincə təmsil olunması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamının imzalanması 2009-cu ilin əlamətdar hadisələri sırasında strateji əhəmiyyətə malikdir.

Eyni zamanda, Azərbaycan Respublikasının ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyası proseslərinin sürətləndirilməsi, ali təhsilin məzmununun Bolonya prinsiplərinə uyğun qurulması və yüksək hazırlıqlı kadrlara tələbatın ödənilməsi baxımından mühüm əhəmiyyət kəsb edən “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamı xüsusi qeyd edilməlidir.

Bütün bunlarla yanaşı, “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamının imzalanması, bir sıra ali və orta ixtisas təhsil müəssisələrinin yubileylərinin dövlət səviyyəsində qeyd olunması, elm və təhsil sahəsində çalışan şəxslərin ali dövlət mükafatları ilə təltif olunması, hazırkı qlobal iqtisadi böhran şəraitində dövlət büdcəsində elm və təhsilə ayrılan xərclərin prioritetliyinin saxlanılması, yeni məktəb tikintisi və mövcud məktəblərin əsaslı şəkildə təmir olunması işlərinin davam etdirilməsi 2009-cu ilin əlamətdar hadisələri kimi qiymətləndirilə bilər.

- 2009-cu ildə Milli Məclis tərəfindən yeni təhsil qanunu qəbul olundu. Cəmiyyətdə uzun müddət müzakirə mövzusu olan, ictimaiyyətin səbrsizliklə gözlədiyi bu qanunun əhəmiyyəti ilə bağlı bir daha fikirlərinizi öyrənmək istərdik.

- Tam əminliklə söyləmək olar ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunu qədər ictimai müzakirələrdən keçmiş və mübahisələrə səbəb olmuş ikinci bir qanun olmamışdır. Nəzərinizə çatdırım ki, III çağırış Milli Məclis fəaliyyətə başladığı ilk gündən etibarən Elm və təhsil komitəsi sözügedən qanun layihəsinin hazırlanmasına başlamışdır. Adıçəkilən qanun 2009-cu ilin iyununda Milli Məclisin növbədənkənar sesiyasında III oxunuşda qəbul edilmişdir.

Ən əsası isə, 2009-2010-cu il tədris ilinin başlanması ərəfəsində “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2009-cu il tarixli Fərmanının imzalanması yalnız təhsil ictimaiyyəti tərəfindən deyil, bütövlükdə, xalqımız tərəfindən böyük rəğbət hissi ilə qarşılanmışdır.

Yeni qanunun əhəmiyyəti barədə çox geniş danışmaq olar. Bu baxımdan, ilk növbədə, qanunun əsaslandığı əsas prioritetlərin nəzərdə keçirilməsi vacibdir. Bu prioritetlər qismində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli təhsil strategiyasının əsas prinsipləri, eləcə də, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən milli təhsilimizin inkişafı, yeniləşməsi, modernləşməsi və dünya təhsil sisteminə rasional şəkildə inteqrasiyası sahəsində qarşıya qoyduğu proqram vəzifələr çıxış edir. Xüsusi qeyd etmək lazımdır ki, Qanunun hazırlanması zamanı ölkə Prezidenti cənab İlham Əliyevin “Azərbaycanda qara qızılı insan qızılına çevirək”, “Elektron Azərbaycan”, “Maddi kapitalı insan kapitalına çevirək” “Millətin insan potensialının aşkara çıxarılması”, “Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının prioritet inkişafı”, “Azərbaycan - regionda lider dövlət”, “Biliklər iqtisadiyyatının yaradılması” və s. bu kimi konsepsiyalarının reallaşdırılmasından irəli gələn tələblər nəzərə alınmışdır.

Bütün bunlar, onu deməyə əsas verir ki, yeni Qanun Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş vətəndaşların təhsil hüquqlarının tam təmin edilməsi, hər bir vətəndaş üçün bərabər təhsil şəraitinin yaradılması, ümumi orta təhsilin pulsuz təminatı, təhsil sisteminin daha da liberallaşdırılması, təhsilə milli təhlükəsizliyin təmin edilməsi amillərindən biri kimi yanaşılması və onun bütünlükdə bazar iqtisadiyyatının ixtiyarına buraxılmaması üçün hüquqi baza rolunu oynayacaqdır. Eyni zamanda, yeni Qanun təhsil sahəsində mövcud olan və sınaqdan çıxmış mütərəqqi dünya təcrübəsinin uyğunlaşdırılmış şəkildə tətbiq edilməsi nəticəsində Azərbaycanın “Milli Təhsil Modeli”nin yaradılmasını, təhsil sahəsi üzrə ümumbəşəri və milli dəyərlərin sintezinin optimal səviyyəsinə nail olunmasını, təhsilin qloballaşdırılmasını və onun açıqlıq səviyyəsinin yüksəldilməsini, təhsilin birbaşa olaraq milli və beynəlxalq əmək bazarına istiqamətlənməsini nəzərdə tutur.

Qanunun əsas xüsusiyyətlərindən biri kimi, Boloniya prosesinin əsas tələblərinin (çoxpilləli təhsil, diplomların tanınması, keyfiyyətli təhsil, kredit sisteminin tətbiqi, təhsilverənlərin və təhsilalanların mobilliyi, məzunların işlə təminatı və s.) yerinə yetirilməsi və təhsilin maddi-texniki bazasının, metodiki təminatının və informasiya-kommunikasiya texnologiyaları ilə təchizatının gücləndirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi üçün hüquqi zəmin hazırlamasını qeyd etmək olar.

Qanunda nəzərdə tutulmuş mütərəqqi yeniliklər kimi, təhsil müəssisəsinin hüquqi statusunun müəyyən olunmasını, təhsil müəssisəsinin maliyyələşdirilməsi mexanizminin və idarə edilməsi sisteminin təkmilləşdirilməsini, akkreditasiya və attestasiya sisteminin tamamilə yenidən qurulmasını, təhsil sisteminin optimal strukturunun müəyyən edilməsini, təhsilverənlərin və təhsilalanların sosial müdafiəsinin gücləndirilməsini və s. göstərmək olar.

Bütün bunlar, yeni Qanunun təhsil sahəsində qanunvericiliyin möhkəmləndirilməsi və milli təhsilimizin inkişaf etdirilməsi baxımından müstəsna əhəmiyyətə malik olduğunu şərtləndirir.

- Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sosial-iqtisadi cəhətdən sürətlə inkişaf etməkdədir. Artıq bu gün beynəlxalq ekspertlər iqtisadi inkişafın Azərbaycan modeli haqqında danışırlar. Siz bu modelin səciyyəvi cəhətləri haqqında nə deyə bilərsiniz?

- Danılmaz həqiqətdir ki, son illər ərzində Azərbaycan iqtisadi artımın səviyyəsinə görə dünyanın lider ölkəsinə, Cənubi Qafqazda regional güc mərkəzinə çevrilmişdir ki, bu da təbii olaraq, bir çox beynəlxalq təşkilatların, eləcə də, ayrı-ayrı iqtisadçı-ekspertlərin böyük marağına səbəb olmuşdur.

Məlum olduğu kimi, XX əsrin ikinci yarısından etibarən dünyanın ayrı-ayrı ölkələrinin inkişaf təcrübəsi, daha dəqiq desək, inkişafın sırf özünəməxsusluğu və təkrarolunmazlığı iqtisadi leksikona “iqtisadi uğur”, “iqtisadi möcüzə” ifadələrinin daxil olmasına səbəb olmuşdur. Əgər ötən əsrin 90-cı illərinə qədər əsasən alman, yapon, İsveçrə, yeni sənaye ölkələrinin inkişaf modelindən bəhs edilirdisə, 90-cı illərdə Çin möcüzəsi, Türkiyə modeli daha çox aktuallıq kəsb etməyə başladı.

Tam əminliklə deyə bilərik ki, XXI əsrin ilk onilliyində bu sıraya Azərbaycanın “milli iqtisadi uğur modeli” də daxil omuşdur. Ən azı ona görə ki, iqtisadiyyatı tamamilə transformasiya olunan, torpaqlarının 20 faizi işğal altında olan və bir milyondan artıq qaçqını olan ölkədə son beş ildə iqtisadiyyatın 2,6 dəfə artmına, valyuta ehtiyatlarının 19 milyard dollara qədər yüksəlməsinə, dövlət büdcəsinin 12 dəfədən çox artmasına, 700 mindən artıq yeni iş yerlərinin yaradılmasına, yoxsulluğun səviyyəsinin 49 faizdən 13,2 faizə endirilməsinə, adambaşına düşən gəlirin 5500 dollara çatdırılmasına nail olunmuşdur. Məhz bunun nəticəsidir ki, BVF və DB-nin son hesabatlarında Azərbaycan cəlbedici makroiqtisadi göstəricilərə malik ölkə kimi qeyd olunmuş və “yüksək orta gəlirli” ölkələr qrupuna daxil edilmişdir. Milli iqtisadi uğur modelinin əsas fərqləndirici xüsusiyyəti məcmu inkişaf probleminin qoyuluşunda sistemli paradiqmadan çıxış etməsidir. Belə ki, modelin konseptual cəhətdən sırf iqtisadi anlam kəsb etməsinə baxmayaraq, o, mahiyyət, məzmun və fəaliyyət mexanizmi nöqteyi-nəzərdən qeyri-iqtisadi (geosiyasi, sosial, mədəni, ideoloji və s.) amillər kompleksini də özündə ehtiva edir və bununla da klassik iqtisadi modellərdən əsaslı surətdə fərqlənir. Modeldə ümumnəzəri yanaşmanın ənənəvi neoklassik baxışlarla hissəvi bağlılığı müşahidə edilir. Tarazlı iqtisadi və sosial inkişafın təmin edilməsinə yönəlmiş modelin əsasında liberallaşdırma, institutsional dəyişikliklər və geosiyasi prinsiplər üçlüyünün üzvü vəhdəti dayanır.

Sona çatmaqda olan 2009-cu il üçün xarakterik olan qlobal iqtisadi böhran haqqında danışdığımız modelin nə dərəcədə uğurlu olmasını bir daha sübüt etdi. Belə ki, dünyanın əksər ölkələrində iqtisadi tənəzzülün müşahidə olunduğu bir şəraitdə 2009-cu ilin yanvar-oktyabr ayları ərzində respublikamızda ümumi daxili məhsulun 8,3 faizlik artımına nail olunmuş və bir sıra beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan böhranın minimum təsirlərinə məruz qalmış ölkə kimi qiymətləndirilmişdir.

Milli və ümumbəşəri dəyərlərə, inkişafın dünya təcrübəsinə və təmayüllərinə əsaslanan, elmi əsaslara və proqnozlara söykənən, uzunmüddətli perspektivlərə hədəflənən bu model müstəqilliyimizin və dövlətçiliyimizin memarı, Ümummilli Liderimiz Heydər Əliyevin iqtisadi inkişaf strategiyasının məntiqi nəticəsidir və o, hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən tamamilə yeni müstəvidə uğurla tətbiq edilir.

- Şəmsəddin müəllim, elmi sahədə uğurlarla yanaşı görüləsi bir çox işlər də var. Bu məsələlər Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin mətbuatda “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” adlı məqaləsində geniş əks olunub. Həmin məqalədə irəli sürülən tövsiyələr, qaldırılan məsələlər haqqında fikirlərinizi bilmək istərdik...

- Qeyd etmək lazımdır ki, son illərdə Azərbaycanda elmi-fəlsəfi, ictimai düşüncənin düzgün formalaşmasına və inkişafına, eləcə də, yeni dövrün tələbi kimi cəmiyyətdə həllini gözləyən bir sıra aktual nəzəri məsələlərin həllinə böyük töhvələr vermiş Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycan” qəzetinin 8 dekabr 2009-cu il tarixli nömrəsində dərc edilmiş “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” məqaləsi yüksək elmi aktuallığı, obyektiv tənqidi ruhu ilə nəinki elmi-mədəni mühitdə, ümumən, cəmiyyətdə böyük maraqla qarşılanmışdır. İctimai və humanitar elmlərin hazırkı problemlərinin, bu sahədə elmi tədqiqatların üstün və qüsurlu cəhətlərini açıb göstərən bu məqalə, ilk növbədə, analitik təhlili, humanitar elmlərin gələcək inkişaf strategiyasının düzgün müəyyənləşdirilməsinə təkan verəcək elmi-konseptual baxış kimi diqqəti çəkir.

Akademik Ramiz Mehdiyev haqlı olaraq yazır ki, ictimai elmlər tarixi tədqiqatlarla məhdudlaşmamalı, müasir dövrün sosial-siyasi, fəlsəfi problemlərinin obyektiv araşdırılmasında, təcrübədə özünü doğruldan islahatların, pozitiv yeniliklərin nəzəri əsaslarının yaradılmasında, ən başlıcası, dövlətin, xalqın gələcək inkişafı baxımından strateji əhəmiyyətə malik istiqamətlərin düzgün müəyyənləşdirilməsində öz sözünü deməlidir.

Məqalədə humanitar və ictimai elmlərin inkişaf strategiyasının yeni dövrün tələblərinə uyğunlaşdırılması vacibliyi önə çəkilməklə yanaşı, iqtisadçı alimlərin fəaliyyəti sahəsində narahatlıq doğuran məsələlərə də toxunulur. Belə ki, daxili bazarda qiymətlərin formalaşmasının nəzəri problemləri,maliyyə-kredit sistemi, insanların tələbatlarının proqnozlaşdırılması, kənd təsərrüfatı və sənaye mallarının səmərəliliyini artırma mexanizmləri, statistik elm iqtisadçıların maraq dairəsindən kənarda qalıbdır.

Bir məqamı xüsusilə vurğulamaq istərdim. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev təhsili, o cümlədən, savadlı gənc mütəxəssislərin hazırlanması məsələsini ölkənin strateji təhlükəsizliyi baxımından daim diqqət mərkəzində saxlayır. Məqalədə tədris prosesinə dövlətçilik maraqları və yeni vəzifələr, tələblər nöqteyi-nəzərindən yanaşılması, qloballaşma, informasiya texnologiyaları və internetin hökmranlığı əsrində təhsil prosesinin köhnəlmiş metodlarla qurulmasının yolverilməzliyi ən ümdə vəzifə kimi vurğulanır.

Ümumiyyətlə, akademik Ramiz Mehdiyevin “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” məqaləsi bir daha göstərir ki, humanitar və ictimai elm sahələrinin köməyilə milli ideologiyamız olan azərbaycançılığın mahiyyətinin gənc nəslə dolğun və hərtərəfli şəkildə çatdırılması, onlarda milli-mənəvi dəyərlərin, adət-ənənələrin, vətənpərvərlik, dövlətçilik ruhunun qorunub saxlanılması, habelə, düşüncədə milliliklə müasirliyin ən pozitiv çalarlarının yer alması yeni dövrün, zamanın tələbidir.

- Siz, eyni zamanda, Azərbaycan Dövlət İqtisad Universitetinin rektorusunuz. Bu universitet indiyədək böyük iqtisadçılar yetişdirib. İstərdik ki, ölkəmizin gələcək iqtisadi inkişafı üçün universitetin iqtisadçı kadr hazırlığının səviyyəsi haqqında məlumat verəsiniz.

- Son 5 il ərzində ölkənin sosial-iqtisadi həyatının bütün sferalarında baş verən keyfiyyət dəyişiklikləri tamamilə yeni məzmunlu münasibətlər sisteminin formalaşmasına, makroiqtisadi yüksəlişin dayanıqlı xarakter almasına, dünya iqtisadiyyatına inteqrasiyanın kifayət qədər güclənməsinə zəmin yaratmışdır. Təbiidir ki, bu prosesə paralel olaraq iqtisadçı-mütəxəssislərin hazırlıq səviyyəsinə verilən tələblər də dəyişir. Qlobal iqtisadi situasiyada düzgün hərəkət trayektoriyası seçə biləcək, ölkənin ümumiqtisadi mənafelərinin tam və dolğun şəkildə ödənilməsini, böhran və digər bu qəbildən olan fəsadlardan qorunmanı təmin etmək iqtidarında olan mütəxəssislərin hazırlanması ali iqtisadi təhsil sferasında adekvat keyfiyyət dəyişikliklərinin aparılmasını tələb edir.

Qeyd etmək istərdim ki, universitetimizin yeni korpusunun açılışı mərasimində cənab Prezident İlham Əliyev öz nitqində bu məsələni xüsusilə vurğulamışdır: “Əsas odur ki, biz dünyada mövcud olan ən müsbət təcrübəni götürək, Azərbaycanda tətbiq edək, mövcud olan vəziyyətə uyğunlaşdıraq. Beləliklə, gənc nəsil peşəkar kadrlara çevriləcəkdir... Bizə yeni, bilikli, dünyada biznes mühitini yaxşı bilən peşəkar menecerlər lazımdır. Azərbaycanın iqtisadi inkişafı o qədər sürətlə gedir ki, hər sahədə yeni kadrlar lazımdır. Bildiyiniz kimi, bəzi hallarda Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərdə, yaxud da Azərbaycan şirkətlərində menecer vəzifələrinə xaricdən mütəxəssislər dəvət olunur. Bəlkə də ilkin mərhələdə buna ehtiyac var, amma mən hesab edirəm ki, ən aparıcı vəzifələrdə Azərbaycan kadrları olmalıdır. Bunu etmək üçün onların bilik səviyyəsi yüksək olmalıdır, onlar dünya miqyasında biznes menecmentinin nə olduğunu yaxşı bilməlidirlər və öz peşəkarlıqlarını göstərməlidirlər. Bax, Azərbaycan Dövlət İqtisad Universitetinin bu işdə çox böyük əməyi var və çox böyük töhfəsi olacaqdır”. Prezidentimizin bu sözlərini rəhbər tutaraq, Azərbaycan Dövlət İqtisad Universiteti mahiyyət və məzmunca kardinal hesab edilə biləcək genişmiqyaslı islahatlara, əsaslı keyfiyyət dəyişikliklərinə başlamışdır. Belə ki, Boloniya prosesinin prinsiplərinə müvafiq olaraq tədris planlarının Avropa standartlarına uyğunlaşdırılması başa çatdırılmış və informasiya texnologiyalarından effektiv istifadəyə istinadla ali iqtisadi təhsilin yeni modeli formalaşdırılmışdır. Universitetdə 21 virtual laboratoriya fəaliyyət göstərir. İstifadə edilən kompüterlərin sayı 1000-i keçmiş, 294 lokal internet şəbəkəyə qoşulma həyata keçirilmişdir. Universitetin iki korpusunda elektron kitabxana fəaliyyət göstərir ki, bu da dünyanın məcmu elmi və tədris resurslarından səmərəli istifadə etmək imkanı yaratmışdır. Eyni zamanda, tələbələrin seçim imkanlarını genişləndirmək məqsədilə Avropa və Amerikanın aparıcı universitetlərində tədris olunan dərsliklərin Azərbaycan dilinə tərcüməsi təşkil olunmuş və artıq 70-dən çox tərcümə dərslikləri tələbələrin istifadəsinə verilmişdir. Hal-hazırda kreativ metodlardan yararlanmaqla tədris prosesinin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində tədbirlər kompleksi həyata keçirilməkdədir.

Bundan əlavə, qeyd edək ki, 2004-2009-cu illər ərzində bir çox xarici universitetlərlə əməkdaşlıq müqavilələrinin imzalanması, tələbə-müəllim mübadiləsi, birgə layihələrin hazırlanması, beynəlxalq konfransların təşkili və keçirilməsi universitetdə iqtisadçı kadrların hazırlıq səviyyəsinin yüksəldilməsinə müsbət təsir etmişdir. Bütün bunların nəticəsidir ki, 2006-cı ildən başlayaraq, 2009-cu ilə qədər ADİU-da keçirilən ənənəvi məzun yarmarkalarında iştirak edən dövlət və biznes strukturları tərəfindən universitetimizin təqribən 2200-ə qədər məzunu işə qəbul edilmişdir və vakansiyalar ilə bağlı təkliflər bu gün də daxil olmaqdadır. Bu tədbirlərin dövlət səviyyəsində dəstəklənməsi ölkə Prezidenti cənab İlham Əliyevin təhsil sferasının hərtərəfli inkişafı, gənclərin inkişafı üçün şəraitin yaradılması istiqamətində həyata keçirdiyi siyasi kursunu bir daha nümayiş etdirir.

Qeyd etdiyimiz bu müsbət dəyişikliklər, şübhəsiz ki, gələcəkdə də davam etdiriləcək və müasir tələblərə cavab verən yüksək ixtisaslı iqtisadçı kadrların hazırlanmasına öz töhfəsini verəcəkdir. Fürsətdən istifadə edərək, qeyd edim ki, 2010-cu ildə ADİU-nun 80 illiyi təntənəli şəkildə qeyd olunacaq. Universitetin çoxminli professor-müəllim və tələbə heyəti bu şanlı hadisəni yeni böyük uğurlarla qarşılamağa hazırlaşır. ADİU-da aparılan islahatlar Respublika Prezidenti cənab İlham Əliyevin qarşımıza qoyduğu iqtisadi təhsilin modernləşdirilməsi sahəsində vəzifələrin həyata keçirilməsində mühüm addımlardır və biz bu yolda bütün güc və bacarığımızı səfərbər edəcəyik.

 

 

Şəmsəddin Hacıyev

 

Səs.- 2010.- 9 yanvar.- S. 4-5.